Ədəbi tənqid və nəsr münasibətləri:
dünəndən bugünə
Təranə Turan Rəhimlinin "Azərbaycan nəsri
və tənqid" monoqrafiyası sovet epoxası daxilində
xüsusi mərhələ təşkil edən 1960-1970-ci illər
nəsrinin ədəbi tənqiddəki mənzərəsini
görükdürmək, bütöv dövrə,
dövrün ədəbiyyatında müəyyən təbəddülatlara
məruz qalmış nəsrin inkişaf özəlliklərinə,
həmçinin həm nəsrin, həm də ədəbi tənqidin
keyfiyyət dəyişiminə verilən elmi-nəzəri
baxışın aspektlərini meydana qoymaq baxımından əlamətdar
işdir.
Əvvəlcə onu qeyd etmək lazımdır ki, bu son
dərəcə qiymətli tədqiqat əsəri ədəbiyyatşünaslığımızda
bəhs edilən dövrün nəsrinin və ədəbi tənqidin
bütöv mənzərəsinin yaranmasına imkan verir. Üstəlik,
nəinki 1960-70-ci illər, həmçinin sovet
epoxasının ondan əvvəlki bir neçə onillik
dövrünün nəsr təsərrüfatı da tədqiqat
predmetinə çevrilmiş olur. Həmçinin
müəllif bu illərdə yazılmış, şərh
edilmiş nəsr əsərləri ilə bağlı
müstəqillik illərində davam tapmış polemikalara,
tənqidi məqalələrə diqqət yönəltməklə
mövzunun əhatə spektrini daha da böyütməyə,
problem rakursunu geniş çevrələrə
daşımağa çalışır. Bu isə, eyni zamanda "1990-cı ildən etibarən
totalitar rejimin ideoloji "buxov"undan azad olan ədəbi-estetik
fikrin bir vaxt yazılanlara yenidən qayıtmaq ehtiyacı ilə
yanaşı, sonunadək deyə bilmədiyi fikirləri
tamamlamaq zərurəti"nə də imkan yaradır ki, bu
amil nəticədə müstəqillik illəri ədəbi
tənqidinin özünün də obrazını əyaniləşdirməyə
xidmət edir. Bunu kitabın önəmli məziyyəti
kimi qeyd etməliyik. Əslində,
mövzu 60-70 ci illər nəsrinin ədəbi tənqiddə
elmi-nəzəri dərkidirsə, problem yalnız
dövrün ədəbi tənqidini deyil, həmçinin
çağımızın ədəbi tənqid nümunələrini
də çevrələməlidir. Niyə?
Bunu müəllif monoqrafiyada ətraflı izah edir:
"Əslində tənqid nəsrin bədii təsvir və
təhlil prinsiplərinin dəyişdiyinin, həyata, hadisələrə
dərin analitik müdaxilə, ciddi və
düşündürücü konflikt, önə
çıxan insan amili, mənəvi-əxlaqi problemlər, bədii
zaman eksperimentləri, forma axtarışları kimi səciyyəvi
xüsusiyyətlərin onu keyfiyyətcə nə dərəcədə
yenilədiyinin fərqində idi. Lakin bunu dərhal
izhar etməkdə çətinlik çəkirdi. Çünki tənqid dəyişən nəsrə
dəyişməyən metodla, sosrealizm elmi-nəzəri
prinsipləri mövqeyindən qiymət verməyə
çalışır, buna görə də yeni ədəbi
mərhələnin başlandığını
müşahidə edib təsdiqlədiyi halda, onun
spesifikasını açmaq cəhdləri baş tutmurdu.
Tənqiddə "isti başla" yazılan məqalələrin
obyektiv qiymətini verməkdə çətinlik çəkdiyi
bu yeniləşmənin, bütövlükdə bu ədəbi
mərhələnin daha aydın elmi-nəzəri dərki əsrin
sonrakı onilliklərində gerçəkləşir".
Nəzərə alsaq ki, hətta 80-ci illərin ədəbi
tənqidi belə tam estetik qütbün tənqidi deyil, o zaman
problemin müstəqillik illərinə də şaxələnməsi
zərurəti labüdləşir ki, Təranə Rəhimli
də bu mühüm məqamı gözardı etmir. Tədqiqat
işində hər bir təhlil edilən nəsr nümunəsinin
çağdaş dövr tənqidində elmi-nəzəri
şərhi analoji şəkildə meydana qoyulur. Bu binar yanaşma tənqidin keçdiyi inkişaf
qanunauyğunluğunu görməyə imkan yaratmaqla bərabər,
nəsrin özünün dərk olunması baxımından
hansı təkamül mərhələlərindən
keçdiyinə işıq salır.
1960-1970-ci
illər nəsrinin tənqidçi qələmində əyaniləşən
obrazı... Zamanın, dövrün, ədəbiyyatın və
tənqidçi düşüncələrinin inkişaf
trayektoriyası... Kitabda bu düzümlərin hər
birinin yeri aydın və çalarlıdır. Çoxsəsli ədəbiyyat dumanının
içindən hər kəs öz sözü ilə obyektivə
fokuslanır. Qos-qocaman tənqidçi-ədəbiyyatşünas
pleyadası - M.Arif, M.Cəfər, M.Hüseyn, K.Talıbzadə,
M.Cəlal, A.Zamanov, B.Nəbiyev, Ə.Mirəhmədov, K.Məmmədov,
Y.Qarayev, G.Əlibəyova, Y.Seyidov, P.Xəlilov,
Ə.Hüseynov, Q.Xəlilov, X.Əlimirzəyev, A.Əfəndiyev,
A.Hüseynov, A.Məmmədov, Elçin, K.Abdulla, N.Cabbarov,
M.Əlioğlu, N.Babayev, R.Əliyev, K.V.Nərimanoğlu,
V.Yusifli tənqidi, üstəlik nəsrin inkişaf xəttini
daim nəzərdə saxlayan, onu elmi-nəzəri tədqiqatların
predmetinə çevirən - T.Əlişanoğlu,
Ş.Alışanlı, E.Akimova, T.Salamoğlu, H.Ənvəroğlu,
İ.Musayeva tənqidi və s. Əlbəttə könül
istərdi ki, bu sıraya kitabda adı çəkilən əsərlərlə
bağlı müxtəlif vaxtlarda fikir səsləndirən
C.Yusifli, M.Osmanoğlu, R.Kamal, Ə.Cahangir, B.Əlibəyli,
S.Ağabalayevanın da imzası əlavə olunaydı. Bu, hər iki dövrün tənqidçi
yanaşmasını, mətnə münasibətdə
ideya-estetik istiqaməti daha aydın şəkildə meydana
qoyar, dinamizmi möhkəmləndirərdi.
Müəllifin hər bir ədəbi mərhələ
haqqında fikirləri bitkin xarakter daşıyır. Məsələn, əsas tədqiqat
predmeti 60-70-ci illər nəsridirsə, bu gün bəlkə
də artıq aktuallığını itirən çoxtəmayüllü
"60-cılar" ədəbi nəslinin yenilikləri ilə
bağlı əsərdə səsləndirilən qənaət
dəqiqdir: "Yeni nəsrin yaranmasında əhəmiyyətli
xidmətləri olan, "yeni dalğa" ədəbi
istilahnı elmi leksikona daxil edən
"altmışıncılar" milli bədii fikrə
möhtəşəm yeniliklər gətirdilər. Lakin 1960-70-ci illərdə nəsrin yenilənməsi
hadisəsini təkcə
"altmışıncılar"ın nailiyyətləri ilə
izah etmək daha təcrübəli ədəbi nəsillərin
xidmətlərinə kölgə salmağa gətirib
çıxarır. Bu baxımdan
dövrün nəsrini, onun fövqəladə yeniliklərini
bir ədəbi nəslin deyil, bütövlükdə
çağdaş milli ədəbiyyatımızın nailiyyətləri
fonunda araşdırmaq ədəbi ədalətə riayət
etməklə yanaşı, daha dəqiq nəticələrə
gəlmək imkanı yaradır".
Monoqrafiyada bu qənaət ona görə tutarlı ifadəsini
tapır ki, Təranə xanım problemi
"bütövlükdə çağdaş milli ədəbiyyatımızın
nailiyyətləri fonunda" araşdırır. Və bu zaman
həmin nəslə münasibətdə dövrün ədəbi
tənqidinin yanaşmasındakı ideoloji münasibətin
bütün çalarları üzə çıxır.
İ.Əfəndiyevin
"Körpüsalanlar", "Valehlə Sarıköynəyin
nağılı", Anarın "Ağ liman" kimi əsərlərə
tənqidin münasibəti bunu bəlli edir. Bu yerdə tənqidçi
T.Əlişanoğlunun aşağıdakı fikirlərinə
istinad edən müəllif ziddiyyətin dəqiq qütblərini
nişan verir: "Ədəbi tənqid başlıca
tendensiyalarında "yeni nəsr"i məhz "keyfiyyət
dəyişməsi" kimi qeydə alırsa da, həmişə
bunun təsbitinə nail ola bilmir; həm obyektiv olaraq: - yeni nəsrin
mahiyyətinə varmaq, istər-istəməz, onu sosializm
realizmi ədəbiyyatının hüdudlarından kənara
çıxarırdı, rəsmi sosializm ideolojisinin hakim
olduğu, bütün "sovet məkanı"nda vahid
metodlu ədəbiyyatın mövcudluğu aksiom kimi təlqin
edildiyi şəraitdə bunu etmək həqiqətən də
çətin idi. Həm də subyektiv olaraq: - yəni yeni nəsrdən
fərqli olaraq, Azərbaycan ədəbi tənqidi əsasən
sosrealizm məcrasında düşünməkdə davam edir,
"keyfiyyət dəyişməsi"! faktını
da bu mövqedən, sadəcə "mərhələ dəyişməsi",
"artım", "inkişaf və s. kateqoriyalara müncər
edirdi".
"Azərbaycan nəsri və tənqid"
kitabında hər zaman müqayisələrə yol açan
tənqidin yanaşma aspektləri ətraflı elmi şərhini
tapır.
Harda nəsrin hadisələrindən, proseslərindən
söhbət gedirsə, tənqidin də bu dəyişimə
uyğun təzahürü var: güclü, yaxud zəif,
zamana adekvat, yaxud ardınca gələn, estetik, yaxud ideoloji. Bu, dövrün ədəbi mənzərəsidir.
Bu dəfə irəli getmək və tənqidi ardınca
aparmaq yükü nəsrin üzərinə düşüb:
"Nəsrin dəyişən problematikası, ideya və
mövzuları, bədii obrazlar sistemi, eləcə də
struktur yenilikləri tənqidin təkcə fəal təhlil
predmetinə çevrilməklə qalmadı, tənqiddə
yeni estetik meyarın yaranmasını şərtləndirdi. Beləliklə, yeni ədəbi nəsil
yaratdıqları dəyərli nəsr nümunələrilə
tənqidin ədəbi prosesə son dərəcə fəal
müdaxiləsini təmin etməklə tənqidin
özünün də inkişafını yeni məcraya
saldı".
Təranə Turan Rəhimli 60-cılar ədəbi nəsrinin
yaranmasındakı zaman amilinə xüsusi toxunur, nəsrin
keyfiyyət dəyişimi qarşılığındakı
tənqidin susması, yaxud yeniliklərdən kənarda
qalması, mətnləri avanqard estetik fikrin prinsipləri
baxımından şərh etməyə yubanmasını
geniş müstəvidə araşdırır. Bu zaman seçdiyi ədəbi
priyom da maraqlıdır: tənqidin tənqidi elə tənqidçilərin
özləri - M.A.Dadaşzadə, K.Talıbzadə, Elçin,
T.Əlişanoğlu, V.Yusifli və b. tərəfindən
edilir.
Yaxud digər məsələ. Danmaq olmaz ki,
60-cılara nisbətən 70-ci illər nəsrinin ədəbi
mərhələ kimi keyfiyyət özəllikləri
ayrıca tədqiqat predmetinə çevrilməyib. Hər halda geniş salınan nəzərin
işığında nəsrin qüsurlarına, irəli-geridönüm
arasında olan gedişlərinə baxış sərgiləmək
daha asan olardı. 60-cıla yönələn
marağın sayəsində digər mərhələlər
daha çox "uzaq, yaşıl ada" qismində,
60-cıların kölgəsi olaraq təqdim olunmuşlar:
"Əksər hallarda ədəbiyyatın iyirmi illik nailiyyətləri
yalnız "altmışıncılar"ın adı ilə
bağlanır, bununla da əvvəlki təcrübəli ədəbi
nəslin 60-70-ci illərdə yazdıqlarına bir ədəbi
laqeydlik nümayiş etdirilirdi. Digər tərəfdən, tənqid
əsas diqqəti obrazların yeniliyinə, poetik zənginlik və
orijinallığa yönəltməklə, nəsrin mövcud
qüsurlarına münasibət bildirməkdən
yayınır, onun 70-ci illərin sonuna doğru kütləvi
hal alan neqativ obrazlarının stereotipləşdiyini,
"60-cı illərin ştampı" adlanan təhlükəni
görə bilmirdi".
Tədqiqatçı bu baxımdan, müxtəlif ədəbi
mərhələlər arasında medium rolu oynayır. Hər ədəbi
mərhələ öz hüdudları, nəsr imkanları,
qoyulan suallar və ona verilən cavabların müxtəlifliyi
ilə dəyərləndirilir. Nəsrdə
millilik və tarixilik amili, bu anlayışlara sövet
dövrü ədəbi tənqidində yanlış
münasibət məsələsini müəllif əsasən
epik panoram təsvirlərinin əhatəliyi ilə seçilən
bir neçə əsərin - İ.Şıxlının
"Dəli Kür", F.Kərimzadənin "Qarlı
aşırım, İ.Hüseynovun "Məhşər",
M.İbrahimovun "Pərvanə" romanlarının üzərində
dayanmaqla aydınlaşdırır. Müasir mövzulu nəsrdə
isə müəllifin təhlilə çəkdiyi əsərlər
daha çox onunla fərqlənir ki, Cahandar ağa, Kərbəlayı
İsmayıl obrazı ətrafında olduğu kimi, Dədə
Bəhmən, Qılınc Qurban, Səriyyə, Təhminə,
Zəlimxan və başqa obrazlarla bağlı polemika yaradıb,
diskusiyalara yol açıblar: İ.Əfəndiyevin
"Körpüsalanlar", Əfqanın
"Gülyanaq" və "Katib" romanları,
İ.Hüseynovun "Teleqram", "Tütək səsi",
"Saz", B.Bayramovun "Sərinlik", Anarın
"Ağ liman", Elçinin "Bir görüşün
tarixçəsi", M.Süleymanlının "Dəyirman",
Ç.Hüseynovun "Mənim bacım", İ.Məlikzadənin
"Quyu", "Evin kişisi", S.Əhmədlinin
"Yamacda nişanə", "Qanköçürmə
stansiyası" povestləri və s.
Bu əsərdə
geniş işlənmək zərurəti doğuran bir
mövzu var: həmin illərin hekayə janrı. Çünki 1960-1970-ci illərdə yazılan o qədər
maraqlı hekayələr var ki, onlar haqqında ayrıca və
geniş tədqiqat oxumaq istəyi yaranır. Təranə Turan onların əksəriyyəti
üzərində dayansa da, təəssüf ki, geniş təhlillərə
varmır, bu mövzu ağırlıq mərkəzinə gətirilmir.
Buna onun roman və povest janrında müraciət
etdiyi əsərlərin kifayət qədər çəkili
olması və özü ilə bağlı geniş polemik
rakurs yaratma səbəbi mane olur. Dövr
çətin və mürəkkəbdir, yazılan əsərlər
də yenilik ruhu ilə aşılanıb. Üstəgəl məsələyə bir də ədəbi
tənqidin münasibəti prizmasından baxmaq, ədəbi-estetik
düşüncədə həlli məsələsinin dərkini
vermək lazımdır. Düzdür, müəllif
70-ci illər nəsrindəki "hekayə axını" məsələsini
qaldırır və bu zəmində Elçin, X.Əlimirzəyev,
B.Nəbiyevin problemlə bağlı fikirlərinə
münasibət bildirir, polemikalara gedir, Anar, Elçin, İ.Məlikzadə,
S.Əhmədli hekayələrinin sənətkarlıq
xüsusiyyətləri üzərində geniş dayanır. Amma ümumilikdə, tədqiqatçı roman və
povest janrının nəzəri təhlili üzərinə
daha çox fokuslanır ki, bu da qeyd etdiyim kimi, həcm, tutum amilinə
və əsərlərlə bağlı mübahisə-müzakirə
mətnlərinin genişliyinə bağlı məsələdir.
"Azərbaycan nəsri və tənqid"
monoqrafiyası əhatəliyi və faktoloji tutumu ilə qənaətbəxş
təsir bağışlayır. Müəllif bədii
təcrübə baxımından milli və xarici ədəbiyyatşünaslığın
tanınmış imzalarına, onların nəsrlə
bağlı səsləndirdikləri fikirlərə istinad
edir. Bununla bərabər, kitabda diqqətimi cəlb edən
iki məsələ ilə bağlı iradımı bildirmək
istərdim:
1. Tədqiqat işində dövrün demək olar bütün dəyərli nəsr nümunələrinin təhlili, onların ədəbi tənqiddə nəzəri şərhi üzərində geniş dayanan müəllifin bu gün adı az çəkilən, hətta heç xatırlanmayan bir çox yazıçıların da layiqli, zamanında nəsr faktı kimi qəbul olunan əsərlərinə müraciəti razılıq doğurur. Məsələn, yazıçı Əfqanın "Güləndam", Bayram Bayramovun "Sərinlik" əsəri bu qəbildəndir. Amma ədəbi tənqidə münasibətdə belə bir dərin həssaslığa şahid olmuruq. Nəyə görəsə, 60-70-ci illər nəsrinin əksər nümunələri haqqında silsilə məqalələr yazan İmamverdi Əbilovun yazılarına istinad olunmur. Heç bir yerdə tənqidçi kimi adı çəkilmir. Halbuki kitabda əsərləri geniş təhlil edilən Sabir Əhmədlinin hekayələri haqqında ilk yazını yazan elə İmamverdi Əbilov olmuşdur (bax: İmamverdi Əbilov. Beş hekayə haqqında. "Ədəbiyyat və incəsənət" qəzeti, 1962, 12 may). Yaxud İmamverdi Əbilovun həyat və yaradıcılıq yolunun əyaniləşdiyi, ön sözünün müəllifi və elmi redaktoru olduğum "Elmin və ömrün romantikası" kitabına əsasən əminliklə deyə bilərəm ki, yuxarıda adını çəkdiyim yazıçı Əfqanın əsərləri haqqında dövrün "Ədəbiyyat və incəsənət" qəzetində ən azı üç məqaləni elə İ.Əbilov yazıb (bax: Mənəvi gözəllik müqəddəsdir. Əfqanın "Dünya gözəlliyindir" əsəri barədə. "Ədəbiyyat və incəsənət qəzeti", 1969, 2 may; Əfsanəvi həqiqətlər. Əfqanın "Qartal əfsanəsi" haqqında. "Ədəbiyyat və incəsənət qəzeti", 1970, 21 mart; Müasir kəndimiz haqqında roman. Əfqan Əsgərovun "Gülyanaq" romanı barədə. "Ədəbiyyat və incəsənət qəzeti", 1970, 19 dekabr;).
2. Təranə Turan Rəhimli Sabir Əhmədlinin əsərlərini təhlil edərkən nədənsə belə bir mülahizə səsləndirir: "Sabir Əhmədli yaradıclığı hələ də sistemli şəkildə, bütün parametrləri, yaradıcılıq problemləri ilə birlikdə araşdırılmamış, bu qiymətli bədii irsin mahiyyəti yetərincə üzə çıxarılmamışdır. Görkəmli nəsr ustası ümummilli proseslərin fəal təbliğatçısı, ədəbiyyatımızın önəmli bir inkişaf mərhələsinin aparıcı simalarından biri olmasına baxmayaraq, müasir dövrdə onun haqqında yazılanlar yazıçının yaradıcılığının "haqqını verə bilmir". Sabir Əhmədli irsinin ədəbi tənqiddəki obrazı çox sönük görünür".
Bu fikirlə razılaşmaq çətindir. Ona görə ki, yazıçının əsərləri müstəqillik illərində heç də nəzərdən kənarda qalmamış, bir çox tənqidi məqalə və esselərdə layiqli qiymətini almışdır. Hər halda, müəllifin kitabda istinad etdiyi bəzi imzalara mən diqqətdən kənardan qalmış bu adları da əlavə edib "diqqətsizlik" hökmünü bir qədər tənqidin xeyrinə dəyişərdim: Südabə Ağabalayeva "Bu ömür deyilən bir kiçik möhnət" (1999), Tehran Əlişanoğlu "Sabir Əhmədlinin Qarabağ trilogiyası" (2008), Əsəd Cahangir "Kitabi - Dədə Sabir" (2010), Azad Qaradərəli "Qürub dövrünün cəngavər ədibi" (2019), Ramilə Qurbanlı "Sovet İttifaqı Qəhrəmanının qardaşı... Qarabağ şəhidinin atası... Xalq yazıçısı..." (2018), Ruhiyyə Nağıyeva "Müasir Azərbaycan nəsrində qəhrəman və mühit problemi (Sabir Əhmədovun yaradıcılığı əsasında)" (2014), Elnarə Akimova "Ağrılarına sığınıb yaşayan yazıçı" (2020) və s.
Əlbəttə, adını çəkdiyim bu məqalələrlə yazıçının yaradıcılığının "haqqının verildiyini" iddia etmirəm. Amma "tənqiddəki obrazı çox sönük görünür" fikrinə qarşı ədalətli mövqe sərgiləməyi özümə borc hesab edirəm.
***
Təranə Turan Rəhimlinin "Azərbaycan nəsri və tənqid" monoqrafiyasını ədəbi tənqid tariximizlə bağlı meydanda olan bir qism kitablarla eyni sırada almaq olar. Azərbaycan ədəbi tənqid tarixinin, eləcə də nəsrin keçdiyi yolun sistemli şəkildə öyrənilməsi bu cür əsərlərdəki elmi-nəzəri yanaşmanın və elmi-filoloji bazanın təməli üzərində mümkündür.
Elnarə
AKİMOVA
Ədəbiyyat qəzeti.- 2021.- 11
sentyabr.- S.6-7.