Mənim Şuşa nağılım, mənim nağıl Şuşam

 

Şuşa yaddaşımda daha çox daş döşənmiş küçələri, mavi rəngli taxta eyvan və pilləkənləri, aynabəndləri ilə qalmışdı. O daş küçələrdən kimlər keçməyib? Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli və daha kimlər, kimlər. Şuşada az qala hər küçədə bir ev muzeyi var, burada evi muzey olmalı o qədər dahi var ki. Görünür, Şuşanın indiki qeyri-adi, işıq və irfan yüklü aurası da həmin dahi və kutsal şəxsiyyətlərin dünyasından doğmuşdur. Avtobuslarımız Zəfər yolu ilə şütüyüb mənzil başına yaxınlaşdıqca ürəyim maşının sürətilə barışmır, sanki köksümdən qopub məndən irəlidə qaçmaq, daha tez vüsala qovuşmaq istəyirdi. Səməd Vurğunun

 

Qoynuna girməyə qalmışdır bir az,

 

Könül fərəhlənib eylədi pərvaz.

 

Ölməyib görəydim seyrini hər yaz,

 

Səndə vardır, başqa lətafət, Şuşa

 

- misralarını indi tamlığıyla dərk edirdim.

 

Şuşaya gedirdik, bizi müqəddəs görüş və vüsal gözləyirdi. 29 il xəyallarımızda getdiyimiz uzun və incə yol indi bizi ruhumuzun Başkəndinə çatdırırdı. Uşaqlığımla görüşə gedirdim, xatirələrə toxunacaqdım. Suallar o qədər idi ki. Görəsən, yenə dağlarının başı dumanlıdır, yenə Şuşada axşamlar ulduzlar yanır, yenə fitrətində təbibliyi var? Yenə o daş küçələrdə ayaqlarımızın qeyri-adi, mistik səsi eşidiləcəkmi? Görəsən, O da bu görüşü belə gözləyir? Suallar içində Şuşaya daxil oluruq, ilk olaraq gözlərim o eyvanları və pilləkənləri axtarır. Amma indi o eyvanlardan evlərin fasadında ancaq izlər qalıb, özləri yox. Aynabəndlərin yerində isə şüşəsiz və qaralmış taxta çərçivələr yellənir. Gözəlliyin, abadlığın və mədəniyyətin düşməni, hətta sökülməsi çətin olan evləri də yarıuçulu hala salıblar. Tavanı olmayan evlərin içində ağaclar bitib. Sanki Şuşaya həsrət şuşalılar evlərinə ağac kimi qayıdıblar. Bir qədər qollu-qanadlı ağaclar evin böyüyünü, digər ağac və fidanlar isə ailənin o biri üzvlərinin simvolu kimi görünürdü. İnsanlar evlərində ağac olub bitmişdilər. Beləcə, Şuşa kədəri və Şuşa sevinci bir-birinə qarışıq şəhəri gəzib- dolaşırıq. Hər şeyi görmək istəyirik. Şuşa qalasından, Gövhər ağa məscidindən, Pənah xanın sarayından, Xurşidbanunun malikanəsindən, məktəbdən, mədrəsədən, zindandan tutmuş, yeni açılan Xalça muzeyi, Rəsm qalereyası, nəhayət, gəlişimizin əsl səbəbi Molla Pənah Vaqifin məqbərəsinə qədər. Sanki tale Molla Pənah Vaqifin taleyinə körpü olmaq funksiyasını yazmışdır. O, şair kimi klassik ədəbiyyatla xalq şeirinin, diplomat kimi Azərbaycanın o vaxtkı qonşu dövlətlərinin, ictimai xadim kimi sarayla xalqın arasında körpü olmuşdur. İndi isə - XXI əsrdə Şuşa ilə vüsalımızın vasitəçisiydi, Vaqif Azərbaycan əsgərinin azad etdiyi Şuşayla görüşdürürdü bizi. Pandemiyanın insanların arasına çəkdiyi sərhədləri, söz, şeir, musiqi məclislərinin qarşısına qoyduğu sədləri dağıdırdı, əlçatmazları əlçatan edirdi. Xan əminin nəvələrinin ecazkar səsi havalanırdı. Bilmirəm, dünyanın harasındasa hansısa çiçəyə abidə qoyulubmu? Amma Şuşada sədaqətin, vəfanın simvolu olan xarıbülbülün kiçik abidələri də var.

 

Gözlədiyimizin əksinə olaraq şəhərdə həyat qaynayırdı. Hər yerdə abadlıq və bərpa işləri gedirdi. Şuşanın yaraları sarınırdı, köksünə sığal çəkilirdi. Heç vaxt bir-birini görməyən adamlar Şuşada doğma və köhnə tanışlar kimi görüşüb salamlaşırdı. Şuşa hamını bir ocaq, bir sevda başına yığmışdı. Üzü gülürdü Şuşanın, üzü gülürdü insanların. Güllələnmiş, köçkün heykəllər indi Şuşanın mərkəzində gələn qonaqları salamlayırdı. Qəriblikdən qayıdan Qarabağ şikəstəsi Şuşanın dağlarında dalğalanıb əks-səda verirdi. Qüdrətli Azərbaycan ordusunun sərkərdəsi əzmli çıxışıyla işıqlı sabahlara əminlik yaradırdı.

 

Ağ buludlar mavi səmanı bəzəmişdi. Gözlərini yumsan, mavi eyvanlarda Vaqifin kəlağayılı gözəllərini də görə bilərdin. Bu mənim 92-ci ildə başlayan kədərli Şuşa nağılımın üç almalı sonuydu. Deməyin - niyə son? Çünki bu nağılın qəhrəmanları başqa nağılların xoşbəxt qəhrəmanları olmağa getdi. Göydən üç alma düşdü, əvəzində göyə üçrəngli bir bayraq qalxdı. Bir kərə qalxıb, bir daha enməz. Mənim Şuşa nağılım, mənim nağıl Şuşam.

 

 

Aygün BAĞIRLI

Ədəbiyyat qəzeti.- 2021.- 4 sentyabr. S. 29.