Kinomuzda qadınlar
Üçüncü yazı
Təxminən 11-12 yaşlarındayam. Böyük əmimin
evində digər əmilərimin qızları, bibim
qızlarıyla toplaşmışıq. İçlərində
yaşca ən kiçik olanı mənəm. Yeyib-içdik, dedik-güldük, sonra film izləmək
üçün ekranın qarşısına
yığışdıq. O vaxtlar axşamlar televiziyada
növbəti günün proqramını elan edirdilər. Böyük əmimin film həvəskarı
qızı efirə gedəcək filmin adını,
başlanacağı vaxtı yadında saxlamışdı.
Film başladı, təxminən on dəqiqədən
sonra artıq hamı bir-birinin qulağına əyilib nəsə
pıçıldamaqdaydı. Bir az
da keçəndən sonra yenidən otaqda ağız deyəni
qulaq eşitmirdi.
Həvəslə
film izləməyi təklif edən qız da darıxdı və
qəfildən ağıllı bir sual verdi:
- Sizcə,
film niyə bu qədər cansıxıcıdır?
Bir-birimizin üzünə baxdıq. Hamı filmin,
doğrudan da, cansıxıcı olduğunu təsdiqlədi.
Ancaq səbəbini kimsə açıqlaya bilmədi.
Hamıdan təcrübəli, yaşca böyük olan qız
öz sualına cavab verdi:
-
Çünki film on dəqiqədən artıqdır gedir,
ancaq filmdə bircə qadın da yoxdur! Qadınsız
da film olar?!
Bunu deyənlər qadınlar özləri idi. Çox yəqin
ki, kişilər də belə düşünər, bu filmdən
tez sıxılardılar. İndi həmin
filmin adını xatırlamıram, ancaq müharibədən,
döyüşdən bəhs etdiyi yadımdadır.
Qadınların olmadığı bir dünya necə
maraqsızdırsa, filmlər də, kitablar da o cür
maraqsızdır. Hətta inqilablar da!
Sovet İttifaqı qurulandan sonra çəkilən ilk
filmlərin əksəriyyəti inqilaba həsr olunurdu. Həyatın
hər sahəsində gedən inqilabda, ictimai həyatdakı
dəyişikliklərdə qadınların da rolu
vurğulanır, bəzi filmlərdə isə önə
çəkilirdi.
Azərbaycan kinosunun ilk uğurlarından sayılan
"Bismillah" (1925) filminin qəhrəmanı Zeynəb
(K.Vyaznova) ilk inqilabçı qadın obrazlardandır. A.M.Şərifzadənin
rejissorluğu ilə çəkilən filmdə
yalançı mollaların avam kütlələrə etdiyi
zülmlər öz əksini tapır. Gecədən
səhərə qədər eyş-işrətlə məşğul
olub, şərab içən molla kəndin qız-gəlininin
namusuna da sataşır. Ona sidq-ürəkdən
inanan savadsız kəndlilərin inamından sui-istifadə edərək
varlanır. Yazıq, avam Qulu
uşağı olsun deyə, arvadını mollanın
yanına gətirir ki, dua yazsın, arvadı uşağa
qalsın. Molla isə xəlvətə
salıb Qulunun arvadıyla yatağa girir.
Zeynəbin bəkarətini pozur. Zeynəbi varlı bəyə
ərə verirlər, ancaq ərə getmək Zeynəb
üçün ölüm deməkdir. Dərdini
heç kimə açıb danışa bilməyən
qızcığaz toy günü ərinin evindən
qaçır, ancaq ölümdən canını son anda
qurtara bilir. Tutulub əmək-islah
düşərgəsinə göndərilən, səhərdən-axşama
qədər torpaqda əlləşən Zeynəb nənədən-babadan
qaçan qoğal kimi bu zülmdən də qaçıb
canını qurtarır, şəhərə gəlir. Burda o, təsadüfən neft mədənində
işləyən digər qardaşıyla
görüşür. Qardaşı
inqilabi dəstələrin içindədir, Zeynəb də
onlara qoşulur və inqilabçıların sırasında
irəliləyir.
Qulu mollaya inamını itirəndən sonra ümidsizcə
şəhərə gəlir. Qardaşının
yaşadığı evdə bacısı Zeynəbi
görür. Əvvəlcə
bacısının üstünə hücum edib hesab sorur,
ancaq Zeynəbin başına gələnləri öyrənəndən,
Zeynəbə inanandan sonra sustalır.
Qulunun gözləri tamamən açılır, bundan əvvəl
də molla qardaşını, onun həmfikirlərini
satmışdı, illərdən sonra tapdığı
oğlunun ölümünə səbəb olmuşdu. (Hərçənd
ki, uşaq elə mollanın uşağı idi).
Aşura günü uşağın alnını xəncərlə
çərtən, uşağın ölümünə səbəb
olan molla Qulunun ittihamlarına cavab olaraq deyirdi:
"Uşağı Allah vermişdi, Allah da aldı".
Namusu ləkələnən Zeynəb susmağa məcbur
idi. Çünki hamının mollaya övliya kimi
yanaşdığı vaxt kimsə ona inanmayacaqdı. Ancaq inqilabdan sonra Zeynəb mollanın məhkəməsində
iştirak edir, bütün həqiqəti mollanın
üzünə çırpır, onun həbs olunmasına
çalışır, nəhayət, özünün və
həmkəndlilərinin qisasını ondan alaraq qələbə
çalır.
Zeynəb inqilaba təsadüfən qoşulur,
küçədə getdiyi yerdə lappadan inqilabi dəstənin
arasına düşür, məqsədli şəkildə,
ardıcıl mübarizə aparmır. Daha əvvəl
isə mübarizənin mənasızlığını
anlayıb susmaqla, mollanın öz çirkin əməllərinin
arxasında gizlənməyinə göz yumur. Şərait yetişməsəydi, Zeynəb də
inqilabi proseslərə qoşulmayacaq, passiv seyrçidən
aktiv iştirakçıya çevrilməyəcəkdi.
Filmdə möhtəşəm aktyor ansamblı iştirak
edirdi: Mirzəağa Əliyev fırıldaqçı
mollanın obrazını koloritli və inandırıcı
oynamışdı. Bundan başqa,
M.Kirmanşahlı, M.Mərdanov, M.Sənani, qadınlardan
T.Vişnevskaya öz rollarının öhdəsindən
uğurla gəlmişdilər.
Sosializm inqilabına həsr olunmuş filmlərdə adətən
Müsavat, Cümhuriyyət hökuməti pislənir. "Bismillah"
filmində müsavat polisləri tərəfindən tutulub əmək-islah
düşərgəsinə göndərilən Zeynəbin
çəkdiyi məşəqqətlər göstərilir.
Tarixi, siyasi baxımdan inqilabi filmlər əhəmiyyətini
hər nə qədər itirsə də, insanların məişətində,
düşüncələrində aparılan inqilabın
nümayişi baxımından əhəmiyyətini qoruyub
saxlayır. Axı inqilab həyatın bütün
istiqamətlərində aparılırdı: təhsildə,
qadınların həyatında, insanların məişətində.
Qadınların inqilabına həsr olunmuş iki film
xüsusilə dəyərlidir. Bunlar görkəmli
dramaturq, kinossenarist Cəfər Cabbarlının öz əsərləri
əsasında ssenarisini yazmış olduğu "Sevil"
(1929, ssenari müəllifləri C.Cabbarlı, Q.Braginski,
A.Beknazarov, rejissor A.Beknazarov) və "Almaz" (1936, ssenari
müəllifləri C.Cabbarlı, rejissor A.Quliyev) filmləri
idi.
"Sevil" və "Almaz" filmlərində nəinki
qadınlar inqilabi proseslərə kənardan seyrçidir,
birbaşa onun iştirakçılarıdırlar. Onlar özlərinin,
ətrafdakılarının həyatına təsir edir,
öz talelərinin sahibinə çevrilirlər. "Sevil" filmi simvolik kadrlarla başlayır.
Biz onu dəmir barmaqlıqlı pəncərənin
arxasında, sanki qəfəsin içində
görürük. Sevil (aktrisa İzzət
Orucova) qüssəlidir, get-gedə ona diqqəti,
sayqısı azalan əri Balaşın yolunu kədərlə
gözləyir. Balaş dövlət idarəsində
məsul vəzifədə çalışır, zamanla,
sosializm quruculuğuyla ayaqlaşmağa
çalışır. Ancaq bunlar
hamısı görüntüdür. O, evdəki əşyaların
hamısını yeniləyir, hətta evə par-par yanan təzə
piano alıb qoyur. Ancaq sonra məlum olur ki,
pianonun qapağını kilidləyib açarı da
özündə saxlayır. Nə
bacısının, nə Sevilin ona toxunmağa ixtiyarı
yoxdur. Oturub -durduğu avara dostları və
Edel adlı yüngül həyat sürən qadını
evinə dəvət edəndə atasına zorla öz paltarlarını
geyindirir. Qoca kişi bu paltarların
içində olduqca qəribə görünür, güclə
hərəkət edir.
Sevil film boyu aciz göstərilir, evinə yad qadın gətirib
əri onu evdən qovur, valideynləri də təəssüf
ki, Sevili evlərinə buraxmırlar. Faktiki olaraq acınacaqlı
şəkildə küçədə qalan,
uşağını itirən Sevili mübarizəsi xilas edir.
Balaşın bacısı Gülüş
olduqca mübariz obrazdır, elə Sevilin gözlərini də
o açır. Gözünün
qabağında bir qadının axmaq yerinə qoyulmasına
dözmür, Balaşa qarşı çıxır. Onun üzündə daima istehza və qəzəb
var. Bu obrazın üzü film boyu dəyişmir, bu mimika ilə
o, dövrün özünə istehza və qəzəb
bildirir. Gülüşün üzündəki
gülüş qəzəbli gülüşdür. İnsanlar, kişilər zorla maarifə, təhsilə
cəlb olunublar, onlar üzü açıq qadın görəndə
hayıl-mayıl olurlar, ancaq öz evlərindəki
qadınları daim qara çarşab içində,
qaranlıqlarda, barmaqlıqlar arxasında görmək istəyirlər.
Onları bu vəziyyətdə saxlamaqla
qalmır, daim alçaldır, əzir, təhqir edirlər.
Bir səhnədə Balaş Gülüşdən
yazıb oxumaq öyrənən Sevilin əlindən dəftər-qələmi
alıb tullayır, ona paltosunu və şotkanı uzadır.
Balaşın beyni bütün müasirliklərə
açıqdır, o, bircə öz evindəki qadının
azad olmasını, müasir həyatla ayaqlaşmasını
qəbul eləyə bilmir.
Film boyu dəfələrlə Sevilin çarşabı
çiynindən sürüşüb düşür, hər
dəfə Balaş çarşabı əzizləyərək,
Sevilin çiyninə qaldırır. Bacısı evdən
çıxıb məktəbə yollananda onun üstünə
çımxırır ki, çarşabını geyinsin.
Qız çarşabı geyinib evdən
çıxsa da, küçədə onu çiynindən
çıxararaq büküb qatdalayır.
Filmin
sonlarına doğru Sevil öz həyatının sahibinə
çevrilir, işləyir-oxuyur, axırda
dövlət məmuru olur. Onun yuvasına
soxulan, ailəsini dağıdıb, övladına həsrət
qoyan qadın məzlum görünmək üçün
başına yaylıq atıb Sevilin qəbuluna minnətə
gəlir. Balaş bu gerçəkliklə
üzləşəndə məhv olur, onun
peşmançılığı birə min artır, lakin
artıq gecdir.
"Sevil" filmi yüksək məziyyətləriylə,
həm ssenari, həm rejissor işi ilə seçilir, kino
tariximizdə həm də buna görə əhəmiyyətli
yerlərdən birini tutur.
Azərbaycan kinosunun sonuncu səssiz filmi kimi də tarixə
düşən "Almaz" filmində kəndə müəllim
işləməyə yollanan gənc qızın (İzzət
Orucova) kənd sakinləriylə, sinif düşməni
adlandırılan varlı adamlarla yaşadığı
qarşıdurmalar göstərilir. Kənd camaatı əvvəlcə
Almazı xoş, gülərüz qarşılasa da,
Hacının təbliğiylə birdən-birə ona
düşmən kəsilirlər. Almaz kənddə
artel açıb xalça toxuyan qadınları
başına toplamaq, onların güzəranını
yaxşılaşdırmaq istəyir. Ancaq
qadınların ucuz əməyindən istifadə edib, onlara qəpik-quruş
verən Hacıya bu sərf eləmir. Filmdə ekzotik səhnələr
var. Almazın uşaqları müayinə etdirməkçün
çağırdığı kişi həkim
qız uşaqlarını müayinə edəndə,
açar deşiyindən güdüb görən kənd
qadınları bunu dəhşətlə
qarşılayırlar, "o, qızlarımızın
namusunu ləkələyir" deyərək, məktəbə
hücum edib, qızların əllərindən tutub
aparırlar.
Hamıdan gizli uşaq dünyaya gətirən
Yaxşını qardaşının zülmündən
qorumaq üçün fədakarlıqla "uşaq mənimdir"
deyən Almazdan kənddəki ən yaxın dostları da
üz döndərir. Gənc fəallardan biri hətta Almazı
zorlamaq istəyir, hesab edir ki, atasız uşaq dünyaya gətirən
Almaz onunla da yatmalıdır.
Sevil özü üçün mübarizə
aparmağa başlamışdısa, Almazın mübarizəsi
başqalarından ötrü idi. Hətta onu
ölümlə hədələmələri belə onu yolundan
döndərə bilmir. Almazın
mübarizəsi düşüncələrdə inqilab
oyatmaqdan ibarətdir, məqsədi insanları maarifləndirmək,
qadınların həyatını yüngülləşdirmək,
hüquqlarını təmin etmək, qız uşaqlarına
təhsil vermək idi.
"Bismillah"ın
Zeynəbi, "Gilan qızı"nın
Səkinəsi, (inqilabi cəhətdən bir qədər
passiv obraz olsa da), Sevil, Almaz obrazları öz hüquqları
uğrunda mübarizə aparan Şərq
qadınlarının ümumiləşdirilmiş obrazları
idilər. Onlar öz həyatları, azadlıqları
uğrunda savaşırdılar. Sevillə Almaz Azərbaycan kinosunda
ilk feminist qadınlar idilər.
Sevinc ELSEVƏR
Ədəbiyyat qəzeti.- 2021.- 11 sentyabr.- S.23.