Daha bir itki 

 

Xeyrulla Əliyevin ölüm xəbərini onun oğlu Pərviz mənə çatdırdı. "Dünyaya gəlmək getmək üçündür", bu nə qəmdir" - Seyid Əzimin bu misrasını xatırladım. Ömrünün son illərində Xeyrulla müəllim xəstəliklə mübarizə aparırdı, gələn il onun 90 yaşı tamam olacaqdı. Beş il olardı son iş yerini (Ədəbiyyat İnstitutunda böyük elmi işçi kimi çalışırdı) tərk etmişdi. Biz ona - bu maraqlı, həyatı xatirələrlə, mühüm hadisələr və görüşlərlə zəngin olan bu insana, onun söhbətlərinə öyrəşmişdik.

Xeyrulla müəllimi sizlərə - ədəbiyyat adamlarına tanıtmağa ehtiyac yoxdu. O, iyirmi il (1970-1989) Azərbaycan KP MK mədəniyyət şöbəsində bölmə müdiri vəzifəsində çalışmışdı. Yazıçılarla, onların əsərləri və hətta şikayətləri ilə bağlı əksər məsələlər Xeyrulla müəllimə gedib çatırdı. O da çalışırdı ki, əlindən gələn köməyi əsirgəməsin. Yadımda qalan iki faktı xatırlayım. Əkrəm Əylislinin "Kür qırağının meşələri" povesti ətrafında müəyyən narazılıq yaranmışdı. Xeyrulla müəllim ədalətli bir münsif kimi bu məsələni yoluna qoydu, hətta mətbuatda povest haqqında müsbət bir məqalə də dərc etdirdi. Yusif Səmədoğlunun "Qətl günü" romanı isə aylarla müəyyən şəxslər və dairələr tərəfindən jurnalda çapa yaxın buraxılmadı. 1983-cü ilin axırları və 84-cü ilin əvvəlləriydi, Qlavlit vardı, sovet ideologiyası hələ hökm-rəvanlığını itirməmişdi. O romanda, doğrudan da, hakim ideologiyanın ziddinə məqamlar nəzərə çarpırdı. Roman sonda Xeyrulla müəllimə göndərildi və hamı elə güman edirdi ki, rədd silsiləsi davam edəcək. Amma belə olmadı. Xeyrulla Əliyev "Bu ən gözəl Azərbaycan romanıdır" deyib qadağalara sədd qoydu. Roman 1984-cü ilin aprel nömrəsində "Azərbaycan" jurnalında çap olundu.

Xeyrulla Əliyev filologiya elmləri namizədi idi, 1970-ci ildə "Müasir Azərbaycan romanında ənənə və novatorluq" mövzusunda dissertasiya müdafiə etmişdi. Əgər partiya-dövlət işində çalışmasaydı, heç şübhəsiz, doktor da ola bilərdi. Səhv etmirəmsə, o, Ədəbiyyat İnstitutunda işləyərkən doktorluq dissertasiyası üçün mövzu da götürmüşdü, amma... yazmadı. Elə bilirəm ki, Xeyrulla müəllimin altmış il ərzində yazdığı ədəbi-tənqidi məqalələri, xeyli publisistik yazıları çoxcildliklər şəklində oxuculara təqdim oluna bilər. Dəfələrlə onunla müasir ədəbiyyat haqqında söhbətlər etmişəm və onun ədəbiyyat sevgisini və müasir ədəbiyyata obyektiv yanaşmalarını hiss etmişəm. Onun rus dilində çap etdirdiyi "Müasir Azərbaycan romanı" monoqrafiyası Azərbaycan romanının 1930-1970-ci illər mənzərəsini, keçdiyi inkişaf yolunu və problematikasını əks etdirir.

2003-cü ildə isə X.Əliyevin "İncəsənət tarixi - xarakterlər tarixidir" məqalələr toplusu çap olundu və bu kitabda X.Əliyevin müxtəlif illərdə qələmə aldığı və əsasən ədəbiyyatımızın qəhrəman məsələsinə həsr olunan yazıları diqqəti cəlb edir. Ümumiyyətlə, Xeyrulla Əliyevi adını çəkdiyim hər iki kitabda həm ədəbiyyat tarixçisi, həm də nəzəriyyəçi kimi gördüm. Çox sevinirəm ki, o mənim 2003-cü ildə çap olunmuş "Tənqid də yaradıcılıqdır" kitabım haqqında məqalə yazıb. O məqalədən bu bircə cümləni dönə-dönə oxumuşam və çalışmışam ki, onun mənim yazılarım haqqında tərifinə yaxşı yazılarımla cavab verim: "Vaqif Yusifli qələmi tənqidin ən başlıca və xeyirxah bir missiyanı həyata keçirir - yazıçıyla, sənət adamıyla oxucu, tamaşaçı, dinləyici arasında körpü, əlaqə yaradılması, onların bir-birinə yaxınlaşması prosesində iştirak edir...".

Xeyrulla Əliyev fəal ictimaiyyətçi və dövlət adamı idi. O, Universitetin Jurnalistika fakültəsini bitirəndən sonra bir müddət Gəncədə qəzet redaksiyasında jurnalist kimi çalışmışdı. Sonrakı illərdə isə onun ictimai işlərdə xüsusi bacarığı, çalışqanlığı öz bəhrəsini verdi, MK-da Mədəniyyət şöbəsinin bölmə müdiri vəzifəsinə irəli çəkildi. Azərbaycanda Xalq hərəkatının şiddətləndiyi bir dövrdə (1989-1990) Xeyrulla Əliyev Cəlilabad rayon Partiya Komitəsinin birinci katibi oldu, amma "bəylərin" gözü onu tutmadı, Bakıya qayıtdı, Milli Məclisin deputatı kimi fəaliyyətini davam etdirdi. Xatırlayıram ki, Səyavuş Sərxanlı ilə Cəlilabada getmişdik, hər ikimiz Xeyrulla müəllimi tanıyırdıq, ona görə də birinci ona baş çəkdik. Xeyli söhbət etdik, Xeyrulla müəllim rayondakı iğtişaşlardan, ictimai-mənəvi ab-havadan söz açdı, "Azərbaycanı bu vəziyyətdən yalnız Heydər Əliyev qurtara bilər" dedi. Onda hələ Xalq Cəbhəsi-Müsavat hakimiyyətə gəlməmişdi.

Xeyrulla müəllim qəlbən, ruhən ədəbiyyat adamı idi. Qələmi təkcə yüksək vəzifələrdə işləmək üçün deyil, həm də yaradıcılıq üçün çırpınırdı. Amma alimliyi, ədəbiyyatşünas kimi fəaliyyəti bir yana, o, bir tərcüməçi kimi də fəal idi. V.Oseyevanın "Dunka", Dyula Çak Klenbanın povestlərini ruscadan dilimizə çevirmişdi. Amma ən çox sevdiyi iki sənətkar - Çingiz Aytmatov və Nodar Dumbadze ilk dəfə onun tərcümələrində (Ç.Aytmatovun "Dəniz kənarında gəzən Alabaş", "Gün var əsrə bərabər", N.Dumbadzenin "Al bayraqlar" və "Mən günəşi görürəm" əsərləri) dilimizdə səslənmişdi.

Tarix həm iki əsrdə, həm də iki ictimai quruluşda çalışmış insanları qiymətləndirərkən bir meyarı əsas götürür: o insanın dəyişməyən idealını. Xeyrulla Əliyev istər sovet dövründə, istərsə də müstəqillik illərində əsl azərbaycançı idi, ədəbiyyatımızın və ədəbi-tənqidi fikrimizin təbliğatçısı və müdafiəçisi idi.

 

Vaqif YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 11 sentyabr.- S.18.