"Vaqif
Poeziya Günləri" çərçivəsində
Şuşaya səfərimiz üzərinə qeydlərim
İçimdə
vəsf edilməyən bir hiss var idi. Sanki illərin
həsrəti sona yetib və mən doğma şəhərim
Sulduzu görməyə gedirəm. Zirvələri
qarlı, hər tərəfi meşəli, ormanlı Sulduz.
Birdən ürəyim bu xoşbəxtliyə
dözməz deyə, özümə söz vermişdim ki,
çox da həyəcanlanmayım. Ancaq
avtobuslar Şuşaya doğru yola düşdüyü andan
etibarən içimdəki həyəcan artmağa
başladı. Ətrafımdakı
dostlarım gərginliyimi duymasınlar deyə, yol boyu tarixdən,
ədəbiyyat və mədəniyyətdən
danışmaqla vaxtı öldürməyə
çalışırdım. Ancaq nə
edirdimsə alınmırdı. Qəlbimdəki
gərginliyim başımda ağrıya çevrildi. Özümlə ağrıkəsici də
aparmamışdım. Günəşin
şüası gözlərimi incidir, başağrımı
çoxaldırdı. Ona görə də
gözlərimi qısıb baxırdım. Həyatda da belədir. Elə
zamanlar olur ki, gözlərini qısıb hansısa hadisəyə
qısır gözlə baxmağa məcbur olmursan. Avtobus şüşə kimi asfalt yolları ana
övladına tələsər kimi tələsik qət
edirdi. Əminəm ki, nə bizim
avtobusdakı qonaqlar, nə də digər avtobusdakı həmsəfərlərimizin
heç biri mənim keçirdiyim hissləri nə keçirə,
nə də dərk edə bilərlər. Rəhmətlik
Xalq şairi Söhrab Tahirin sözü olmasın: "Mən
Təbriz gözü ilə bu taya (Şuşaya) baxıram. Təxminən 150-yə yaxın
iştirakçının içində yeganə Güneyli
iştirakçı idim. Ona görə də
özümlə həm qürur duyurdum, həm də təfsir
olunmaz dərəcədə stres keçirirdim. Bilirdim ki, bütün Güneyin mənim
Şuşaya getməyimdən xəbəri var və hər kəsin
gözü Şuşaya və mənim oradakı edə biləcəyim
çıxışıma dikilib. Güneydə
yaşayan milyonlarla Azərbaycansevənlərin istəyi bu idi
ki, mən 45 milyondan artıq soydaşımızın birlik
mesajını dünya azərbaycanlılarının rəhbəri,
Ali Baş Komandana çatdırım.
Avtobus Füzulinin işğal altından azad edilmiş ərazilərinə
çatdıqdan sonra yol ətrafındakı dəhşətli
mənzərələr erməni vandalizminin sübutu səhnələri
kimi gözümüzün önündə sərgilənməyə
başladı.
Bir sinema pərdəsi kimi
dağıdılmış evlər və binalar bir-bir sanki
haqq divanına çıxıb şeytan əleyhinə şəhadət
verirdi. Ürəyimdə dedim ki, bu qədər cinayəti
heç bir insan digər insana edə bilməz. Milyon faiz burada
şeytan işi var. İlahi dinə mənsub olan heç bir
xalq digər xalqın varlığına qarşı bu qədər
qəddar ola bilməz. Dostuma dedim: "Biz
Şuşaya getməklə həm də Məkkəyə
getmiş sayılırıq. Qayıdanda
hacı olacağıq". Dostum mənə
gülsə də, mən dediyim sözə imanla
inanırdım. İnsan da başqa
heyvanlar kimi, adi bir ət və sümük
yığınıdır. İnsanı
insan edən onun vətəninə, ailəsinə, mədəniyyətinə
olan imanıdır. Təsadüfi deyil ki,
İslam dinində ən böyük nəsihət elə
"Hubbul vətən minəl iman"dır. Vətən sevgisi imandandır.
Müsafirlərə çay ikram etməkdən
ötrü maşınları yolkənarı bir restoranda
saxladılar.
Əyilib bir az torpaq götürdüm.
Dostuma dedim: "Görürsən, torpaq elə az qala
Şamaxıdakı torpaqla eynidir. Torpaq
torpaqdı, nə fərq edir. Buraları
bizə müqəddəs edən üstündə
axıdılan qanımızdır. Torpaq
qanla birləşəndə təkcə vətən olmur, həm
də qeyrət olur, namus olur, Məkkə olur". "Ermənilərin də qanı bu torpaqda
tökülüb. Bu müqəddəs torpağa o namərdlərin
də qanı qarışıb"-dostum dedi. "Yox!
Torpaq nəcisi özününküləşdirmir.
Torpaq pisliklə qarışmır. Nəcislə qarışsaydı, onda bu qədər
bərəkətli və təmənnasız olmazdı.
Torpaq yalnız haqqı öz damarlarında
yaşadan və axıdan insanların qanı ilə birləşir"
- deyib ovcumdakı torpaqla üzümü yudum. Ətrafdakı dostlarım bəziləri mənim bu
işimə xırda-xırda güldülər. Ürəyimdə "qoy gülsünlər",
-deyib çayxananın həyətinə tərəf getdim.
Qəribə də olsa, qısa zamandan sonra
başımın ağrısı kəsildi. Vətənin
torpağı mənə mərhəm olmuşdu...
Şuşa olduqca qəribə şəhərdir. Sanki
böyük Nizaminin "Məxzənül-əsrasına"
daxil olursan. Sir dolu daşlar, qayalar. Rəmzu-razla dolu ağaclar və badi səba kimi əsən
külək. Sanki Allahın ovucunun içində bir
damla sudu Şuşa. Azərbaycan
üzüyünün üstündə qeyərtədən
yaranan daşqaşdı şuşa.
Çatdığımız gün tədbir yox idi deyə,
şəhəri ayaqla gəzmək şansımız oldu. Dostlar Gövhər
ağa məscidi və erməni vandallarının əlindən
yarıcan da olsa, var olan bəzi tarixi binalarımızı
ziyarət etməyə getsələr də, mən şəhər
küçələrini gəzməyə üstünlük
verdim. Hara diqqət edirdim can idi, Azərbaycan idi... Yerdən bir işlənmiş mərmi tapdım.
Bilmirəm şeytanın bizə
atdığı mərmi idi, yoxsa bizim şeytana
atdığımız mərmi. Ancaq
yumruğumda sıxdıqca gərginləşirdim. Yaxın uzaqlıqda bir şəhər
gördüm. Üzü tanış
gəlirdi mənə. Yolda duran bir əsgərdən
soruşdum: "Haradır ora?".
"Xankəndidir" - dedi. Damarlarımda
qanım qaynadı. Əlimdəki gülləni
nə gücüm var ermənilər tərəfə atıb
dərindən nəfəs çəkdim.
Sabahısı gün Vaqif Poeziya Günlərinin
açılış mərasimi üçün
hamımızı Vaqif məqbərəsinin önünə
apardılar. Tədbirdə Ali Baş Komandan İlham Əliyev və
Birinci vitse- prezident Mehriban xanım Əliyeva da iştirak edəcəkdilər.
Məqbərə, mən deyərdim, əvvəlkindən
daha gözəl bir şəkildə təmir edilmişdi.
Məqbərənin həyətinə daxil
olanda bir anlıq özümü 1982-ci ildə hiss etdim.
Məqbərənin önündə ulu öndər Heydər
Əliyev, sağ tərəfində Mirzə İbrahimov, sol tərəfində
isə Süleyman Rüstəm. Ürəyimdə dedim: "Hər
şey daha yaxşı olacaq, darıxma", -ürəyimdə
dedim, amma darıxmamaq olmurdu. Ümumiyyətlə,
darıxmaq mənim və mənim kimilərin alnına
yazılan bəlkə də yeganə həqiqətlərdəndir.
İrəli gedib məqbərənin
önündə bir neçə tanışlarla şəkillər
çəkdirdik. Hər kəs öz
yerində oturdu və tədbir başladı. Möhtərəm
Prezident həmişəki kimi yaddaqalan və strateji mesajlarla
dolu bir çıxış etdi: "Biz danışıqlar
yolu ilə deyil, qəhrəmancasına döyüşərək
Şuşaya qayıtdıq". Açığı,
deyim ki, mən həqiqətən Prezidentimlə fəxr edirəm.
O, dünyada yaşayan 60 milyondan artıq
soydaşımızın qəlbini fəth edən tarixi şəxsiyyətdir.
Prezident həmişə dünya azərbaycanlılarına
müraciət edərək sözlərini bəyan edir.
Mən xüsusilə də son bir neçə
ildə sırf Prezidentimin sözləri və mesajlarına
uyğun olaraq həyat tərzimi tənzimləyirəm. Güclü, mövqeli, qalib və dəmir yumruqlu
olmağa çalışıram. Buna
görə də ölkə başçımıza minnətdaram.
Sayman ARUZ
Ədəbiyyat qəzeti.- 2021.- 4 sentyabr. S. 28.