“Aşıq Ələsgərlə
bağlı dastan-rəvayətlər”
adlı kitab
işıq üzü görüb
Çoxəsrlik
aşıq sənəti ənənələrinə yeni məzmun
qazandıran, xalq ruhuyla səsləşən əsərlər
yaradaraq həm də Azərbaycan ədəbiyyatında
özünəməxsus yer tutan Aşıq Ələsgərin
zəngin poetik irsinə həmişə böyük diqqət
göstərilib, əsərləri nəşr olunub, sözləri
aşıqlarımızın repertuarında daim mühüm
yer tutmaqla yanaşı, bəstəkarların da diqqətini
çəkib, mahnılar bəstələnib. Milli-mənəvi
dəyərlərimizə həmişə böyük
qayğı göstərən ümummilli lider Heydər Əliyevin
təşəbbüsü ilə bu böyük saz və
söz ustadının 150 illik yubileyi respublikamızla
yanaşı, Moskvada da təntənəli şəkildə
qeyd olunub. Bu il ölkəmizdə Aşıq Ələsgərin
anadan olmasının 200 illik yubileyi qeyd olunur. Bununla
bağlı 2021-ci il fevralın 18-də Azərbaycan
Respublikası Prezidentinin müvafiq Sərəncamdan irəli gələn
vəzifələrin həyata keçirilməsi istiqamətində
ölkəmizdə indiyədək bir sıra işlər
görülüb. Azərbaycan Aşıqlar Birliyi də
yubileylə bağlı hələ ilin əvvəlindən
geniş tədbirlər planı hazırlayıb. İlk dəfə
olaraq hər şeirin hansı aşıq havaları üstə
oxunması və yabançı sözlərin izahı verilməklə
Aşıq Ələsgərin lirik şeirlərindən ibarət
ayrıca kitab hazırlanıb. Klassik və müasir
aşıqların ifasında Aşıq Ələsgərin
sözlərindən və ustadla bağlı dastan-rəvayətlərdən
ibarət video və audiodisk buraxılıb.
Bu
yaxınlarda Azərbaycan Aşıqlar Birliyinin yeni bir yubiley
töhfəsi işıq üzü görüb –
“Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər”
adlı kitab sənətsevərlərin, elmi ictimaiyyətin və
geniş oxucu kütləsinin ixtiyarına verilib.
Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu AZƏRTAC-a bildirib ki, kitabda ustad sənətkar Aşıq Ələsgərin ömür və sənət yolunun maraqlı, unudulmaz məqamlarından söz açılan 30-a yaxın dastan-rəvayət yer alıb. Bu dastan-rəvayətlərin bəziləri hələ aşığın sağlığında, daha böyük hissəsi isə sonrakı dönəmlərdə aşıqlar tərəfindən düzülüb-qoşulmuşdur. Burada xronoloji-bioqrafik əhvalatlar, eləcə də, xalq təxəyyülündən doğan epik mətnlər, aşıqların, o cümlədən də el-camaatın arzu-istəklərindən irəli gələn xoşməramlı səfərlər və qarşılaşmalar yer alıb.
Kitabda dastan-rəvayətlərdə işlənmiş ərəb və fars mənşəli sözlərin, eləcə də arxaizm və məhəlli sözlərin izahı, “Qeydlər və izahlar” bölümündə isə kitabda yer almış dastan və rəvayətlərin yaranma tarixi, hansı aşıqların dilindən yazıya alınması və indiyədək nəşr olunduğu mənbələr haqqında məlumat verilir ki, bu da folklorşünas alimlər, eləcə də aşıq sənəti üzrə təhsil alan bakalavr və magistrlər üçün əhəmiyyətlidir.
Kitabı nəşrə hazırlayanlar Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı və filologiya üzrə fəlsəfə doktoru Aynur Xəlilova, elmi məsləhətçi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir.
Ədəbiyyat qəzeti.- 2021.-
11 sentyabr.- S.7.