İspandilli ədəbiyyatın klassikləri

 

Xuan Ramon Ximenes

 

Xuan Ramon Ximenes (1881-1955) - böyük ispan şairi, görkəmli lirik, modernist. "İspandilli poeziyada xalis bədii ifadə yüksək ruhi saflığa, böyük lirizmə" görə 1953-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

 

***

 

Sakit, ilıq, səmirsiz

gecə dönməyəcəm,

Öz tənha hilalının

şöləsi arasında

yatacaq bütün aləm.

O vaxt ki, bu yerlərdə

kölgəm qalmayacaq,

sərin hava şırnağı

ruhum üçün axacaq

açıq pəncərələrdən.

Gözləyən olacaqmı,

məni, düzü, bilmirəm

ikiqat upuzun

ayrılıqdan bezəndə,

Öpüşlə, göz yaşıyla

dolu xatirələri

anacaqlarmı görən?

Amma güllər, ulduzlar,

ümidlər ahlar,

budaq divarların

kölgəli küçəsində

busə alan dodaqlar -

- bax, bunlar olacaqdır.

Royal, bax, bu səmirsiz

gecədə olduğutək

yenə səslənəcək.

Pəncərə ağzındakı

o dalğın dinləyici

taybatay qapıları

bir daha örtməyəcək.

 

***

 

Qəlbimi qızılıya

qürub günəşi saldı,

Gecə onu çıxarıb

baxdım: yalnız parıltı...

 

Bir ovuc gümüş atdı

Sübh vaxtı qəlbimə Ay,

Qapıları bağlayıb

baxdım: yalnız parıltı....

 

***

 

- Uçuş vaxtı quşların batıq səsi heç olmasa...

- Dərdli gözdə qızılgülün unudulmuş rayihəsi.

- Heç olmasa göy üzünün göz yaşında öləziyən mavisi...

 

***

 

Mən gedəcəyəm. Əvvəlki kimi

o quş oxuyacaq.

Yenə həmin bağca, bağçada ağac,

bir ki quyum mənim qalacaq.

 

Günün axırında şəffafca, sakit

qürub donacaq.

Ətraf qüllələrin zəngləri isə

məni anacaq.

 

Küçələr illərlə özgələşəcək,

Mənim sevdiklərim qalmayacaqdır.

Bağçama hasarın bəyazlığından

həsrətlə tək kölgəm boylanacaqdır.

 

Mən gedəcəyəm, tək kimsəsiz.

Mehindən, şehindən sübhün xəbərsiz,

bir quyumu qoyub gedəcəm...

Quşlarsa elə hey, hey oxuyacaq,

əvvəlki kimi...

 

***

 

Elə yenə səni sevərdim, qadın,

Daş kimi doğulsaydım.

Elə yenə səni sevərdim, qadın,

Dalğa olub coşsaydım.

Elə yenə səni sevərdim, qadın,

Atəş kimi yansaydım.

Elə yenə səni sevərdim, qadın,

Çaşsaydım,

Kişi kimi doğulsaydım...

 

***

 

Soyuq buğ. - Xoruzların banlaması.

Şimşək Ay. - Çağanın ağlaması.

Bomboş dalan. - Sadəlövh köpək.

Qaranlıqdı hələ. - Fikirli adam.

 

***

 

Kasıb uşaqlara bənzəyirəm,

əlimdən tutub

dünya adlı əşya bazarında

gəzdirirlər məni.

Dörd olur gözlərim,

o qədər qüssə verirlər ki mənə.

 

Ən pisi, əliboş qaytarırlar.

 

Roberto Xuarros (1925-1995) - görkəmli Argentina şairi, esseist, tərcüməçi ədəbi tənqidçi. Argentina Elmlər Akademiyasının həqiqi üzvü olan şair Argentina Poeziya Fondunun Ali mükafatına, Jan Malro mükafatına layiq görülüb. 1958-1997-ci illərdə çıxan 14 şeir kitabının hamısı "Şaquli poeziya" adlanır.

 

***

 

Düşünürəm ki, çox güman

bu dəqiqə mənim haqqımda heç kim düşünmür.

Mənim haqqımda yalnız mən düşünürəm,

elə indi, bu dəqiqə ölüb-eləsəm,

heç kim, hətta mən özüm belə

                       özüm haqda düşünməyəcəm.

 

Elə bu zaman uçurum açılır qarşında,

yuxuda olduğu kimi.

Sən demə, mən öz-özümün dayağıyam

                        bundan imtina edirəm.

 

Bu da boşluğun doldurulması üçün

mənim tərəfimdən bir töhfə olsun.

Bəlkə ona görə

insan haqqında düşüncə

onun xilası kimi görünür.

 

***

 

Eyni vaxtda həm böyük, həm balaca

əllərin birəbir yerləşdiyi bir yer tapdım.

Elə bir yer tapdım ki, əllər həm olduqları qədər,

həm xeyli böyükdülər.

 

Amma orda hökmən tapmalı olduğum bir şeyi,

məni gözləyən başqa əlləri

tapmadım.

 

***

 

Göz tavanda

nazir qara xətt cızır.

Tavan gözün sərsəmliyini qəbul edir,

qaralır.

Qara xətt itir,

göz yumulur.

 

Beləcə, tənhalıq başlayır.

 

***

 

Biz heç vaxt üzü ağlamaya köçürülməyəcək

mətnin qaralamasıyıq.

Qara-qura,

təkrarlanan,

dil xətaları,

hərf səhvləri ilə dolu sözlərin sırası.

Gözləyirlər -

bütün sözlər kimi,

atılıblar,

ikiqat tənhadırlar

bu ağır, ağaclaşmış səhifələrdə.

 

Amma hər necəsə bu kor-kobud qaralamanı

bircə dəfə uca səslə oxumaq bəs edərdi ki,

biz hər hansı son mətni

bundan belə daha gözləməyək.

 

***

 

Vaxt yetişir,

insan öz tərcümeyi-halından qurtulur,

elə onda keçmişin bu ilğımından,

bu rüsvayçı kölgəsindən imtina edir.

Bundan sonra özünün bu darısqal düsturuna

xidmət eləmək,

onun işğallarına yardım etmək,

seçim anında ağlamaq tələb olunur.

 

Öz tərcümeyi-halından imtina eləmək,

öz sənədlərini tanımamaq

o deməkdir ki, səfər qabağı yükünü yüngülləşdirirsən.

 

Sanki divara boş çərçivə asırsan ki,

heç bir təsvir orda sıxılmasın bir .

 

Tərcümələr Səlim Babullaoğlunundur

 

Ədəbiyyat qəzeti.- 2021.- 11 sentyabr.- S.10.