Zəfər yolu

 

 

Prezident, Silahlı Qüvvələrimizin

 

Ali Baş Komandanı İlham Əliyev

 

Əhmədbəyli-Füzuli-Şuşa yolunu

 

Zəfər yolu adlandırmışdır

 

 

Şuşa bizim tariximiz,

 

Şöhrətimiz, şanımız.

 

Şuşa bizim yolumuz,

 

Ulduzlu kəhkəşanımız.

 

 

Bu yol şərəf-şan yoludur,

 

Bu yol kəhkəşan yoludur.

 

 

Otuz ildən bir az çox

 

Ali Baş Komandanın nigaran ürəyində

 

Baharlayıb, qışlayıb.

 

Bu yol otuz il əvvəl,

 

Ali Baş Komandanın ürəyindən başlayıb,

 

Ürəyində yatıbdır.

 

 

Neçə ay bundan qabaq,

 

Bu yol yoluna düşüb

 

Deyirlər, lap az qalıb

 

Yol Şuşaya çatıbdır...

 

 

Bu yol qəvi millətimin

 

Ölməzliyə üz tutan

 

Əbədi səfər yolu!

 

Amalından dönməyən,

 

Əbədi Zəfər yolu!

 

 

Bu yol Həqiqət yolu,

 

Bu yol Ədalət yolu!

 

Onun müdrik memarı,

 

Ali Baş mühəndisi

 

Bu yolun canı, qanı,

 

Ali Baş Komandanı

 

İlham Ulu Öndər oğlu!..

 

 

Şəhidlərin qanı ilə,

 

Qazilərin canı ilə

 

Suvarılıb, yoğrulub

 

Yolun hər qarışının

 

Qara daşı, torpağı!

 

Diqqətlə bax, görərsən

 

Onun hər addımında

 

Sən üçrəngli bayrağı!..

 

Bu yol şərəf-şan yolu,

 

Bu yol kəhkəşan yolu.

 

Bu yol üstdə

 

Dizi üstə sürünmüşük,

 

Üzü üstə sürünmüşük.

 

Qanımıza bələnmişik,

 

Qanımıza bürünmüşük.

 

 

Bu yol Şuşada bitmir,

 

Ancaq Şuşaya getmir.

 

Bu yolun daşı qara,

 

Məramı, üzü ağdır.

 

Son mənzili uzaqdır!..

 

 

Qoy düzlənsin millətlər,

 

Sıralansın sərhədlər.

 

Tamaşaya çıxsınlar.

 

Qızıl qanımız hopmuş

 

Şanlı Zəfər yoluna -

 

Kəhkəşana baxsınlar...

 

 

Bu yol millətimizin

 

Qüdrəti, qürurudur!

 

Qəhrəman xalqımızın

 

Əbədi baharıdır!

 

 

Əsrlərlə ağlayan

 

Əsrlərlə yaş töksün.

 

Xalqımın şad günündə,

 

Millətimin önündə

 

Yalvararaq diz çöksün!..

 

 

Bir də görsün gücünü

 

Mənim Ədalətimin,

 

Mənim Həqiqətimin!

 

 

Zəfər bizim  Qüdrətimiz,

 

Zəfər bizim Fitrətimiz!

 

Bir də görsün

 

Zəfər yolu,

 

Bizim Həqiqətimiz!

 

 

Biz Haqqın övladıyıq,

 

Biz Haqqın anasıyıq.

 

Biz Haqqın, Ədalətin

 

Ləkəsiz aynasıyıq!

 

Haqdan yaranıb bizim

 

Od canlı torpağımız.

 

Haqdan gəlibdir bizim

 

Üçrəngli bayrağımız!..

 

 

Şuşa bizim tariximiz,

 

Şöhrətimiz, şanımız.

 

Şuşa bizim yolumuz,

 

Ulduzlu Kəhkəşanımız!

 

 

Zəfər yolu -

 

Bu yol şərəf-şan  yoludur,

 

Bu yol kəhkəşan yoludur!..

 

 

Bakı, 30 avqust 2021

 

Ramiz Duyğun

Ədəbiyyat qəzeti.- 2021.- 4 sentyabr. S. 28.