Taleyinə boyun əyməyən şair

 

Poeziyamıza şimşək kimi çaxaraq, doğma Əsrik çayıtək kükrəyərək gələn Məmməd İsmayıl Azərbaycan poeziya hüdudlarını yararaq beynəlxalq aləmə çıxan azsaylı çağdaş şairlərimizdəndir. O, 60 ilə yaxın söz üstə əriyərək enişli-yoxuşlu, ağrılı-acılı şair ömrü yaşamışdır. On altı yaşından mətbuatda çap olunan şairin əsərləri dünya xalqlarının bir çoxunun dilinə tərcümə olunmuş, Azərbaycan, türk, rus, fransız, yapon, qazax, rumın, alban, macar dillərində əllidən çox kitabı işıq üzü görmüşdür.

Məmməd İsmayıl poeziyaya gəldiyi ilk illərdən ədəbi ictimaiyyətin diqqət mərkəzində olmuş, səngiməyən, çəkilmələrə məruz qalmayan yaradıcılığı görkəmli tənqidçimiz, professor Vaqif Yusiflinin doğru olaraq göstərdiyi kimi, özündən sonrakı poetik nəslin yaradıcılığına qüvvətli təsir etmişdir.

1970-ci ildən Yazıçılar Birliyinin üzvü, ADU-nun Filologiya fakültəsinin və Moskva ikiillik Ali ədəbiyyat kursunun məzunu Məmməd İsmayıl Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor vəzifəsindən Şirkətin sədri vəzifəsinə qədər yüksəlmişdi. Lakin bir an belə ilhamını şöhrətə dəyişməmiş, 1966-1993-cü illər arası dövlət nəşriyyatlarında "Qoymayın dünyanı adiləşməyə", "Hələ yaşamağa dəyər", "Bəxtimə düşən gün", "Dünya bizim evimizdir", "Aman təklik əlindən" kimi oxucuların stolüstü kitabına çevrilən 12 əsəri çap olunmuşdu. Bu əsərlər haqqında çox deyilib, çox yazılıb.

Mən burada şairin 1963-cü ildə yazdığı "Elçilər qayıtdı" poemasından söz açmaq istəyirəm. O vaxt Məmməd İsmayılın nə ilk kitabı çıxmışdı, nə də Yazıçılar Birliyinin üzvü idi. Cəmisi 23 yaşı vardı. Avtobioqrafik poema gənc şairin nakam məhəbbətinin, yanan ürəyinin fəryadı idi.

Şair illərlə sonra poemaya yazdığı ön sözdə göstərir ki, bəlkə də o məhəbbət baş tutsaydı, həyat başqa cür olardı. Mən də belə düşünürəm.

Sevdiyi qızı kinoya aparmaq üçün cibində bir qara qəpik pulu olmayan gənc şair doğma yerlərdə qalacaq, Telman Tovuzlu, Səlim Sinədəftər, Mülkülü Həsən, onun oğlu Əziz Məftun, İsa Cavadoğlu kimi şairlərdən biri olacaqdı. Qoşmalarını aşıqlar el şənliklərində, toylarda oxuyacaqdı. Bir-iki kitabı çıxacaqdı. O ilham, o istedad get-gedə korşalacaqdı. ADU-nun Filologiya fakültəsi barədə arzuları ürəyində qalacaqdı. İkiillik Moskva Ali ədəbiyyat kurslarından heç xəbəri olmayacaqdı.

Qoy oxucu məni qınamasın. Ömrü boyu unuda bilmədiyi nakam məhəbbətinin də onun bu səviyyəyə çatmasında payı vardır.

Dəlicəsinə sevən, az qala havalanan insanlar yaxşı bilir ki, "Hər yara sağalıb unudulsa da, sağalmaz yarası ilk məhəbbətin".

Məmməd İsmayılın xeyli sayda poeması vardır. Onlar şairin yaradıcılığının yüksək qiymətləndirildiyi, qələminin püxtələşdiyi dövrdə yazılıb. "Xatin bibi" və "Aman təklik əlindən" poemalarını oxuyanda adam göz yaşlarını saxlaya bilmir.

Bəs niyə şairin etiraf etdiyi kimi, hələ şeirin texnikasını və poemanın nə olduğunu əməlli-başlı bilmədiyi vaxt yazdığı avtobioqrafik "Elçilər qayıtdı" poeması üstə dayandıq?

Şairin düşüncələrini, dərd-sərini, xüsusən də kimliyini bilmək üçün bundan yaxşı fürsət olarmı? Poemadakı səmimiyyət, etiraf, təbiilik, real həyat həqiqətlərini göstərən lövhələr adamı heyran edir, dərindən düşündürür.

Qızın atası "Gərək gedib tapa taylı-tayını", bir də ki, "Yetimə kimdi qız verən?!" - deyərək az qala elçiləri qovur.

Gənc şairin fəhmlə dediyi: "Axı bilmirsənmi əzəldən bəri, elçi qədəminə hörmət qoyulub" misrası elin adət-ənənəsini dərindən bilməsindən xəbər verir. Mən bu barədə bir-iki həftəyə çap olunacaq "Qəbələ keçmişdə və günümüzdə" kitabımın "Etnoqrafiya" bölümündə söz açmışam: "Burada bir məsələni xüsusi vurğulamağı münasib bildik. Elçilik vaxtı hər iki tərəf diqqətli olur. Hətta istəkləri baş tutmasa belə, münaqişəyə, ədavətə yol açan ifadələrdən çəkinir, maksimum dözüm göstərirlər. Elçiliyə yalnız ağsaqqalların göndərilməsi, bəlkə də, bununla bağlıdır".

Şairin "Elçilər qayıtdı" poemasında poetik tapıntılar da, adamı haldan-hala salan misralar da qədərincədir: "Bakirə məhəbbət", "Sən doymuş məhlula çevrildin, gülüm, Mənsə o zamandan sönmüş vulkanam", "Elçilər qayıdıb gələndən bəri, mən dinclik itirib, fikir qazandım", "İnsaf et, atadan yetim olanı, Barı məhəbbətdə yetim qoyma sən" və s.

Sən demə, bütün bunlar Məmməd İsmayılın müharibə dəhşətlərini gələcək şeirlərində, poemalarında daha qabarıq, daha tükürpədici şəkildə göstərmək üçün hazırlıq imiş. "Üç günün, bir ilin gəlinlərinin öz gəlinliyini yadırğaması necə dəhşətli ifadə olunub:  "Ölmüşdü hissləri, ehtirasları, Ölmüşdü məhəbbət vərdişləri də..." - deməli, müharibə dərd şəklində insanın iliyinə, qanına hopub, onun hisslərini, emosiyalarını təkcə kütləşdirmir, öldürür. Burada "məhəbbət vərdişləri" ifadəsi təkcə poetik yox, həm də psixoloji tapıntıdır" (Tofiq Hacıyev).

Eləcə də "Ərli günlərinin ömrü saçından qısa gəlinlər"  və s.

Məmməd İsmayılın zərb-məsələ çevrilmiş deyimləri də çoxdur. Bəzi yazarlar onun "Hələ yaşamağa dəyər bir az da" deyimini əsərlərində proloq kimi istifadə ediblər.

Möhtərəm Prezidentimiz İlham Əliyevin "Əsrin müqaviləsi"nin 25 illiyinə həsr olunmuş yığıncaqda göstərdiyi kimi, keçən əsrin 90-93-cü illəri Azərbaycan xalqı üçün çox ağır keçdi. Sovet quruluşu çökmüş, milli-mənəvi dəyərlərin tapdandığı keçid dövrü başlamışdı. Bəzi xalqlarda qarğış mənasında işlədilən "Görüm səni keçid dövründə yaşayasan!" hər an özünü tam çılpaqlığı ilə göstərirdi. Bu vaxt Türkiyə ədalətli və insaflı xalq olduğunu göstərdi. Alman filosofu Hegelin vaxtilə dediyi sözlər təsdiqini tapdı: "Mən desəm ki, almanlar ağıllı millətdir, verin dünyanı almanlar idarə etsin, milliyyətcə alman olduğuma görə məni qınayarlar. Odur ki, deyirəm: "Dünyanı verin türklər idarə etsin, çünki türklər ən ədalətli və insaflı millətdir".

Qardaş Türkiyə o dövrdə azərbaycanlı mütəxəssislərdən səmərəli istifadə etdi. Alimlərimiz, bəstəkarlarımız, musiqişünaslarımız, yazarlarımız işə dəvət olundular. O vaxt Türkiyəyə işə dəvət olunanlar arasında Məmməd İsmayıl da vardı. Həmin vaxtdan Məmməd İsmayıl qəhrəman şəhər Çanaqqala Universitetinin müəllimidir. Türkiyədə altmış yeddi yaşına çatmış alimlər təqaüdə göndərilir. 2019-cu ilin noyabr ayında Şərifzadə adına Aktyor evində 80 illik yubileyini təntənə ilə keçirdiyimiz Məmməd İsmayıl hələ də Çanaqqala Universitetinin müəllimidir. Bu, hər şeydən əvvəl onun ümumtürk ədəbiyyatına vicdanla xidmətindən xəbər verir.

Məmməd İsmayıl Türkiyə və Azərbaycan ədəbiyyatını, poeziyasını dünyanın müxtəlif ölkələrində sədaqətlə, vicdanla, yorulmadan təbliğ edir.

M.P.Vaqifin şeirlərini müqəddimə ilə "Yaralı durna" adı ilə türk dilində çap etdirmişdir. Hüseyn Nihal Atsızın "Boz qurdlar" romanını və "Xalq türküləri"ni türkcədən çevirmişdir.

Şairin Türkiyədə yeddi kitabı çap olunub.

"Bu qan yerdə qalan deyil" (1999), "Bəxtimə düşən gün" (2003), "Türkün sevgisi" (2000) və s. belələrindəndir.

Şairin Türkiyədə yazıb-yaratdığı böyük bir zaman kəsiyində Azərbaycanda da bir çox kitabları çıxıb: "Yaş altmışa dayandı" (2000), "Yoxun varlığı" (2007), "Sazın söz karvanı" (2008), "Poemalar" (2010), "Yetmişdən sonra" (2014), "Gəlməyə vaxtmı tapdın, 80 yaşım" (2019) və s. kitablarda xalq sevgisi, vətən sevgisi qırmızı xətt kimi keçir.

İnsan yaşa dolduqca onu doğma yerlər, böyüyüb boya-başa çatdığı vətən torpağı çəkir. Məmməd İsmayılın mütəmadi olaraq mətbuatda çap olunan həsrət yüklü şeirlərindən, məqalələrindən, povest və poemalarından, avtobioqrafik "İz" romanından görünür ki, özü qardaş ölkədə olsa da, ruhu Azərbaycandadır, ürəyi doğma yerlər həsrəti ilə çırpınır. Bir gün Azərbaycansız yaşamır. Şair Hüseyn Kürdoğlunun misraları sanki onun taleyindən xəbər verir:

Ağladır insanı vətən həsrəti,

Bir də nakam qalan ilk məhəbbəti.

Səksən yaş hər adama qismət olmur.

Şükürlər olsun ki, Yaradan ona tükənməz enerji bəxş etmişdir. Həmişə ədəbi prosesin içindədir. "Azərbaycan" jurnalı və "Ədəbiyyat qəzeti" yaradıcılığına geniş yer verir, əsərlərini səxavətlə çap edir.

Adətən xaricdə işləyən və ya xaricə üz tutan azərbaycanlıların bəzisi nankorluq edərək dövlətimizə, yüksək vəzifəli şəxslərə qara yaxmaqla məşğul olur. Məmməd İsmayılda bunun əksini görürük. Yeganə gileyi canına, qanına hopan qürbətdir. "Mən qürbətdə deyiləm, qürbət mənim içimdə", - deyir.

Məmməd İsmayıl bir çox ödüllərə, mükafatlara, medal və ordenlərə layiq görülmüşdür. Onlardan yalnız üçünü göstərməklə kifayətlənirik. O, Türk dünyası Yazarlar və Sənətçilər Vəqfinin "Türk dünyasına xidmət" mükafatına layiq görülüb.

2014-cü ildə 75 yaşı tamam olanda Rusiya Yazarlar Birliyi tərəfindən Sergey Yesenin ordeni və diplomu ilə təltif olunub.

Türkiyənin Konya şəhərində keçirilən "Saz və söz" bayramında iki dəfə qızıl medala layiq görülüb (1990, 1995). Bu, təsadüfi deyildir. O, aşıq yaradıcılığını mükəmməl bilən, namizədlik dissertasiyasını aşıq poeziyasına həsr edən şair-alimdir. Onun Xalq şairi Sabir Rüstəmxanlı ilə çoxsaylı aşıqsayağı deyişmələri deyilənləri təsdiqləyir.

Çox deyişmələr görmüşəm, şairin biri dağdan, biri bağdan danışır, hətta vəzn, qafiyə yerində olmur. Lakin bu iki dost şairin aşıq poeziyasının tələblərinə tam cavab verən deyişmələri əsl poeziya nümunələridir. Onların şairlik istedadının özünü qabarıq şəkildə göstərdiyi bu deyişmələrdə incə yumor da, tənqid də, həqiqət də vardır.

Verdiyimiz bəndlər deyilənlərə dayaq olur.

Məmməd İsmayıl:

 

Neçə gündü cavabında "bəli" yox,

Gözəl görsə onun kimi dəli yox.

Bizə çatsa, yaxşılıqda əli yox,

Allah kəssin insafını Sabirin!

 

Sabir Rüstəmxanlı:

 

Öz sözümdən yapışıbdı, sözüm yox,

Ürəyində bir günlüyə dözüm yox.

Dilə düşdüm, dil açmağa üzüm yox,

Allah kəssin peşəsini Məmmədin!

 

Yaşyarımda atasını, otuz yaşında anasını itirən Məmməd İsmayılı taledən gələn qismət, həyatın keşməkeşləri məhvərindən çıxara bilməmiş, daim yüksəkliklərə can atmış, çağdaş poeziyamızın öncüllərindən biri olmuşdur.

 

Qəzənfər PAŞAYEV

 

Ədəbiyyat qəzeti.- 2021.- 11 sentyabr.- S.11.