Şuşada M.P.Vaqif Poeziya

Günlərindən təəssüratlar

 

Gediş

 

 I

 

Karvan yola düşür üzü Şuşaya...

Yolları gözümə yığıb gedirəm.

Elə bil, bu böyük şəhərdən deyil,

Elə bil, özümdən çıxıb gedirəm.

 

Keçirəm Salyandan, Biləsuvardan,

Bu yerdə burulur yol İmişliyə.

Bizdən şanlı-şanlı salamlar olsun

Qovunlu, qarpızlı, yer-yemişliyə!

 

Beyləqandan sonra Füzuli yolu...

Gedirəm, dəyişir gözümdə dünya...

Çöldür, biyabandır yolun sağ-solu...

Olubdur, gör, hansı dözümdə dünya!

 

İnsi yox, cinsi yox, ev-eşiyi yox...

Baxırsan, hər tərəf daş topasıdır.

Dolu beşiyi yox, boş beşiyi yox...

Burda yer yarılıb, göy qopasıdır.

 

Erməni rüzgarı əsibdir burda...

Yerləri, yurdları yalayıb keçib.

Arxalı köpəklər quduz it kimi

Otu, alafı da dalayıb keçib.

 

Bu da Zəfər yolu... Baş əyirəm mən.

Ağrımı, acımı udub gedirəm.

Yanar ürəyimi çəkib sinəmdən

Əlimdə bayraqtək tutub gedirəm.

 

Qalxır Zəfər yolu arandan dağa...

Bu yol sarma-sarma, dolay-dolaydır.

Dağlarsa bənzəyir yamyaşıl tağa...

Qalxırıq,.. enirik... Hələ ki yaydır.

 

Burda aşılası dağlar birmidir?

Beşmidir, onmudur? - Bilənlər bilir.

Torpaq ziyarətgah, torpaq pirmidir?

Durub səcdəsinə gələnlər bilir.

 

Qəlbi bu yerlərdə vuran analar!

Nələr var qarşıda, nələr var, nələr!

Papağı başından uçan binalar...

Gözləri oyulmuş kor pəncərələr.

 

 

Xocavənd uzaqdan görünür, baxın!

Hələ Zəfər yolu eləyir davam...

var ki, insana torpaqdan yaxın?

Salam, doğma suyum, torpağım, havam!

 

Şuşam bir şəhərdir dağlar başında...

Özü şüşədəndir, səngəri - daşdan.

Qartaldır dayanıb qaya qaşında...

O, qalib çıxıbdır qanlı savaşdan...

 

Heyrətə gələcək desəm hər kimə...

Səksənməsin deyə güllə səsindən.

İgid əsgərimə, mərd əsgərimə

Qayalar yol verib daş sinəsindən.

 

Qızılı bir payız günü Şuşada

Açılıb qızılı bir səhər, Allah!

Baxıb, gözlərinə inanmasa da,

Mat qalıb, key keçib bu şəhər, Allah!

 

Göydə başı üstə şəhid ruhları...

Yerdə sinəsinə sarılan qollar...

Gülündən qan daman güllər, çiçəklər...

Gün vurub buğlanan qan gölü yollar..

 

Nə deyim taleyin biçdiyi dona?

Bəşərə yaraşmır bəşər tarixi.

Bir gün Xankəndidə yetəcək sona

Bu fitnə tarixi, bu şər tarixi.

 

Çatdıq... Bu da - Şuşa... Dayanır maşın...

Şuşam, gözün aydın, var olsun başın!

"Mənim əziz Şuşam, azadsan daha!"

Şükür Allaha!

Şükür Allaha!

 

04.09.2021

 

Ziyarətin qəbul olsun,

Məhərrəm!

 

II

 

(Şuşaya daxil olarkən Tehran

Əlişanoğlunun, Vaqif Yusiflinin,

Sərvaz Hüseynoğlunun mənim

şahidliyimlə Şuşaya səcdə edib

daşını öpən Məhərrəm Qasımlıya)

 

Qismət oldu, əhdə vəfa eylədin!

Ziyarətin qəbul olsun, Məhərrəm! 

Yaman yerdə dərdə dəva eylədin!

Ziyarətin qəbul olsun, Məhərrəm!

 

Daşa əydin sevda dolu başını.

Daş da içdi gözlərinin yaşını.

Öpdün əziz Şuşamızın daşını

Ziyarətin qəbul olsun, Məhərrəm! 

 

İçimizdə əsdi sərin-sərin meh.

Bu yanğılar çətin sönər, çətin, eh!

Bəzən gözəl görünürmüş gözdə şeh...

Ziyarətin qəbul olsun, Məhərrəm! 

 

Zəfər yolu başdan-başa zəfərdi...

Bu gözəl yolçuluqdu, səfərdi!

Bizim Şuşa şüşə kimi şəhərdi...

Ziyarətin qəbul olsun, Məhərrəm! 

 

Şöhrətimiz yaman gözə şiş idi.

Bu olanlar yağıların işidi...

Vaqif Aslan köhnə, qədim kişidi...

Ziyarətin qəbul olsun, Məhərrəm! 

 

05.09.2021

 

Şuşada əsən külək

 

 III

 

Necə də şəfalıdır...

Şuşada əsən külək.

Sinəmdə, kürəyimdə,

üzümdə gəzən külək.

Könlümə sığal çəkir

Anamın əlləritək.

 

Məni fikir götürmüş....

Məni xəyal aparmış...

Şuşada Şəki varmış ...

Şəkidə Şuşa varmış...

 

Bəlkə, bu Şuşa deyil,

Şəkidir, Kiş kəndidir.

Bu - müdrik Həsən əmi,

O - Kamran əfəndidir.

 

Yolu yoluma bənzər,

gah yoxuş, gah enişdir.

Başının üstündə göy

geniş, geniş, genişdir.

 

 

Külək əsir, yel vurur...

Yel mülayim, meh sərin...

Bitmir, bitmir ki bitmir

fikrim, düşüncələrim.

 

Əsir, əsir Şuşada

yel , meh , külək də.

Tanrım, yer yaratmısan

bu qəlbdə, bu ürəkdə!

 

Mənim də bağımda var,

and olsun, xarıbülbül.

"Yarı gül, yarı bülbül".

Gülə, çiçəyə demə

dərdimi, barı, bülbül.

 

Şuşada əsən külək

zəngulədir, muğamdır.

Oxu, sevdalı könlüm,

oxumalı məqamdır!

 

06.09.2021

 

Əzizə xanım

 

IV

 

(Vaqif Poeziya Günlərindən qayıdacağımız gün Vaqif Yusiflinin əlində isti çörək və qoğal gördüm. Dedi ki,  ev üçün götürmüşəm, qoy bizim süfrəmiz Şuşa süfrəsi kimi bərəkətli olsun. Mən də digər yoldaşlara qoşulub çörək almağa getdim. Yolda bir qadın otuz il əvvəl qoyub gəldiyi evini tanıdı. Maşından düşdü. Biz də onun evini ziyarət etdik)

 

Boynundan asılan bəlgədən

adını bildim:

- Əzizə xanım.

- Bağımda bal armudum

var, - dedin...

Yeməmişdən dadını bildim,

Əzizə xanım.

 

Sürücüyə üz tutub

Dedin: - Saxla maşını.

Otuz ildir görmürəm

eyvanımı, divarımı, daşımı.

Dayandı maşın, Əzizə xanım.

Dayanmadı göz yaşın, Əzizə xanım.

 

Günün günortasında...

Şuşanın ortasında

Bünövrəsi salamat

evini gördün!..

Gözün aydın!

Dünyanın dərdqarışıq

kefini gördün!..

Gözün aydın!

 

Dedin ki, otuz ildir

dərilməyən gavalın var.

Qəribə günahın var!

Qəribə babalın var!

 

Şuşan o Şuşan kimi

Əhsən, qalıb yadında.

Varmı elə bir armud

bal armudun dadında?

 

Zəfər yoluyla gəldin,

evini tapdın.

Əzizə xanım!

Fikrində, xəyalında

təndirinə od salıb

çörək yapdın.

Əzizə xanım!

 

Mən də bir pay götürdüm

yapdığın o çörəkdən,

Əzizə xanım!

Halallıq ver ürəkdən!

Əzizə xanım!

 

06.09.2021

 

- Onlar kimlər idilər?

- Ermənilər idilər!

 

V

 

 (Vaqif Poeziya Günləri çərçivəsində Şuşaya səfər edən Əli müəllim adlı bir ziyalımız orada atasının məzarını tapa bilməməsindən gileyləndi)

 

- Onlar kimlər idilər?

- Ermənilər idilər!

Məzarları yedilər

başdaşları qarışıq.

Üstündən qan içdilər

göz yaşları qarışıq.

Bizi kənd-kənd tutdular...

Şəhər-şəhər uddular...

Analar bətnindəki

körpələri yedilər.

Ləzzətlidir, dedilər.

- Onlar kimlər idilər?

- Ermənilər idilər!

 

- Dayan, Əli müəllim,

məzar axtarma burda!

Atan, baban məzarı

daha qarışdı yurda.

Qarabağ baban oldu

Qarabağ atan oldu.

Torpağın torpaq oldu,

vətənin vətən oldu.

 

- Onlar kimlər idilər?

- Ermənilər idilər!..

Ermənilər idilər!..

 

08.09.2021

 

Vaqif ASLAN

 

Ədəbiyyat qəzeti.- 2021.- 11 sentyabr.- S.19.