Bədii düşüncədə
Qarabağ
Ədəbiyyatımız,
bədii düşüncə tərzimiz son otuz ildə
Qarabağ havası ilə nəfəs alır, elə bir qələm
əhli tapmaq olmaz ki, onun yazılarında Qarabağdan, orada
gedən ölüm-dirim savaşından, nəsillərə
örnək olan qəhrəmanlarımızdan, şəhidlərimizdən,
otuz illik həsrətin doğurduğu yurd sevgisindən, həm
qələbəmizə inamdan, həm də nə gizlədək,
ümidsizlikdən doğan psixoloji sarsıntıdan
yazmasın. İndi - 44 günlük qalibiyyətimiz
bütün bu yaralara məlhəm qoydu, Ali Baş
Komandanın, Azərbaycan əsgərinin tarixi zəfəri
bütün bunları unutdurur. Bu otuz il
həm də ədəbiyyatımızın keçdiyi bir
yoldur - elə bir yol ki, biz o yolla addım-addım qələbəyə
doğru gedirdik.
Yazıçı-publisist Zemfira Məhərrəmli
"Bədii düşüncədə Qarabağ"
kitabında məhz ədəbiyyatımızın
keçdiyi bu yolu bizə nümayiş etdirir. Təbii ki, kitabdakı
bütün yazılar son otuz ildə ədəbiyyatımızın
keçdiyi yolu tam şəkildə əhatə edə bilməz,
ancaq məsələ burasındadır ki, Z.Məhərrəmli
vaxtilə mətbuatda dərc etdirdiyi 31 oçerkində
müxtəlif ədəbi nəsillərin
yaradıcılığında Qarabağ mövzusunun
işıqlandırılmasını nəzərə
çarpdırır və tədqiqatçılarımız
üçün bu oçerklər bir mənbə rolunu oynaya
bilər.
Əlbəttə, ədəbiyyatımızda Qarabağ
mövzusu və dəqiq desəm, Qarabağ obrazı XX əsrin
doxsanıncı illərinə qədər də öz əksini
tapmışdı. Z.Məhərrəmli kitabdakı ilk
yazısında unudulmaz şairimiz Rəsul Rzanın
Qarabağa, Şuşaya həsr etdiyi şeirlərdən
söz açır, "Şuşam mənim" şeiri
üzərində dayanır. Digər
şeirlərini də xatırladır. Bu söhbətə
bir əlavəm var: şairin "Ömürdən səhifələr"
adlı bir şeiri var. Bu şeirdə şair Fransaya etdiyi səfərdən
də söz açır. Orada at üstündə,
özündən razı bir heykəl görür. Kimdir o?
Kimə
oxşayır, Allah,
kimə?
Elə
bil ki, qaba əl toxunan
İncə simə.
Gözlərində
canlanır
Naxçıvanın,
Arazın.
Əbədi susdurulmuş uşaqlar.
min-min
azı.
Bağırmaq
istəyirəm
- Hardan gəldi
bura
bu dələduz!
Daşa
dönmüş daş ürəkli quduz!
"Bəs o kimdir at üstündə, özündən
razı" - Rəsul Rza bunu deyərkən cəllad Andraniki
nəzərdə tuturdu. Sovet dövrü olsa da, R.Rza erməni
daşnaklarının Azərbaycanda törətdikləri faciələri
unutmurdu. R.Rza "Qarabağım" -
şeirlər silsiləsini qələmə almışdı
- "Adın qədimdir, Xalqımın mübarizə tarixi
kimi" misraları da R.Rzanın Qarabağ şeirləri
üçün poetik epiqraf idi.
Z.Məhərrəmli Xəlil Rza Ulutürkün və
Sabir Rüstəmxanlının şeir və poemalarında Vətən
və Azadlıq paralelləri üzərində dayanır. Çünki
hər iki Xalq şairinin poeziyasında Vətən və
Azadlıq sözləri yüksək vətənpərvərlik
idealını ifadə edirdi. Sabir Rüstəmxanlının
"Vətən" şeirindən başlanan Azərbaycançılıq
məfkurəsi onun "Qarabağa dönüş"
poeması ilə tamamlanır.
Poeziyamızda Qarabağ həqiqətləri
özündə bir çox mövzuları birləşdirir,
əslində, bu həqiqətlər Azərbaycanın son otuz
ildə keçdiyi tarixi yolun mənzərəsidir. Bu mənzərədə
Z.Məhərrəmlinin, əsərləri barədə
söz açdığı hər bir şairin
özünün Qarabağ sevgisini duyuruq. Məsələn,
Nurəngiz Günün Xocalı qurbanlarına həsr etdiyi
şeirlər və poemalar bir böyük sevginin həm həzin,
həm də qəzəbli poetik ifadəsidir. Xalq şairimiz Bəxtiyar Vahabzadənin "Şəhidlər"
poemasından sonra Nurəngiz Günün "Xocalı
simfoniyası" elegiyası şəhidlərimizin xatirəsinə
həsr olunan və ədəbi yaddaşımızda əbədi
yaşayacaq əsərlərdəndir. Z.Məhərrəmli
Xalq şairi F.Qocanın bu əsərlə bağlı bir
fikrini misal gətirir: "Xocalı simfoniyası"nda N.Gün
elə bil öz içini yandırırdı. O
misralar içdən gələn ah, nalə kimi, haray kimi səslənir".
Ah!
Boğulur çocuqlar,
Yorulur
torpağın altında...
Əlləri,
qolları yorulur,
Heç
bir anlamır çocuqlar!
Çocuqlar
top-top oynamaq istəyir,
Torpağın altında.
Vaxtilə "Azərbaycan şeirinin Firuzəsi"
adlandırdığım Firuzə Məmmədlinin
yaradıcılığında da Qarabağ mövzusu önəmli
yer tutur. Z.Məhərrəmlinin "zərif duyğular,
kövrək ovqat və həzinlik poeziyası" kimi səciyyələndirdiyi
F.Məmmədli poeziyası həm də öz döyüşkənliyi
ilə seçilir və Z.Məhərrəmli Firuzə
xanımın zəriflikdən döyüşkənliyə
gedən poetik yolunu incələyir.
A yurdum, a
yuvam, haqqım Qarabağ,
A
köçkün, didərgin, qaçqın Qarabağ,
Bəxtimdə
dərd adlı daşqın Qarabağ,
Bitsin, əsir
ömrü sürməyin daha!
Dırnağım,
dişimlə qaytarım səni,
Sözümlə,
işimlə qaytarım səni,
Ulu
keçmişimlə qaytarım səni,
Sabahın
üstündə titrəyim daha
Bitsin, əsir
ömrü sürməyim daha!
Z.Məhərrəmli
ədəbiyyatımızda əsasən 90-cı illərdə
öz imzasını təsdiq edən üç şairin - Rəşad
Məcidin, Qulu Ağsəsin və İlham Qəhrəmanın
Vətən - Qarabağ mövzulu şeirlərinə də
ayrıca yazılar həsr edib. Deyim ki, bu
şairlərin hər biri fərdi, özünəməxsus
yaradıcılıq stili ilə seçilir. Və eyni mövzuya münasibətdə də bu
özünəməxsusluq dərhal nəzərə
çarpır. Rəşad Məcid Z.Məhərrəmlinin
fikrincə: "daxili aləmini, ovqat və əhval-ruhiyyəsini"
sakitliyin içindəki coşqu ilə ifadə edir.
"Xarıbülbül" şeirində olduğu kimi:
Yenə
köməyim ol, bu çətin anda,
Tapım
o gördüyüm axarı, bülbül!
Qaytar o əvvəlki
səadətimi,
Qaytar bəxş
etdiyin baharı, bülbül!
Gəzim
qarış-qarış, addımbaaddım,
O gözəl,
o əziz diyarı, bülbül!
Xarıbülbül!
"Öz düşüncələrinin ağası,
sabitqədəm söz adamı" Qulu Ağsəsin
şeirlərində isə poetik mənalandırmalar, təşbihlər,
metaforalar silsiləsi ilə diqqəti cəlb edir. Onun şeirlərində
Qarabağ müharibəsinin dəhşətləri bir rəsm
əsərinin müxtəlif görüntüləri kimi nəzərə
çarpır.
Məscid
- minbərdən,
kəhriz
- çinardan,
qəbir
- başdaşından,
mina -
kadrdan
hündürdü.
Və Qulu Ağsəsin ən gözəl şeirləri
sırasına işğaldan azad edilmiş Ağdama həsr
olunan şeirini də xatırladır Z.Məhərrəmli.
Müəllif İ.Qəhrəmanın, Q.Nəcəfzadənin
və E.Zalın Vətən - Qarabağ mövzulu şeirlərini
də fərdi deyim-duyum tərzlərinin bənzərsizliyi ilə
təhlil hədəfinə çevirir. Deyir ki,
İlham Qəhrəman "Bu gecə gözümdən getmədi
Laçın" silsiləli misraları ilə təkcə
yurd həsrətini ifadə etmir, həm də poeziyamızda
Laçın obrazını ərsəyə gətirir.
"Kövrək duyğular" şairi İ.Qəhrəman
Laçınlı şeirlərini bir ümid, zəfər, qələbə
misraları ilə bitirir:
Sudan
çıxan balıq kimi
Ağzımı açıb yumaram.
Bir əsgər
çıxmır yuxumdan -
Əldə bayraq, dildə "Urra Laçın".
Şairin yuxusu çin oldu.
Z.Məhərrəmlinin kitabında "Qarabağ - Zəfər
savaşımız" bölməsi artıq dilimizdə əbədi
bir çevrilən "Qarabağ Azərbaycandır!" həqiqətini
ifadə edən şeirlərdən söz açır. Unudulmaz Xalq şairimiz Fikrət
Qocanın bir şeiri sanki o bölmədəki bütün
şeirlər üçün bir çağırış
sayıla bilərdi:
Gəlin
bizi alın! - deyir.
Gəlin
zəfər çalın! - deyir.
Azərbaycanın
ən uca Şuşa səhnəsindən,
"Qarabağ
şikəstəsi"nin səsindən
Yadları
salın!
Qarabağı alın - deyir.
Bu
yazıfnın müəllifi (V.Yusifli) elə bu "Ədəbiyyat
qəzeti"ndə "Poeziya susmur" adlı böyük
bir məqalə dərc etdirmişdi. Z.Məhərrəmlinin
haqqında söz açdığı bir sıra müəlliflərin
(Zəlimxan Yaqub, Vaqif Bəhmənli, İlqar Fəhmi, Nəzakət
Məmmədli) Vətən - Qarabağ mövzulu şeirləri
barədə müəyyən fikir söyləmişdik.
Amma, təbii ki, hər bir müəllifin eyni
şairlərə, eyni mövzuya öz münasibəti var və
bu baxımdın yanaşsaq, Z.Məhərrəmli bu şairlərin
hər biri haqqında öz sözünü deyə bilir.
Z.Məhərrəmli Moskvada yaşayan həmyerlimiz,
istedadlı şairə Afaq Şıxlının Vətən
mövzusunda yazdığı şeirlərini çox gözəl
təhlil edir.
O, yazıda belə bir həqiqəti sübut edir ki, Vətəndən
uzaqda yaşamaq Vətənə, öz kökünə,
xalqına daha da sevgilərlə qovuşmaq deməkdir. Hərçənd
ki, çoxları belə düşünmür:
Yaraların
necə dərin,
Ağlasığmaz
bu dərdlərin,
Dəhşətlərin
öhdəsindən necə gəldin,
Anam mənim!
Z.Məhərrəmli müasir nəsrimizdə,
publisistikamızda da Qarabağ həqiqətlərini əks
etdirən əsərlər haqqında yazıları ilə mətbuatda
çıxış edib və o yazılar heç də
faktların sıralanması deyil, Qarabağ ruhunun - Azərbaycançılıq
ideyasının nəsrimizdə və publisistikamızda ədəbi
hadisəyə çevrilə biləcək nümunələridir. Haqlı olaraq
birinci elə Anar müəllimin məlum hadisələrlə
bağlı publisistik yazılarından başlayır.
Bu fikri tam həqiqətdir ki: "Bəli, Qarabağ
mövzusu bu gün də yazarın sanki vizit vərəqəsidir.
Anarın biganəliyə yad olan döyüşən
qələmi bu gün də Qarabağ həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılmasına
öz töhfəsini verir. Başqa
sözlə, müəllifin azğın düşmənə
qarşı bu inadkar, qanlı savaşı indi də davam
edir".
Bəs nəsrdə necə? Bəzən iddia olunur
ki, Qarabağ mövzusuna müraciətdə nəsrimiz
poeziyadan və publisistikadan geridə qalır. Bu fikirlə tam razılaşmaq olmaz. Qarabağ hadisələrinə aid onlarca hekayənin
adını çəkmək olar. Elə Z.Məhərrəmli
Təranə Vahidin, E.Hüseynbəylinin və Vahid Məhərrəmovun
silsilə hekayələrindən söz açır ki, bu
hekayələr Qarabağ həqiqətlərini ifadə edir. Ancaq o da məlumdur ki, nəsrin povest və roman kimi
janrları poeziya ilə müqayisədə birdən-birə
yaranmır. Şair üçün öz
hissi, duyğusu, baş verən hadisəyə qarşı
münasibəti elə bir və ya bir neçə
günün içində bəlli olar. Amma
yazıçı gərək müşahidə apara, baş
verən hadisənin mahiyyətinə dərindən bələd
ola, yaradacağı obrazları yaxından
tanıya... Məsələn, Xalq
yazıçısı Elçin "Bayraqdar" povestini,
"Qarabağ şikəstəsi" və "Sarı gəlin"
hekayələrini 2000-ci illərin əvvəllərində
yazmışdır. Və bu əsərlərdə
belə bir həqiqət nəzərə çarpır ki,
Qarabağ sevgisi təkcə milli yox, həm də bəşəri
bir duyğudur.
Elçin
Hüseynbəylinin "Gözünə gün
düşür", "Qocanın axdığı
gün", "Atəş səsləri
qulağında" hekayələri, Rafiq Şamiloğlunun
"Bəlalı dünya" romanı, eləcə də
öncə adını çəkdiyimiz T.Vahidin, E.Hüseynbəylinin
və V.Məhərrəmovun hekayələri, Nüşabə
Məmmədlinin "Zəngulə", Fazil Güneyin
"Qara qan" əsərləri Qarabağ hadisələrini
nəsrdə canlandıran nümunələrdir.
Ancaq təəssüflə qeyd ediləsidir ki, nəsrimizdə
- konkret desək, roman janrında Qarabağ həqiqətlərini
əks etdirən və müharibə dövrünün,
yaşadığımız ağrı-acıların,
döyüş-savaş-igidlik-qəhrəmanlıq lövhələrini
dolğun əks edirən romanların sayı o qədər də
çox deyil.
Sabir Əhmədlinin "Axirət sevdası", Aqil
Abbasın "Dolu", Hüseynbala Mirələmovun
"Dağlarda atılan güllə" romanları bu
boşluğu nisbətən aradan qaldırır. Son illərdə
Vüsal Nurunun "Qaraqaşlı", S.Aranın
"Yerevana gedən yollar" romanları çap olunub,
ümid edək ki, Qarabağ həqiqətlərini əks
etdirən belə romanlarla tez-tez rastlaşaq...
Bu yazıda yazıçı-publisist Zemfira Məhərrəmlinin
"Bədii düşüncədə Qarabağ"
kitabında gedən yazılardan (hamısından olmasa da)
söz açdıq. Təbii ki, onun müraciət etmədiyi və edə
bilmədiyi müəlliflər və əsərlər az deyil. Kitaba ön söz yazan Azər Turan
haqlı olaraq yazır ki: "Qarabağ savaşı və
ağrıları barədə yazılmış əsərlərə
həsr olunan bu kitabda, əfsus ki, savaşın içindən
keçmiş müəlliflərə və onların bədii
nümunələrinə ya heç rast gəlinmir, ya da az (Emin Pirinin şeirləri) təsadüf
olunur". Arzu edək ki, ikinci belə bir kitab
yazsa, müəllif bu boşluğu da aradan qaldırar.
Bu, bir publisistin düşüncələriydi...
Bu qədər...
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 18 sentyabr.- S.28.