Fleminqin Penissilini, Mark Tvenin
sirli şeytanları
və üç qlobal
təhlükəyə
qarşı peyvənd problemi
Yazıçı və Zaman
Yer kürəsi sanki onu idarə edənlərin bir
hörümçək toruna bənzəyir, tora düşənlərin
də sayı milyardlarladır. Təbii ki, tora
düşənlər gec-tez cansızlaşır və
ölürlər. Hörümçək isə daim
canlı və diridir, uşağı, yaxud ev
heyvanlarını oynadarkən əziyyət verən adamlara bənzəyir,
öz işini ləzzət ala-ala, məharətlə görməkdədir.
Pandemik həyatımızın qeyri-sabit və
kövrək çağında hərdən mən də
özümü tora düşənlər siyahısında
görürəm və səmimi deyim ki, həyəcan
içində yaşayıram. Nə gizlədim,
özüm özümü aldatmaq istəmirəm, gurultuya
getmədən bu yazını da nə optimist, nə də
pessimist əhval-ruhiyyədə yazıram. Sadəcə, övladlarımızın gələcəyini
düşünəndə çox qorxuram və həm də
təkcə onlar üçün yox, doğma yurdum Azərbaycan
üçün, bütün bəşəriyyət
üçün narahatam.
Son bir ildə dünyanın tanınmış alimlərinin,
ictimai-siyasi xadimlərinin mediada gedən proqnozlarını,
müsahibə və çıxışlarını daha
intensiv izləmişəm. Ən ciddi və məşhur xəbər
agentliklərində, media orqanlarında
başımızın üstünü Domokl
qılıncı kimi kəsdirən bəlayla - koronavirusla və
onun göbələk kimi çoxalan (ya da çoxaldılan!)
ştamlarıyla bağlı bir-birinə zidd mülahizələri
nəzərdən keçirib özüm üçün təhlillər
aparır və bu qənaətə gəlirəm: dünya
zir-zibillə doludur və bu dəhşətli viruslar da
zir-zibildən doğulur.
İngilis
alimi, şotland əsilli Alek Fleminq, deyilənə görə,
Marksdan da pinti adam olub; onun iş
otağı və laboratoriyasında zibil əlindən tərpənmək
olmurmuş. 1928-ci ildə Fleminq elə həmin
zir-zibil içindən Penissilin kimi antibakterial və antimikrob
preparatını icad elədi və dünya bir çox
yoluxucu sağalmaz xəstəliklərdən (pnevmoniya,
qızılyel, meningit, sepsis və s.) qurtuldu.
Maraqlıdır ki, o zaman alim-tədqiqatçının kəşfinə
heç kim inanmamışdı və
Penissilinin tətbiqi onun kəşfindən təxminən on
il sonra mümkün oldu. Sonrakı illərdə
də elm dinc durmayıb, sayını və adını
unutduğum çox kəşflər ortaya qoyulub,
bütün bunlar insan sağlamlığı və
rahatlığı üçün edilib desəm,
yanılmaram.
Bu gün dünya yeni-yeni qorxulu viruslara yoluxur, çox
güman ki, bizi bundan sonra daha böyük təhlükələr
də gözləyir. Biz qlobal təhlükələrdən
sığortalana bilmərik. Buna görə
də dəhşətli virusun qarşısına
çıxarıla, epidemiya ilə bağlı təhlükəni
nisbətən azalda bilən hələlik yeganə vasitə
peyvənddir. Hansı peyvəndin daha
effektli və yararlı olması zaman məsələsidir.
İndi peyvənddən imtina eləmək iynənin
ucu boyda görünən işığı söndürməyə
bənzəyir. Və mən əminəm
ki, hələ bundan sonra da neçə-neçə fleminqin
(bəlkə də Məmmədin!) adı tarixin qızıl
səhifəsinə yazılacaq.
Yeni yüzillik həyatımıza qədəm basandan bəri
insanlığın başı qlobal fəlakətlərdən
açılmır; onları yaradan, Yaradan deyil əlbəttə,
güman edirəm ki, insandır. İnsan özü və
gələcək nəsli üçün qorxulu problemlər
yaradıb və onlardan bir neçəsi daha təhlükəlidir;
misal üçün, götürək süni təfəkkürün
getdikcə geniş miqyas alması problemini - o, daha
böyük fəlakətlərdən xəbər verir.
Süni təfəkkür insanın təbii təfəkkürünü
boğmaqdadır və bu da nəticədə ona gətirib
çıxaracaq ki, kütləvi insan nəslinə ehtiyac
qalmayacaq. Dünyanı və onun resurslarını
çox az miqdarda adam idarə etməyə
başlayacaq. Onun əlamətləri isə kor yolu kimi
hamıya bəllidi: pilotsuz təyyarələr,
sürücüsüz avtomobillər, kütləvi robot
istehsalı və s... Əsli bizim Qubanın
dağ yəhudilərindən olan amerikalı məşhur
fantast yazıçı Ayzek Əzimov ötən əsrin əllinci
illərində yazmışdı ki, vaxt gələcək
insanla robot arasından fərq silinib gedəcək. Hətta insanın qanını və genini də dəyişdirib
onu robota döndərəcəklər. Əlbəttə,
etik baxımdan bu, yolverilməzdir, dahi yəhudi həmyerlimiz
Ayzek Əzimovun "Mən Robotam" (I, Robot) elmi-fantastik
romanında robot texnikasının üç əsas qanunu təsbit
edilir və onlardan birincisi və ən mühümü də
budur ki, "robot insana zərər verməməlidir, yaxud
öz hərəkətsizliyi ilə insana pislik gətirəcək
işlərə yol verməməlidir". Elmi-texniki tərəqqinin indiki durumunda görünən
budur ki, süni idrak ildırım sürətilə həyatımıza
girir, təkcə kosmosu yox, bütün sahələri əhatə
edir. İlk baxışdan hər şey təbii
görünür: birinin (robotun!) doğuluşu və tərəqqisi
o birinin (insanın!) ölümü və məhvi nəticəsində
baş verir, sanki təbiətin qanunu tam sürətilə
işə düşüb. Lakin ən qorxulusu odur ki, bu bir məqsədyönlü
hazırlanmış ssenari ola bilər; onu
düşünən şeytan cildinə girmiş insanlar dünya
əhalisinin yarıdan çoxunu məhv edə, Allahın
insana bəxş etdiyi gözəl həyatı cəhənnəmə
döndərə bilərlər. Ağlıma Sizif haqqında
əsatir də gəlir - sanki yaşadığımız
problemlər və təhlükələr ona bənzəyir:
biz nəhəng bir daşı dağ başına
qaldırmağa məhkum edilmişik, hər dəfə onu
qaldırıb zirvəyə çatanda təzədən
aşağı yuvarlanır. Rəvayətə
görə, Sizif həm də soyğunçuydu, ona görə
allahların ən ağır cəzasına layiq
görülübmüş. "Soyğunçuluq"
təzə anlayış deyil və o, mənə XXI
yüzilliyin ilk ilində yazmağa başladığım
"Dördüncü Möhür" romanımı
xatırlatdı; mən onun ilk fəsillərini yazanda hələ
Amerikada 11 Sentyabr faciəsi baş verməmişdi. O dəhşətli
terrordan sonra romanı yarımçıq qoydum; çox
böyük sarsıntılar içində hadisələri və
sonrakı prosesləri izləyirdim; o zaman mənə elə gəlirdi
ki, terrorun hədəfi Dünya Ticarət Mərkəzinin əkiz
qüllələridir, ya da elə ABŞ Müdafiə
Nazirliyinin binasıdır, kimlərsə nə
üçünsə Amerikadan qisas alır. İllər
keçdi, dünyadakı ictimai-siyasi vəziyyət və
düzən tamam fərqli mesajlar verdi:
terrorda hədəf və məqsəd daha geniş, qlobal
xarakter daşıyır! Sanki bütün
prosesləri idarə edən dirijor (baş terrorçu!) nənəsinin
haraş oğlu kimi bizimlə məzələnir, dinc durmur.
Hadisələrin sonrakı axarını izlədikcə
romanım üçün daha çox fakt və sənəd
topladım, artıq anlamağa başlamışdım ki, o
dirijor tək deyil, ətrafında pis başlar var, ələkçinin
qıl verənləri kimi dirijorun özünü də
oynadırlar. Bunu yalnız gözü
qırçıl, başıpozuq, nəfsi iti adam
cildinə girmiş şeytanlar edə bilərdilər, onlar
bizim həyatımızı tanınmaz dərəcədə
dəyişməyi məqsədli şəkildə hədəf
seçiblər. Mən bəzi mətləbləri
ehtiyatla ortaya qoymağa çalışdım və... kitab
2014-cü ildə çap olundu. Öz əsərlərinin
izahatını vermək yazıçıya yaraşmaz,
düşünürəm ki, burda Çexovun sözləri
daha münasib səslənər: "kitablarımı oxuyun,
orda axı hər şey yazılıb!".
Qəribə
bir təsadüf: bu gün 10 sentyabr 2021-ci ildir. Pəncərəm önündən boylanan
çiskinli sentyabr günü gözlərini mənə
ağardır. Dan yeri hələ sökülməyib, bu
sətirləri yazarkən qulaqlarıma sərin payız
alatoranlığından son vaxtlar Bakıda meydan sulayan ala
qarğaların "qarr, qarr, qarr"
çığırtıları dəyir; o mehriban, o əziz,
o qəlbsevindirən sərçə civiltilərindən,
qaratoyuqların, bülbüllərin sümükləri
oynadan şən nəğmələrindən, həyət-bacamızdan
əskik olmayan göyərçin və ahuların ürkək
pırıltısından əsər-əlamət belə
yoxdu (bəlkə də havanı belə görüb müvəqqəti
sığınacaqlarda gizləniblər!), arabir gözümə
ətalətdənmi, dəhşətli istilərdənmi, ya
da epidemioloji vəziyyətdənmi qarın bağlamış
siçovulların ləngər vura-vura zirzəmilərdən
çıxıb qürurlu şam və küknarların
dibində tənbəl-tənbəl hərlənməsi dəyir,
kəsik-kəsik cüyültülərini eşidirəm,
ölüvay və şişkin ağcaqanadların
vızıltısı da kütləşib;
görünür, epidemiya onlara da təsir edib, süstlük
və tənbəllik təkcə sanitar mərkəzlərinə,
antisanitariya ilə məşğul olan idarələrə aid
deyil ki! Yoluxmanın baş alıb getdiyi belə vaxtlarda kimi
altı saat yatır, kimi də altı ay! Birdən uzaqdan
sübh azanı eşidirəm, yaddaşım qanadlanır,
lap köhnə Bakının qaranlıq və kədərli
çağlarını xatırlayıram, yenə
ehtiyatlanıram - içimdə cavabı bəlli olan və
olmayan suallar yaranır: görəsən, sərçələr,
qaratoyuqlar, bülbüllər, göyərçinlər də
robotlaşacaq? Görəsən, qarğalar,
siçovullar, ağcaqanadlar da robot olacaqlar? Görəsən, robotlar qış yuxusuna gedəcəklərmi?
Onlar səhv edirlərmi? Ya da elə hardasa
əməliyyat prosesində hansısa texniki nasazlıq baş
versə, dünyada daha nələr ola bilər?
Ağlıma bir fikir də gəlir - məgər onlar
(şeytanlar!) öz milyardlarını texniki tərəqqi adına yatırıb daha çox gəlir əldə
etmək barədə düşünürlər? Axı
gözümüzün qabağındaca maddi gəlir əldə
etmək ehtirasları mənəvi dəyərləri
öldürür! Kitab ölür, elm ölür, ədəbiyyat
ölür, təhsil ölür, kino ölür, teatrlar
sıradan çıxır, əxlaq əldən gedir, gözəlliklər,
abidələr, insana incə zövq və ruhi qidalar gətirən
nə varsa, hamısı məhv edilir! Dünya
sanki mədəni böhran içindədi, elm, din, əxlaq,
təhsil, mədəniyyət məqsədyönlü şəkildə
mənəvi pozğunluqla əvəzlənir, güc və
hakimiyyətlər məsuliyyətsiz, lakin zəngin
adamların əlində cəmləşir. Belə də elmi-texniki tərəqqi olar?
İlahiyyatçılar, din xadimləri cənnətdə
Həvvanı yoldan çıxaran İlana şeytan deyirlər. "Şeytan"
sözü ilk dəfə "İncil"də (Müjdə)
peyda olub: o, İsanı səhrada yoldan çıxarmağa
çalışır, Məsih cinləri, əcinnələri
və şeytanları qovur və s. Əlbəttə, xristian
dininə qədər, antik ədəbiyyatlarda da şər
qüvvələr və iblislər təsvir edilib (bəlkə
də elə şeytanlar onlardan törəyib!). Mənim
çox nadir hallarda oxuduğum kilsə və yaxud dini ədəbiyyatlarda,
adətən Şeytana belə tərif verilir: ölüm mələyi,
həyat oğrusu, insan nəslinin düşməni,
dağıdıcı qüvvə, böhtançı, yalan
atası, ədalətin qənimi, Şərin mənbəyi,
Allahın meymunu, günahların kökü və sair və
ilaxır. Şeytan həm də insanları
yoldan çıxaran, bütün münaqişələri
doğuran, millətlər arasında ixtilaflar salan, dərdləri,
xəstəlikləri, epidemiyaları törədən və
yayan, xalqlara xəyanət edən bir varlıq kimi də
xarakterizə edilir. ABŞ-da Qriqori Klimov, Almaniyada isə
Ralf Verner kimi tanınan rus mühacir yazıçısı və
jurnalisti İqor Kalmıkovun "Sovet müdriklərinin
protokolları" romanında belə bir fraqment var: mühazirəçi
professor auditoriyaya "Cadugərliyin və demonologiyanın
tarixi" ("The History of Witchcraft and Demonology" by Montague
Summers, New York, 1956) kitabından danışır və
kitabdan sitat gətirir: "...kitabın ön sözündə
1484-cü ildə papa VIII İnnokentinin məşhur fətvasını
şərh edərək Montaq yazır: "Cinlər, əcinnələr,
cadugərlər... bunlar sosial epidemiyalardır... onların
öldürücü fəaliyyəti uzandıqca uzanır...
ta ki, millətlər bir-biriylə toqquşsun, anarxiya
yaransın, qırmızı inqilablar baş versin...
çünki falçılıq və cadugərlik hər
zaman siyasi amil olub, bundan sonra da olacaq... nəticədə cadugərlər,
qulyabanılar, iblislər bütün nizamlı cəmiyyətlər
üçün daimi təhlükədir".
Bunu ciddi
mənbə hesab etmək olar; əsər parodiyalı roman təsiri
bağışlayır, lakin dialektik materializmə inanmalı
olsaq, görərik ki, bütün cinlər, əcinnələr,
şeytanlar, natəmiz və şər qüvvələr
obyektiv reallıqdır, sanki müxtəlif tipli psixi və
ruhi xəstəliklərdir, gah içimizə girib
öldürür, gah da başımız üstündə
dolaşır. Marks didaktikasının metodundan belə
çıxır ki, onların, yəni cinlərin, şeytani
şər qüvvələrin, pis ruhların, qulyabanı və
cadugərlərin hamısı elə insandır, daha
doğrusu, bu adamlar psixi və ruhi cəhətdən
qeyri-sağlamdır, bəşəriyyəti də onlar idarə
edirlər; istədikləri vaxt müharibələr törədir,
qətliamlara rəvac verir, zəif və kiçik xalqlara
divan tutur, mənfur niyyətlərini həyata keçirirlər.
Qeyd edim
ki, Kalmıkovdan çox-çox qabaq bu mövzuda Amerikada ilk
parodiyalı romanın müəllifi Mark Tven olub; hələ
X1X əsrin sonlarında "Kral Arturun sarayında Konnektikutlu
Yanki" (A Connektickut Yankee at King Arthur's Court by Mark Twain. 1889)
parodiyalı bir roman yazmaqla Mark Amerika ədəbiyyatına bir
çox yenilik gətirdi; romanda müxtəlif bədii janrlar
sintez olunur; həm sosial-utopik macəraçılıq, həm
ayrı-ayrı epizodların real mənzərəsi fantastika
ilə birləşdirilir, həm də Yankinin qətiyyətli
ideoloji məqsədləri İntibah dövrünün fəlsəfi
povestləri ilə səsləşir; yazıçı
obrazla bərabər "İdrak əsri"nin ənənələrinə
uyğunlaşır, həm də tarix və müasirlik
problemlərini qabardır. Müəllif qeyd edir ki, məqsəd
təkcə "kobud qanun və ənənələri"
ifşa etmək deyil, həm də öz təbəələrini
idarə edən kralların "ilahi hüquqlarını"
şübhə altına qoymaqdır. Hələ bir neçə
il qabaq Mark Tven Tomas Melorinin məşhur
"Arturun ölümü" romanını oxumuşdu və
bundan sonra qərar verir ki, Kral Artura parodiyalı bir roman həsr
eləsin. Kral Artur V-VI əsrlərdə Britaniyanin əfsanəvi
hökmdarı kimi tanınmışdı, onu hətta mifləşdirmişdilər,
Kral barədə çoxlu cəngavərlik romanları
yazılmışdı, yazıçılar və o
dövrün salnaməçiləri Arturu müharibə və
sülh dövründə ən yaxşı rəhbər kimi
təqdim edirdilər, lakin Mark Tven bu mifləri
dağıtdı. Əsərdə müəllifin
yaratdığı obrazlar sanki insan deyil, şeytandılar,
onları yalnız soyğunçuluq, eyş-işrət, pul,
hakimiyyət, rəiyyətlə məzələnmək
maraqlandırır. Yanki məhz bu şeytanabənzər
insanların arasında nazir olur... Mark Tvendəki
epizodlarda Amerika gerçəkliklərinin konkret ifşası
da var - yazıçı ingilis monarxiyasını da,
Amerikanı da eyni dərəcədə satira atəşinə
tutur. Mark sətiraltı da olsa, XIX əsrə sarkazmla təklif
edir ki, güzgüyə baxsın, güzgüdə orta əsr
feodal monarxiyasını görsün. "Monarxiya?
Axı bu artıq köhnəlib! Biz
amerikalılar fövqəlgücə malik dollara itaət
edirik. Yəqin, pul daha ləyaqətli
"Allahdır", irsi imtiyazlardan daha ləyaqətli səcdəgahdır!"
"...Əgər Amerika respublika yox, monarxiya olsaydı,
ölkə necə ola bilərdi? Əlli il ərzində bizim ölkəmizdə
respublikaçılar partiyasının daimi hakimiyyətdə
olması monarxiya deyilmi? Avropa ölkələrindəki
monarxa baxanda bizim monarxımız daha güclüdür, daha
zalım, daha təkhakimiyyətlidir. Bizim
monarxımız Senatı elə boğa bilər ki, heç
çar öz Dumasını belə boğa bilməz. Bizim mumdan qayrılmış əriyən
respublikamızın son tikələri düşür".
Yazıçı ömrünün sonlarında "Sirli naməlum
adam" (Mark Twain. The
Mysterious Stranger. Manuscripts. University of California Press, 2005) povestində daha bir
Şeytan obrazı yaradır; o, hardansa gəlib, insanların
işlərinə qarışır, burnunu hər yerə
soxur. Povest yüz il bundan qabaq
yazılsa da, bu gün üçün çox aktualdır,
simvolik və alleqorik planlıdır, insanı, onun təbiətini
açır, burada etik-əxlaqi məsələlər, tarixi
inkişafın yolları barədə fəlsəfi fikirlər
yer alıb. Qısaca deyim ki, əsərdə
Şeytan obrazı bizə bəşəriyyətin tarixini
anladır, deyir ki, bəşər tarixi cinayətlərlə
doludur. "Müharibələr, müharibələr,
yenə də müharibələr... bütün Avropada
müharibələr, bütün dünyada müharibələr...". Şeytanın sözlərinə
görə, bu müharibələr ya fərdi dinastiya
maraqları ucbatından baş verib, ya da zəif xalqları məhv
etmək məqsədilə baş verib. İnsanlar
boşboğazlara, müharibəni müdafiə edən
avantüristlərə daha çox etibar edir, namuslu adamı
isə daşqalaq edirlər. Şeytanın
diliylə Mark Tven göstərir ki, "hər cür Şərin
əsasında qızıla olan ehtiras durur", o da
adamları yoldan çıxaran "ən qədim
tamahkar"dır. Şeytanın fikrincə,
bəşər həyatı - "daimi yalan" üzərində
qurulub, çünki insanlar "saxta təsəvvürlər
və illüziyalara" uyublar, reallıq onlar
üçün "görüntü, uydurma və
yuxudur". O zaman Mark Tvenin şeytanları sirliydi,
istehzalıydı, maskalıydı, əminəm ki, bu gün
Mark yaşasaydı povestinə bir qədər korrektə edər,
sarkazmdan qaçardı, elə birbaşa yazardı ki, əslində,
bəşəriyyəti elə şeytanlar idarə edir,
bütün bu bəlaları da insanların başına onlar
gətirirlər.
Tarixi inkişafın bütün dönəmlərində
"silklər və təbəqələr" olub və
imtiyazlılar onlardan asılı olanlara və olmayanlara qul
kimi baxıblar. Bu gün dünyada məhz qulların
sayı çoxalmaqdadır və təbii ki, bir gün
resursların bitib tükənəcəyindən xoflanan
imtiyazlılar üçün robotların istehsalı daha sərfəlidir.
Süni intellektlər çörək və
pul istəmirlər, amma yaxşı gəlir gətirirlər.
Bu baxımdan yanaşsaq, problem həqiqətən
çox qorxuludur. Və buna təbii inkişaf prosesləri
deyənlərə suallarım çoxdur: məgər
insanın əcəlsiz ölümü tarixi inkişaf
prosesidir? Məgər milyonlarla ac-yalavac
uşağın səfalət içində yaşayıb həyatını
itirməsi, müxtəlif zorakılıqlar və istilalar təbii
inkişaf prosesidir? Məgər törədilən qətliamlar,
dağıdılan evlər, şəhərlər, kəndlər,
qəsəbələr, abidələr... təbii inkişaf
prosesidir?..
İkinci qorxduğum təhlükə sosial şəbəkələrlə
bağlıdır. İstəsək də, istəməsək
də, internet artıq yatağımıza girib. Bir
anlıq özümüzü əlli-altmış il bundan əvvəlki zamanda təsəvvür
edək: uzaq məsafədə yaşayan
tanış-biliş, qohum-əqrəbayla... ünsiyyət
telefonla və ya məktubla mümkün idi; bəzən
aylarla, illərlə görmədiyimiz adamdan xəbər tuta
bilmirdik, ya teleqram, ya da məktub vasitəçi olurdu, ən
yaxşı halda telefonu bəlli idisə, sifarişlə zəng
vurub hal-əhval tuturduq... Əlbəttə, indi
internet, mobil telefonlar, sosial şəbəkələr
ünsiyyəti xeyli yüngülləşdirib, sürətləndirib,
daha sadə, əlçatan edib. Dünya
ovcumuzun içindədir. Bir yandan
yaxşı haldır, lakin informasiya texnologiyaları
özüylə çoxsaylı problemlər də gətirib.
İnsanların əksəriyyəti məhz
internet hesabına yaxşı-pis informasiyalarla yüklənir
və hər gün bu yüklə də yaşayır.
Tibb mütəxəssisləri daha yaxşı bilər: insan
beyni müəyyən həcmdə informasiya qəbul etməyə
hesablanıb, buna müvafiq olaraq müəyyən reaksiyalar
verir; beyin həddən artıq yüklənəndə, təbii
ki, yorulur, artıq yük götürmək qabiliyyətini
itirir. Beləliklə, o, bu və ya digər
hadisəyə, məsələyə də reaksiya verə
bilmir, ya da adekvat reaksiya vermir. Artıq
yükə qarşı vərdişlər, ya da, belə demək
mümkünsə, narkotika kimi asılılıq yaradır.
Bəlkə elə bu səbəbdən
uşaqların və gənclərin əksəriyyətində
sinir pozğunluğu və yorğunluq halları
müşahidə olunur. İkincisi, bizim
bütün şəxsi və ictimai həyatımız
açıq-aşkar ortaya qoyulur. Nəzərə
alsaq ki, sosial şəbəkələrin əhatə və təsir
dairəsi televizor və radio dalğalarından min dəfələrlə
geniş, effektli (müəyyən mənalarda!) və
qlobaldır, onda demək olar ki, bütün açıq və
qapalı dövlətlər və qurumlar tərəfindən
izlənə bilirik. Bu da nəzarət deməkdir.
Deməli, bizim nəzarətdən kənar qala
biləcək heç nəyimiz olmur, hətta intim həyat da
anonimlik haqqını itirir. Bu isə daha
ağır və qarşısıalınmaz faciələrə
gətirib çıxarır və şübhə etmirəm
ki, çıxaracaq. Paradoks elə məqsədli
düşünülüb ki, sanki bütün bunlar demokratik
dəyərlər halında təqdim olunur, bəşəriyyətə
qlobalizasiya və demokratiyanın nəticələri kimi izah
edilir. Məncə, bu təqdimat
kökündən yanlışdır; əslində, şəbəkələr
insanın psixikasına təsir etməyə hədəflənib.
İnsan psixikası o qədər həssasdır ki, hər an dəyişə bilər; internetdən gələn
böyük informasiya axını (dəxli yoxdur, feyk olsun, ya
da elə dəqiq məlumat olsun!) nəinki onu dəyişir,
hətta ona sağalmaz zərbələr vurur. Təsəvvür
edin ki, sizə hər gün yalan informasiya
sırıyırlar, siz də bu məlumatlarla sürətlə,
hər gün, hər saat yüklənirsiniz. Nə baş verəcək? Təbii
ki, istər-istəməz belə məlumatların buxovuna
dönəcək, müstəqil düşüncə və
mülahizədən məhrum olacaqsınız. Dünyada bu proseslər çoxdandır baş
alıb gedir və mən bu proseslərin sonunu yaxşı
görmürəm. İnternet fəzilətlərə
yox, məncə, yalnız neqativ fəsadlara və qəbahətlərə
hesablanıb. Neyləməli? Qapadaqmı, ya sərt məhdudiyyətlər tətbiq
edək? Əlbəttə, yox! Bu halda
dünyadan qopmuş olarıq; biz mədəni səviyyəmizi,
təhsil səviyyəmizi artırmaqla daha düzgün və
faydalı peyvənd seçmiş olarıq.
Üçüncü təhlükəli durum planetimizdə
sürətlə çoxalan əhali sayının
azaldılması ilə bağlı mübahisəli və
şübhəli yanaşmalarla bağlıdır. Mütəxəssislər
və alimlər bu fikirdədirlər ki, planetimiz həddən
artıq yüklənib, resurslar tükənmək üzrədir,
əhali isə təkcə sürətlə artmır, həm
də insanın ömür həddi uzanıb. Sonuncu fikir statistika olmasa da, ideya kimi
yaxşıdır. İnsanın
ömrü uzanırsa, deməli, sosial rahatlığı var,
maddi durumu və məişəti qənaətbəxşdir.
Təbii ki, sürətli templə artan əhalinin
yaş həddi çoxalırsa, deməli, əməyə
yararlı olmayan təqaüdçülərin, yaşlı
və qoca adamların sayında da artım yaranır. Sonuncu kateqoriyadan olan adamların isə həm maddi,
həm də mənəvi köməyə ehtiyacları
çoxalır. Bəs bu ehtiyaclar necə
və hansı resurslar hesabına ödənilir, yaxud ödənilməlidir?
Əlbəttə, ayrı-ayrı dövlətlərdə məsələ
müxtəlif qanunlarla tənzimlənir, tanış
ola bildiyim qədər deyə bilərəm ki, qanunlar humanist
xarakter daşıyır. Qanun öz yerində, amma sürətli
artım problemi gündəmdədir, həm də yaşı
altmış beşdən yuxarı insanlar çoxalmaqda davam
edir; paradoksal hal budur ki, bir yandan Şərqdə doğuş
çoxalır, digər tərəfdən, Qərbdə bu
proses sürətlə azalır. Ümumiyyətlə,
demoqrafiya məsələsində bir disbalans yaranıb.
Sual doğur: görəsən, bu disbalans kimləri və nə
üçün narahat edir? Belə bir fikir
dolaşır ki, dünya əhalisinin azaldılması
yaşlılar və qocalar üçün nəzərdə
tutulub. Bilmirəm, bu nə dərəcədə
doğru və ya yanlış fikirdir, görünən budur
ki, mənəvi deqradasiya yaşlı adamların olan-qalan
kövrək duyğularını və
qayğılarını da boğub öldürməkdə
davam edir. Yuxarıda qeyd etdiyim əvvəlki
iki problem ucbatından insan həddən artıq aqressivləşib;
övlad-valideyn münasibətlərində, qonum-qonşu,
bacı-qardaş, dost-tanış əlaqələrində
soyuqluq, qırıqlıq, küskünlük, hətta
düşmənçilik halları (qətllər, intiharlar,
yerli-yersiz suçlamalar, boşanmalar və bu kimi digər
neqativ hadisələr) çoxalmaqdadır. İnsan kimi, dövlətlər də aqressivləşib.
Bunun nəticəsidir ki, bir çox dövlət
öz təcavüzkar niyyət və əməllərini
açıq-aşkar nümayiş etdirir, nəticədə
qanlar, qırğınlar, ağlagəlməz qətliamlar,
terror aktları törədilir, beləliklə,
yaradılmış acınacaqlı, qlobal epidemioloji mühit
fonunda hər şey qorxulu və təhlükəli
görünür.
Belə bir dumanlı və təhlükəli qlobal
havada düzgün yol seçmək də çətindir. Bu nədir,
insanlığın sonudurmu? Görəsən
onu ölməyə qoymamaq üçün daha hansı peyvəndlər
lazımdır? Mən bunu dəqiq bilmirəm, amma bu
durumda yenə o şotland Fleminqi xatırlayıram, alimin peyvəndlərlə
bağlı məşhur sözləri qulaqlarımda səslənir:
"Adi laboratoriyaya öyrəşmiş tədqiqatçı-alimi
mərmər saraya köçürün - iki şeydən
biri baş verəcək: ya alim mərmər saraya qalib gələcək,
ya da saray ona qalib gələcək. Əgər
alim-tədqiqatçı üstünlük qazansa, saray
emalatxanaya dönəcək və adi laboratoriyaya bənzəyəcək;
yox, əgər tərsinə olsa, onda alimi ölmüş
bilin".
Hər
halda, həyatımıza soxulmuş bioloji, fizioloji, sosioloji...
yoluxmalara qarşı təsirli peyvəndləri tez bir zamanda
tapa biləcək sağlam düşüncəli və əqidəli
alimlərimizə inanmaq ümidiylə...
Bakı, 10 sentyabr 2021-ci il
Kamran NƏZİRLİ
Ədəbiyyat qəzeti.- 2021.- 11 sentyabr.- S.8-9.