Heç kimdən, heç bir şey
Hekayə
Novlu bulağı üstəki talada bir qaçaq
vurmuşdular.
Bu dəfə atryadların (qaçaq ovçularına
kənd camaatının yaraşdırdığı ad)
qızıl gülləsinə bu həndəvərin, adı
üstə mərdlik əyarı olan, qızıl kimi bir
adamı gəlmişdi. Özünə
qaçaq adı qazanana kimi bu adamın heç kəsin
qabağından qaçmadığı, nahaqqı həzm edə
bilməyib, haqqa tərəf güllə atmadığını
el-oba bilirdi. (Çölli-biyabana
düşməyi, şura hökumətindən qaçıb
yalquzaqların böyrünə sığınmağı da
kiçik qardaşına qarşı bir haqsızlıq
sonrası olmuşdu. Ulduzpapaqlıların
Peterburqda aqranomluq təhsili almış qardaşı Ələsə
qolçomaq damğası yapışdırıb Şəkərin
qalasına saldıqlarından sonra. Novlu
bulağı üstəki cır meyvə ağaclarını
calaq eyləyib meyvələrini allandıran, ballandıran, ətrafındakı
talalarda arıxuna açıb çiçəklərinin
şirələrini şanılara daşıdan dərənin
ilk təhsilli övladını dağa, dərəyə yiyələnmiş
kimi qələmə verib, gülləyə tuş gətirmişdilər.
Bunların da səbəbkarının kimliyini beş
barmağı kimi bildiyindən, o zamana kimi ovçu Alı
kimi tanınan şenliyin əməli-saleh bəndəsi
beşaçılanını işə salıb
adının qabağındakı kəlməni
"qaçaq" sözüylə dəyişəsi
olmuşdu.
Əslində, Ələsi gülləyə gətirən
Qibləsiz Oruz ondan qızı Gülövşənn
hayıfını çıxmışdı. Gülövşənin
Ələs sarıdan eşq oxu daşa dəyəndən
sonra gözlərini balaca damcılı bulağına döndərmişdi.
Həmin göz yaşlarının səbəbini bilməsi
sonrası qibləsiz kişi də həmin
odlu damlaları Ələsə dəyəcək güllənin
qırmalarına çevirmişdi).
Qardaşının qırxından sonra ovçu Alı
ilk dəfə ovuna Coğar çayının alt yanında,
şenlik içində çıxası olmuşdu. Həm də
bu dəfə beşaçılanını qurda-quşa
deyil, onlardan da yırtıcı bir bəndəyə tərəf
tuşlamışdı.
Gecənin gecə vaxtı Əskipara dərəsində
bir atəş səslənmiş, səhərisi şenliyə
bir xəbərin qırmaları səpələnmişdi.
-
Ovçu Alı qibləsizin ölüsünün
üzünü qibləyə çevirib.
Bax beləcə,
Alı deyilən əməli-saleh adam
şuranın qanunlarının üstündən
keçdiyindən, Coğarı keçib özünü
meşəyə verəsi olmuşdu.
İlk dəfə
Allah bəndəsinə güllə atıb, onun şəriyyətinə
qarşı getdiyindən gözü çevrilmiş adam özünü Novlu bulağının
üstünə zor-güclə verə bilmişdi. Bulağın aynasında gözlərini
özününkünə oxşada bilməyəndə buz
kimi suyu sifətinə çırpmalı olmuşdu. Gözlərinə yeni qonmuş məsum görkəmi
yumaq istəyinə xeyli vaxt sərf eləmişdi. Amma bunu bacarmamışdı.
Adının qabağındakı ovçu kəlməsi
öz ov oylağında, sevimli bulağının suları ilə
yuyulub getməli olmuşdu.
Onların
yerindəsə yenisi cücərmişdi: Qaçaq Alı.
Başına nəmər qoyulmuş adamı
qızıl gülləyə gətirənlər onun
qızıl qanına baxa-baxa paylarına düşəcək
qızıl onluqları gətirmişdi.
"Ovlarını" tezliklə Kəvvəsini almaq
üçün öküz arabasına uzatmış,
beşaçılanını da böyrünə
qoymuşdular.
Yoxuş aşağı öküzləri birləyib
mənzillərinin qızıl lentinə (özlərinin
qızıl onluqlarına) əlüstü yetişmək istəyirdilər.
Novlu bulağı üstən, araba təkərləri
ilə naxışlanmış meşə yoluyla bir
öküz arabası irəliləyirdi. İçində də
artıq dünyası üçün həm ovçu, həm
qaçaq adından çıxmış, heç kim olmuş bir bəndə. Böyründə
də dişi çıxmış ilana bənzəyən
beşaçılanı.
Kəndə tərəf təntidilən öküzlər
bör-bör böyürürdü. Elə bil hələlik
bir haqsızlığa qarşı Allahın
dilsiz-ağızsız heyvanları öz etirazlarını həmin
şəkildə ucaldırdı.
İçindəki heç kimlə, onun dişsiz ilana
dönmüş beşaçılanı ilə yüklənmiş
araba öküzlərin böyürtüsü ilə fitini
çala-çala Qazançı dağından
uzaqlaşırdı. Qaçağı tuta bilmədiklərinə
görə nə müddətdi üzləri damaq əppəyinə
dönmüş qaçaq ovçularının
Qarançıdan uzaqlaşdıqca çiyinlərindən
dağ götürülürdü.
Nəhayət, onlar üstündə Şuranın
qırmızı bayrağı, onu kənd sovetinə
çevirmiş Cavad ağanın mülkünə gəlib
çatdılar (üstündə qırmızı
bayraqlarını asmaq üçün Şuranın
qırmızı ulduz papaqlıları Cavad ağanı al
qanına qərq eləmişdilər).
Coğardan keçərkən çaya dil uzadan
öküzləri su içməyə də qoymayan
qırmızı yezidlər, heç olmazsa həyətdə
onları boyunduruqlarından açdı, çaya tərəf
yürüşlərinin qarşısını da almadı.
Öküzlər quyruqlarını qamçı eləyib
bulaya-bulaya qaldığı vaxt komandir də idarənin
içindəki telefonun dəstəyini bulaya-bulaya qaçaq
ucbatından xəcalətlərindən xilaslarına
çalışdı.
Telefonun əl yerini ha bulayırdısa, hələlik, səsini
Ceyrançölə, Şəkər ağanın
mülkündə yerləşən, üstə daha yelənli
bayraq yerləşən baş idarələrinə
çatdıra bilmirdi. Kənavven həyəcandan nəfəsi kəsilən əsgərləri
bir ağız yamanladı:
- Dəstəyin
dodaq evinə var gücünlə üfür. Bu
batmış da hərdən kəndin bəxtiqara, lal
qızına dönür.
Axır ki, komandirin səsi Əskipara Ceyrançöl
arası otuz kilometrlik yolu keçib enkevedi rəisi Xancanyana
çatdı və çəmkirtisini eşitdirdi.
-
Kopağlular, canınıza cəfa basıb o köpoğlunu
bura çatdırın. Gəlib tula
payınızı da alın.
Axırıncı
kəlmələr bir qaçağı heç kim, beşaçılanın dişçiz ilan
eləmiş adamları sevincdən öküz kimi
böyürtməyə başlatdı. Komandir
öküzlərin arxasınca böyürənlərdən
ikisini göndərdi.
Yerdə
qalanlardan biri özünü öküzlükdən
qurtarıb adam kimi danışmağa
başladı.
- A qəməndər
(komandir), atana ayın-oyun dalınca göndərdiyin Sədi
Çopuroğlunu gözləməyəcəyikmi? Bu dəqiqələr "ciç" eləyib
üzə çıxmalıdı.
-
Görmürsənmi yekənin (rəisin) hirsi yeri-göyü
yandırır? Erməniliyinə salıb bir dənə
çe (yox) dedi, bizim də pay-püşümüz yanacaq. İnsafən, öz qohumunun yerini də o şeytanlamışdı.
- Onun da
paqonuna balaca bir ulduz yapışdırsanız bəsi olar.
Əslində,
üstlərindən Qaçançı dağı
götürülənlər, xəlvətə salıb
gözlərinin qulağı ilə, öküzü
açılmış arabadakı heç kim
olmuş Qaçaq Alıya baxıb öküz kimi
böyürənlər onun özləri barələrindəki
hədə-qorxularını ağırlıq-uğurluq kimi
canlarından çıxarmaq istəyirdi.
- Urus, erməni
yalına hürən şuranın it oğlu, itləri,
hamınızı bir-bir ələ keçirib
küçüklüyünü görə
qulaqlarınızı kəsib, səmə itlərə
yedizdirəcəyəm. Sən Qəməndiri, ayı Səmədin,
oğlunu erməni ayıbasan Adaşın
yaraladığı, yalquzağa döndərdiyi ayıya
yedirdirəcəyəm.
Bircə çopur oğlu Sədi barəsində cəzasını
yumşaltmalı olmuşdu.
-
Görünür, kəmərimlə ağlını
başına gətirə bilməmişəm, bu dəfə
Novlu bulağı üstə lütlədib beş-on zoğal
şıvırtısını canında qırağacam.
Ovçu Alı (o zaman hələ qaçaq düşməmişdi)
südə çəkib zatıqırıqlıq eləmiş
Sədini kəmərinin altına salıb dağını
çıxarmışdı. Həmin
ağrıları da ha canından çıxara bilməyən
Sədiyə içinin namərdlik tərəfi üstün
gəlmişdi. Dəli şeytana uyub onun
yerini şeytanlamışdı.
Əslində, Sədini kəmərin altına
salmağına görə haqq eləyib, hərəkətini əlinin
içindən gətirmişdi, kəndin ilk pioner,
komsomollarından olan Sədi, bu tərəflərin ilk pioneri,
komsomolu kimi ad çıxarmaq fikrinə
düşmüşdü. Kənd Soveti sədrinə
atası Çopur Yusifin on baş mal-qarasını kolxoza təhvil
verməyib Arançıda gizlətdiyini
şeytanlamışdı. Elat adamı
olan sədr də yaxşı tanıdığı Yusifi
Şuranın gülləsinə tuş gətirmək istəməmişdi.
Xəlvətə salıb ovçu Alıya
bildirmişdi.
- Bu
nicatı qırılmamış Sədi... gör bir neyləyirsən,
bizim adamlar Arançıya çatmamış.
Ovçu Alı da çaparaq özünü
Aransıya verib Yusifin mal-qarasının üzünü erməni
Sərxan kəndinə tərəf çevirib, Duraxan
kişinin tövləsində gizlətmişdi. Ovçu
Alı əslində namərdlik yolunun başında Sədiyə
öz məhzəbiylə dərs keçmək istəmişdi.
Ona elə gəlmişdi ki, sözlərini kəmərinin
diliylə bu cavanın hafizəsinə naxışlaya bilir.
- Bir də
belə qələt eləmə. Həm də
doğma atana qarşı onun yekəsindən.
Dünyanın adamlarının bəd əməlləri bircə
dəfə yollarından azmalarından başlayır...
Öküz kimi böyürənlər Ceyrançölə
tələsirdi. Onları başına yel, əlinə bel
(tüfəng şəklində) verən erməni rəislərinin
yanına tələsirdilər. Tək
Şəkər bəyin üstündə Şuranın al
bayrağı yellənən mülkündə deyil, həmin
zaman, məmləkətin bütün bölgələrində,
təhlükəsizlik idarəsinin rəis kürsüsündə
erməni zabitləri əyləşdirilmişdi
(Şuranın qırmızısıyla pərdələnmiş
həmin dığaların çoxu da Andvonikin, Hamazaspın
keçmiş əsgərləri idi).
Hələliksə,
başı yellilər tula payları
üçün özlərini Əskipara Ceyrançöl
arası yel atına döndərib usta bayrağı idarəyə
tez çatmağa çalışırdı. (Həmin bayrağın böyük ulduzundan
onların paqonlarına qax kimi balaca ulduzlar kəsiləcəkdi.
Bircə aralarında başdan elədikləri Sədi
Çopur oğlu çatışmırdı. Onun ulduzunu da
özləriylə aparıb, dədəsinin
Arançıdakı arıxanasının vərə mumuna
döndərib ağzını mumlayacaq, üstəlik, bir
toğlu da kəsdirəcəkdilər.
...Onlar
yel atına döndükləri zaman Qaçaq Alının
ölümündən qapqara qaralmış çopur Yusifin
sir-sifətindən qarşısında ağzına su almış
oğlu Sədi tərəfə qara yellər əsirdi. Həmin qararüzgarın vıyıltısından
atasının ağzı açılmamışdan Sədi
həmin gicitkanlı kəlmələri eşidirdi.
-
Alını qızılgülləyə, adam
balası kimi yox, qızıl ilan kimi böyütdüyüm
sən gətirmisən. Onun yerini bilən sən,
şurasının qamsomol adıyla başı yelçəkənlərdənindənsən.
Şura
hökuməti xeyli müddət idi ata-bala arasına
Əskipara dərəsivari bir ara
açmışdı.
Ata oğlunu hələ yerini isidə bilməmiş
hökumətə görə əvvəl ailədə, sonra
el arasında yerini soyutmağını istəmirdi.
Sədi zəhmətkeş atasının qolçomaq
daşlarını ətəyindən töküb kolxoza
yazılmasına çalışırdı. İnanırdı
ki, o nə qədər tez yeni quruluşun əməkçi dəstəsinə
qoşulsa, o qədər də qabaqcadan onun qabaqcıl
adamlarının birinə dönə bilərdi.
Ata oğul arasındakı uçurum anası Gülsəfa
Arançıda pəncərədən zəhərlənib
öləndən sonra açılmağa
başlamışdı. Əvvəllər atasının
haqsızlığına görə Sədi dinməyib
gözlərini hirsinin qoşalüləsinə çevirirdi.
Anası gözlərini yumandan sonra ağzı
açılmışdı.
- Niyə
onu Ceyrançölün Vəzir doxduruna aparıb
çatdırmadın? Üst-üstə şələlədiyin
pulların bir-iki işinə görə naziləcəyindənmi
daraldın. İl boyu bizə
ağzınla zəhrimar, xəsisliyinlə pencər yedizdirirsən.
-
Onları sizə görə yığıram o beyşüur
üzünə ələk kimi tutub bir yana
çıxmağın üçün...
Atasının gözünə çevirəcəyindən
çəkindi. Belə zamanlarda onun yelinin, selinin
qabağında durmaq müşkülləşirdi.
Atasının
üzünə ağ olduğu zaman Sədi
özünü də kişinin birinci yağısı
(göz ağrısı) arı quşlarının nəhənginə
bənzətmişdi. Hər o quşlar
çopur Yusifin Arançıdakı arıxanasının
üstündə arıların qırıcı təyyarələsinə
dönəndə kişinin əli qoşalülə tüfənginə
gedirdi.
İl
boyu bal tutub sərvətini ballandıran
atası arılarının yolunda saysız-hesabsız
qırıcı təyyarəni səmasından
salmışdı.
Sədi gözünü açandan atasını
çopur görmüşdü. Üzünün həmən
"çiçəkləri də" adının
qabağında gül aça bilmişdi. Sədiyə elə gəlirdi ki, arı
quşları atasının üzünü o hala salıb.
Arançıları atasının
üzünü o hala salıb. Arançıda
yorulub əldən düşəndə, bir ağac kölgəsində
xorna çəkəndə atasının üzünü o
ki var dimdikləyib qırmaya gəlmiş, tələf
olmuş quşların hayıfını
almışdılar.
Anası öləndən sonra atası onu da
işinin-gücünün qulpundan yapışdırmağa
başlatmışdı.
Uşağın ən çox xoflandığı
tapşırıqsa atasının ona qoşalüləsini
uzatmağı olmuşdu.
- Mən
şenliyə ayaq qoyanda o gözün göydə olsun.
Arı quşları daraşan kimi odla...
O da
arı quşlarının axırına çıxıb
özünün də çopur Sədi olacağından
üşünüşmüşdü.
Qəfil
gəlişiylə onu haqlaya biləcək atasına görə
hər dəfə arı quşlarından yana
bir-iki güllə atası olub, özünü həm
kişinin qəzəbindən, həm də özünün
çopurluğundan qurtarmağa
çalışmışdı.
Yaxşı
ki, ayızın əvvəlində dayısı Pirvəli
ayağını Arançıya qoyub onun canını yerdə
atası bal tutan zaman arılara
tüstü verməkdən, göydə onların
düşmənlərinə qoşalülə çevirməkdən
xilas eləmişdi.
- Məktəb
başlayır, uşağı aparıram. Bacımın
da əli üstən götürüldü. Gələn
yaya kimi bizdə qalacaq...
Demək istəmədiyini hər ikisi ürəyindən
keçirməli olmuşdu.
Qirvəli:
- Bir müddət qaravaşlığından canını
qurtarar. Əlini yox, başını işlədər.
Çopur
Yusif: - Aparıb özünüz kimi quru çanaq, daqqa eləyəcəksiniz.
Südə çəkdirəcəksiniz. Sizlərə sümük caladığım günə
daş yağaydı. Biri də mənim
başıma düşəydi.
Süd qoxusunu onun mənbəyilə (anasıyla)
itirmiş quzubala dayısı gildə qalıb südə
çəkməyə başlamışdı. Ceyrançöl
məktəbində pioner kimi təlim-tərbiyə
görüb şuranın abu-havasını ciyərlərinə
çəkmişdi.
Heç həmin yayda da Arançıya, arılara
tüstü verməyə arı quşlarını
vurmağa gələsi olmamışdı. Həm əlaçı,
həm anadan yetim olduğuna görə onu pioner düşərgəsinə
göndərmişdilər.
Sədi həmin düşərgədə yeni dostlar
tapmış yeni quruluşun çiçəyi kimi
aşılamağa başlamışdı.
Atası da Arançıda hər ədfə əlini
arılar vuran zaman ağzından xəzan yeli əsdirib ətrafındakı
qaymaq güllərini soldurmuşdu.
-
Südünə lənət, çümrük südünə!
- Qaçaq Alının ölümü Çopur
Yusifin varlığına üzünün çopurunun
sayından çox qırma səpələmişdi.
Bax beləcə, ata-oğul üzbəüz dayanıb
bir-birlərinə qarşı ağızlarını
qoşalüləyə döndərməyə
hazırlaşmışdı. (Çopur Yusifin kini
keçmişin, Sədinin kini, Şuranın silahı hesab
etmək olardı).
Oğlu dayısı Kamala qoşulandan (südə
çəkilməsi başlanandan) ata ocağınnan
ayağı da çəkilmişdi. Oğlunun soyuq nəzərləri
qarşısında Çopur Yusif özünü atalıq
kimi hiss eləməyə başlayırdı. Odur
ki, yadlaşmış övladının sözünü yerə
salacağından tasalandı. Əvvəlki ata zəhmini
qoşalüləsi kimi xalçadan açıb sözünə
and-amanla başlamağı qərarlaşdırdı...
Kəndin ala sağsağanı hesab edilən Qarğa Vəli
doqqazına qonub, "qanadlarını" yelpiyə döndərib
bir xəbəriylə canına üşütmə
salmışdı. Əvvəlki vaxtlar olsaydı bu alasəy
adamın həmin xəbərini qulağının birindən
alıb o birindən ötürər, yel-quzuyla canını
üşütməzdi.
- Melsə
Kamal deyir ki, günü bu gün sabah Mehdi
Alı oğlunu da cüyür balası kimi qızıl
gülləsiylə mələdəcək.
Əvvəllər mal oğrusu olmuş Kamal
otruyadların komandiri idi. Erməni mal oğlusu,
qaranoyu Yegişin vasitəsilə Ceyrançölün erməni
rəisinə yol çiyninə paqon tapa bilmişdi. Quşu quşla ovlamağı bacaran rəis həmin
mal obrusunu canoğlusuna çevirməyə hazırlaşmışdı
(əl-ayağına dolaşanların başını yedirtməyə
hazırlamışdı). Elə
Qaçaq Alı ya da əvvəl onun barmağı, sonra da cəlladının
tüfəngi tuşlanmışdı. (Erməni
rəis qaçaq Alının Dəmirçilər dərəsində
on, on iki ermənini qanına qəltan eləmiş qanlı Rəhimin
oğlu olduğundan xəbərdar idi. Ölənlər
arasında dayısı Şahnazar da olmuşdu ki, geç də
olsa hayıfını alırdı.
Çopur Yusif erməni oğlunun rəisi barədə
bildiklərini sandıqda (çinadanında) saxlayıb,
yaralar üçün ordan pambıq çıxarası
olmadı. Əslən udin olmuş Duraxan Varazyandan onun barəsində
öyrəndiklərini dilinə gətirib, oğlunun cinini
tutdurmaq istəmədi. Duraxan həmin rəisin
əslən Uzuntaladan olduğunu söyləmişdi. Sonradan bir müddət bayqulaq Andronikin dəstəsində
türk əsillilərə divan tutanlardan olmuşdu. Şura qurulan kimi, özünə bolşevik
quruluşu verib, onun paqonlarını taxmışdı.
Özü qəsdən Ceyrançölü seçmiş,
rəis kimi burda nəslinin-nəcabətinin
hayıfını almaq istəmişdi...
Alının madar balasını gözü
qabağına gətirib birbaşa andına keçdi.
- Sən
öz canın, bu dəfə ananın goruna and verirəm,
sözümü yerə salma. Alıya görə Rəhim erməniləri
qıranda o yazıq südəmər uşaq olmuşdu...
Bir istədi
desin ki, bu dəfə sözümü tutmasan, cinimi
tutduracaqsan. Ağzını qatıqladıb,
anan sənə verdiyi südü çürüdəcəksən.
Demədi sözünün arxasına yalvarış da
qatası oldu.
- Bircə
dəfə atana ata kimi baxıb dediyi kimi hərəkət elə.
Uşağı aparıb Qoşqatalada
çoban Alıya ver. İtirib-axtaran olsa öz balası kimi
qələmə versin.
Oğlunu həmin an içini çalxalayan nəhrəyə
bənzətdi. Axır ki, xahişinin yağı tutuldu.
- Yoldaş Stalin özü söyləyib ki, övladlar
atalarına cavabdeh deyil. Günü bu gün uşağı coban Alıya
çatdıracağam.
Sədi sözünü tutdu.
Amma bir müddət sonra çoban Alının
özünü də tutdular. Qacaqları yemlədiyinə
görə xalq düşməni çıxardılar. Külfəti ilə (içi "oğlu"
qarışıq) Sibirə sürgün elədilər.
***
Buynuzsuz qoçun hayıfını buynuzlu qoçda
qoymur çox zaman haqqın fırladığı çərxi
fələk.
İllər keçdi.
Ocaqlar söndürmüş erməni rəisin də
çırağını keçirdilər. Keçmişini
çalxalayıb üzə çıxardılan üzünə
duranlardan biri (birincisi də) onun tulasına çevirdiyi Kamal
oldu.
Bu dəfə də zamanın leysanından quru
çıxmağı bacardı.
Sibirdəkilərin yolu doğma yerlərinə
açılana kimi. Çoban Alı can üstə
"oğluna" söyləmişdi.
- Atan
ovçu, mən çoban Alını da namərdcəsinə
uzuntula dığasının əl tulası Kamal keçi
qiymətinə satmışdı. Yerimizdən,
yurdumuzdan xəbərçiliyi də çopur oğlu Sədi
eləmişdi. Atanı o dəqiqə ömründən
salıb, heç kim eləyib, bir erməni
dığasının ayağına gətirmişdi. Mənə dəyən gülləsinin yarası indi
axırına çıxır. Ağrın
alım, iki atanın bir tək madar oğlu. Bacarsan, məni buralarda qoyma. Aparıb
doğma torpağımıza tapşır, bəlkə
aralarında canım qızdı. Sonra ovçu
Alının da gorunu axtarıb tap bizi yan-yana yerləşdir
bacarsan... Bir də çalış...
Hayıfımızı
al, - demək istədi...
Qisas alınası bir tək Kamal qalmışdı. Əməkdar çekist və
yüksək təqaüd alan, iki
Alını heç kim eyləyib ömründən salan mal və
can oğrusu.
Axır ki, onu Sibirdə dönə bilmiş iki
Alının oğlu yaxaladı.
-
Atamın qəbrini göstər, səninlə işim
olmayacaq.
Arxivdən atasının qəbrinin nömrəsi
tapıldı.
Amma qəbir boş çıxdı.
Və onu
da, məzarını da heç kim eləmiş
namərdin diliylə əsl həqiqət də üzə
çıxdı.
- Onu rəis
gecəynən uzuntalaya apardı.
...İki Alı qatilini oğulları erməni qəbiristanlığına
gətirdi. Köhnə məzar daşlarının birinin
üstündə oturtdu. Həmin an onu nəhəng
qara gürzə kimi gördü. İlan
dil çıxarırdı.
- Məni
öldürmə, qoy Allah özü axırıma
çıxsın...
- İkiüzlü Kamal kimi iki Alı axırına
çıxmısan. Sənə ilk dəfə dünyanın ən
yüngül (və ən ağır) güllələrini
vuracağam.
Sonra növə ilə hər üzünə
tüpürdü.
- Bu,
ovçu Alı əvəzi...
- Bu da
çoban Alınınkı...
Sonra
yolunu Sədi səmtinə saldı...
Sədinin, qaçaq Alının oğlunu
qaçırdığını da Kamal rəisə
çatdırmışdı. O da mərəkə önündə
onun zərli paqonlarını söküb arxasına bir təpik
vurmuşdu.
- Sən
donuzun başını siniyə qoyduq, özün,
özünü təpdin...
Zərli paqonları çiynindən sökülməsi
sonrası, yetkin yaşında Sədinin sarı tükləri
tökülməyə başlamışdı. Gözləri
açılmışdı. Sosyalizmin quzu
dərisindəki canavarlarını görməyə
başlamışdı. Ata kimi ayağa
verdiyi atasının ayağına getmişdi. Onu anasının qəbri üstə tapıb iki
gözündən iki adamlıq yaş tökməyə
başlamışdı (Çopur Yusif çoxdandı
ağlaya bilmirdi). Atası onu, ana məzarı
da yeri və göyüylə hər ikisini
bağışlamışdı.
Çopur atasını torpağa tapşırandan sonra
arını qorumağa çalışıb
arıxanasını qoruya bilməmişdi. Bircə
adını saxlamağı bacarmışdı. "Arıxana" restoranı
açmışdı. Ceyrançölün
varlı-karlı adamlarının ayağını ora
açmışdı. Vəzifə sahibləri
qarşısında saz çalıb oxumağa da
başlamışdı.
Arançının
çənli-çiskinli obaşdanında Sədinin
qarşısında tanımadığı bir adam
dayandı. Gözlərinə baxanda canından
üşütmə keçdi. Amma
onların dərinliyindən bir rəhm işıltısı
görə bildi.
- "Ruhani" çal görüm ruhunu durulda bilibsənmi?
Sədi zamanın ona məhkəmə qurduğunu
anladı. Sazını üzünə ələk kimi tutub illərlə
ürəyini əzdiyi günahını gözlərindən
gizlətmək istədi. Və həmin
günahını həmin sözlərlə eydirməyə
başladı:
Bir Alın tüfəngsiz, vətənsiz ayrı.
Bir alın sürüsüz, vətənsiz ayrı.
Canları torpaqda vətənsiz ayrı.
Günahkar
balanı bağışla, dünya...
Sədi sözünün sonrasını gətirə
bilmədi. İki damla göz yaşıyla nöqtələdi.
Tanımadığı hakim əlini cibinə atdı... Hökmünü qızıl güllə kimi
gözlədi. Amma cibdən iki qızıl
onluq çıxdı. Hakim əvvəlcə birinin
üstə tüpürüb onun qaşqasına
yapışdırdı:
- Bu,
ovçu Alı üçün...
Sonra da o
birisinin:
- Bu da
çoban Alının nəməri...
Və çıxıb getdi. Arxasınca bir güllə
səsi eşitdi, bir də qoyun, quzu mələşməsi.
Haqq məhkəməsindən
canı qurtarmış Sədi, sonrakı ömrünün
yaylım atəşini açmışdı, həmin
gün kəsiləcək qoyun-quzunu saxladı açıb
buraxmışdı...
Vaqif Nəsib
Sarıhüseynli
Ədəbiyyat qəzeti.- 2021.- 11
sentyabr.- S.24-25.