Bitməyən berqmanomaniya
Hekayə
"Yaddaş
eskizləri" silsiləsindən
Dağıstanlı
dostum Ramazan Məmmədşahova
Keçən əsrin 90-cı illərinin ortalarıdır, Sankt-Peterburq Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin üçüncü kursundayam. Günlərdi İnqmar Berqmanın ölümün, həyatın fanilik fəlsəfəsinin ideal kinematoqrafık həllini verə bildiyi "Yeddinci möhür" filminin təsirindəyəm, ilk dəfədir ölümün həm vizual, həm də dialoq və pritça-hadisələrdə əks olunan fəlsəfəsindən ləzzət alıram. "Görən, Berqman sağdır?". Məni qəfil yaxalayan bu suala cavab tapmaqçün fakültəmizlə eyni binada yerləşən "Skandinaviya filologiyası" kafedrasına dəymək ağlıma gəlir. (Kompüter, internet təzə-təzə meydana çıxıb, hələ ki onlardan istifadə edə bilmirəm.) Fasilədə kafedraya daxil oluram, ilk gözümə dəyən ortayaşlı, karesaçlı qadın müəllimə "Sabahınız xeyir" deyib, utana-utana soruşuram: "Bəlkə bilərsiz, İnqmar Berqman sağdır, yoxsa..?" "Ölüb" deməyə çətinlik çəkdiyimi göstərməkçün balaca uşaqlar kimi başımı yana əyirəm. Müəllim gözlərini qıyıb fikrə gedir, sonra deyir: "Deyəsən, öl... Bir dəyqə, - üzünü otaqdakılara tutur: - Həmkarlar, bilmirsiz, Berqman sağdır?". Bir-birinə sual dolu nəzərlərlə baxırlar, birdən qalın şüşəli gözlük taxan yaşlı qoca kişi ciddi sifətlə dillənir: "O, deyəsən, həm ölüb, həm də ölməyib". Gülüşürük. "Cavan oğlan, siz sabah bura gələ bilərsiniz?" - karesaçlı xanım mənə deyir. - "Əlbəttə." Sabah "O sağdır" cavabını eşitmək ümidiylə kafedradan çıxıram.
Rejissorun eyni zamanda gah bu, gah da o dünyada olmasını fikirləşə-fikirləşə qəribə-əcaib hisslərin məngənəsinə düşürəm, bu dəfə mübhəmlik, sirr mənə mistik ləzzət verir. Hmm, yaşlı kişi yaxşı dedi, həm ölüb, həm də ölməyib, bir ayağı burda, bir ayağı gorda məsələsi. Yox, o, bir az başqa cürdü, xəstə, qocalıb əldən düşmüşlərə elə deyirlər. Nə isə. Hə, onu deyim ki, Stokholma gedib Berqmanı tapmaq, "Yeddinci möhür" filmiylə bağlı suallar vermək var planımda. Cənab Berqman, niyə məhz Benqt Ekerotu Əzrayıl roluna seçdiniz? Həyatda da o, zəhmlidi? Bu rola görə neçə aktyor kastinqdə iştirak edib? Maks fon Südof həyatda necə, alicənab adamdı? Səksəninci illərin əvvəllərində verdiyiniz intervüdə deyirsiniz ki, o filmi çəkəndən sonra ölüm qorxusuna qalib gəlmisiniz. İndi doxsanlardı, səmimi deyin, ölümdən qorxmursunuz? Niyə 1985-ci ildə Stokholmdakı kinosərgidə ilk dəfə Tarkovskini görəndə, ona yaxınlaşmamısıniz, tez uzaqlaşmısıniz ondan? Axı, onun "Andrey Rublyov"u sevdiyiniz on filmdən biridir. Üstəlik, o da sizin "Çiyələk talanız"ı sevir və sözsüz ki, bundan xəbəriniz var.
Onda elə bilirdim, Berqmanı ekzistensializmin kino həllini həmin filmin vasitəsilə verə bilən ilk rejissor kimi məhz mən kəşf etmişəm. Andre Bazenin "Kino nədir?" əsərini oxuyandan sonra anlayacaqdım ki, kinonun fəlsəfəsi çoxdan yazılıb. Aspiranturanın birinci kursunda fəlsəfədən minimum imtahanında "Dostoyevskinin metafizik görüşləri" sualına cavab verərkən, təzəcə oxuduğum "Karamazov qardaşları"ndakı ateist Dmitri və inanclı Aleksey arasında gedən dini mübahisələrdən, yazıçının öz ruhani əzablarından əl-qolumu ölçə-ölçə, həvəslə o qədər danışmışdım ki, məni maraqla dinləyən müəllimim mərhum Mixail Uvarov qalan üç sualın cavabını gözləmədən qiymət kitabçama beş yazmışdı. Üstəlik, eyni vaxtda həm Fəlsəfə, həm də Şərqşünaslıq fakültələrində oxuyan dağıstanlı dostum, - kəllə Ramazan müdrik səslə "Berqman həm də filosofdur" deyəndə, "İskusstvo kino" (Kino sənəti) jurnalı üçün "Kinematoqrafiyanın Dostoyevskisi" adlı məqalə yazıb sənətkarı kinofilosof kimi dünyaya tanıtmaq eşqinə düşmüşdüm. Ona görə mənə onun sağ qalması son dərəcə vacibiydi.
Səhər kafedradakı karesaçlı müəllim təəssüflə hələ ki bir şey öyrənə bilmədiyini deyib ardınca gülə-gülə əlavə edir: "Ümid edək ki, hələ ölməyib". "Düzdür," - deyib gözlərim dünən "O, həm ölüb, həm də ölməyib" deyən qoca kişini axtarır. Qoca baxışlarımı tutub ürəyimdəkiləri oxuyur: "Darıxmayın, cavan oğlan, hər şey gec-tez bilinəcək. Əsas odur ki, siz Berqmanı başa düşürsünüz, onun estetikası sizə çox doğmadı". "Bəli, bəli" - deyib gülümsəyirəm və özümçün müəyyən edə bilmirəm, kişinin dedikləriylə razıyam, ya yox... Dəhlizə çıxanda öz-özümə deyinirəm: "Bunlar, deyəsən, heç maraqlanmayıb.
Qeyri-müəyyənlikdən təsəvvürlərimin 98 faizində Berqman ölüb, 2 faizində sağdır. Amma o 2 faizlik ümid o qədər parıltılı, işıqlıdır ki, 98 faiz kölgədə qalır. (Elə indi də uzun müddət mətbuatda görünməyən, yaşı səksəni keçmiş, tanınmış sənətkardan söz düşəndə, bəzən bunu eşidirik: "Bir dəyqə... axı, deyəsən, o ölüb"). Yenə xəyalən Stokholma, İsveç Kral Teatrına gedib onun ev ünvanını öyrənirəm, ondan-bundan soruşa-soruşa evini tapıram, qapını Berqman açır, özümü təqdim edib məqsədimi deyirəm, xarizmatik təbəssümüylə "Buyurun" deyir, qulluqçusu bizimçün qəhvə dəmləyir, xeyli söhbət edirik, bütün suallarıma həvəslə cavab verir.
Nəhayət, kafedraya üçüncü gedişimdə, içəri ayaq basan kimi karesaçlı müəllim balaca uşaqlar kimi sevincək əllərini bir-birinə vurub məni müjdələyir: "Berqman sağdır". - "Nə danışırsınız? Təsəvvür edə bilməzsiniz məni necə sevindirdiniz. Bilirsiniz, niyə sizi narahat edirdim? Planımda Stokholma gedib Berqmanla görüşmək var. İstəyirəm, onu həm də kinofilosof kimi dünyada tanıdım". Qəribə, xəfif istehzalı təbəssümlə mənə baxır, demək istəyir, ciddisən, cavan oğlan? Berqman hara, sən hara, o, dünya şöhrətli rejissor, sənsə adi bir tələbə. Başını tərpədib süni təbəssümlə deyir: "Bu işdə sizə uğurlar arzu edirəm", bu sözlərdə Gedə bilərsən tonu var. Qoca kişi müəllim orda yoxdur, olsaydı, çox güman, o gün dediklərini təkrar edəcəkdi. "Cavan oğlan, mən axı sizə dedim. Əsas odur ki, siz Berqmanın filmlərindən həzz alırsınız. Onunla görüş sizə nə verəcək?" - "Çox şey verəcək. Əcəb eliyib onunla görüşmək istiyirəm, sənə nə?" - "cavabını" verirəm. Kafedradan çıxan kimi ürəyimdə başlayıram karesaçlıyla danışmağa: çox nahaq yerə ürəyində mənə lağ eliyirsən, mən yeddidə oxuyanda, akademiyaya gedib Şərqşünaslıq İnstitutunun direktoru, akademik Ziya Bünyadovla görüşmüşəm, Orta əsrlər tarixi üzrə alim olmaq istədiyimi deyib "Sizdən məsləhət almağa gəlmişəm" demişəm. O, əllərini şalvarının ciblərinə salıb bir müddət məni süzmüşdü, sonra Qalib adlı işçisinin yanına göndərmişdi məni. Bu görüşə görə adım qohumların ağzından düşmürdü, eyni sualları eşitməkdən bezmişdim: sən doğrudan, Ziya Bünyadovun yanına getdin? Necə qarşıladı səni? Nədən danışdınız?
O gün Berqmanın sağ olmasına necə sevindimsə, axşamüstü metroyla "Moskovskaya" stansiyasına, ordan avtobusla Pulkovo aeroportuna getdim. Aeroporta girən kimi gözümü zillədim elektron tabloya. Təyyarə iki saat sonra Stokholma uçacaqdı, artıq qeydiyyat başlamışdı, Sankt-Peterburq - Stokholm reysinin sərnişinləri ağır yüklərini baqaja verib minik kartlarını alırdılar. Diqqətlə onların sifətinə baxdım görüm, kimlə Berqmana ürək sözlərimi çatdıra bilərəm. Sifətcə rejissora oxşayan bir kişini görəndə gözlərimə inanmadım: bəxtə bax, təsadüfən həm vaxtında aeroporta gələsən, həm də ona oxşayan birisini tapasan. Əmin oldum ki, bu adam mənə kömək edəcək, tez yaxınlaşıb ingilis dilində filan yerdə oxuduğumu, Azərbaycandan olduğumu deyib mətləbə keçdim: "Təsadüfən İnqmar Berqmanı görsəniz, ona deyə bilərsiniz ki, sizin Azərbaycandan olan pərəstişkarınız var, "Yeddinci möhür", "Çiyələk talası", "Sükut" kimi şedevr filmlərinizi çox bəyənir? Hə, bir də, zəhmət olmasa, deyə bilərsiniz ki, Benqt Ekerot, Maks fon Südof...". Kişinin sərt, soyuq nordik, hardasa gizlətməyə çalışdığı nifrətli baxışlarından, kip sıxılmış dodaqlarından nitqim qurudu, sanki bu dəqiqə acı bir söz çıxacaqdı ağzından. Quru tonda dedi: "Nə olsun mən ona oxşayıram? Onun qohumu da deyiləm, əgər bilmək istəyirsizsə". "Bağışlayın... Düzü, bilsəydim, sizi narahat etməzdim", - səsim quyudan çıxdı. Deyəsən, pərtliyim onu rəhmə gətirdi. "Dediniz ki, Azərbaycandansınız?" - "Hə, evimiz Bakıdadır", - tez cavab verdim. "Neft, Xəzər kürüsü" - ciddi-ciddi gülümsədi. "Hə, hə", - deyib güldüm, vaxt bol olsaydı, həvəslə Nizami Gəncəvidən, ADR-dən, Üzeyir Hacıbəyovdan danışardım. O isə ciddi sifət alıb dilləndi: "Nəzəri olaraq dediklərinizi Berqmana çatdıra bilərəm. Dediyim kimi, mən ona oxşasam da, biz nəinki qohum, heç tanış deyilik. Həm də bilirsiniz, o, çox məşhur adamdı, mənsə adi bir cərraham. Bura Şimali Avropa cərrahlarının iyirmi ikinci elmi-praktiki konfransına gəlmişdim. Berqman... - mənalı-mənalı aeroportun tavanına baxdı. - Berqman..." - deyib yenə susdu, əmin oldum ki, o da mənim kimi berqmanomandır. "Açığı, mən onu bir rejissor kimi bəyənmirəm". Heç gözləmədiyim bu cümləni eşidəndə, yazıq-yazıq gülümsədim. "Vəssalam. Bəyənmirsə, deməli, mədəni şəkildə mənə xoş gəldin deyir", - ani fikirləşdim. Nəyin bahasına olur-olsun, məqsədimə çatmalıydım. "Yox, nə danışırsınız, Berqman eksiztensializm fəlsəfəsini kinoya gətirən ilk rejissor olub. O, tək elə "Yeddinci möhür"də... - "Hə, "Yeddinci möhür" istisnadı, - sözümü kəsdi, - bu filmi mən də bəyənirəm. Amma ondan sonra çəkdiyi filmlər yalançı intellektualizmdən başqa bir şey deyil". Mənsə Berqmanı müdafiə etmək niyyətimdən əl çəkmirdim: "Yaxşı, Çiyələk Talası" barədə nə düşünürsünüz? Bu film də sizə süni gəlir?" Sifətini turşudub əlini yellədi, yəni kaş bu sualı mənə verməyəydin, sonra dedi: "Siz mənə telefon nömrənizi verə bilərsiniz? - uzunçuluq etməyimə işarə vurdu. - Birdən onu görsəm, dediklərinizi çatdıraram, sizə zəng edib xəbər edərəm". Sıxıla-sıxıla yataqxanada qaldığımı, telefonun ancaq komendantın otağında olduğunu deyəndə, poçt ünvanımı istədi. Tərslikdən üstümdə nə kağız, nə də qələm varıydı. "Bir dəyqə" deyib, məlumat bürosuna tərəf götürüldüm, qaça-qaça dodaqaltı özümü danlayırdım. "Şeir, hekayə yazırsan, amma cibində kağız, qələm yoxdu". Məlumat bürosuna çatmağa az qalmış milis məni səslədi: "Vətəndaş, bir dəyqə sizi olar?" Dayandım, çest verib sənədlərimi istədi. Şamil Basayevin dəstəsinin təzəlikcə Budyonovskdakı xəstəxanaya hücum edib rusları girov götürdüyü, atışmada rus milislərini öldürdüyü vaxtlar idi. Mənimsə üzümü tük basıb, tünd-qara şüşəli gözlükdə, Qafqaz sifət (litso kavkazskoy natsionalnosti), üstəlik, təlaşla qaçıram, - bunlar ətrafa nəzarət edən serjantın diqqətindən kənarda qala bilməzdi. Köynəyimin cibimdən şəhərə müvəqqəti qeydiyyatımı göstərən pasportumu çıxardıb təqdim etmək əvəzinə, Stokholma uçan sərnişinlərə tərəf barmağımı tuşlayıb dedim: "Təcili Berqmana məktub göndərməliyəm, kağız-qələmə görə məlumat bürosuna qaçırdım". - "Sənədlərinizi təqdim edin, vətəndaş," - göygöz kosa dediklərimə əhəmiyyət vermədi. Cibimdən pasportumu çıxardıb ona uzadan anda rejissorun təkcə soyadını dediyimi xatırladım, tez əlavə etdim: "Mən məşhur İsveç kinorejissoru İnqmar Berqmandan danışıram. İndi Stokholma uçacaq sərnişinlərdən birilə ona məktub...". Gördüm, dediklərimi yenə qulaqardına vurur, üstəlik, mənim acığıma vaxt uzada-uzada pasportumu vərəqləyir, davamını demədim. "Bax, niyə də, ay alçaq? Sifətimdən görmürsən, mənim Kalaşnikova dəxlim yoxdu?" - ürəyimdə bunları deyib Sankt-Peterburq - Stokholm reysinə qeydiyyata duranların növbəsinə baxdım. Berqmanabənzər artıq növbənin ortasındaydı. "Tez ol, gəl bu axmağa başa sal ki, terrorçu deyiləm, kinomanam", - ürəyimdə onu köməyə çağırdım. Əsəbimi boğmağa çalışsam da, - ağzımdan artıq-əskik söz çıxsa, milis Budyonovskun heyifini məndən çıxa bilərdi, - hirsli-titrək səslə dedim: "Qeydiyyat möhürü son səhifədədi". Özünü karlığa qoydu, nəhayət, beş-on saniyədən sonra möhürə, qeydiyyat tarixinə baxıb, təbəssümlü sifətlə pasportu mənə uzadıb dilləndi: "Sizə uğurlar". Təşəkkür etmədən pasportu qapdım.
Məlumat bürosunda işləyən qızın mənə verdiyi A4 kağızına tələsik əyri-üyrü xəttimlə qaldığım yataqxananın ünvanını yazıb bitirəndən sonra yenə vərəq istədim, Berqmana iki-üç cümlə kompliment yazmaq ağlıma gəlmişdi. "Yox, çatdırmaram". Sonra yazdığıma diqqət edib gördüm ki, xəttim oxunaqlı deyil. Qızdan aldığım ikinci vərəqə yataqxana ünvanımı yenidən yazıb yerimdən götürüldüm.
O, artıq pasport nəzarətindən keçib getmişdi. "Canın çıxardı on dəyqə artıq gözləyəsən? Çox elə başın çıxır Berqmandan. Get kor bağırsaqları kəs. Bunun Berqmandan xoşu gəlmir". İllər sonra dalaq əməliyyatı ilə bağlı ətrafımdakı ağxalatlı cərrahı, mənə narkoz verməyə hazırlaşan tibb bacısını xatırlayıb fikirləşəcəkdim ki, canım Allahdan və bunlardan asılı olub, Berqmandan, Dostoyevskidən yox. "Tfu" deyib, məni gecikdirən milisin var-yoxunu söydüm. Qeydiyyat növbəsində qalan beş-altı isveçli sərnişin arasında uyğun bildiyim adam görsəm də, söhbətin əvvəlində cərrahın mənimlə soyuq tonda danışmasını xatırladım, artıq ruhdan düşmüşdüm. Əlimdəki kağızları cırıb zibil qutusuna atdım.
Artıq qaranlıq düşmüşdü, yağış çiləyirdi, bileti komposterdən keçirib avtobusda oturmuşdum, alnımı söykədiyim pəncərənin üzərində hərəkət edən, dirək işığının parıldatdığı damcılar hirsimi soyutmaqdaydı. Özüm özümə ürək-dirək verirdim: "Əsas odu, Berqman sağdı, adresini tapıb məktub yazaram ona".
Sankt-Peterburq Dövlət Universitetini bitirib, elmi işimi müdafiə edib Bakıya qayıtdım. Berqmanın filmlərindən hələ də bezməmişdim. Nə Rusiyada olanda, nə də vətənə qayıdandan sonra ona məktub yazdım, əmin idim ki, oxumayacaq, oxusa da, cavab yazmayacaq. Arada tələbə olan vaxt "Seans" kinojurnalının Berqmana həsr olunmuş xüsusi buraxılışında məşhur rejissor Kira Muratovanın "Mən günlərin bir günü Çexovdan soyuduğum kimi, Berqmandan da soyudum" sözlərini yadıma salıb, öz-özümə qürrələnirdim: əhsən mənə, bu gün-sabah əlli yaşım olacaq, mən hələ də Berqmanın sehrindən çıxmamışam, bundan məmnunam, "Yeddinci möhür" ən sevdiyim film, vahiməli Benqt Ekerot, alicənab, xoşsifət cəngavər Maks fon Südof ən sevdiyim aktyorlardı. Bir də, beynəlxalq konfranslarda isveçlilərlə tanış olanda, mütləq Berqmandan söz salırdım. "Oo, siz onu tanıyırsınız?" - bu sualı eşidəndə, şöhrətpərəstliyim fontan vururdu, tez həvəslə cavab verirdim: "Əlbəttə, - başlayırdım rejissorun məşhur filmlərinin adlarını sadalamağa, - onu Azərbaycanda klassik kinonu sevənlərin hamısı tanıyır". Amma İsveçə, yaşadığı Forü adasına gedib onunla görüşmək ehtirasımdan əsər-əlamət qalmamışdı. Hansısa konfrans nəticəsində İsveçə getmək imkanı əlimə düşsəydi, bəlkə də cəhd edərdim, hərçənd əminiydim ki, məni qəbul etməz. Mən hara, Berqman hara?
Sənətkarın 2007-ci ilin iyulun 30-da vəfat etməsi xəbərini səhər, iş yerimdə gazeta.ru-da oxuyanda, içimdə üç-dörd ballıq zəlzələ baş verdi. Zəlzələdən dərhal sonra öz-özümə dedim: "Belə götürəndə, əvvəl-axır ölməliydi də". Elə həmin gün ingilis dilində birsəhifəlik başsağlığı yazıb www.ingmarbergman.se saytının emailinə göndərdim: kino, fəlsəfə, Dostoyevski, ölümün faniliyi, Berqmanla söhbət etmək arzum və s. Sayt isə adımı çəkmədən yazdıqlarımdan bir abzas verdi. "Adımı niyə yazmamısan, ay alçaq?" - saytın adını bilmədiyim administatorunu söyüb monitora yumruq qaldırdım. İki gün sonra "Exo" qəzetində rejissor haqqında rus dilində kiçik məqaləm çıxdı, orda da adımı A.Axmedov kimi yazmışdılar, buna görə redaksiyaya zəng edib sərt şəkildə dedim ki, Berqmanla bağlı yazının müəllifi Alpay Əhmədovam, məqalədə müəllifin tək soyadını yox, adını da yazmaq lazımıydı. (Onda feysbuk da yox idi ki, "Berqman haqda nekroloq-məqaləm" yazıb məqaləni paylaşaydım). Beləcə, böyük rejissorla olmayan ünsiyyətim sona çatdı.
Hə, onu deyim, o vaxt Pulkovo aeroportunda başıma gələnləri indi, qırx yeddi yaşımda uydurmağım bir tərəfdən, özümə qəribə gəlir, o biri tərəfdənsə romantikliyimdən, təxəyyülümün aeroport zalında o baş-bu başa gəzməkdən ləzzət alıram. "Skandinaviya filologiyası" kafedrasında Berqmanla bağlı söhbətlər, sayta başsağlığı yazıb göndərməyim, "Exo" qəzetində məqaləmin çıxması, nəhayət, yeddinci sinifdə oxuyanda, akademiyaya gedib mərhum Ziya Bünyadovla görüşməyim, - bunların hamısı baş vermiş hadisələrdi.
Beləcə, Berqman fantaziyalarımın, kinoya sevgi hisslərimin, ağlımın süzgəcindən keçərək məndəki varlığına davam etməkdədir. Mən bu sevginin davam etməsini o qədər istəyirəm ki, arada "Çiyələk talası"na, "Persona"ya təkrar baxmağa ürək etmirəm, - hələ ki birinci və sonuncu dəfə bu kinolara elə tələbə olanda baxmışam, - ehtiyat edirəm, ikinci dəfə baxsam, uydurduğum isveçli cərrahın dediyi kimi, o kinolar mənə süni intellektual əsərlər kimi gələ bilər, ya da Kira Muratova kimi günlərin bir günü Berqmandan soyuyaram.
May - 12 sentyabr, 2021
Bakı - Qusar - Bakı
Alpay Azər
Ədəbiyyat qəzeti.- 2021.- 18 sentyabr.- S.22-23.