Valideynləri sevmək
azdır...
Dayılarımdan
biri – rəhmətlik Yusif Səmədoğlu
yazıçı, o biri – Vaqif Səmədoğlu şairdir.
Aybəniz xanım isə nə
yazıçıdı, nə şair, həyatını
atasına, babam Səməd Vurğuna həsr elədi.
Xüsusən, 1975-ci ildə Səməd Vurğunun ev-muzeyi
açılandan sonra. Atasına olan ehtiramına görə o, böyük hörmət,
nüfuz qazanmışdı. Atasının istedadı
oğlanlarına, şəxsi keyfiyyətləri –
istiqanlılığı, qohumcanlılığı anama
keçmişdi. Bunu həmişə nənəm Xavər
xanım da deyirdi.
Babam “ay
üzlü”sünü hədsiz dərəcədə
sevirmiş. Bunun bir tarixçəsi var. Səməd Vurğun 3
yaşında bacısı Nabatı, 6 yaşında anası
Məhbub xanımı itirib. Həmişə Xavər
xanıma deyərmiş ki, mənə elə bil qan qohumu olan qadın
məhəbbəti qismət deyil – həm bacımı, həm
də anamı uşaqkən itirmişəm.
Anamı
“anam-bacım, bircə qızım”
çağırarmış babam. Hətta anam
uşaqlıqda xəstələnəndə deyib ki, Xavər,
bu qıza bir şey olsa, yaşaya bilməyəcəyəm.
Sonra tale
elə gətirdi ki, nəvələr hamısı qız
oldu... Xavər xanımla qəbir üstə gedəndə həmişə
deyərdi ki, Ay Səməd, gözünü aç bax, nəvələrinin
hamısı qızdı...
Hesab edirəm
ki, babamın anama sevgisi qarşılıqlı oldu. “Aybəniz Vurğunqızı” adını ləyaqətlə daşıyan
anam bütün həyatını atasının adının əbədiləşdirilməsinə
həsr etdi. Valideynləri sevmək azdır. Onları
yaşatmaq lazımdır. Aybəniz
xanım da Səməd Vurğun adını yaşatdı.
Bizim muzeyin yaranmasında da onun
böyük rolu olub. Muzeyin ekspozisiyası nənəm Xavər xanımın qoruduğu
materiallar əsasında
qurulsa da, ən böyük
yükü çiynində anam daşıdı. Fondun zənginləşdirilməsi
və muzeydə keçirilən rəngarəng tədbirlər
ilk növbədə onun adı ilə bağlıdır.
S.Vurğunun öz xatirə günləri, bizim görkəmli yazıçılara, şairlərə, alimlərə, bəstəkarlara həsr
edilən, eləcə də tarixi günlərlə
bağlı tədbirlər, məhz
Aybəniz xanımın birbaşa rəhbərliyi və
iştirakı ilə keçirilib...
Anam həmçinin
Şüvəlandakı bağ evini də çox sevir,
oranın abadlığı ilə də məşğul
olurdu. O, təbiətə, torpağa çox
bağlıydı. Ayağına rezin çəkmə geyib,
bütün günü torpaqda çalışır,
ağac əkir, bağa su verirdi. Həmişə deyirdi ki, mən
kənd adamıyam.
Bir dəfə
bağ evindən tezdən mənə zəng elədi:
“Aygün, gecə bir səs oldu, elə qorxdum ki, elə bildim
müharibə başladı, təyyarələr
uçuşur...”.
(Yaxınlıqda elektrik
stansiyası vardı, ordan nəsə uğultu gəlib). 70-ci
illəriydi, bilmirəm müharibə hardan ağlına gəlmişdi.
Soruşdum, - ana, o anda gözünün önünə kim gəldi?
Elə bildim yeganə qızı olan məni deyəcək.
Amma qayıtdı ki, atamın kabineti...
Aybəniz xanım
dünyasını dəyişəndə
vidalaşmaq
üçün cənazəsini muzeyə
gətirəndə mən
xahiş etdim ki, əvvəlcə onu sevimli
atasının kabinetinə aparsınlar. Oranı ziyarət
edəndən sonra bütün otaqları gəzdirdim, sonra
vidalaşmaq
üçün qonaq otağına gətirdik. Aybəniz xanım,
doğrudan da, canıyla,
varlığıyla
atasına bağlı idi. Ancaq Səməd Vurğunu və muzeyi... bir
də bağı çox
sevirdi. O da atasından qalıb. Ata yadigarıdır...
Dəblə
geyinməyi xoşlardı. Ancaq dəbdəbə vurğunu
deyildi. Qonşuda, qohumda, tanış evində bahalı əşya,
qiymətli bəzək şeyləri, təmir görəndə
“kaş biz də belə edəydik”, – deyə
darılmazdı. Bircə Səməd Vurğunun qızı
olması ona bəs edirdi. Sadə həyat tərzi keçirər,
azla qane olmağı bacarardı. Bağ evimizin təmirsiz
olmasından heç vaxt sıxılmazdı. Kimlər gəlməzdi
bizim evə – şairlər, yazıçılar, Moskvadan
qonaqlar... Ancaq anam bu sadəlikdən sıxıntı
keçirməzdi.
Səfərləri
xoşlayırdı. Xeyli xarici ölkələrdə
olmuşdu. Kiçik hədiyyələr alardı. O,
dünyasını dəyişəndə mənim 50
yaşım vardı, hələ də ondan çəkinirdim.
Daim məni nəzarətində saxlayırdı. Zəhmi də
vardı, nəvazişi də.
Kəndə
gedəndə yerdə yatardı. Heç yadımdan çıxmaz.
Səməd Vurğunun 80 illiyi münasibətilə
Masallının Tüklə kəndinə getmişdik. Gecə
kənddə qalası olduq. Dayım qızı Mehriban, anam,
bir də mən bir otaqda gecələdik. İki
çarpayı hazırlamışdılar, bir yer də
döşəmədə salmışdılar. O yerdə biz
yox, anam özü yatdı. Səhər
tədbir oldu, Telman Nəzərli adlı bir şair
çıxış elədi. Sonra həmin gecəyə həsr
etdiyi şeirini oxudu. Təxminən məzmunu beləydi ki,
quşlar da oxumur, külək də əsmir, çünki bu
kənddə Aybəniz yatır. Biz də Mehribanla şeirə
qulaq asa-asa bir-birimizə baxırdıq ki, ayıb olsun bizə,
Aybəniz gecəni büzüşüb yerdə yatıb...
Anamın
sadəliyini təsdiq edən başqa bir xatirə də
yadıma düşür. Bir gün mənə dedi ki, bir rəfiqəm
var Moskvada, Alla xanım. O bizə qonaq gələcək və
mən onu bağımıza aparacam. Bağımız elə
də təmrli deyildi. Buna görə narahat oldum və dedim
ki, onu bəlkə evimizə dəvət edək? Anam
narahatlığımı hiss etdi və dedi: “Sən narahat
olma, onunla o qədər gözəl və maraqlı söhbətlərimiz
olacaq, xatirələrimizi bölüşəcəyik ki, nə
evin təmiri, nə də pəncərələr diqqət
çəkəcək”. Doğrudan da elə oldu. O, haqlı
idi. Qonaq gəldi, nə divarlar, nə də pəncərələr
yada düşdü, onların xatirələri, maraqlı
söhbətləri qarşısında.
Bir dəfə
Borçalıya getmişdik. Qohumlar gəlib
görüşür və hər biri kənd sovqatlarından
– pendir, hinduşka, toyuq gətirib verirdilər. Anam da
hamısını götürürdü. Nənəm həmişə
zarafatla deyərdi ki, bu qız əmisi Mehdixana oxşayıb,
Səmədə yox, nə verirlər yığır. Anam da
deyərdi ki, özləri verir, götürməsəm xətirlərinə
dəyər... Bu zaman gəlib dedilər ki, qapıya
yolçu gəlib, pul istəyir. Anam dedi, gedin o yolçuya
deyin ki, görmür nə gündəyəm? Mən
özüm qohumlardan pay yığıram. Təbii ki, bu bir
zarafat idi. Anam gedib yolçu ilə görüşdü, pul
verib qayıtdı...
Tez-tez deyərdi:
“İnsanlar ona görə ünsiyyətdən
qaçırlar ki, qonaq qarşılayanda necə süfrə
açacaqlarının, təmtəraq düzəldəcəklərinin
qayğısını çəkirlər. Halbuki qonağa
pendir-çörək də yetər”.
Pula təmkinli
münasibəti vardı. Var-dövlətə xüsusi meyil
göstərmirdi. Bir dəfə sovet vaxtı imkanlı
yaxın qohumlardan biri anama təklif eləmişdi ki, öz
adına “Volqa” al. Onda “Volqa”nın qiyməti 10 min rubl idi, o isə
30 min verirdi. Anam maşını alıb ona verməli idi. Anam
bunu mənə dedi. 20 min rubl az pul deyildi. Dedi ki, bağ evini də
təmir eləyərik. Dedim, mama, bu pul, bizə lazım deyil.
Güldü, halal olsun, dedi, mən artıq imtina etmişəm.
Sonra o maşını başqa qohum vasitəsilə
aldılar...
Şeir
yazmağı filan yox idi. Yazıbsa da, mən bilməmişəm.
Ancaq bir rəfiqəsinin dediyinə görə, nə zamansa
yazıb. Özü mənim nəsə
yazdığımı görmüşdü,
özünün isə yazıb-yazmadığını deməmişdi.
Onu da deyim ki, gözəl səsi vardı, yaxşı rəqs
eləyirdi. Maraqlı həmsöhbət idi...
Mən
1993-cü ildə ailə qurdum. Bir az tərəddüd eləyirdim,
onda anam da bir az nasazıydı. Dedi: “Aygün, nahaq
götür-qoy edirsən. Onu bil ki, mən həmişə səninlə
olmayacağam. Mənsiz sənə çox çətin olar,
çünki mənə – anana bağlı qızsan, ailə
qurmaq lazımdı”. Xavər nənəm də çox istəyirdi
ailə qurum, ancaq istəyirdi ki, getdiyim adam qazaxlı olsun. Hərçənd
özü Dərbəndliydi, Dağıstanın türk nəslindən.
Mən qazaxlı ilə ailə qurdum, yoldaşım Mehman
qazaxlıdır...
1990-cı
illərdə Heydər Əliyev Moskvadan Azərbaycana dönəndə
Aybəniz xanım onu ziyarət etmək üçün
Naxçıvana yola düşdü. Anam dedi ki, Səməd
Vurğunun ev-muzeyini 1975-ci ildə Heydər Əliyev
açıb, indi onun vəziyyəti yaxşı deyil, gedib
ona baş çəkməliyəm. O vaxt
Naxçıvanın Daxili İşlər Nazirliyində bizim
qohum işləyirdi. Onun vasitəsilə gedib Heydər
Əliyevlə görüşmüşdü. Çox
mütəəssir qayıtmışdı...
Heydər
Əliyev Yusif Səmədoğlunun yubileyindəki
çıxışında dedi ki, mən dəqiqləşdirdim
görüm, Aybəniz xanım Naxçıvana gəzməyə
qohumugilə gəlib, yoxsa mənimlə görüşməyə.
Bildirdilər ki, yox, məhz mənim yanıma gəlib.
Xavər
xanım rəhmətə gedəndə çox
ağlayırdım. Bir dəfə Aybəniz xanım işdən
zəng eləmişdi. Gördü səsim kallaşıb,
narahat oldu. Dedi: “Aygün, mən öləndə neynəyəcəksən?..”.
Anamla
atamın arasında da böyük məhəbbət olub. Atam
Gavə professor Abbasqulu Abbaszadənin oğluydu, zahirən
çox yaraşıqlı idi. 1955-ci ildə evləniblər,
1958-ci ildə mən dünyaya gəlmişəm. Anam atam
haqda danışmağı çox xoşlamazdı. Möhkəm
sevib, sonra da ayrılmışdılar... Anam incimişdi.
Mən məktəbdə
oxuyanda həmişə bir kişi yaxından-uzaqdan məni
müşayiət edirdi. Əvvəl-əvvəl o kişinin
atam olduğunu bilmirdim. Həmişə anama deyirdim, kaş o
yaraşıqlı kişi mənim atam olaydı.
1968-ci ildə
məni maşın vurmuşdu, palatamı güllə-çiçəklə
bəzəmişdilər. Soruşdum, bu palatanı kim bəzəyib,
dedilər qohumun. Sonradan bildim ki, atam eləyib. Bir dəfə
balaca olanda atam məni bulvardan qaçırmaq istəmiş,
anamgili hay-həşir salmışdılar. Yəni həmişə
arxamızca gəzirdi. On yaşım olanda anam dedi ki, bax, o
yaraşıqlı kişi sənin atandı. Məni atamla
Barat Şəkinskayanın qızı Solmaz xanımın
evində tanış elədilər. Çox sevinirdim ki, bu
gözəl kişi mənim atamdı. Sevindiyimdən gəlib,
evdə şamlar yandırdım...
Səməd
Vurğunun bir şeiri vardı – “Xavərə”:
Yusifin,
Vaqifin görüm var olsun,
Aybəniz
hamıdan bəxiyar olsun,
Yüz il
də Vurğuna Xavər yar olsun,
Ən əziz
diləyim, köməyim sənsən.
Yox, Aybəniz
bəxtiyar olmayıb, qadın kimi. Amma deyim ki, bunu faciəyə,
dərdə də çevirmədi. Bəzən elə ailələrə
qonaq gedirdik ki, ordan çıxanda ailə
qurmadığına şükür eləyib deyirdi: “Belə
kişilərin olmasındansa, ailəsiz qalmaq daha
yaxşıdı. O dərəcədə ağıllı
qadınıydı, deyərdi: “Mən elə-belə, hər
yetənlə ailə qura bilmərəm. Gərək sevəm,
sevdiyim də bu sevgiyə layiq ola. Yalnız bir dəfə
sevmişdi – atamı, vəssalam. Mən bilirəm... Atamla
anamı barışdırmağa cəhd etmədim. Hər
şey məndən qabaq, mənsiz həll olunmuşdu...
Bilmirəm,
bəlkə də, yaxşı insan qarşısına
çıxsaydı, ailə qurardı... Düzdü,
elçilər düşürdü. Hərəni bir dil ilə
yola salırdı. Onu bir rəssam sevmişdi, anama da təklif
eləmişdi ki, qızını Bakıda qoy, gedək
Moskvaya. Anam razı olmamışdı. Beləcə imtinalarla
yaşadı.
Hərdən
mənə elə gəlirdi ki, Xavər nənəm mənim
anamdı, Aybəniz isə atam. Bir az kişi xasiyyətli
olmuşdu. Ailənin yükü onun çiyinlərindəydi.
70 illiyində
mənim toy paltarımı geymişdi. Ziyafət
üçün ayrıca milli paltar tikdirmişdi. Dedi, - atamın
arzusuydu ki, qadınlar toya, məclisə milli paltarda gəlsinlər.
Bu, onun atası Səməd Vurğuna olan ehtiramının son
nümunəsi oldu. Xasiyyətcə çox nikbin
qadınıydı. Qəflətən xəstəlik tutdu.
Anamın ölümü mənə böyük stress
yaşatdı.
O,
dünyasını dəyişəndə evdəki əşyalar
da dondu, dayandı. O, sağ olanda isə əşyalar sanki
canlıydı, danışırdı. Hər gün yuxuma gəlir,
hər gün. Məni muzeyə rəhbər təyin edəndə
yuxuda gördüm sevinir, konfet paylayır. Elə burda, bu evdə...
Aygün VƏKİLOVA
Ədəbiyyat qəzeti.- 2021.- 11
sentyabr.- S.12-13.