Əlvida, əziz dost!
Rafiq Şamiloğlunun
xatirəsinə
Onunla tanışlığımızın, dostluğumuzun əlli ilə yaxınlaşan bir tarixçəsi vardı. Uzun illər "Azərnəşr" deyilən özəl binanın ağır, taxta qapısını açıb-örtmüşdük. O, "Azərnəşr"in dördüncü qatında yerləşən Mətbuatda Dövlət Sirlərini qoruyan baş idarədə "Qlavlit"də, mən də o binanın üçüncü qatında yerləşən "Gənclik" nəşriyyatında işləyirdim. Ordan başlayan tanışlığımız çox səmimi, təmənnasız dostluğa çevrilmişdi. Aramızda on il yaş fərqi olsa da, mənimlə tay-tuş kimi davranırdı. Onunla söhbətimizdə özümü həmişə sərbəst hiss edirdim. Bəli, Rafiq müəllim mənim yaxın dostum idi. Rafiq Şamiloğlu istedadlı olduğu qədər də təvazökar bir yazıçı idi. Heç zaman özünü gözə soxmazdı, redaksiyalara ayaq döyməzdi, abır-həyasını gözləyən vüqarlı adam idi. Şəxsiyyətini hər məqamda qoruyan, ləyaqətini ucada saxlayan yazıçı idi.
Yaradıcılığa satirik hekayələrlə başlasa da, sonralar bir-birinin ardınca günümüzün ictimai-siyasi ab-havasından qaynaqlanan, əsrimizin ağrı-acılarına, reallıqlarına söykənən romanlar çap etdirdi. Ətrafına minlərlə oxucu topladı. Yaradıcılıq uğurları ilə qürurlanır, əsərlərinin xoş sədasına ürəkdən sevinirdi.
Səksən ildən artıq ömründə o, bircə dəfə də kökdən düşmədi, həmişə gələcəyə nikbinliklə baxdı, xalqımızın başının üstündə qatılaşan dumanların bir gün yox olacağına öz oxucularını da, biz dostlarını da inandırmağa çalışdı.
Neçə-neçə kitablarının ilk oxucusu - redaktoru, həm də naşiri olmuşdum. Yazıçılar Birliyində keçirilən yubileylərinin (həm 70, həm 80) aparıcısı mən idim. Televiziya verilişlərində də birinci mənim adımı verər, mənim fikrini öyrənmək istərdi. Arabir ortaya çıxan tənqid və iradlarımdan heç vaxt inciməzdi. Mənim sənət duyumuma, poetik zövqümə hörmətlə yanaşırdı. Köhnə iş yoldaşı yaxın dostumuz Əhməd Həpo ilə tez-tez zəngləşirdi. Sonuncu dəfə mənə telefon açanda "Ay Musa müəllim, Yevlaxa gedirəm, qayıdanda mütləq Əhməd müəllimi də götürüb yanına gələcəyəm. Yaxşı bir yerdə əyləşib bu pandemiyanın, üzücü istilərin "anasını ağladarıq" - dedi.
Qızı Sevincin ömür-gün yoldaşı Elçinin qəfil zəngi məni sanki bir anlıq dünyamdan ayırdı. O, kövrələ-kövrələ: Ay Musa müəllim, dostunuzu itirdik - dedi - Rafiq müəllimi dünən Yevlaxda dəfn edib gəlmişik. Mən udquna-udquna qaldım. Yaşından çox-çox gənc görünən, gəncliyində olduğu kimi yaradıcılıq eşqiylə alışıb-yanan doğulduğu Şuşa şəhəri haqqında tarixi roman üzərində işləyən Rafiq müəllimin bu cür qəfil ölümünə inana bilmədim.
...Şuşa alındığı gün ona telefon açmışdım. Qəhərlənmiş bir səslə: "Ay Musa müəllim, - dedi, - şükürlər olsun bu günə, daha ölsəm də dərdim yoxdu".
Ancaq Şuşaya gedə bilmədi.
Doğulduğu torpağı otuz ildən sonra ziyarət etmək onun ən böyük arzusu idi.
Rafiq müəllim qəfil bir ölümün - pandemiyanın qurbanı oldu. Qohumlarını, doğmalarını gözüyaşlı qoydu.
Dostlarını, yaxınlarını kədərli, məyus bir ovqata köklədi.
Əlvida, əziz dost! Yerin behişt, torpağın qu tükündən yumşaq olsun!
Hanı, dünya boyda doğmalıq hanı?
Ürəyim ovuldu, könlüm yuxaldı.
Sinəmdə boy verən dost qəbiristanı,
İndi
bir məzar da artdı, çoxaldı!
Musa ƏLƏKBƏRLİ
Ədəbiyyat qəzeti.- 2021.-
11 sentyabr.- S.31.