Salam, viran qalmış

evim-eşiyim

 

Bir vaxtlar Böyük Mərcanlıda

ən azından, görünüşü ilə çoxlarını

məftun edən evimin

xarabalıqları önündə düşüncələrim

 

Salam, mənim viran qalmış evim-eşiyim,

Köksündəki "əl izləri", söylə, yadınmı?

Yağmalanan künc-bucağın yuvam-beşiyim,

Ta yanına qayıtmışam, tanımadınmı?

 

Kim sökübdür tavanını, çarhovuzunu?

Susuzluqdan çat-çat olub dilin-dodağın.

Gizli-gizli sızlamısan illər uzunu,

Güllələrə tuş gəlibdir pöhrən, budağın.

 

Heç çatdımı qulağına səsim-harayım,

Səksəkəli gözlərindən yuxun qaçdımı?

Söylə, hanı xartut, innab, şanı... payım,

Məndən sonra çiçəklərin bir açdımı?

 

Görən hanı aynabəndin, qapın, pəncərən,

divarın yerindədir, çardağın.

Heç oldumu əncirini, narını dərən?

Kol-kos basmış bağım-bağçam sənin gözdağın...

 

Yağıyamı qismət oldu dəmir darvazan?

Bu qapıdan adlamışdı neçə dost-tanış.

Oyaqdırsa qoy eşitsin bəxtini yazan,

Ta susmağın yeri deyil, bir az din, danış.

 

De, budursa o zamankı yazı otağım,

Yandırılmış kitabların külü hanı bəs?

qələmim yerindədir, varağım,

Əlyazmamı soraqlayıb, gəzməyim əbəs!

 

Hər daşında qəlpə izi, barıt qoxusu,

Yağış kimi yağa biləm keşkə bir anlıq.

Qərib eldə hədər getdi ömrün çoxusu,

Bir geri qayıdarmı görən, cavanlıq?..

 

Yolun-izin ürəyimin şah damarıydı,

Hardan gəldi bu ayrılıq, bu ölüm-itim?

Bir zamanlar burda keçən ömrüm yarıydı,

Ta bilmirəm yaşamağa varmı möhlətim...

 

Keçən-keçdi, olan-oldu... deyim daha,

Nəfəsimlə isindinsə, təzədən sevin.

Gəl, birlikdə yönümüzü tutaq sabaha,

Düşmən bilsin öz sahibi varmış bu evin...

 

Elegiya

 

Gənclik illərimdə vüsalına çata

bilmədiyim bir xanımın vaxtsız ölümünə

 

Ay sevgisi nakam, lal səsi diri,

Bir məzar dolusu nəfəsi diri.

Yaşamaq istəyi-həvəsi diri,

Heyrandır ağıllı-dəli, şəklinə.

 

Sızlayan nisgilə dönmüşəm sanki,

Sənin yoxluğuna dözmək asan ki?!

Ehh... indi o qədər uzaqdasan ki,

Çatmaz bir kimsənin əli şəklinə.

 

Qayıtmaz yazın, qışın mənə,

Dağ çəkdi gileyin-qarğışın mənə.

Desə "xoşbəxtsənmi" baxışın mənə,

Yalandan deyimmi "bəli", şəklinə?

 

Sənsiz dərdim-qəmim dağdan iridir,

Göz yaşım torpağı-daşı əridir.

Ürəyim qaralan ocaq yeridir,

Dinsəm səpiləcək külü şəklinə...

 

Gözümü zülmətə zillədikcə mən,

Həsrətim dil açır saçımda dən-dən.

Qoy nakam eşqimin tutub əlindən,

Üzümü söykəyim ölü şəklinə...

 

Ağlamayın məni

 

Dərd üstümə çəkdi qoşun,

Hər üzün gördüm savaşın.

Bircə xoş sözlə göz yaşın -

Silsəm, ağlamayın məni.

 

Dilim yansa da azacıq,

Etmədim bəxtimdən acıq,

Qərib eldən alnıaçıq

Gəlsəm, ağlamayın məni.

 

Acı söz yatmaz dilimə,

Dərd sığal çəkdi telimə.

Son nəfəsimdə ölümə -

Gülsəm, ağlamayın məni.

 

Dipdiriyəm hər çağımda,

Nur saçır künc-bucağım da.

Gedib doğma ocağımda

Ölsəm, ağlamayın məni...

 

Olmayıb

 

Göz açmışam köhnə damda,

Közərti gəzmişəm şamda.

Bəxtimlə "nərd" oynasam da,

Heç udan vaxtım olmayıb.

 

Bağlananda qapım-bacam,

Üzə durdu ehtiyacım.

Haqdan gəlsə söz tacım,

Sarayım-taxtım olmayıb.

 

Sanmayın yetən öləcək

 

Artsa əgər qiymət-qədir

Biləcəyik sevgi nədir.

Torpaq bir dolu təknədir,

sünbül, dən öləcək.

 

Haqqın qatlanmaz dizi var,

Hər gecənin gündüzü var.

Taleyin min bir üzü var,

Kim bilir, nədən öləcək?

 

Tanrının qadir əlləri

Qoruyacaq yenə yeri.

Ruhumuz qalacaq diri,

Ölsə bədən öləcək.

 

Dərd bir, ikidir,

Həyat hər şeyin ilkidir.

Ölüm haqqı bizimkidir,

Əcəli yetən öləcək.

 

Ah-nalə qalxıbsa göyə,

Səbrə sığınmayaq niyə.

Heç kimin haqqı yox deyə:

"Mən ölsəm vətən öləcək..."

 

Görən axtarırıq

 

Kimsə saxlaya bilməz

Ötüb-keçən anları.

Göylər əfv etmir yerin

Ritmini pozanları.

 

Bəxtin "xətti-imzası"

"Alın yazısı"ndadır.

"Niyə-nədən" sorğusu,

Əzəldə yox, sondadır...

 

Hər obanın, hər elin

Yaxşısı-pisi vardır.

Hamının ya tez, ya gec

Ölüm "növbəsi" vardır.

 

Naləsi ərşə qalxır

Sönən gur ocaqların.

Sirrini kim bilir ki,

"Olub-olacaqlar"ın?..

 

Xislətindən halıyıq

Divin , iblisin .

Hələ çabalayırıq

Ümid közərtisində...

 

Bəxtimin

 

Eşidə bilmədim heç vaxt səsini,

Alnıma yazıbmış hər kəlməsini...

özünü gördüm, kölgəsini

Tanrı umuduna qalan bəxtimin.

 

Dedim, bəlkə ölüb... heç demə, sağmış,

Gözlərimdə nisgil, sinəmdə dağmış.

Əl atdım yapışam... yaxası yoxmuş

Gözümün odunu alan bəxtimin...

 

Get...

 

Niyə eynin açılmır,

Niyə qaş-qabaqlısan?

Səhv etdimsə bağışla,

Bəlkə sən haqlısan.

 

Ta olan-oldu keçdi,

Geriyə dönməz anlar.

Qəlbinə yol tapdımı

Şirin dilli yalanlar?

 

Tapdaladın əhdini,

tez andını dandın?

"İşıq kölgəsiz olur" -

Deyənlərə inandın...

 

Demirəm kirpiyimdən

Gilə-gilə axıb get.

Ürəyimin qapısın

Aça bilsən, çıxıb get.

 

Bizim ulduzumuz

barışmaz daha

 

Demirəm son dəfə üzümə bax get,

Gedirsən, yaxşı yol, ləngimə, çıx get.

Dözərəm, günahı üstümə yıx get.

Bizim ulduzumuz barışmaz daha!

 

Məni öz yolumdan döndərən sən,

Bəxti cin atına mindirən sən.

Bir eşqin şamını söndürən sən.

Bizim ulduzumuz barışmaz daha!

 

Söz var ki, zəhərdən acıymış, acı

Dönük bir istəyin varmı əlacı?

Bax, bu da sonuncu bir yolayrıcı,

Bizim ulduzumuz barışmaz daha!

 

Qəfil döndün yada, sən bilə-bilə,

Közərən ruhumu döndərdin külə.

Hardasa qarşıma çıxsan da belə,

Bizim ulduzumuz barışmaz daha!..

 

Ötəri bir istək gəldi-gedərmiş,

Dönük üzlü eşqin sonu kədərmiş.

Heç demə, yolumuz bura qədərmiş,

Bizim ulduzumuz barışmaz daha!

 

Danışdım

 

Lal həsrətim kəsilməyən giziltim,

Həyat məni bərkə çəkdi, üzüldüm.

Kirpiyimdən damla-damla süzüldüm,

Söz közərdi, səs boğuldu - danışdım.

 

Məna gəzdim avazda da, səsdə ,

Dilə gəldim hərdən zildə, pəsdə .

Bəzən əsdim bir kəlmənin üstə ,

Ürəyimə dərd yığıldı - danışdım.

 

Tale baxmaz ağıla, gücə,

Bəlkə alın yazısıymış eləcə.

Dəli könlüm havalandı bu gecə,

Can sızladı, qəlb sıxıldı - danışdım.

 

Heç bilmədim sular duru axdımı,

Ötən günlər dönüb geri baxdımı?

Əbəs yerə itirmədim vaxtımı,

Bu da elə bir nağıldı - danışdım.

 

Dedilər

 

İkini vurdum ikiyə,

Hasilə cəmdi, - dedilər.

Ovcumdakı son tikəyə -

Müftəcə yemdi, - dedilər.

 

Nadan çıxanda qarşıma,

Mat qaldılar savaşıma...

Yer-göy fırlandı başıma,

"Bəxtəvər dəmdi", - dedilər.

 

Zülmət çökəndə izimə,

Hey divan tutdum özümə.

Halallıq gəzdim... üzümə -

Ağıldan kəmdi, - dedilər...

 

Mingəçevir

 

İsmayıl Mərcanlı İMANZADƏ

 

Ədəbiyyat qəzeti.- 2021.- 18 sentyabr.- S.25.