Qarabağ torpağı

 

Qarabağ torpağı, söylə, qara bağın necədir?

Qara torpaqda bitən barlı budağın necədir?

 

Düşmənin çəkdiyi çarpaz dağa məlhəm qoyulur,

Ucalan göylərə məğrur qoca dağın necədir?

 

Şəhidin qanı olubdur yağının üz qarası,

Görürəm, alnın açıq, üzdəki ağın necədir?

 

Ağlayıbdır neçə illər sinən üstə gecələr,

Daha gülsün əbədi - güllü bulağın necədir?

 

Şuşanın çal-çağırı çünki qonaq təşnəsidir,

Gözün üstə yer alan ali qonağın necədir?     

 

Dağa söykəndin, əsl dağ polad övladın imiş,

Uca dağlar kimi qeyrətli dayağın necədir?

 

Yağını yaslı görüb, Teymur, utanma, xəbər al:

"Qulağında açılan cüt şapalağın necədir?".

 

Azərbaycan brendi

 

Dayazlarda üzən çoxdur dəryada,

Dərinlərdən dərindədir Füzuli!

Baxma Bağdad təndir kimi od verir -

Şahdağdadır, sərindədir Füzuli!       

 

Quş sözünə nə sərhəd var, nə çəpər,

Od qələmi yanan qəlbə su səpər.

"Leyli" deyib Məcnun kimi ün təpər,

Saf sevginin torundadır Füzuli.

 

O zaman ki, qəzəlləri dillənər,

Qəmli qəlblər aram tapar, dinlənər.

Bu reklamı yaz aşiqlər könlünə:

"Azərbaycan brendidir Füzuli!".

 

Eldə ali, ulusumda uludur,

Halal yurdda halımızdan halıdır.

Şeirimizin çörəyidir, balıdır,

Həm duzudur, həm qəndidir Füzuli.

 

Yurdumuzda bir şəhərə ad oldu,

Bir qərinə həsrət qaldıq, yad oldu.

Rəhbər qırdı, zəncirdən azad oldu,

Acı getdi, şirin dadır Füzuli!

 

Bizim

 

Yeri, düşmən, yeri get! Yer də bizim, yurd da bizim!

Təslim oldun, di kiri! Sülh də bizim, şərt də bizim!

 

Bəsdi çaqqalsayağı saldın ulartı cahana -

Şirimiz nərə çəkərkən ulayan qurd da bizim!

 

Kiməsə arxalanıb quyruğunu çox bulama -

Bil ki, quyruqkəsənik - tut da bizim, xırt da bizim!

 

Nooldu bəs, Anna, bizi dəvət edirdin Şuşaya?

Şuşada biz içirik - çay da bizim, tort da bizim!

 

Doğrudan da, quduran qırx günə qalmaz dedilər:

Qara gün qabladığın gün sayı qırx dörd də bizim!

 

Gah ipək, gah da poladdır qocaman türkün əli:

Qonağa yumşaq olan, düşmənə çox sərt də bizim!

 

Elə bil, ömrünü verdin bada, Teymur, daha sus -

İzimiz qalmasa sözdən anamız yurdda bizim...

 

Yuxu çıxdı

 

Demə, röyada bizə çeşmi xumar gəlmiş idi...

Nizami Gəncəvi-880

 

Şair, niyə bəs sevgili yarın yuxu çıxdı?

Aydan da gözəl çeşmi xumarın yuxu çıxdı?

 

Günlərlə dözüb ayrılığa, qəhrini çəkdin,

Guya sona çatmışdı qubarın... yuxu çıxdı.

 

Əğyar nəzərindən sizi divar ayırırdı,

Tez uçdu - oyandın, o divarın yuxu çıxdı.

 

Yar gəldi, dedin yaz gəlib açmış güli-rəna,

Gül soldu, xəzan vurdu, baharın yuxu çıxdı.

 

Qurnaz fələyi udmuş idin guya qumarda,

Heyhat, uduşun batdı, qumarın yuxu çıxdı.

 

"Bir böylə səadət mənə hardandı?" deyirdin -

Çox heyif ki, çalmışdı damarın - yuxu çıxdı...

 

Dahi sözünün sevdasına səndəmi düşdün? -

Teymur, tez ayıldın, bu bazarın yuxu çıxdı...

 

Darıxanda

 

Ney kimi hər dəm ki bəzmi-vəslini yad eylərəm,

Ta nəfəs vardır quru cismimdə, fəryad eylərəm!

Məhəmməd Füzuli

 

Vəslindən uzaq nalə edər can darıxanda,

Bir quş kimi hey çırpınar insan darıxanda.

 

Baş qəhrəmanım öc günü daş meydana çıxsa,

Başlarla dolar daş kimi, meydan darıxanda.

 

Qurban gününü gözləyə bilməz, əsəbindən

Qəsd eyləyər öz canına, qurban darıxanda.

 

Təskinlik üçün öz üzüyün axtarar, ancaq

Bilməz üzüyü harda, Süleyman darıxanda.

 

Əslində sunami deyilən dalğa yox imiş -

Kəndi, şəhəri qərq edər ümman darıxanda.

 

Ellər yığanı qəsd eləyib yellərə paylar,

Bir dən belə verməz ələ xırman darıxanda.

 

Teymur, ayıq ol, Tanrını bilmərrə unutma -

Hərdən dolaşar könlünə, şeytan darıxanda...

 

Gələsən

 

Tutulunca səsim, əlbəttə, çağırram gələsən!

Bu yarımçıq gəlişi boş verəsən, tam gələsən!

 

Geri dönməz bu gedən günlərimiz, yaxşı düşün:

Batmadan gün, hələ çox keçmədən əyyam - gələsən!

 

Fərqi yoxdur, səni gözlər bu gözüm gün uzunu:

Ya səhər vaxtı, günorta, ya da axşam gələsən.

 

Çox şirinsən, bilirəm, istəmirəm şirnini, gəl -

Yenə xoşsan mənə, ya turşməzə, şortam gələsən.

 

Mən ki eşqin camını nuş edərəm uf demədən:

Bir əlində məzə, bir əldə dolu cam gələsən!

 

Necə ki, bayramı gözlər quru çöllərdə çiçək,

Gəlişindir mənə bayram, mənə bayram gələsən!

 

Teymur, axırda bilirdin ki, əlin boş qalacaq! -

Bu kamal dünyasına kim dedi ki, xam gələsən?

 

Haçan?

 

Sevəcəksən, bilirəm ki, məni sən, amma haçan?

Bu məhəbbət alışar ən yenidən, amma haçan?

 

Bax saralmış ota, yazda yenidən gömgöy olur,

Qaralar, saçlarıma düşsə də dən, amma haçan?

 

Solsa da gül üzünün rəngi, dönər xeyli zaman,

Yenə də biz olarıq güllü çəmən, amma haçan?

 

"Daş gəlir pəncərədən" nəğməsi köhnəldi demə,

Yeni bir daş gələcək pəncərədən, amma haçan?

 

Şir südün əmdi Basat, Təpəgözü dəppələdi,

Çıxacaq meydana bir aslan əmən, amma haçan?

 

Sən alov olsan əgər, mən də polad - xeyri nədir?

Əriyər səndə, gülüm, məndəki mən, amma haçan?

 

Yığsa Məcnun kimi öz könlünə dünya qəmini,

Görəcəksən, bilirəm, Teymuru şən, amma haçan?

 

Varmı?

 

Qəmsiz yaşayan dünyada insan hələ varmı?

İnsan belə dursun, cin ilə can hələ varmı?

 

Azmanları cismən qırıban çatdı bu dünya,

Boydan balaca mənəvi azman hələ varmı?

 

Dil pəhləvanı qurban üçün canını verməz -

Öz könlü ilə yarına qurban hələ varmı?

 

Bir vaxt dedi dahi: "Dayan, ey an, nə gözəlsən!"

Bəs indi dayandırmalı bir an hələ varmı?

 

Qan-yaş tökərək dəryanı doldurdu bir aşiq,

Göz yaşlarının daşdığı ümman hələ varmı?

 

Qutsal yeri boş qoymaz axır Tanrımız əsla! -

Qorqud yaşayırmı, ya Qazan xan hələ varmı?

 

Teymur, Qarabağ torpağı dərmanın olubdur,

Bundan da gözəl, etkili dərman hələ varmı?

 

Aşiq

 

Olur rüxsarinə gün, ləlinə gülbərgi-tər aşiq,

Sana əskik degil, gögdən yağar, yerdən bitər aşiq.

Məhəmməd Füzuli

 

Maya gördükdə kükrər, kimsədən qorxarmı nər aşiq?

Olarmış yar yolunda səhralarda dərbədər aşiq.

 

Hər aşiq canını qurban deyər uğrunda, əlbəttə,

Gələrkən kəsməyə, tutmaz sözün ancaq ki hər aşiq.

 

Deyərsən bəs ocaqdır qəlbi, salsan qor-qığılcımlar,

Yanar yandıqca, söndürsən, verib tüstü, tütər aşiq.

 

Gərək aşiq təhər-tövrün unutsun, eşqini tutsun,

Nə gözlərsən o kəsdən ki olarsa birtəhər aşiq?

 

Varın vermiş yarın uğrunda, alsın muştuluq kimdən?

Gələrkən Xızrın imdadı, gərək versin nəmər aşiq.

 

Əl üzməz öz yarından, gər üzülsə canı bir teltək,

Əgər üzmək dilərsə, qəm gölündə həm üzər aşiq.

 

Yeri, xatircəm ol, Teymur, xətərsiz sevgi olmaz ki!

Çəkər məşuqədən zülmü, görər hər gün xətər aşiq.

 

Nəymiş?

 

Rahatlıq çox baha bir şey, əziyyət, qayğı müftəymiş,

Dedim qəmlər bitib artıq, cavab gəldi: bu siftəymiş.

 

Sulu incilərin görsəm, gözüm incinməz aləmdən,

Gözüm çıxsın, baxıb gördüm hələ inci sədəfdəymiş.

 

Fələk çəkmiş kaman, oxlar qoyulmuş çilləyə hazır:

Başım doqquzluğa düşmüş, ürək onluq hədəfdəymiş.

 

Bu qismətdir, kimə zindan, kimə məclis nəsib olmuş,

Könül zindanda zəncirdə, yarım məclisdə kefdəymiş.

 

Səyahətdə neçə illər gəzib rahatlıq axtardım,

Evə döndükdə gördüm ki, həmin rahatlıq evdəymiş.

 

Çətinliklər düyün saldı, çalışdım açmağa, heyhat!

Düyünlər sən demə, ancaq ömür adlı kələfdəymiş.

 

Şikayət eyləmə, Teymur, ömürdür, yaxşı-pis keçdi,

Sevin ki, Tanrının lütfü həmişə biz tərəfdəymiş.

 

Noolar?

 

Bir qar yağa, tufan qopa, bir yel əsə, noolar?

İnsan dediyin insana zülmün kəsə, noolar?

 

Kəssin daha qar-qur səsini zəhlətökənlər,

Bülbüllərimiz bağda verə səs-səsə, noolar?

 

Etmiş yaşamaq haqqını Tanrım bizə qismət,

Nuş olsun ömür qismət olan hər kəsə, noolar?

 

İnsanlar üçün ibrətə tək bir qurum olsun -

Məhbəs dönüb olsun beləcə mədrəsə, noolar?

 

Hər kəs kəsəcək qan izini, dahidir əlbət,

Öz qardaşının düz sözünü kəsməsə noolar?

 

Hər elmin əsası riyaziyyatdır, əzizim!

Cəbr olmasa, başlı-başına həndəsə noolar?

 

Hərdən qımışırsa, bu da çoxdur bizə, Teymur,

İlham pərisi hərdən üzə gülməsə noolar?

 

Teymur KƏRİMLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 11 sentyabr.- S.16-17.