Bizim həyətin...
Bizim həyətin mənzərəsi
bambaşqadır
Kəpənəklər yonca güllərinə,
Yonca gülləri
Yayın xəzrilərinə dirsəklənir.
Baxışlar yonca kollarında
oturub
Sanki yelləncəkdə yellənir.
Bizim həyətin mənzərəsi
bambaşqadır
Üzüm tənəki heyva
ağacına dolanır,
Heyva ağacının qalın
budağı
hasarımızdan sallanır.
Təzə boy verən şitillər,
Kölgəsində dincəlirlər
Ağacların.
Bir rəssam istəyir çəkə gözəlliyini
İnsan qəlbindəki bu baharın.
Bizim həyətimizin mənzərəsi
bambaşqadır
Sevgi ağaclar üçün
torpaqdan,
Quşlar
üçün budaqdan,
Kəpənəklər üçün
yarpaqdan
Tutub yalvarır,
Nə olar, tərk etməyin məni.
Eşq tətiyiyəm...
İlan
kimi qabığımdan
bu dəqiqə çıxmışam,
Sanki təzədən doğulmuşam.
İndi-indi öyrənirəm qığıltıları,
Qulağımda danın qapısının
cırıltıları
Günəşin telləri səpilib
üzümə
İşıq axır pəncərəmə
gülüşlərindən.
Ruhunu ruhumla sevməm
Özümü sevdirir mənə.
Tanrı da dostu kimi
baxır özünü
sevənə.
Özümü tapıram səndə
Sevgi adlı şəhərin
Ümid
adlı küçələrində
Labirintdisə də arzular,
Şükür məndən öndə
mənə mayak olan
Sevgin var.
Bu bəs edir uduzanda
sıfırdan başlamağa
Bu bəs edir hər şeyi yenidən yaşamağa.
Eşq tətiyiyəm bu gün,
Çəkilirəm sevgidən atəş açmaq üçün.
Bağışla
Bağışla, İlahi,
Şeir
yazıram,
İşinə qarışıram!
Sən yaratdığın yer
Daha o yer deyildir.
İndi
artıb şeytanlar,
Hər il Kəbədə
daşatma mərasimində,
Kaş öz qəlblərinə daş
ata insanlar.
Bəlkə, yıxıla şeytanın
koması,
İndi
qəlblərdə sənə
yer yox,
Qəlblər şeytan yuvası!
Bağışla,
Yerlərin, göylərin əfəndisi!
Yazmaya bilmirəm,
İşinə qarışıram, bilirəm.
Bir adın bağışlayandır
deyə
Sanma sui-istifadə
edirəm.
Mən bəşərəm
Bəşərdə hər şər,
Saçımdan iliyiməcən
Əza-əza məndə qəza törədər.
Yıxılanı qaldırmaq
Görəvimizkən yer üzündə,
Başından basırıq bəlkə
də,
Görürsən də.
Axı sən şahidsən.
Şəhadət verəcəksən əməllərimizə
Əməllərimiz əlcək ola bilmir
əllərimizə.
Hansı
üzlə döyəcəyik
qapını,
Hansı ümidlə keçəcəyik
siratını.
Bizə
Qırat da olsa köməyi dəyməyəcək,
Biz o atların ayaqlarını
çoxdan kəsmişik.
Biz nəinki sənə
Özümüzə də dönük düşmüşük.
Sən bağışlasan da bizi
Ruhun tərəzisi
Bədənimizi çəkəndə
Mütləq nəsə əyiləcək
bir gözündə.
Sən qoru sabahımızı, Tanrım!
Mən Səni
dünyanın qoruyucusu
kimi tanıdım.
Tanıqlığın son ana qədərdi bilirəm,
Mənim
şahidliyim bura qədər
Qəbul etsən, sevinərəm.
Yaşıl işıqlar
Bu labirint küçələrdə
Yolu tapmaq özü ibadətdi.
İbadət itaət,
İtaət sədaqət,
Sədaqət səadətdi -
Ruhun səadəti.
Qrimlənmiş üzlərdə
Sədaqət gəzmək
Susuz quyuya vedrə sallamaqdı
Və könülsüzə
könül bağlamaqdı.
Bağlanmaq yaşamaqdı azad,
Yaşamaq sevməkdi.
Sevmək birinin uğruna ölməkmi?
Yox,
Sevmək uğura yaşamaqdı.
Bu labirint küçələrdə
İşıqforlar,
Yolu deyil, yolçuları tənzimləmək
üçündü.
Yaşıl işıq
Əslində, həyəcanı ötürmək
üçündü.
Bizi də ötürən bu yaşıl işıqlar,
Kaş labirint boyu yana
Yolu tapmayana
Ümiddi hardasa bu yaşıl
işıqlar.
İnanıram
İnanıram nə vaxtsa,
qayıdacağıq bu torpaqlara
Çiçək kimi,
ot kimi,
ağac kimi,
adam kimi.
İnanıram necə olursa-olsun,
qayıdacağıq,
oyadacağıq yeri.
Görəcəyik ruh necə bar verir.
İnanıram,
bədənin diriləcəyinə,
öləcəyinə ruhun.
İnanıram bu oyunun,
sonda 1:0 qələbəylə
xeyrimə bitəcəyinə.
Siz də inanın,
İnam
daşı dilləndirər
başından yıxılmasa
ayaqlar.
Bu tıxacda
Bu tıxacda
Bir yol gedilirsə səndən qabaqda,
Demək,
çatmamısan özünə
hələ
Addımların boyuna boy vermirsə,
Ürəyində
Niyyətin də
Qığıldamayıb hələ.
Bu tıxacda
Hava ala bilirsənsə
Nə xoş sənə.
Niyyətindən qan damanlar
Addımını enə uzadanlar
Bu tıxacda
Qabağa gedə bilməzlər.
Sənin qabaqda gördüklərin
illüziyadır, əslində.
Ha qaç çata bilməyəcəksən,
Özün durduğun yerdə
Özün də deyilsən.
Bu tıxacda
Tıxac
yaratmaqdansa
Tıxac
yarmaq
Ən böyük
qəhrəmanlıqdır.
Günəşin gizli sifəti qaranlıqdır.
Biz aydınlıqlar adamıyıq.
Bütün aydınlıqlar tıxacları
tıxayar.
Tıxaclar tıxananda
Yeni yol başlayar.
Ruhum...
Ruhum dörd yolayrıcıdı,
Hər səmtdən gələn
Kəsib keçir içimdən.
Düşünürəm,
İki bölünməkdən
Bir də iki bölünməkdən
Öyrəncəliyəm buna.
Düşüncəmdə zamanın sırsıra bağlamağına.
Yanmıram
Yanmıram ki, əriyə.
Bilirəm, köçəriyəm.
Köçür içimdən qatar-qatar
Yollar.
Gözlərimin önündə o qədər
quru xatirələr var,
Heç birinə gözlərimin gücü yetmir su verə.
Ayağından su içən,
Dimdiyindən balalayan sünbül misalıdır dərd də.
Eh, nəyin dərdin çəkirəm ki?
Fikirləşirəm:
Birmi, ikimi?
Bu dörd yolayrıcında
Hansı hansı səmtə atım?
Özümü atmaq istəyirəm
özümdən,
Heyif, zirvəmə
dırmana bilmirəm.
Sənsizlik
Yenə
də çəkirəm
bu gecəni içimə
Siqaret tüstüsündən
ağırdır sənsiz
havalar.
İncimə
Bu aralar
Xəyalın özündən sadiqdi.
Hər gecə xəyalına söykənib uyumaq
Vərdiş halını alıb daha.
Sabaha
Sənli
xəyalları qucaqlayıb
sənsiz səhəri
açmaq
Və var gücünlə özündən qaçmaq
Bir də vulkan kimi içindən püskürmək təhlükəsi,
Yaşamaq budurmu
Budursa
Bəs ölmək
nədir?
Ölmək ikilikdən birinin olmamasıdır.
Adam təkləndikcə tükənir.
Fil çəkə
bilməz heç tək insan çəkəni.
Yenə
də çəkirəm
bu gecəni içimə
İçimdə bir boşluq var,
Dağlar
Çaylar
Dənizlər
Kəhrizlər
Qarışıb bir-birinə.
Sənsizliyin tüstüsü boğur
içimdə içimi
Dünyanın siyasi xəritəsidir
içim
Özümdən keçməyə qoymur öz sərhədim.
Yoxsa...
Təzad
Ölüm adilər üçün
ayrılıq,
İradələr üçün görüşdü.
Görüş Tanrının qismətidi,
Bu qismət kiminsə nəsihəti,
Kiminsə vəsiyyətidi.
Həyatda gördüklərimiz
Əslində, tanımadıqlarımızdı.
Tanıdıqlarımız hər gün bir sifətdə
görünür gözə,
İçindən vulkan kimi püskürür söz:
Möcüzə.
Çölündə donursan,
İçində aldandığına yenə
də aldanırsan.
Ölmək istəyirsən sadəcə
Qabaqda uçurum arayırsan atasan özünü,
İstəyirsən ölüb öldürəsən
ölümü.
Dırmanırsan kəllənə,
Ordan atmaq istəyirsən özünü
öz dibinə.
Birdən
keçən il intihar edən şairi xatırlayırsan,
Üç gün haqqında
gedən yazıları
Vərəqləyirsən xatirəndə.
Bir də görürsən beynindəki fikrin yerində
Yaşamaq şüarı baş qaldırır.
Yaşamaq
Sevgi ilə yaşamaq.
Otunu,
Suyunu,
Təbiətin hər huyunu sevib yaşamaq,
Elə ölümə
qalib gəlməkdir hər gün.
Bunları uşaq vaxtı diktə edərdi bizə anam.
İndi təkrarladır zaman.
Elnur Uğur
Ədəbiyyat qəzeti.- 2021.-
11 sentyabr.- S.27.