"Mərziyə
Davudova" - Turan Cavidin əsəri
Turan Cavidin yeni çap olunan əsəri:
"Mərziyə Davudova"
Hüseyn Cavidin qızı Turan
Cavidin 1950-ci ildə qələmə aldığı "Mərziyə
Davudova" monoqrafiyası 71 ildən sonra ilk dəfə
"Ədəbiyyat qəzeti" yayınları" seriyasından
nəşr olunmuşdur.
"Elm və təhsil"
nəşriyyatında işıq üzü görən
kitabı filologiya üzrə fəlsəfə doktoru,
"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər
Turan nəşrə hazırlayıb, kitaba "Mərziyə
Davudova" - Turan Cavidin əsəri" adlı Ön söz
yazmışdır.
Kitabın elmi redaktoru filologiya elmləri
doktoru Elnarə Akimova, rəyçiləri sənətşunaslıq
doktoru, professor Məryəm Əlizadə, professor Aydın
Talıbzadə, AMEA-nın İncəsənət və
Memarlıq İnstitutunun şöbə müdiri, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovdur.
A.Turanın kitaba
yazdığı Ön sözü ixtisarla təqdim edirik.
Turan Cavid
Azərbaycanın ilk qadın teatrşünaslarından
biridir!
1950-ci ildə Azərbaycan Teatr İnstitutunu bitirərkən
diplom işi olaraq yazdığı "Mərziyə
Davudova" monoqrafiyası Turanın ilk və yeganə əsəridir.
Onu kitab halında nəşr etmək qərarına gəlməyimin
bir sıra səbəbləri var.
Hansı səbəblər?
Mərziyə Davudova haqqında yazılmış bu
kitab bəraətdən əvvəl, 1950-ci ildə qələmə
alınıb və kitabın müəllifi "xalq
düşməni" Hüseyn Cavidin qızıdır.
Mətnin hazırlanmasında Mərziyə Davudovanın
özü şəxsən iştirak edib. Tədqiqat
zamanı "Mərziyə xanımın söylədiyi xatirələr,
təəssüratlar" əsas götürülüb.
Eləcə də Aleksandr Tuqanovun, Rza Təhmasibin, Fatma
Qədrinin məsləhət və göstərişləri
nəzərə alınıb.
Diplom
işinin elmi rəhbəri Sabit Rəhmandır və bu əsər
Sabit Rəhmanın elmi rəhbər olduğu son diplom
işidir...
Dediyim bu və başqa səbəblərə görə
əsərin gələcək nəsillər
üçün maraqlı qaynaqlardan biri olacağına
inanıram.
Bu kitab Turan Cavidin imzası ilə çıxan ilk
kitabdır.
Kitabda nə yoxdur, yaxud müəllif hansı məqamların
üzərindən sükutla keçib?
Turan Cavid Mərziyə Davudova barədə
yazdığı diplom işində böyük aktrisanın
oynadığı Cavid tamaşalarına toxunmur, Cavid əsərlərində
Mərziyə xanımın yaratdığı obrazların
üzərindən sükutla keçir. Baxmayaraq ki,
Davudovanın yaradıcılıq həyatının
böyük bir dövrü Cavidin əsərlərindəki
qadın qəhrəmanlarla bağlı idi. O,
"Şeyx Sənan"da Xumarı və Əzranı,
"İblis"də Xavəri və Rənanı,
"Uçurum"da Anjeli, "Knyaz"da Jasmeni, "Səyavuş"da
Südabəni oynamışdı. Və bütün bunlar
Cavidin qızı Turanın Mərziyə Davudovadan bəhs edən
diplom işinin "unudulmuş səhifələri", həm
də acı, məşəqqətli ömrünün
unudulmaz, yaralı səhifələri idi. O mənada yaralı
ki, 1950-ci ildə yazılmış bu əsərdə Turan Cavid
Hüseyn Cavidin tamaşalarından yalnız o şərtlə
bəhs edə bilərdi ki, "xalq düşməni"nin faciə və dramlarını ideya
baxımından mürtəce, zərərli əsərlər
olaraq dəyərləndirsin.
Turan Cavid təbii ki, Mərziyə Davudovanın Cavid
tamaşalarında yaratdığı surətlər barədə
də yazmaq istəyib. Bunu diplom işi üzərində çalışarkən
apardığı yaddaş qeydlərindən də görmək
olar: "Xavər - 1920, Əzra - 1921, Xumar - 1922, / 1928-29, Anjel
- 1923-24, Jasmen - 1928-29, Rəna - ..., Südabə - 1933-34". Turan
Cavid Mərziyə xanımın oynadığı
bütün rolların siyahısını tərtib edib.
Lakin həmin siyahıda kim tərəfindənsə
məhz Cavid qəhrəmanlarının adının
qarşısına xüsusi işarə qoyulub. Yəni yazmaq olmaz.
Bu sətirləri
yazarkən əlimin altında o dövrdə
Teatrşünaslıq fakültəsi tələbələrinin,
o cümlədən Turan Cavidin oxuduğu bir dərs vəsaiti
var. Təsəvvür edin, Cavidin qızı növbəti dərsə
hazırlaşır və dərslikdən bunları oxuyur:
"Millətçi və pantürkist dramaturq Hüseyn Cavid,
teatr daxilində və incəsənət idarələrində
burjua-millətçi ünsürlərin köməyi ilə
özünün "İblis", "Uçurum",
"Afət", "Peyğəmbər", "Şeyx Sənan",
"Topal Teymur" kimi pyeslərinin oynanmasına müvəffəq
ola bilmişdi... Hüseyn Cavidin düşkün, dekadent
Türkiyə ziyalıları həyatından
alınmış "Uçurum" və "Afət" pyesləri
tamaşaçılar tərəfindən rədd
edildi... Bu pyeslər tamaşaçının
şüurunu zəhərləyir, həyata etibarsızlıq
hissi aşılayır, dünyada səadət və
azadlığın gərəksizliyi kimi çürük
fikirlər təbliğ edirdi. "İblis" pyesi osmanlı şovinizmi, ruh
düşkünlüyü və bədbinlik fəlsəfəsi
təbliğ edirdi. Bu fəlsəfəyə
görə, dünyada xəyanətdən və cinayətdən
başqa heç bir şey yoxdur, çünki dünyaya hakim
olan insan özü cinayətkar və xaindir. Bu pyesin insanlığa nifrət bəsləyən
alçaq fəlsəfəsi bundan ibarət idi".
Bu köhnə
kitabı vərəqlədikcə Turan Cavidin dərslərə
hazırlaşarkən, yaxud diplom işini hazırlayarkən,
necə psixoloji və mənəvi travmalar
aldığını təsəvvür etmək çətin
deyil.
...Hətta
lap tutaq ki, möcüzə baş verib...
Teatrşünaslıq fakültəsinin məzunu olan gənc
tədqiqatçıya atası barədə tərəfsiz
danışmağa izn veriblər, o zaman müəllif Mərziyə
xanımın "İblis" faciəsindəki Xavərindən,
yaxud Rənasından, "Şeyx Sənan"dakı
Xumarından, yaxud Əzrasından, "Uçurum"dakı
Anjelindən, "Knyaz"dakı Jasmenindən, "Səyavuş"dakı
Südabəsindən necə danışsın? Həm də
bu rolları ifa edən aktrisanın tərəf-müqabilləri
- Abbas Mirzə Şərifzadə də, Ülvi Rəcəb
də 12 il əvvəl, 1938-ci ildə "Vətən
xaini" elan edilib güllələnmişdilər. (Bu da
çox rəmzidir ki, Turan Cavid diplom işini 1950-ci il iyun ayının 4-də tamamlayıb.
Hüseyn Cavid bu tarixdən 13 il əvvəl,
1937-ci ilin 4 iyun gecəsində həbs olunmuşdu). Və bu diplom işinin
yazıldığı əllinci ildə dövrün teatr
biliciləri məhz Şərifzadənin, Ülvi Rəcəbin
oynadıqları tamaşaları təftiş etməklə məşğul
idilər... Tənqidçilərdən biri
yazırdı ki, "Hamlet" tamaşasının
nöqsanı, hər şeydən əvvəl həyat hadisələrinə
qeyri-sinfi və qeyri-tarixi yanaşılmasında idi".
Təsəvvür edirsinizmi, Şərifzadənin və
Ülvi Rəcəbin oynadığı Hamlet ona görə tənqid
olunurdu ki, aktyorlar "Hamlet"in ümumbəşəriliyi
haqqında Höte prinsipinə və mücərrəd
"Hamletizm"ə istinad edirmişlər...
Bu əsər belə bir dövrün yadigarıdır.
Yəni
elə bir dövrün ki, Mərziyə Davudova barədə
yazmaq, onu təqdir etmək olar, çünki SSRİ xalq
artistidir, Ali Sovetin deputatıdır, Stalin Mükafatı laureatıdır.
Amma onun səhnədəki tərəf-müqabillərinin
- Abbas Mirzə Şərifzadənin, Ülvi Rəcəbin
adını çəkmək olmaz. Nəinki
adlarını çəkmək, hətta oynadıqları
tamaşaları belə təqdir etmək olmaz. Çünki ikisi də
"xalq düşmənidir". Birinin İrana
"casusluq" etdiyi, digərinin isə "patefonda xarici
musiqilərə qulaq asması" Stalin NKVD-si tərəfindən
"ifşa" edilib... Dövrün sənət
tənqidçiləri isə Bağırovun etimadını
qazanmaq üçün yarışa giriblər. Şərifzadənin soyadını da redaktə edib
onu Şərifova çeviriblər. Onların
fikrincə, artıq Şərifzadə yox idi. Daxili
boşluğu pərdələyən təzahürçü,
saxta və zahiri plastikası ilə burjua romantiklərinin
qızğın müdafiəçisi olan və "xalq
düşməni" kimi ifşa edilən aktyor A.M.Şərifov
var idi...
Şərifzadə həm də o dövrün tənqidçilərinin
yamanladığı kimi, "sırf gözəllik",
"sırf sənət" təlqin edən Cavid
teatrının aktyoru idi və yeni bolşevik doktrinaları
belə bir yanaşmanı qəbul etmirdi. Əl-ələ
verib göylərə uçan Şeyx Sənanla Xumar - Abbas
Mirzə Şərifzadə ilə Mərziyə Davudova
artıq belə edə bilməzdilər. Qeyb
olmaq olmazdı. Ona görə də Cavid
estetikası mistika adı ilə səhnədən
çıxdaş edilməkdəydi. "Məchul
qüvvələr", "kabuslar" teatrdan
uzaqlaşdırılacaqdı. Cavid "Şeyx Sənan"ın
1932-ci il quruluşundan bu səbəbə
görə narazıydı. Teatr finalda Sənanla Xumarı
göyə pərvazlanmağa qoymamışdı... Hüseyn
Cavid isə buna etiraz edirdi... Mehdi Məmmədov
xatırlayırdı ki, belə günlərin birində
Cavid, əlində vərəqləri cırılmış
"Şeyx Sənan" əsəri, sinfə
daxil oldu, öz-özünə danışırmış
kimi: - "Fahişələşmiş beyinlərə
başa sala bilmədim, qanmadılar ki, faciənin faciə
sonluğu olmalıdı, komediyanın komediya
sonluğu"...
Repressiya illərindən, Abbas Mirzə Şərifzadə
"Vətən xaini" elan ediləndən sonra, təbii
ki, hətta onun oynadığı tamaşalar barədə
danışırsansa, ya onu görməzdən gəlməliydin,
ya da ən yaxşı halda yuxarıda da
xatırlatdığım kimi, "Şərifovun zahiri və
saxta plastikası" barədə danışmalıydın. Amma Turan Cavid
bu mənada susmağa üstünlük vermişdi.
Axı həm də ailəvi dost idilər. Şərifzadənin
oğlanları Cavidin qəhrəmanlarının adını
daşıyırdı: Qaratay, Ərtoğrol... Cavidin ailəsi
ilə Şərifzadənin ailəsi hərdənbir gecələr
indiki İstiqlaliyyət küçəsindəki evlərinin
damında əyləşib Ay işığında
"Göy çadırın altında, parlaq ulduzların
işığında" (M. Cavid) samovar çayı
içərdilər... Turan susmuşdu, amma "xalq
düşməni" Hüseyn Cavidin ədəbiyyatçı,
bəstəkar və rəssam oğlu Ərtoğrol öz rəssam
təxəyyülü ilə Şərifzadənin Şeyx Sənan,
İblis, Səyavuş rollarındakı obrazını
canlandırır, onun portretlərini çəkirdi...
1937-ci ildə
Mərziyə Davudova keçmiş həyat yoldaşı
Abbas Mirzə Şərifzadədən də, ikinci əri
Ülvi Rəcəbdən də təkcə səhnədə
deyil, həyatda da əbədi ayrıldı. "Otello"da
ikisi də Otello, o Dezdemonaydı, "Maqbet"də ikisi də
Maqbet, o Ledi Maqbetdi, "Hamlet"də ikisi də Hamlet, o
Gertruda idi... 1937-ci ildən sonra Mərziyə xanım
Şekspir tamaşalarında olduğu kimi, həyatda da tərəf-müqabilsiz
qaldı. Axı hər zaman, demək olar ki, əksər
rollarda, o cümlədən yuxarıda
xatırlatdığım kimi, Otello rolunda da, Hamletdə də
Abbas Mirzə Şərifzadənin dublyoru bir qayda olaraq,
Ülvi Rəcəb olurdu... Yuxarıdakı sıralamanı
Hüseyn Cavidin faciələrinin timsalında belə də
davam etdirmək olar: Xavər - Mərziyə Davudova, İblis -
Abbas Mirzə Şərifzadə, Xumar - Mərziyə Davudova,
Şeyx Sənan - Abbas Mirzə Şərifzadə, Südabə
- Mərziyə Davudova, Səyavuş - Abbas Mirzə Şərifzadə...
Ya da Şeyx Sənan - Ülvi Rəcəb, Xumar - Mərziyə
Davudova, İxtiyar - Ülvi Rəcəb, Xavər - Mərziyə
Davudova, Səyavuş - Ülvi Rəcəb, Südabə - Mərziyə
Davudova... Bəzən isə belə: Kirmani - Abbas Mirzə
Şərifzadə, İldırım Bəyazid - Ülvi Rəcəb,
Almas - Mərziyə Davudova...
***
Bu kitab qələmə alınanda Mərziyə
Davudovanın 49 yaşı var idi. Sonra
11 il yaşadı, Azərbaycan
teatrının səhnəsində yeni rollar yaratdı,
1956-cı ildən 61-ci ilə qədər Azərbaycan Teatr
Xadimləri İttifaqının sədri oldu...
Mən bu qısa ön sözdə bu kitabda nə
yoxdursa onu yazdım.
Amma bu
kitabda həm də bizim bilmədiyimiz çox şeylər var...
***
Bu kitab Azərbaycanda professional bir teatrşünasın
görkəmli bir səhnə xadiminə, onun
yaradıcılığına həsr etdiyi ilk fundamental
monoqrafiyadır. Əsərin bu günə qədər
diqqətdən kənarda qalması, milli
teatrşünaslıq tariximizi araşdıran alimlərin tədqiqat
sferasına daxil edilməməsi təkcə teatr tariximizin
deyil, fikir tariximizin də ciddi kəsirlərindən biridir.
Əminliklə qeyd edirəm ki, 1950-ci ildə
yazılmış bu kitabın 2021-ci ildə reallaşan ilk nəşri
müasir Azərbaycan teatrşünaslığının
üfüqlərini xeyli dərəcədə genişləndirəcəkdir.
Kitabı
nəşrə hazırlayarkən, müəllifin istinad etdiyi qaynaqlara da
nəzər yetirdim. Turan Cavidin yazdıqları
yenidir və bütün mənalarda bir ilkdir. Mərziyə Davudovanın
yaradıcılığı barədə ilk sistemli
teatrşünas rəyidir.
***
...Mərziyə
Davudova, Turan Cavidin dediyi kimi, "gözəl Şekspir
aktrisası" olub. Bu kitabda Mərziyə xanımın
yaratdığı Dezdemona, Ledi Maqbet, Gertruda surətlərinin
timsalında Şekspirin "Otello", "Maqbet",
"Hamlet" əsərlərinin mükəmməl təhlilləri
vardır. Turan Cavidin bu əsərində müəllifin
dərin ədəbiyyat bilgisi ilə yanaşı, teatr təsəvvürləri,
Cavidanə zövqü də öz sözünü deyib.
Məsələn, yazır ki, "Şekspir, hadisələri
elə qurmuş ki, Ledi Maqbet ifaçısına, rolun ən
mürəkkəb, çətin yeri olan "somnambulizm" səhnəsinə
hazırlanması üçün III pərdənin 4-cü səhnəsindən
V pərdəyə qədər uzun bir vaxt vermişdir". Ledi Maqbetin somnambul halını - lunatik vəziyyətini
incəliklərinə qədər təhlil etmək o
dövrdə hər teatrşünasa nəsib olan bacarıq
deyildi. Diplom işində Turan Cavid hətta
missiyasının hüdudlarını aşır. Mərziyə
xanımın Ledi Maqbetinə dair başqa tənqidçilərin
mülahizələri ilə polemikaya girir: "Bir tənqidçi
aktrisanın, bu səhnədə həddindən artıq
coşduğunu, əllərini çox hərəkət
etdirdiyini, gizlətmək əvəzinə gözləri
qarşısında saxladığını
yazmışdır. Qeyd etməliyik ki, bu səhnədə
Ledi Maqbet somnambuldur. Somnambullarda isə
şüur itmir, ancaq yatırılır və onlar adi insanlar
kimi görür və eşidirlər. Lakin
onların hərəkətləri rabitəsiz, məntiqsizdir.
Ona görə də Mərziyə
xanımın pıçıltıdan
çığırtıya və əksinə keçməsini
təəccüblü, kəsirli hal hesab etmək olmaz".
Yaxud "təqriz (resenziya - A.T.) müəlliflərindən
biri Mərziyə xanımı "facianə
pıçıltıdan" çox istifadə etməklə
təqsirləndirir. Bizcə, müəllif Ledi Maqbet surətinin
bütün səciyyəvi xüsusiyyətlərini
yaxşı təhlil etsəydi, Mərziyə xanımın
Ledi Maqbetinin, hadisələrin doğurduğu vəziyyətlər
nəticəsində pıçıltı ilə
danışmasını heç də süni, artıq
olmadığını bilərdi". Razılaşaq ki,
1950-ci il teatrşünaslığı
üçün belə yanaşma gözlənilməz idi. Yaxud "Əgər pyesin əvvəlində xəbis,
cani Ledi Maqbet Dunkanı öldürən Maqbetə cəsarət,
qüvvət verərək dəhşətli
pıçıltı ilə "Qapı
çalınır, yataq odasına çəkiləlim!
Etdiyimiz işin ləkəsini bir stəkan su təmizlər"
deyirdisə, indi insani hissləri oyandıran, cinayətinin dəhşətindən
sarsılaraq qanlı əllərini təmizləyə-təmizləyə
"Yenə qan qoxusu gəlir. Bu kiçik
ağ əli Ərəbistanın ətirləri də yuyub
pak etməz..." deyir. Bu böyük fərqli
sözləri aktrisa pıçıltı ilə, lakin tamamilə
müxtəlif hisslərlə söyləmişdir. Cinayətlərinin dəhşəti - onun faciəli
səsində təzahür edir. Pıçıltı
getdikcə artır, gah yüksəlir, gah da enir. O həm
həyəcanlanır, həm də sakitləşir". Və
Teatr İnstitutunun 26 yaşlı məzunu Turan Cavidin gəldiyi
qənaətlərini əsaslandıracaq dərəcədə
yetkin bilgiləri var. Məsələn, bu məqamda
Stanislavskidən gətirdiyi sitata diqqət yetirirəm:
"Əgər sizə Şekspiri oynamaq lazım gəlsə
o zaman müəllif sizdən səs, səs, səs, yenə də
səs tələb edər, yüksəlmələr və enmələr
tələb edər". Turan Cavid əlavə edir: "Mərziyə
xanım ahəngdar, məlahətli, qüvvəli səsindən
sənətkarlıqla istifadə edərək gözəl
Şekspir surətləri yaradır... Aktrisa
gözəl səhnə vasitələrilə, xüsusən
müstəsna qəribə səsilə surətin kamilliyini
tamamlayır".
Bütün
bunlar, yaxud Mərziyə xanımın oynadığı
Dezdemona barədə aşağıdakı fikirlər hətta
bugünkü gənc teatrşünaslar üçün də
bir örnək ola bilər: "Son dərəcə
yumşaq qəlbli Dezdemona Otellodan Kassionun
bağışlanması üçün böyük bir əmniyyət
və ürəklə rica edir. O, Kassio məsələsiylə
bərabər qadının sevdiyi əri üzərindəki
hökmünü də yoxlamaq istəyir. Dezdemonanı
Otellonun, onun ricasına, yalvarışlarına göstərdiyi
münasibət çox maraqlandırır. Mərziyə
xanım Dezdemonanın bütün işvəsini,
nazını, hökmünü böyük təbiilik və
sadəliklə göstərdiyi bu səhnədə əvəzedilməzdir!".
Mən
Turan Cavidin 26 yaşında yazdığı bu əsərindən
1920-30-cu illərdə Şekspir tamaşalarında Mərziyə
Davudovanın oynadığı rolların təhlillərini
oxuduqca aktrisanın qeyri-adi səhnə potensiyası, plastikası,
səsi, ümumiyyətlə, hər şey barədə aydın təsəvvür
əldə etdim. Özümü sanki o illərdə və o
tamaşalara baxırmış kimi hiss etdim...
Və nəhayət,
Davudovanın Dezdemonası barədə mənəvi və
fiziki məşəqqətlər girdabında
çırpınan məyus bir qızın - 26 yaşlı
teatrşünasın unikal qənaəti: "Aktrisa sevdiyi bu
surətlə o dərəcədə birləşib ki..."
Yanaşma
cavidanədir!..
***
Bu kitab Turan Cavidin ilk kitabıdır. Həm də
son kitabıdır. Çünki yeganə
kitabıdır. Turan xanım onu 71 il
əvvəl qələmə alıb...
17 avqust
2021
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2021.- 11 sentyabr.- S.2-3.