Vətən ideyası

 

Tanınmış şair, yazıçı, publisist Novruz Nəcəfoğlunun bir şeir kitabı ilə tanış idim. Hesab edirəm ki, onun "İçimdə bir ocaq var" adlı kitabındakı şeirlərin isti nəfəsi, şirin tərənnüm dili adamı həyatın ən xoş günlərinə, keçmişin bir qədər çətin, keşməkeşli, indinin nostalji doğuran hisslərinə aparıb çıxarmağa bəs edər. O xoş çağlara qayıtmaq üçün ədəbiyyatın, poeziyanın imkanları genişdir. Bu yaxınlarda Novruz Nəcəfoğlunun nəsr əsərlərini - hekayə və povestlərini mütaliə edə-edə bu qənaətlərim bir az da qətiləşdi. Düzü, onun nəsr əsərləri də həzin lirika ilə müşayiət olunan təsvirlərlə bizim hamımızın yaşadığımız həyatın ən kövrək tərəflərinə işıq salır. "Yuxuya gedib gecə", "Atüstü bir nağıl", "Ötən cavan çağım ola", "Nağıl adam" povestləri, "Yollar uzanan gün", "Bir qış gününün xatirəsi" kitablarındakı hekayələr və şeirlər təkcə mövzunu açmağa, həyatın hər cür, həm də bir cür üzü ilə tanış etməyə, geniş, təfərrüatlı nitq axınına düşməyə deyil, müəllifin və onun şəxsində insanın tam dolğun obrazını yaratmağa səbəb olur. Həmin dolğun, bitkin müasir insan obrazının tamamlanmasında "İçimdə bir ocaq var" həqiqətinin payı çoxdur. Bu ocağın başında adi insanlar, "adi" olduğu qədər ali əxlaqa, ali həyat tərzinə alışmış böyük şəxsiyyətlər cəmləşibdir. Bu ocağın dairəsi Novruz müəllimin qələminin işarət etdiyi yerəcən, bu gündən dünənə, dünəndən bu günə böyüyür, genişlənir, hələ özünü diri tutan əhdinə-sözünə vəfalı köhnə adamlar onun yazdığı mətnlərinə bəzən eyni adla, eyni məram-məqsədlə səpələnib yerlərini tutmuş olurlar.

Müəllifin obrazını seçib ayırmağımın bir ayrı səbəbi də var. Mən bu əsərləri, xüsusən "Nağıl adam" əsərini mütaliə edərkən paralel olaraq yazıçı Aydın Tağıyevin də hekayələrini oxuyurdum. Novruz müəllimlə Aydın müəllimin münasibətləri gərəkən, hər kəsə aid edilə bilməyən fərqli tellərlə möhkəmlənməsəydi, bu dostluq kitablara düşməz, nağıla, dastana çevrilməzdi. Aydın Tağıyevlə Novruz Nəcəfoğlunun həyatdakı dostluğu kitablarda davam edir və bədii vüsət qazanır. Ən azı, N.Nəcəfoğlunun bir neçə əsərində "Aydın" adı məxsusi sayqı və sevgi ilə orijinal poetik dəyər qazanır. Aydın Tağıyevdən bəhs edən "Nağıl adam"da əsərin baş obrazı (Aydın obrazı) ilə birlikdə müəllif Novruz Nəcəfoğlu obrazı da diqqəti cəlb edir. Daha doğrusu, biri müəllif olmaqla bu iki obrazın, müxtəlif epizodik əhvalatların fonunda iki ayrı-ayrı şəxsiyyətin bir amal, bir ideya əhatəsində birləşməsi, bütövləşməsi müşahidə olunur. Həmin bioqrafik romanın quruluşu da, məzmun elementləri də oxucunu maqnit kimi çəkən unikal nəsr nümunəsinin göstəriciləri kimi yadda qalır. Aydın məsələdir ki, lirik duyğuların ifadəsi zamanı nəsrdə birinci şəxsin (hekayə edənin) nümunəsində çoxlu sayda insanı, toplumu, toplumları ümumiləşdirmək mümkündür. "Nağıl"da müəllif - qəhrəman tandemi bu görəvi yerinə yetirir. Bu tipli əsərlərdə müəllif mətnin bir tərkib hissəsinə, ayrıca bir estetikaya çevrilir. Xatirə üslubu bədii əsərdəki iştirakçıların sırasında müəllifin portretini və yerini geniş planda nümayiş etdirməyə imkan yaradır. Bu halda "Nağıl adam"da yer almış bir çox tanınmış yazıçı və şəxsiyyətlərlə əlaqəli şirin əhvalatların poetikası ilə baş-başa qalıb yazarın qələminin nişan verdiyi səmti, təsvir etdiyi mənzərəni zövqlə, şövqlə seyr etməyə oxucuda meyil və maraq yaranırsa, bu, müəllifin uğurudur. Başqa sözlə desək, bir mətnin havasına düşmək, orada tapdığın indi və keçmişdə baş verənlərin, necə deyərlər, acılı-şirinli xatirələrinə sığına bilmək, hər şey mətnin bədii tərtibatından, dil kompleksindən asılıdır. Ədəbiyyatda imzaya, o imzanın doğurduğu ovqata, rəy və qənaətlərə gəlib çıxmaq bir yazarın bir cümləsindən, bir şeirindən, bir kitabından başlayaraq şüurda möhkəmlənməyə səbəb olur. Müəllifin yadda qalmağı, ya diqqət kəsb etmədiyi nəzəri cəhətdən bəzən metodoloji aspektdə izah olunsa da, bunun yeni ədəbi cərəyanların tələbi ilə bağlı olduğu deyilsə də, hər bir halda N.Nəcəfoğlu kimi ədiblərin obrazının "izm"lərsiz mətnin, mətnlərin vasitəsilə yaddaşa təsir etməsi yaxşı haldır. Ədəbi oyunlara məhəl qoymadan, sadəcə olaraq mətnin bədii konteksti üzərində layihə-dizayn planlarını uğurla yerinə yetirməklə konkret uğur qazanmaq mümkündür. Bir halda oxucusunu tapmaqla əldən-ələ keçərək yazıçının kitabları məşhurlaşır, öz auditoriyasını genişləndirməyə müvəffəq olur, digər halda yazıçı əsərin hər abzasında, cümləsində ehtiramla xatırlanır və yüksək reytinq qazanır. Bu üzdən hər bir istedadlı yazıçının hər hansı formada təbliği vacib məsələdir. Bu başdan deyim ki, bu fikirlərimə yer ayırmağım onun xüsusən nəsr əsərlərinin orta məktəbdə tədrisinin zərurəti ilə bağlıdır. Bu əsərlər ölkənin doğma təbiətini, azərbaycanlının həyat tərzi və məişətini, ən əsası, milli yaddaşını, yaxın dövrün tarixini öyrətmək baxımından çox faydalıdır. Bilgim var ki, məktəb dərsliklərinə Xocalı hadisələri, Qarabağ mövzusunda daxil edilmiş bir çox hekayə mətnləri dərslik tərtibçilərinin sifarişi ilə yazılıb və təəssüf ki, o əsərlərin bədii dəyəri müasir məktəblinin tələblərinə tam cavab vermir. Bu baxımdan, N.Nəcəfoğlunun səmimi notlarla qələmə alınmış "Ağ qayadan atılan güllə" povesti dediyim həmin boşluğu təmin edən əsərlərdən biri sayıla bilər. Onun povest və hekayələrində güclü insan xarakterləri, saf, təmiz münasibətlərin əsasında keçib gedən həyat, vətəni, doğma yurd yerlərini sevdirən doğal mühit, insan taleyindəki qəribəliklər - bütün bunlar istedadlı, müqtədir bir söz-sənət adamının peşəkar qələmi ilə canlandırılır. Təkcə "Nağıl adam"da deyil, digər əsərlərində də yazıçının gizlindən boylanan mükəmməl obrazını görmək, hiss etmək, ya intuisiya etmək olur. Bu məqamda yalnız əsəri təhlil etməklə kifayətlənmək olmur, bir yazarın timsalında mühakimə yürüdən, göstəriş verən təhkiyəçi yox, hadisənin içində iştirakçı kimi yerini tutan obraz tez-tez göz qabağına gəlir, onun yaxından tanıyıb öyrəndiyi insan taleləri ilə birgə özünün də nə qədər səmimi bir müsahibə çevrildiyinin fərqində olursan. Düzünü deyim ki, oxuduğum bu əsərlərdəki təsvirlər şəxsən mənə çox doğmadır. Məsələn, "Atüstü bir nağıl" povestinin məndə oyatdığı təəssüratın şirinliyi ömrümün cavan çağlarında yaşadığım hiss və düşüncələrə bağlanır. Onun bir kitabı "Keçən cavan çağım ola" adlanır. Bax bu "keçənlər"i unutmamaq həm də bir sadiqlik nişanəsidir. Keçmişə sayqı, sevgi hər zaman təqdirəlayiq əməldir. Mən Qubanın ucqar dağ kəndlərində yaşamış, müəllim işləmiş, əsərdə təsvir olunan çətinliklərlə qarşılaşmışam. Qışın qarlı, şaxtalı günlərində çətin dağ relyefi şəraitində bir yerdən başqa bir yerə atla, ya ayaqla yol getməyin əziyyətlərini bilirəm. Keçmiş sovet həyatının bəzi özəllikləri ilə bu əsərdə tanış ola bilirik. Keçmişi öyrənmək yeni zamanı dərk etməyə yardım edir. Novruz müəllimin yardıcılığında at kultu geniş yer tutur. Atın üzərində qurulan genişmiqyaslı fikir, ifadə sırasında mərdlik, fədakarlıq, əhdə, sözə vəfalı olmaq kimi müsbət insani cizgilər üstünlük təşkil edir. "Atüstü bir nağıl"ın təhkiyə qatındakı gərgin hərəkətlilik iki formada özünü göstərir. Burada yolun atla qət edilməsi, yer səthi ilə əraziyə daxil olma, iqlim, relyef çətinliklərini dəf etmə zahiri səciyyə daşıyır. İkinci yol şüurda, duyğuda, arzuda, ümiddə çözülən və birincidən qat-qat ağır keçilən yoldur, hərəkətdir. Bu atüstülüyün coğrafi konturları ilə vaxtı istənilən qədər kiçiltmək mümkün olsa da, fikirdəki, qəlbdəki yaşantılarla vaxt, zaman genişdir, hüdudsuzdur. On dörd yaşlı Gərayın - kökünə, əxlaqına bağlı bir azərbaycanlı gəncin qarlı şaxtalı qış günü sərt dağların arası ilə mənzil başına özünü çatdırmaq çabası bir fədakarlıq nümunəsi kimi yadda qalır. Ananın, atanın, Gərayın özünün və əlbəttə, oxucunun ümidi, gözləntisi, narahatlığı daha artıq məzmun, dəyər kəsb edir. Gərayın timsalında motivasiya olunur ki, ev, ailə, ocaq müqəddəsdir, əzizdir. Partkom atası ilə kolxoz sədrini yola salıb üç atla geri qayıdan Gəray evdə ananın nigaranlığına səbəb olmamaq üçün bütün çətinliklərə rəğmən gücünü toplayıb özünü axşama evə çatdırmalıdır. Yol boyu təhlükə onu hər an izlədikcə keçib getdiyi hər kənd onun inamını artırır, vücuduna təpər gəlir, ancaq heç yerdə ləngimək istəmir, çünki daha doğma məkan var. Dağlara səpələnmiş kəndlərin hər biri vətənin möhtəşəm obrazını təmsil edir. Yolun dəhşətindən qarşıdakı daha bir yaşayış məntəqəsinin varlığı hissi ilə qurtulmaq olur. Hələ tam böyüyüb-bərkiməmiş Gərayı cəsarətləndirən də, rayon mərkəzində oğlundan heç bir xəbər ala bilməyən narahat ataya da toxtaqlıq gətirən yol uzunu bir-birinin dalınca sıralanmış kəndlər, o kəndlərdəki tanış, etibarlı insanlardır. Bəli, kainatı isidən, qəlbə hərarət bəxş edən insandır. İnsan varsa, vətən varsa, planetdə həyat nişanəsi var. Vətəndə keçən ən çətin ömür-gün belə əzizdir, doğmadır.

N.Nəcəfoğlunun nəsri xatirə notları üzərində qurulduğuna görə orada poetik-psixoloji ovqat güclüdür. Xatirə adamı uzağa, səssizliyə çəkib aparır. Keçmişə boylanmağın ən yaxşı üsulu həmin səssizliyə dalıb "uzun gecələrin" birində yola çıxmaqdır. Ayaqla qət ediləsi mümkün olmayan bu ilahi səfərə yol almaq üçün bir səs, bir nida bəs eləyər. "Yuxuya gedib gecə" povestinin maraqlı quruluşu, kompozisiyası var. Qeybdən, ya yuxunun içindən bir səda yüksələrək Həbibi düşüncələrə qərq edir. Tanış səslərin sorağı ilə əsər qəhrəmanının keçmişə səyahəti başlayır. Yazıçı əsərdəki ideyanın əsaslarını, kökünü həmin səsin, "qıyha"nın üzərində quraraq ustalıqla bitib-tükənməyən bir təhkiyə labirintini yaratmağa müvəffəq olur. Mətnin uğuru göz qabağındadır. Adamın onu yuxusundan qaldıran "qıyha"nın izinə düşmək qərarı oxucunu da məmnun edir. Ədəbiyyatda səs kultu mifik mətnlərdən bizə bəllidir. Novruz müəllimin digər əsərlərinin də səs çaları barədə geniş söhbət aça bilərik. Bu, payızın xışıltısı şəklində, suların şırıltısı, ya qış fəslində kəskin soyuq havadakı uğultu kimi xatırladıla bilən olub bitmiş hadisələrlə bağlıdır. Novruz Nəcəfoğlunun hekayələrini və o hekayələrin az sayda personajlarını, onların hər birinin iç yaşantılarını - dünyasını da nəzərə alsaq, insanın "başına gələnləri" söyləyib qurtarmağa bir, heç bir neçə ömür bəs eləməz. Çünki yazıçının bəhs etdiyi hadisələr ədəbi çözüm tələb edir. Bu qısa, uzun əhvalatların təhkiyə qatı çoxsəsli lirik-psixoloji düşüncədən, duyumdan ibarətdir. Bu yaşantıları sözə çevirmək, şübhəsiz, müqtədir söz ustalarının uğurlu ədəbi projelərinə bağlıdır.

Səsli-sözlü dünyada gecənin bir aləmində ətraf, yer-göy səsini udub yuxuya daldığı bir anda keçmişin bir səmtindən - xatirədən qopub gələn bir səsin izinə düşmək, görəsən, adamı harayacan aparıb çıxaracaq?! "Yolda" səslər şaxələnir, bu polifonik həyatın içindən bir səsin ünvanına, nəhayət, yetişmək Həbibə nəsib olur və zəncir kimi uc-uca calanan hekayətlər də bu zaman yekunlaşır. Deməli, bütün səsli, sözlü, rəngli axtarışlar maraqlar, əlbəttə, xatirələr sevginin üzərinə gəlib çıxır...

Yazarın nə vaxtsa nədənsə təsirlənib yazması ilə onun poetik dünyagörüşə uyğun fəaliyyətini fərqləndirmək lazımdır. Poetik şüurda həyat, ətraf aləm bütövləşir, dünyanın dərki adi vərdişlər səviyyəsindən kənara çıxır. N.Nəcəfoğlunun özünün mənsub olduğu nəsil, bu nəsildən əvvəlki atalar, babalar qismində təfsir edə biləcəyimiz insanlar, bizdən əvvəl, bizdən sonra və bizim özümüzə aid olan sosial mühit, iqlimlər kimi bu mühitin başı üzərindən keçib gedən vaxt, zaman poetik örtüyə bürünür. Onun yuxarıda adını çəkdiyimiz şeirlərdən ibarət "İçimdə bir ocaq var" kitabını şərti olaraq nəsrinə, sonrakı yaradıcılığına yazılmış proloq kimi dəyərləndirmək olar. O "ocaqdan" qopub gələn misraların nəsr əsərlərinin mətninə "sızması" şair-yazıçının həm də nağıl, dastan təfəkkürünə möhkəm bağlılığını göstərir. "İçimdə bir ocaq var, Çölü daş, içi atəş" təsvir formatı yazıçının bədii obrazını yaxşı ifadə eləyir. Bu cür misralardan azərbaycanlının təsəvvüründə daşlaşan qədim, alınmaz qalalara "gizli" keçidlər bərkidilir. Bu keçidlərlə irəliləyib təmsil olunduğumuz vətən ərazisinin ən doğma yerlərini seyr etmək mümkündür. Əslində, onun içindəki ocağın adı vətən sevgisidir. Bu sevgi qalanan tonqalları, yolları, qalaları, ucada qərar tutmuş qartalı, tufanı, seli, suyu, ananı, qala ilə assosiasiya oluna bilən duvaqlı gəlini - bütün bu doğma saydıqlarımızı vəsf etməyə qadir güc və qüdrətin adıdır. Bu baxımdan, şairin "Bacım üçün" şeiri gözəl nümunə ola bilər. Sevgi haqqında da şeirinin olub-olmadığını öyrənmək istəyən bacıya verilən cavab tək ədəbi mövqeyə qiymət vermək sarıdan deyil, adi insanlıq vəzifəsinə görə ibrətə layiqdir. Şairin fikrincə, insan üçün doğma olan şeylərə onun ehtiyacı sevgi ola bilər. Belə bir ümumiləşdirmə aparıb deyə bilərik ki, adamın öz keçən günlərinə, qarşıda ona sevinc və səadət gətirəcək hər şeyə ehtiyacı olduqca sevgi tükənən deyil. Yazıçının nəsr əsərlərində bu sevginin konturlarını daha aydın cizgilərlə təyin etmək mümkündür. "Atüstü bir nağıl" povestində insan ömrünün də əslində atüstü bir görüşdən, təmasdan ibarət olduğu fikri meydana gəlir. Bu kitabdan çıxan bir nəticə də odur ki, nağıldan gəlib nağıla qayıdacaq insan oğlunun həyatı təkcə onun başına gələnlərdən deyil, həm də onun ağlına gələnlərdən, ürəyindən keçirdiklərindən ibarətdir. Bu əsərdə keçən ömrün, keçən əsrin xatirəsi əziz tutulur, onun xoş və rahatsız günlərinin eyni dərəcədə adamı məşğul etdiyi qənaəti doğurur.

Yazıçı hər yeni mətnində özünü, sözünü tamamlamaq missiyası ilə çalışır, lakin zamana nisbətdə "tamamlama" işləri bitmir, həyat kimi, vaxt kimi mətn də davam edir və zamanın özü kimi yeni nitq variasiyaları şəklində dəyişir. Bir çox hekayələrinin, ya hekayə və povestlərinin eyni motivə, ideyaya köklənməsi, yazıçı kredosunda ideyanın, mahiyyətin bütövlük əmsalının həcmi ilə bağlıdır. Kəlbi, Rəhman, Həbib və digər yaddaqalan obrazların onun bir çox mətnlərində təkrarən çıxış etməsi həyatda öz yerini tutan, daim anılmağa, örnək olmağa, sevilməyə, ehtirama layiq insan obrazını önə çıxaran əlamət kimi də qəbul etmək olar. Müəllifin onun oxucusunun da bəyəndiyi obrazlara, insan tiplərinə tez-tez müracət etməsi təsdiq edir ki, N.Nəcəfoğlunun ədəbi dünyagörüşündə iki fundamental mövzu - Vətən və İnsan prioritet təşkil edir. Bu iki anlayışa nəzərən yazıçının ədəbi qayəsini müəyyənləşdirmək olur. Doğrudan da, onun əsərlərinin əsas ideyası Vətəndir. Elə bir vətən ki, onu sevmək və tez-tez xatırlamaq üçün qəlbi sevgi ilə dolu insanlara ehtiyacımız var.

 

Zakir MƏMMƏD

Ədəbiyyat qəzeti .- 2021.- 18sentyabr. S.26-27