İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada
Vaqif Poeziya Günlərinin açılışında
iştirak ediblər
Avqustun
30-da Vaqif Poeziya Günləri Şuşa
işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən
ilk dəfə şairin doğma şəhərində yenidən
təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya
Günlərinin rəsmi açılışında
iştirak ediblər.
Dövlətimizin başçısı
açılış mərasimində çıxış
etdi.
Prezident İlham Əliyevin
çıxışı
-Hörmətli
mərasim iştirakçıları.
Xahiş edirəm ki, ilk növbədə, Vətən
uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin
əziz xatirəsini birdəqiqəlik sükutla yad edək.
Allah
bütün şəhidlərimizə rəhmət eləsin!
Əziz dostlar, bu gün ölkəmizin həyatında
çox əlamətdar bir gündür. Biz
böyük Azərbaycan şairi, dövlət xadimi,
Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin
önündə Vaqif Poeziya Günlərinin
açılışını qeyd edirik. Bu münasibətlə sizi və bütün Azərbaycan
xalqını ürəkdən təbrik edirəm.
Vaqifin məqbərəsi bütün digər tarixi abidələrimiz
kimi işğal edilmiş torpaqlarda erməni vandalizminə məruz
qalmışdır. Bu gün isə məqbərə tam bərpa
edilib və dünən məqbərənin ikinci
açılışı olmuşdur.
Bildiyiniz kimi, Molla Pənah Vaqifin məqbərəsinin
Şuşada ucaldılması qərarını ulu öndər
Heydər Əliyev vermişdir. Onun təşəbbüsü ilə
1982-ci il yanvarın 14-də burada qarlı,
şaxtalı havada bu məqbərənin
açılışı olmuşdur. Bu,
sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin
bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər
Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri
kimi qələmə verməyə
çalışırdılar. Halbuki,
bunun üçün heç bir tarixi, mədəni əsas
yox idi. Onu da nəzərə
almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox,
eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet
hökumətinin tarixlə bağlı yanaşması belə
idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə
verilirdi. Bütün bunlara baxmayaraq, Ulu
Öndərin iradəsi və qətiyyəti nəticəsində
bu məqbərə ucaldılmışdır və bir daha
Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi
öz yerini tapmışdır.
Əfsuslar
olsun ki, Şuşa işğala məruz
qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr,
o cümlədən Vaqifin məqbərəsi vandallar tərəfindən
dağıdılmışdır. Şuşanın
işğalı xalqımızın böyük faciəsi
idi. Çünki Şuşa Azərbaycan
mədəniyyətinin ocağıdır. Şuşanın
Azərbaycan tarixində çox böyük rəmzi mənası
var. Şuşa Qarabağın
tacıdır. Şuşanın
işğalından sonra digər rayonlar, digər şəhərlər
işğala məruz qaldı. Çünki
Şuşanın strateji əhəmiyyəti, əlbəttə
ki, bizim üçün itirilmiş oldu və düşmən
bundan istifadə edərək, ondan bir neçə gün
sonra – 1992-ci ilin mayında Laçını da işğal
etdi. Ondan bir il sonra – 1993-cü ilin
aprelində Kəlbəcəri işğal etdi və beləliklə,
Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan
arasında coğrafi bağlantı yaradıldı. Bizim məğlubiyyətimizin qaçılmaz
olması göz qabağında idi, nəzərə alsaq ki, o
vaxt Azərbaycanda hərc-mərclik dövrü idi, nizami ordu
yox idi, vətəndaş qarşıdurması baş
vermişdi.
Şuşanın itirilməsi digər rayonların
itirilməsinə təkan vermişdi. Ancaq biz Azərbaycan
xalqı olaraq heç vaxt bu işğalla barışmaq
fikrində deyildik. İşğal
dövründə mən dəfələrlə deyirdim ki, biz
heç vaxt bu vəziyyətlə
barışmayacağıq, işğal edilmiş
bütün torpaqları, o cümlədən
Şuşanı nəyin bahasına olursa-olsun
işğalçılardan azad edəcəyik.
Bildiyiniz kimi, danışıqlar prosesi 30 ilə
yaxın davam etdi, bunun heç bir nəticəsi olmadı. İndiki hadisələrin
gedişatı, İkinci Qarabağ müharibəsindəki
dövr və beynəlxalq güclərin hərəkətləri
onu göstərir ki, bu məsələ heç vaxt
danışıqlar yolu ilə öz həllini tapa bilməzdi.
Çünki bizi, azərbaycanlıları bu vəziyyətlə
barışdırmaq istəyirdilər. Bu
vəziyyəti, yəni, dondurulmuş münaqişəni
alternativsiz bir variant kimi təqdim etməyə
çalışırdılar. Bizim isə
tam başqa fikrimiz var idi və mən bunu heç vaxt gizlətmirdim.
Deyirdim ki, əgər məsələ sülh
yolu ilə öz həllini tapmasa, biz öz ərazi
bütövlüyümüzü müharibə yolu ilə bərpa
edəcəyik. Beynəlxalq hüququn bütün norma və prinsipləri bu haqqı bizə
tanıyır. BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik
Şurasının qətnamələri, tarixi ədalət bu
haqqı bizə verib. Biz buna nail
olduq.
Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini,
- hamımız yaxşı bilirik, - 1752-ci ildə Pənahəli
xan qoymuşdur və gələn il biz
Şuşanın 270-ci ildönümünü təntənəli
şəkildə qeyd edəcəyik. İşğala
baxmayaraq, Şuşa Azərbaycan ruhunu
saxlaya bildi. Şuşaya gələn hər bir
insan bunu görür. Hətta dağılmış vəziyyətdə,
hətta işğal dövründə vandalizmə məruz
qalmış şəkildə Şuşa
öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi,
sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və
biz gəldik. Müzəffər xalq kimi gəldik.
Danışıqlar yolu ilə yox, Ermənistan
tərəfindən edilə biləcək hansısa güzəşt
nəticəsində yox, döyüş meydanında qan
tökərək, şəhidlər verərək, fədakarlıq
göstərərək gəldik, öz ərazi
bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi
bərpa etdik.
44 günlük Vətən müharibəsi bizim
şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri
olmayan qələbədir. Azərbaycan
xalqı buna layiq idi və biz Qələbə əldə edərək
düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi
azad etdik, doğma Şuşamızı azad etdik. Bu
gün Şuşa artıq dirçəlir
və Şuşanın dirçəlməsi
üçün əməli addımlar atılır.
Müharibədən sonra mən ilk dəfə Şuşaya
bu il yanvarın 14-də gəlmişdim. Bu tarix də təsadüfən seçilmədi.
Çünki o tarixdən 39 il əvvəl
burada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi
açılmışdı və məhz yanvarın 14-də
mənim buraya gəlməyimin çox böyük rəmzi mənası
var idi. Buraya ilk səfərimdə ilk göstərişlərdən
biri də o oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin,
çünki vandallar bu məqbərəni
dağıtmışdılar, sökmüşdülər.
Vaqifin içəridəki barelyefini, sinə
daşını sökmüşdülər. Yəni, onlara xas olan vandalizm törətmişdilər,
necə ki, azad edilmiş bütün başqa torpaqlarda biz
bunun şahidiyik. Məqbərənin bərpasını
Heydər Əliyev Fondu öz üzərinə
götürdü və bu gün biz bu məqbərənin
önündə Vaqif Poeziya Günlərinə start veririk. Vaqif Poeziya Günləri də bərpa edildi,
“Xarıbülbül” festivalı da bərpa edildi. Bu ilin
may ayında biz çox böyük coşqu ilə bu
festivalı keçirdik və bu tarixi bərpa etdik.
İlk səfərim çərçivəsində
Şuşanın bərpası ilə bağlı
bütün lazımi göstərişlər verildi və
yanvar ayından bu günə qədər - 7 ay ərzində
artıq çox böyük işlər görülüb. Şuşaya
ikinci-üçüncü dəfə gələnlər bunu
görürlər. Bəli, şəhər
hələ ki, dağılmış vəziyyətdədir.
Çünki ermənilər nə qədər
çalışalar da, yenə də Şuşanı erməni
şəhəri kimi təqdim edə bilmədilər və əgər
bu, erməni şəhəri idisə, niyə belə vəziyyətdə
idi, niyə dağılmış vəziyyətdə idi, niyə
bir dənə bina tikilməyib? Üç-dörd
erməni məmurunun yeni villalarından başqa bir dənə
də yeni bina tikilməyib. Köhnə
binalar hamısı dağıdılıb, tarixi binalar
dağıdılıb.
Şuşanın bərpası yanvarın 14-dən
başlanmışdır və qısa müddət ərzində
böyük işlər görüldü. İlk
növbədə, yol çəkildi. İndi
gəldiyiniz Zəfər yolu nə vəziyyətdə idi biz
onu yanvarın 14-də gördük. Biz
Füzulidən təqribən iki saat yarıma-üç
saata gəldik. Şaxtalı, qarlı hava
idi, yol da yox idi, bir cığır idi, üstü buz,
palçıq. İndi isə artıq
asfalt yol tikilib və bu, elə Zəfər yoludur. Magistral yol da çəkilir. Füzuli
şəhərindən tunellər daxil olmaqla, magistral yol
tikilir, daha qısa yol olacaq. Şuşanın
elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli
xətlər Füzulidən çəkildi, yarımstansiya
tikildi. Yəni, Şuşanı elektriklə
təmin etmək başlıca vəzifələrdən biri
idi. Düşmən Şuşanı tərk
edərkən Şuşanın su xətlərini
partlatmışdı. Şuşaya suyun
verilməsini biz bərpa etdik. İndi iki mənbədən
Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin
bərpasına start verildi. Vaqifin məqbərəsi
artıq bərpa edildi. Ermənilər tərəfindən
dağıdılmış Vaqifin büstü bərpa edildi,
dünən onun ikinci açılışı olmuşdur.
Üç məsciddə təmir-bərpa
işləri gedir. Yuxarı Gövhərağa
məscidinin təmiri demək olar ki, bitmək üzrədir.
Saatlı və Aşağı Gövhərağa
məscidlərinin təmiri ilə bağlı göstərişlər
verildi. Bu məscidlərin təmirini yenə
də Heydər Əliyev Fondu öz üzərinə
götürmüşdür. Natəvan
bulağı bərpa edildi, indi su gəlir. Ermənilər 17 bulağın 17-sini də
qurutmuşdular. Əgər bu, erməni
şəhəri idisə, nə üçün siz bu
bulaqları qurudursunuz? Ondan sonra
“Xarıbülbül” oteli istifadəyə verildi, artıq
may-iyun aylarında ilk qonaqlarını qəbul etdi və digər
addımlar atıldı.
Ermənilər tərəfindən gülləbaran
edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın,
Üzeyir Hacıbəylinin, Bülbülün büstləri
gətirildi və mənim tərəfimdən mərkəzi
meydanda qoyuldu.
Dünən Şuşanın dirçəlişinin
növbəti mərhələsi idi. Qeyd
etdiyim kimi, Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən
açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən
qoyuldu, onu da mənfur düşmən
dağıtmışdı. Üzeyir
Hacıbəylinin dağıdılmış evinin bərpası
ilə bağlı göstəriş verildi. Dünən Polad Bülbüloğlu ilə və
onun oğlu, Bülbülün nəvəsi ilə birlikdə
Bülbülün evinin açılışını biz
qeyd etdik. Polad atasının evini bərpa
etdi, indi çox gözəl muzey yaradılmışdır.
Dünən “Qarabağ” hoteli əsaslı təmirdən
sonra öz qapılarını yenidən qonaqların
üzünə açdı. İşğal
dövründə “Qarabağ” hoteli nə gündə idi, onu
biz işğaldan sonra görmüşdük. Cəmi iki mərtəbəsi işləyirdi, nə
su var idi, nə işıq var idi. Bərbad
vəziyyətdə idi, dağılmış vəziyyətdə
idi. O kadrlar var. O da bərpa edildi və hesab edirəm ki,
bu tədbirlərin içində ən önəmlisi yeni
yaşayış kompleksinin təməl daşının
qoyulmasıdır.
Yeni otel beşulduzlu olacaq. Orada 150 otaq olacaq.
Hazırda Şuşada “Qarabağ” və
“Xarıbülbül” otellərində 150 otaq mövcuddur, 300
otaq, böyük konfrans zalı və tədbirlər
üçün yerlər olacaqdır. Beşulduzlu
otelin yeri də mənim tərəfimdən seçildi.
Mənfur düşmən həmin yerdə dırnaqarası
“Dağlıq Qarabağ respublikası”nın
qondarma parlamenti üçün bina inşa edirdi. O da bizə
sataşmaq idi. “Dağlıq Qarabağ
respublikası” anlayışı yoxdur. Artıq
o binanın bünövrəsi qoyulmuşdu və daş
işləri artıq tamamlanmışdı. Mənim göstərişimlə bu şeytan
yuvası darmadağın edildi.
Beşulduzlu otel gözəl yerdə inşa ediləcək. Ən önəmli
tədbir dünən yeni yaşayış kompleksinin təməl
daşının qoyulması idi. Bu
yaşayış kompleksi Şuşanın baş planı əsasında
inşa ediləcək. Şuşanın
baş planı təsdiq edildi və çox müfəssəl,
gözəl işlənmiş plandır. Birinci
mərhələdə orada 25 yaşayış
binasının inşası nəzərdə tutulur -
üç, dörd və beşmərtəbəli
yaşayış binaları ki, vətəndaşlar artıq
Şuşaya qayıtmağa başlasınlar.
Bu kompleks tədbirlər onu göstərir ki,
Şuşanın dirçəldilməsi sürətlə
gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm
qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət
edirlər, eyni zamanda, burada artıq açılmış
obyektlərdə şuşalılar işlə təmin
edilir. Beləliklə, biz Şuşanı
yenidən dirçəldəcəyik.
Əziz
dostlar, təxminən 40 il bundan əvvəl,
bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə
durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin
açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə
Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri
keçirilirdi. Bu gün isə ikinci dəfə
Vaqifin məqbərəsinin açılışını
biz qeyd edirik. Vaqif Poeziya Günləri
keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri
hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi
məna var, tarix təkrarlanır. Azərbaycan
tarixinin qara səhifəsi artıq arxada qaldı və biz
yenidən nəfəs almağa başlamışıq.
İşğal dövründə bir
çoxlarımız - həm keçmiş məcburi
köçkünlər, həm bütün Azərbaycan
xalqı, o cümlədən də mən dəfələrlə
fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki
ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik.
Mən də o cümlədən belə fikirdə
idim. Ancaq həyat göstərdi ki, ədalət
var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli
olmaq lazımdır, ədalətə inanmaq lazımdır və
ədalətə nail olmaq üçün
çalışmaq lazımdır, hədəfə doğru
getmək lazımdır. Ədaləti bərpa
etmək üçün fədakarlıq göstərmək
lazımdır. Bu gün biz hamımız
ürəyimizdə deyirik və açıq deyirik ki, bəli,
ədalət var, ədalət bərpa edildi, biz bu gün
Şuşadayıq və bundan sonra Şuşada əbədi
yaşayacağıq.
Noyabrın
8-də Azərbaycan xalqına Şuşa
müjdəsini verərkən demişdim ki, Şuşa
artıq azaddır, bu, həqiqətdir. Biz azad
Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya
qayıtmışıq. Bu da həqiqətdir.
Festivallar, poeziya günləri, mədəni tədbirlər
və bir çox başqa tədbirlər artıq
keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik.
Bu da baş verir, biz Şuşanı dirçəldirik.
Yaşasın
Şuşa! Yaşasın Qarabağ!
Yaşasın Azərbaycan!
X X X
Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı
Anar Rzayev çıxış edərək:
-Hörmətli
cənab Prezident.
Hörmətli Mehriban xanım.
Hörmətli tədbir iştirakçıları.
Unudulmaz Ulu Öndərin ucaltdığı və
vandalların uçurduğu bu Vaqif məqbərəsi bu
gün əvvəlki əzəməti ilə dirçəlib. Buna, Vaqif Poeziya Günlərinin
bərpasına, cənab Prezident və Mehriban xanım, şəxsən
bu tədbirdə iştirak etdiyinizə görə mən
bütün Azərbaycan yazıçıları adından
Sizə dərin minnətdarlığımı və təşəkkürümü
bildirirəm.
Mən ilk dəfə Şuşaya 1952-ci ildə gəlmişəm. O zaman mənim 14
yaşım var idi. Şəhərdə bircə
abidə var idi - Sovet İttifaqı Qəhrəmanı Nelson
Stepanyanın abidəsi. İndi bədnam
adı tarixdə qalmış bu vilayətin erməni
başçıları bu qədim Azərbaycan şəhərini
erməni şəhərinə çevirmək istəyirdilər.
Burada Azərbaycan abidələri yox idi. Qədimdən var idi, amma yenilər yox idi. Ulu Öndərin vaxtında burada muzeylər
açıldı - Üzeyir Hacıbəylinin,
Bülbülün muzeyləri, Natəvanın, Üzeyir bəyin,
Bülbülün heykəlləri qoyuldu. Nəhayət,
bu əzəmətli məqbərənin əsası qoyuldu və
bu məqbərə açıldı. 1982-ci il yanvarın 14-də həmin o tədbirdə
mən də iştirak edirdim.
Vaqif Azərbaycan poeziyasında nadir yeri olan şairdir. O, bizim xalq şerini,
qoşmaları, gəraylıları, heca vəznində
yazılan şeirləri əruz vəznində yazılan dram ədəbiyyatı
ilə birləşdirən, vəhdətdə təqdim edən,
Azərbaycan ədəbiyyatında yeni bir səhifə
açan şair idi. Onun dostu Vidadi bədbin
şeirlər yazırdısa, bədbinliyi təbliğ edirdisə,
Vaqif “Toy-bayramdır bu dünyanın əzabı” deyirdi.
Amma keşməkeşli həyatının
axırıncı illərində, faciəvi illərində o
da “Mən cahan mülkündə, mütləq, doğru halət
görmədim, hər nə gördüm əyri
gördüm, özgə babət görmədim” deyirdi.
Bu gün mənim ürəyim doludur, çox şey deyə
bilərəm, amma dedilər ki, qısa danışmaq
lazımdır, ona görə də mən qısa
danışacağam. Mən 2010-cu ildə bir mərasimdə
çıxış edəndə, - cənab Prezident də
iştirak edirdi orada, - dedim ki, mənim 72 yaşım var, amma
söz verirəm ki, Sizinlə bir yerdə Şuşaya gedəcəyik
və bu, baş verdi. Mən Allaha təşəkkür
edirəm, taleyimə minnətdaram və Sizə minnətdaram.
Sizə minnətdaram ki, o sözü desəm də,
bir də Şuşanı görəcəyimə
inanmırdım, amma bu gün mən burdayamsa, Sizə minnətdaram,
bizim müzəffər Ordumuza minnətdaram. Siz bu Qələbəni Ordu ilə bir yerdə qazandınız.
Amma diplomatik qələbəni, təbliğat qələbəsini
Siz təkbaşına qazandınız. Çünki
Sizin 4 dildə onlarla çıxışlarınız yeni Azərbaycanı
tanıtdı, Azərbaycan həqiqətlərini
çatdırdı. Bu da çox
böyük bir hadisə idi. Siz bizə, Azərbaycan
xalqına onun milli qürurunu qaytardınız. Bizim hamının qarşısında alnımız
açıq, başımız dikdir ki, öz
torpaqlarımızı qaytardıq. Bu
torpaqlar bizə əzizdir. Amma indi şəhidlərin,
qazilərin qanı, şəhid ailələrinin göz
yaşları, Mehriban xanımın şəhid ailələri
ilə görüşlərində axıtdığı
göz yaşları ilə suvarılmış bu torpaqlar bizə
ikiqat əzizdir, ikiqat doğmadır.
Şuşa
Azərbaycandır! Qarabağ Azərbaycandır! Azərbaycan əbədidir!
Biz buraya Zəfər yolu ilə gəldik. Bu yolun əvvəli var, amma sonu yoxdur. Bu yol uzandıqca uzanacaq. Bu Zəfər yolu Azərbaycanın
hərbi gücünün yoludur, siyasi gücünün
yoludur, iqtisadi gücünün yoludur və möhtəşəm
Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının
Zəfər yoludur!
Təşəkkür edirəm.
X X X
Xalq
şairi Nəriman Həsənzadə çıxış edərək
dedi:
-Cənab
Prezident.
Hörmətli Mehriban xanım.
Bir dəfə mən demişdim ki, cənab Prezident Siz mənim
gözümün qabağında
böyümüşünüz. Özünüz də
dediniz, Siz burada idiniz, 20 yaşınız var idi, cənab
Prezident. İndi burada cismani olaraq bircə
Heydər Əliyev yoxdur, bir də Zərifə xanım yoxdur.
Hamısı buradadır. Abidə
də buradadır. Hamımız
buradayıq. Özü də Siz gətirmisiniz.
“Qarabağ Azərbaycandır, Qarabağnaməm
İlhamdır”. Siz bizim ilham mənbəyimizsiniz.
Cənab
Ali Baş Komandan, halaldı Sizə,
Millət, Vətən qarşısında oğul haqqınız.
44
günü Siz yazdınız tariximizə,
Günəş kimi dünyaya da doğacaqsınız.
“Xarıbülbül”
festivalı bir möcüzə idi,
Yerlər,
göylər ovsunlanıb dedim Şuşada.
Burada
dağlar hamilə idi, dünya təzə idi,
Paytaxt Şuşa doğulurdu qədim Şuşada.
“Əziz
Şuşa, sən azadsan”, bu, öz səsindi,
Vurğusu da, nidası da yadda qalırdı.
Festivalda
işğalçının məhkəməsiydi
Dağlar hakim kürsüsündə mərd
dayanırdı.
Mən
Şuşada kimi gördüm, qürurlu gördüm,
Can da
dedim Tanrı duası ilə.
Üzeyiri,
Natəvanı, Bülbülü gördüm,
Sinəsində namərdlərin güllə yarası.
Yadımdadır,
Ulu Öndər Şuşa deyib nitq
söyləyirdi.
Vətən,
ana həsrətidir Şuşa həsrəti.
Xoşbəxtəm
ki, İlham özü belə deyirdi,
Mən yerinə yetirmişəm bu vəsiyyəti.
Cənab
Ali Baş Komandan, halaldı Sizə,
Vətən, millət qarşısında oğul
haqqınız.
44
günü Siz yazdınız tariximizə,
Günəş kimi dünyaya da doğacaqsınız.
Cənab
Prezident, mən onda olduğu kimi bir sirri də deyəcəyəm.
Gedib evdə deyəcəyəm ki, lap mənim
yanımda oturmuşdular, Prezident də danışanda mənə
baxırdı. Siz bizi müalicə
edirsiniz, dirildirsiniz, həyat
bağışlayırsınız. Mən
şadam, çox şadam, Allah Sizin başınızı uca
eləsin. Allah Sizə dəyməsin.
Bax, burada hamı İlham deyir. Yolda söhbət edirdik, Nizami Cəfərova deyirdim
ki, ay Nizami, Heydər Əliyev nəinki tədbirlər
keçirirdi, nəinki abidələr ucaldırdı. Dədə Qorquddan üzü bəri həm də ədəbiyyat
yaradıcısı idi Heydər Əliyev. Ədəbiyyatımızı yaradırdı.
Cənab
Prezident, Siz yanımızdasınız, biz həmişə Sizin yanınızdayıq. Başınız
uca olsun. Qızım, Sizin də
başınız uca olsun. Alla Sizi
saxlasın. Çox şadam, 90
yaşımda gəncləşirəm.
X X X
Azərbaycan
Yazıçılar Birliyinin katibi, şair-yazıçı
İlqar Fəhmi çıxış edərək dedi:
-Mən də
deyilən bütün gözəl sözlərə
qoşuluram, dövlətimizin başçısına,
Mehriban xanıma bizə dəstək olduqlarına görə
təşəkkür edirəm. Mən də
şeir oxumalıydım, amma Nəriman müəllim elə
bir gözəl ab-hava yaratdı ki, Vaqifin bir şeiri
düşdü yadıma. Deyir:
“Məkan
tutdisə Vaqif, yîx əcəb, bu Şişə
dağında,
Məqami ləli-gülrəngin miyani-səngi-xaradır”.
Vaqif deyir
bu Şuşa dağında məskən
tutdusa, burada qeyri-adi heç nə yoxdur. Çünki
ən qiymətli, gözəl incilərin, gözəl
daşların məqamı hara olur? Dağların,
daşların arası olur. Bu gün bizim bu Şuşa
şəhərimiz də sanki Vaqiflə bərabər həmin
o dağların, daşların qoynunda məkan tutan Azərbaycanın
ən qiymətli, ən gözəl bir incisidir və bu incini
bizə qaytardığına görə həm Ali Baş
Komandanımıza, həm müzəffər Ordumuza
bütün yazarlar adından təşəkkür edirəm
və bu şeiri oxumaq istəyirəm.
Bir Şuşa var, 30 ildir xəyallarda
dolaşdı,
Bir Şuşa var, bu gün gəlib
varlığına qovuşdu.
Bir Şuşa var, hər ağacı, hər
daşı da tarixdi,
Bir Şuşa var, sevinci də, göz yaşı
da tarixdi.
O Şuşa ki, illər boyu ayrı qaldı
anasından,
Xarıbülbül qərib düşdü doğma,
isti yuvasından.
O Şuşa ki, illər boyu məhbus idi, əsir
idi,
Başı üstə qara duman, ayağında zəncir
idi.
Nəhayət
ki, cuşa gəldi igidləri, ərənləri,
Son bir dəli həmlə ilə titrətdilər
göyü, yeri.
Dağı,
daşı silkələdi mərmi səsi, atəş səsi,
Namərd
düşmən bu torpaqda axır verdi son
nəfəsi.
Bu gün
artıq “zəfər” sözü Şuşa
adı ilə qoşadır.
İndi hər gün bir qələbə, indi hər yer
Şuşadır.
Çox sağ olun.
X X X
Xalq
yazıçısı Elçin Əfəndiyev
çıxış edərək dedi:
-Çox
hörmətli cənab Prezident. Çox hörmətli
Mehriban xanım. Bu, mənim azad
Şuşaya ilk səfərimdir və bunu mən öz şəxsi
həyatımda tarixi bir hadisə hesab edirəm. Buradakı bu qısa çıxışın
öz arxivimdə də qalmasından ötrü onu
yazmışam.
Möhtərəm cənab Prezident. Çox
hörmətli Mehriban xanım.
Mən bu qısa çıxışımı etirafla
başlamaq istəyirəm. Mən bilirdim ki, Şuşa
haçansa mütləq azad olunacaq. Çünki
başqa cür mümkün deyildi. Ancaq mən
özümün həmin gözəl günü görəcəyimə
inanmırdım. Nə üçün
inanmırdım? Çünki dünyanı
ikili siyasi standartlar idarə edir və Siz, çox hörmətli
cənab Prezident, bu güclü və qolu zorlu ikili standartlar
dünyasında ortaya son dərəcə cəsarətli və
cəsarətli olduğu qədər də qətiyyətli,
prinsipial iradə qoydunuz. Qəsbkar Şuşadan qovuldu və
Şuşa azad oldu. Ancaq
yalnız qəsbkar deyil, bu ikili standartlar da məğlub oldu.
Mən
tam əminəm, Şuşa bundan sonra daha
da gözəlləşəcək, inkişaf edəcək,
Şuşa daha artıq eşqlə böyük sənətkarlar,
böyük vətəndaşlar yetişdirəcək. Cənab
Prezident, Azərbaycanın gələcək tarix
kitablarında, salnamələrdə Sizin adınız həmişə
azad Şuşa ilə, azad Qarabağ ilə
yanaşı yazılacaq.
Əziz
dostlar, mənim təsəvvürümdə Şuşa
canlı bir orqanizmdir. Biz 30 il Şuşa
ağrısı ilə yaşadıq. Ancaq bu 30
ildə Şuşanın özü də həsrət və
ağrı içərisində idi. Bu
canlı orqanizm doğma xalqının yolunu gözləyirdi.
Nəhayət ki, Şuşa bu həsrət
əsarətindən, bu ağrıdan xilas oldu. 44
günlük azadlıq savaşında Ali Baş Komandan da,
generallar da, zabitlər də sıravi Azərbaycan əsgəri
idilər. Ali Baş Komandan həm də bu
44 gündə Azərbaycan xalqının ədalətin və
prinsipiallığın tribunu idi. Bu
tribunun səsi dünyaya da yayılırdı, hər bir azərbaycanlının
ürəyinə də yayılırdı. Bu gün bizim hamımız, bütün Azərbaycan
xalqının sevinci, fərəh hissi və qüruru, eyni
zamanda, Şuşanın özünün də sevincidir,
Şuşanın da qürurudur.
Əziz
dostlar, mən 40 il bundan əvvəl də
burada keçirilən bu unudulmaz Vaqif poeziya bayramının
iştirakçısı olmuşam. Bu gün mənim
içimdəki Zəfər sevinci, fərəh və
qürur hissi ilə bərabər, güclü bir təəssüf
də var. Mən olduqca çox təəssüf edirəm ki,
ulu öndər Heydər Əliyev bu günü görmədi,
bütün varlığı ilə Şuşa sevincini
yaşamadı. Ürəyi Şuşa
ağrısı ilə sızlayan bir çox
yazıçı və şairlər də, bir çox
qarabağlı insanlar, o cümlədən İlyas Əfəndiyev
də bu sevinci yaşaya bilmədilər. Ancaq mən
sözümü ikinci bir etirafla bitirmək istəyirəm.
44 günlük Zəfər real sevinci, real fərəhi,
real qüruru ilə bərabər, mənim içimdə
mistik bir reallıq da yaradıb. Mən
inanıram, qətiyyən şübhə etmirəm ki, Ulu
Öndər də, bu gün burada yeri görünən o
yazıçı və şairlər də elə bu dəm
yuxarıdan bizə baxırlar və hər şeyi
görürlər. Şuşa sevinci, Qarabağ sevinci o ali məqamda onlarla bir yerdədir. Qarabağ Azərbaycandır!
Əziz
dostlar, bu sözləri oxuya-oxuya bir söz də yadıma
düşdü və onu demədən düşmək istəmirəm:
“Nə oldu Paşinyan?”.
X X X
Azərbaycan Yazıçılar Birliyinin üzvü
şairə Günel Şamilqızı “Müjdə”
şeirini oxudu.
Düz 44
gün xəbər hazırladıq, sənin
atdığın hər addımdan,
Ekranlara dikilən gözlərə sevinc payladıq, kənd-kənd,
siyahı-siyahı.
Düz 44
gün çəkdiyin hər tətik ümid verdi
bizə,
Düz 44
gün yumruğun hər havaya qalxanda bir az
da dikəldi belimiz.
İndi
biz də görüşünə gəlmişik, qardaş,
kiçik bir müjdə kimi,
Cisminin uyuduğu yox, ruhunun qovuşduğu
ucalığı ziyarətə gəlmişik.
Sinəmizə
çəkilən dağdan yol alıb,
Cırmaq-cırmaq qalxdığın dağları
görməyə gəlmişik, qardaş.
Bizim üçün onda asan idi yazmaq “Düşmənin
xeyli sayda canlı qüvvəsi məhv edildi”.
Sənin
üçün barıt, qan son nəfəs qoxuyurdu,
Azad torpaqlarda ciyərinə çəkdiyin vətən
havası.
Bizim
üçün onda asan idi yazmaq “Xudafərində
bayrağımız dalğalanır”,
Sənin əllərin əsirdi burada döyüş
yoldaşının üzünü bayraqla örtəndə.
Bu xəbərin
yuxusu qan rəngində idi, qan qovuşuqdu, qardaş,
Bu xəbərin dünəninə qərənfil səpmişdik,
sabahında xarıbülbül pöhrələnəcək.
Dünya
durduqca köhnəlməyəcək sevinci,
Dünya durduqca bu xalq üçün bu xəbər hər
zaman yeni olacaq, diri olacaq.
Sən
yaralarımıza pıçıldamışdın, biz gələcəyi
müjdələyirik,
Bir də, bir də, bir də “Şuşa işğaldan
azad olundu”.
X X X
Azərbaycan
Yazıçılar Birliyinin üzvü şair Şəhriyar
Del Gerani şəhidlərə və Şuşaya həsr
etdiyi şeirini oxudu:
Əlimi
qoy ürəyinin üstünə,
O
uzağın bir adı da Vətəndir.
Atasının
qəbrinə məktub yazan,
O
uşağın bir adı da Vətəndir.
Ömür
elə başdan-başa yarışdı,
Oğulların səngər-səngər vuruşdu.
Bu
torpağa qəhrəmanlar qarışdı,
Qarışığın bir adı da Vətəndir.
Yel qayadan
nə aparar aparsın,
Bu fanidən əbədiyyət apar sən.
Cənnətə
də bir parça od aparsan,
Bu ocağın bir adı da Vətəndir.
Vətən
adlı eşqin özü Şuşadır,
Şeir üzlüm nağılların
yaşıdı.
Əlini
qoy ürəyinin üstünə,
Daha adın azadlıqla qoşadır.
Bu
gün, sabah, əbədi!
X X X
Daha sonra
Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva Vaqif Poeziya Günləri çərçivəsində
Heydər Əliyev Fondu tərəfindən təşkil edilən
“Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və
“Yenidən doğma diyarda: Qarabağın sənət inciləri”
sərgiləri ilə tanış olublar.
Ədəbiyyat qəzeti.- 2021.- 4 sentyabr. S. 3-6.