Yumruq boyda ürəyində dağ

boyda Səməd Vurğunu yaşadırdı...

 

     Xalq  şairi  Səməd  Vurğunun  qızı  Aybəniz  xanım. Atası  kimi  olduqca  sadə, humanist, mərd, qayğıkeş, anası kimi alicənab, həssas, yaraşıqlı Aybəniz xanım. Yusif  və Vaqif  Səmədoğullarının “qız qardaşı” Aybəniz  xanım. Urəyi dünya qədər böyük, səxavətli, xasiyyəti və görünüşü ilə babası Səməd Vurğuna cox bənzəyən və ürəyimdə heykəl olan Aygünün anası, övladım qədər sevdiyim Vurğunun  nənəsi Aybəniz xanım. Və mənim üçün unudulmaz  insan olan Aybəniz xanım.

 Bütün qızlar atalarını daha cox sevirlər. Aybəniz xanımın sevgisi isə fərqli idi. O, həyatını, ömrünü atasına həsr etdi. Atası haqqında cox danışmazdı. Yumruq boyda urəyində dağ  boyda  Səməd Vurğunu yaşadırdı. Onun ücün atası həmişə sağ idi, sanki.

Mən Aybəniz xanımla 22 il muzeydə bir yerdə işləmişəm. Xavər xanım  şairin sağlığından qoruyub saxladığı arxivi muzeyə təhvil vermiş, Aybəniz xanım isə bütün yükü öz zərif çiyinlərində daşımışdı – atasının müqəddəs ocağını yaratmışdı.

 Hər xasiyyətinə bələd idim. İş zamanı olduqca ciddi, hər cəhətdən tələbkar olan Aybəniz xanımla işləmək elə də asan deyildi. Onunla danışarkən gərək “nöqtəni, vergülü düzgün qoyaydın”. Ona görə də “muzeydə bekarçılıq olar” – deyib işə düzələn bəzi qızlar onun işdəki dəst-xəttinə tab gətirə bilmirdilər. Aybəniz xanım mənə muzey işini  xırdalıqlarına qədər  öyrətdi. Bir dəfə də,  hətta  yarızarafat, yarıciddi  “mənimlə  yola  gedirsənsə, demək qayınananla da yola gedəcəksən” – deyib güldü. Yəni özü də  xasiyyətinin ağır olduğunu bilirdi. Amma  bu  xasiyyəti    vaxtı  bitənə kimi idi. Sonra tamam fərqli adam olurdu. Muzey onun ücün müqəddəs idi. Vaxtilə atası qalxdığı pilləkənlərlə evinə deyil, artıq  işinə  qalxırdı. Ev atasının adını daşıyan  muzey olmuşdu. Demək, işinə  də, evinə də  eyni  məsuliyyətlə  yanaşmalısan ki, ocağın gur yansın.

 …Səməd Vurğun Qori Müəllimlər Seminariyasının Qazax rayonundakı Azərbaycan  bölməsində təhsil alarkən dərnək rəhbəri Teymur bəy Şadlinskinin diqqətini cəlb etmiş, onu Məcnun roluna hazırlamış və təbii ki, o da bu rolun öhdəsindən  məharətlə  gəlmişdi. Bu faktı bilirdim. Amma bir gün səhər işə gələndə Aybəniz xanım əlindəki qəzeti mənə uzadıb, – “Ay Xanım, biz qohum imişik ki, oxu bunu” – dedi. Məqalədə Naxçıvan Vəkilovlarından və onların  Şadlinskilərlə olan qohumluğundan yazılmışdı. Mən də cavabında, – “Aybəniz xanım, məni bu muzeyə qan qohumluğu bağlayırmış ki” – dedim. Bu söz ona elə ləzzət elədi ki, xeyli güldü.

  Bir dəfə qonşunun səhlənkarlığından  evində  yanğın olmuş və muzey tərəfə də kecmişdi. Şairin iş otağının  divarının bir hissəsi yüngül  zədə  görmüşdü. Təbii ki, əlaqədar təşkilatlardan, öz nazirliyimizdən nümayəndələr gəldi. Sənədlər hazırlandı, aktlar tərtib edildi. Amma Aybəniz xanım çox təlaşlı və gərgin idi. Biz də, təbii ki, pis olmuşduq. Amma QORUYAN qorumuşdu muzeyi. Başqa cür də ola bilərdi. Hamı gedəndən sonra Aybəniz xanım uşaq kimi əlimdən tutdu, –Xanım, gedək atamın otağına bir yerdə ağlayaq, – deyib, məni şairin iş otağına  apardı: “Təsəvvür edirsən, atamın oxuduğu kitablar, şeirlərini yazdığı masa, oturduğu kreslo, kitab şkafi yana bilərdi. Onlara bir şey olsaydı, mən də ölərdim. Bu otaq mənim üçün müqəddəsdi”, – deyib, hönkür-hönkür ağladı. Mən o gün anladım ki, onun üçün ən qiymətli və xatirələrlə dolu olan otaq atasının iş otağı imiş…

 Aybəniz xanım çox güclü  şəxsiyyət idi. Ancaq amansız xəstəlik onu yaman  yaxaladı, gücünü əlindən aldı. Demək olar ki, hər gün Aygüngilə gedib, ona baş çəkirdim. Onun baxışlarını hec vaxt unuda bilməyəcəyəm, ümidsiz, gücsüz, imdad diləyən baxışlarını…

Aybəniz xanım qibtə olunacaq ana idi, çünki  Aygün  kimi qızı var idi.  Bir gün otaqda ikimiz idik. Qəfildən mənə, – Xanım, məni bağışla, – dedi. Təəccübləndim: “Mənə nə yamanlıq etmisiniz ki, Sizi bağışlayım?”. “Yox, yox, bəlkə də məndən nə vaxtsa incimisən, bağışla”, – dedi.  “Aybəniz xanım, mənə elə söz deməyin. Əgər mən  bilmədən nəzakətsizlik etmişəmsə, siz məni bağışlayın”, – dedim və onu qucaqladım. Sonralar başa düşdüm ki, Aybəniz xanım məndən halallıq alırmış…

Aybəniz xanım, sizdən sonra muzeyin baş mühafizi vəzifəsində mən işləyirəm. Bacardığım qədər yolunuzu davam etdirirəm. Sizin kimi olmasam da, Sizə bənzəməyə calışıram. Aygündən sonra işdən də ayrılmaq istədim. Ancaq hansısa qüvvə mənim muzeydən ayrılmağıma imkan vermədi. Bəlkə, bu, SİZLƏRİN RUHU idi… Bəlkə də vicdan borcu… Bilmirəm… Hansı qüvvədirsə, yenə halal edin

 

Xanım  ŞADLİNSKAYA

Səməd Vurğun ev-muzeyinin baş mühafizi

 

Ədəbiyyat qəzeti.- 2021.- 11 sentyabr.- S.14.