Şairlər üçün
"konspekt"
"Məncə"
rubrikasından
Vəfasız şair
Şairlər
iki cür olur: Var şeirlərində oxucuların özlərini
tapdığı şairlər, bir də var ki, poeziyası
vasitəsilə özünü, sözünü
axtartdıran şairlər. Məsələn,
bizdə tərif üçün hansısa şairə deyirlər
ki, oxucular sizin şeirlərinizdə özünü
tapır. Hansı şairin ki, şeirlərində
oxucular özünü tapır, zamanla həmin şairi
oxucular sürətlə unudurlar. Deyək ki, mən bu
gün bir şeirdə, sabah isə
başqa bir poetik nümunədə özümü
tapıram. Amma əsl şairlərin şeirlərində
oxucular özlərini yox, axtardığı,
dünyasının sakini olmaq istədiyi şairi tapır. Məsələn,
oxucu nə zamansa beş dəqiqəlik də olsa Pasternak
dünyasının sakini olmaq istəyirsə, yaxud Füzuli
ecazına qapılmaq xiffəti çəkirsə, az müddətə
də olsa həmin şairlər kimi var olmağı
arzulayırsa, onda açıb həmin şairlərin
şeirlər kitabını oxuyur. Yəni bu tipli böyük
şairlər öz dünyagörüşünə oxucuda
ehtiyac yaradırlar. Bir sözlə, böyük şair
oxucunun onun şeirlərində özünü
tapdığı şair yox, oxucuya öz dünyasını axtartdıran
qələm əhlidir. Amma hansı şairdə ki, oxucular
özlərini tapırlar, zamanla həmin şair unudulur, arxa
plana keçir.
Ənənə problemi
Böyük
şairlər yeniliyini ənənəyə tətbiq edənlərdir.
Poeziyada yenilikçi olmaq üçün yeniliyi ənənədən
ayrı düşünməlisən. Yenilik istəyi hətta
təqlidçi şairlərin şeirlərində də
var, amma təqlidçilər, yaxud "peşəkar
ortabab"lar yeniliyi adətən, gizli qatda edirlər. Beləcə,
hər təqlidçidə, hər ortababda yenilik
işartı şəklində yaranır. Sadəcə
yenilikçi şair özünə qədər başqalarında
tör-töküntü şəklində olan yeniklərini
bir yerə toplayır. Ən əsası, təqlidçilərdən
və ortabablardan fərqli olaraq yenilikçi şair öz
yeniliyinə, yaxud topladıqlarına ad verir. Sənəti qəbul
etdiyin metoda əsaslanaraq adlandırmaq sənətkarlıq
göstəricisidir. Orxan Vəli "Qərib" şeir
axını ilə, əslində, Türkiyə ədəbiyyatında
bunu etdi.
Öz poetik səsini, nəfəsini
tanımaq
Şeirdə
əsas məsələlərdən biri öz poetik nəfəsini
tapmaq və onu başqa çoxsaylı səslərin
arasında tanımaqdır. Bu, şair üçün
çox çətin mərhələdir. İşin ən
zor və nadir şairlərə müyəssər olan tərəfi
fərdi intonasiyanı müəyyənləşdirməkdir
ki, az söz adamı bunu tam reallaşdıra bilir. Amma
şeirdə xüsusi intonasiya olmasa da, ən azı fərqli
mövzu, onların özəl dünyagörüşündən
irəli gələn müşahidələrlə zənginləşdirməsi
və təqdimi əsasdır. Artıq bundan sonra fərdi
üslub formalaşmağa başlayır. Şair öz səmimiyyət
damarını tutub yazandan sonra artıq mövzularını
da tanımağa başlayır, şeir ovqatına
qapılmağın üçün həmin mövzular onu səsləyir,
"gözünə görükür". Öz
yaradıcı səsini tanımaq üçün əvvəlcə
gərək içindəki digər poetik səsləri sakitləşdirə,
yerbəyer edəsən.
Assosativ poeziya
Əgər
xaç görən kimi İsa Məsih, qardaş
ölümü eşidən kimi Habil yadına
düşürsə, deməli, əldə etdiyin bilgilər
gördüklərinlə, yəni həqiqətlə sənin
aranda sipər çəkib, qala hörüb. Yəni bildiklərin
yalnız assosasiya doğurmağa xidmət edirsə, deməli,
həqiqət sənin üçün əlavə, ancaq
müqayisə imkanıdır. Şairin yaddaşı
oxşar nəsnələrin qruplaşma nöqtəsi deyil. Məsələn,
dənizdən yazırsa, qağayının da şeirdə
olması vacib deyil. Şeirdə assosasiya natamamlığı
bütünləşdirmək üçün həm də
bir vasitədir. Şair vasitəni vacib saydıqca, poetik məqsəddən
uzaq düşür.
Fəlsəfi şeir
Fəlsəfi
şeir fəlsəfi mətn demək deyil. Klassik şeirdə
fəlsəfə hansısa ideologiyanı, yaxud
dünyagörüş formasını ifadə edirdi. Məsələn,
İslam ideologiyası şairləri, renessans şairləri.
Onlar əsas ideyalarından kənara
çıxmırdılar. Bütün mövzular əsas əqidələrini
ifadə etmək üçün idi. Çağdaş
şeirdə "fəlsəfə" deyəndə daha
çox aforistik təfəkkürün ifadə olunur. Lirik
şair üçün şeirdə xəyal kifayətdir,
ona görə də əksər liriklər şeirdə
dayanıqlı fikirləri ifadə etmirlər. Məsələn,
lirik şair bir şeirdə deyir ki, sevgi həyatın mənasıdır,
başqa bir şeirdə deyir ki, eşq həyatımı lənətə
çevirib. Çünki lirik özlüyündə həm
nihilizmi, həm də səadəti xəyal kimi dərk edir.
Çağdaş fəlsəfi, aforistik şeir liriklərin
dəst-xəttini kor-koranə təkrarlayırlar. Yəni bir
şeirdə ölümü əbədiyyəti qapı sanan
"fəlsəfi şair", digər şeirində həyatın
necə möhtəşəm olduğunu anlayaraq
müdrikliyini şeirləşdirir. Nəticədə
"qarışıq, çoxmövzulu lirika" fəlsəfi
şeir adı ilə yanlış təqdim olunur.
Poeziyanın qərargahı
Nicanar
Parranın şeirlərini oxuyandan sonra daha da əmin oldum ki, ədəbi
dəbə aldanıb şeir yazmaq, əslində, öz poetik
dünyanın, öz düşüncələrinin gələcəyinə
inanmamaqdan doğur. Düşünürsən ki, sənin
düşüncələrin gələcəkdə olmayacaq,
sən başqa birinin dünyasında özünü gələcəyə,
sabahlara daşımaq istəyirsən. Öz üslubunu
tapmayan şair sanki daim qürbətdə olur. Necə ki
qürbətdə qəribin əlinə bir xəritə
düşür, orada gedəcəyi yerləri axtarır, ancaq
o ünvanların heç biri onun daimi qalacağı yer deyil.
Bəyənmə
Yaradıcılığın
ilkin dönəmində gənc şairlər ya həddən
artıq çox şeirləri bəyənir, ya da
özünə qədər yazılanların əksəri
onlara mənasız görünür. Hətta təmsilçisi
olduqları estetik mühitdən kənar hər şeir onlara
darıxdırıcı gəlir. Bu dövr
yaradıcılığın ən ədalətsiz dönəmidir.
Yəni nəyi niyə sevdiyini, nədən niyə nifrət
elədiyini bilmirsən. Sanki bir dayanmış saatı əlinə
götürsən və dərhal dayandığını
görüb kənara tullayırsan, onu düzəltmək,
yaxud niyə yatdığını bilmək istəmirsən.
Bu etapın pis cəhəti odur ki, bir şairin bir neçə
şeirini bəyənməyəndə o şairin
bütün irsini gözardı edir, onun üstündən xətt
çəkirsən və beləcə, xeyli gərəkli
şair sənin mütaliə dairəndən kənarda
qalır.
Təsir və əks-təsir
Çox
zaman təsirin qarşı tərəfi təqlidçiyə
çevirdiyini iddia edirlər, ancaq məsələ bir
sıra məqamlarda qismən fərqlidir. Belə ki, bəzən
bir şairin təsirinə düşməklə, xeyli yersiz təsirlərdən
qorunmuş olursan.
Şeir bizə həm də inanıb inanmamaq imkanı
tanıyır, amma əksər insanlar şeirin xəyal
gücünə meyil edirlər deyə, onun həqiqiliyi, həyatiliyi
onları düşündürmür. Yalnız kənar təsirlərdən
xilas olub hansısa yaradıcı bir istiqamət müəyyənləşdirəndən
sonra şeirin gerçəkliyi, onun poetikası ilə həyatiliyinin
qızıl ortasını ayırd etmək mümkün olur.
Şeirə inanmaq
Stefan
Spenderin yazır ki, universitetdə oxuyanda "Şairin
heç bir səlahiyyəti olmaya-olmaya qanunlar müəyyənləşdirən
adam olduğunu
düşünmürdüm". Şeir oxuyarkən
şairin imkanlarına, gücünə, təqdimatına
inanmaq lazımdır. Şairin təqdim etdiyi dünyanı qəbul
etmək doğru yoldur, əks təqdirdə gənc şairin
təmsil olunduğu estetik mühitdən dünyagörüşü
istiqamətinə görə fərqlənən şeir ona
absurd təsir bağışlayacaq. Şeiri onun təqdim
etdiyi estetik dəyərə, gücə, fikrə inanaraq
oxumalıyıq. Əks halda mifologiya da çizgi filmi təsiri
bağışlayar.
Zövq həddi
Şair
zövqünün pik nöqtəsi şeirin imkanlarından kənarda
olanları görməkdir. Bu, zövqün ali dərəcəsidir.
Yəni şairin zövqü elə yüksək mərhələyə
çatır ki, o, fəlsəfi əsər oxuyanda onun mahiyyətindən
anlayır ki, bunu şeirlə ifadə etmək olar, yoxsa yox.
Yaxud elə hansısa nəsr əsərini oxuyanda bilir ki, bu bədii
nümunədəki fikri nəsrlə ifadə etmək
mümkündür, yoxsa mümkünsüz. Bunu ayırd etmək
zövqün pik mərhələsidir, yəni artıq
şeirin daxili dünyanda formalaşan imkanları ilə digər
janrların da gücünü ayırd etmiş olursan.
Asan görünən mövzular
Rilkenin
Herr Kapuus adlı bir gənc şairə məktubu var. Rilke
cavab məktubunda çalışır ki, gənc şairin
şeirlərinə münasibət bildirməsin,
yaxşı, yoxsa pis olduğunu dilə gətirməsin. Bircə
onu tapşırır ki, sənə şeir yazdıran səbəbi
özün üçün aydınlaşdır. Əgər
yazan adamların çoxuna bu bəlli olsa, ya qələmi
biryolluq yerə qoyarlar, ya da yaradıcılıqla çox
ciddi məşğul olarlar. O, gənc şairi
saqındırır ki, bacardığın qədər məhəbbət
şeirləri yazma. Çünki heç kəsin
yaşamadığı məhəbbəti, yalnız
özünə aid sevgini dadmağından əmin deyilsənsə,
eşq mövzusunda qələmini yorma. Çünki
dünyada çox məhəbbət şeirləri
yazılıb və "o bazar"da at oynatmaq elə də
asan məsələ deyil.
Yaxşı şeiri izah eləməyin əleyhinə
çıxırdı Rilke. O, "Şeir öyrədənlər"
adlı yazısında qeyd edirdi ki, gözəl şeir haqda
çoxsaylı qənaətləri formalaşmış
adamlara təəccüb edirəm. Onun fikrincə, poetik
söz tamamilə faş edilmiş, açıq bilgiyə
çevrilə bilməz. Ona görə də şeir
haqqında fikir bildirəndə birmənalı mövqedə
dayanmaq olmaz.
Özünü aşma
Şairin
bir mərhələdən başqa bir mərhələyə
keçməsi, özünü aşması, fərqli
mövzularda eyni uğuru qazanması çətindir. Bəzən
bu, şairə baha başa gələ bilər. Cəmal
Sürəyanın "Şairin özünü
tanıması" adlı məqaləsində bu məsələyə
aydınlıq gətirir. Deyir ki, şair bir mərhələdən
başqa bir mərhələyə keçəndə
içindəki özül ritmi, onu sevdirən əsas
üstünlüyü tamamilə gözardı etməməlidir.
Şair "şeirindəki ağırlıq nöqtəsi"ni
tamamilə itirməməlidir. Cəmal Sürəya misal
göstərir ki, Fazil Hüsnü Dağlarca bir vaxtlar
çoxsaylı möhtəşəm şeirlər yazıb,
onun qələmə aldığı reflektiv poetik nümunələr
idi, onun şair kimi gücü məhz bu nöqtədə
üzə çıxmışdı, birdən-birə ənənəvi
üslubuna tam arxa çevirib, beynin imkanlarını sərgiləyən
eksperimental şeirlərə adladı və bununla da ona
uğur qazandıran, güclü edən əsas relsdən
tamam uzaqlaşdı, nəticədə heç bir maraq
doğurmayan, ucuz müdriklik təsiri bağışlayan, təqlidi
fikri qabardan şeirlər yazdı. Əks arqument kimi Cəmal
Sürəya Oktay Rıfatın
yaradıcılığındakı keyfiyyətli dəyişikliyi
də göstərir: "Bu şeirləri əvvəlkilərlə
ziddiyyət təşkil edirmiş kimi görünsə də,
amma bu şeirlərin ağırlıq nöqtəsində
ciddi fərq yoxdur. Ona görə də seçkin oxucular,
şeir xiridarları tərəfindən sevilir".
Yəni şair dəyişiklik naminə öz
içindəki istinadgaha arxa çevirməməlidir. Şair öz
gücünü mövzuda görməməlidir,
gücünü mövzuya nə qədər
reallaşdırdığını anlamalıdır.
Şeirin təkmilləşməsinə
münasibət
Şeirin
təkmilləşməsinə münasibət zaman-zaman fərqli
olub. Bəzən şairlər əruzdan hecaya, hecadan sərbəstə
keçməyi modernləşmə kimi təqdim edirlər.
O, şeirin özünün keçdiyi yoldur, şair həmin
cığırdan adlayıb təkmilləşdiyinə iddia
edə bilməz. Turtut Uyar "Şeirin təkmilləşməsi
haqqında" adlı məqaləsində yazır ki,
şeirin inkişafını onun texniki tərəflərində
görmək yanlışdır. Şairin düşüncə
sistemi, yazdığı şeirin əhatəsi
başqalaşmalıdır. Təkamülü məhz həmin
məqamda axtarmaq lazımdır.
Şeirin təkmilləşməsinə olan iddia
artdıqca ədəbi nəsillərin dəyişmə
müddəti qısalır. Yəni hər gələn ədəbi
nəsil mütləq nə iləsə fərqlənməyə
çalışır və proses öz içinə
qapanaraq tükənir. Bu gün
dünya texniki tərəflərə köklənib mənəvi
tərəfləri unutduğu kimi, şeir də texniki məsələləri
üstün tutub mənəvi gücünü itirə bilər,
ona görə də ruhi təcrübənin gücünü
dərindən duyaraq, daxilən dəyişərək
şeirin təkmilləşmə keyfiyyətini artırmaq
olar.
Tərif burulğanı
Şair üçün ən təhlükəli məsələlərdən
biri də təriflərə uymaqdır. Tərif zamanla
özünütanıma imkanını şairin əlindən
alır, nəticədə belələri həqiqəti qiymətləndirmə
imkanından uzaq düşürlər. Zaman keçdikcə həmin
şairlər öz adları olan heç bir yerdə həqiqət
payını axtarmır, adının qabağında ancaq tərifli
sözlər, öymələr umur. Axtardığını
tapanda yazıdan razı qalır, əks halda qarşı tərəfi
neştərləyir. Bu mərhələ ona gətirib
çıxarır ki, şair şeirini yalnız özünün
doğru anladığını iddia edir.
Bəşəri dəyərlərə
aludəçilik
Bəzən
dünyəvi şeir deyəndə çoxları qlobal məsələlərin
poetik şərhi kimi başa düşürlər. Məsələn,
uşaq ölümlərinin, müharibələrin, qadına
qarşı zorakılığın əleyhinə yazılan
şeirlər. Yaradıcılığının ilkin dönəmində
bu mövzularda yazmaq bəzən şairdə yersiz aludəçilik
yaradır. Şairin fərdi
dünyagörüşünü, iztirablarını ifadə
edən şeirlər yaranmamış, hansısa yad təsirlərlə
ümumi mövzulara keçid uğurlu olmur, nəticədə
yersiz, cansıxıcı, senton poeziya nümunələri
meydana gəlir. Edib Cansevər bu tipli şeirlərə can
atan ədəbi gənclik haqqında deyirdi ki,
"bugünkü cavan şairlərin çoxlu şeirləri
var, amma özləri yoxdur". Yəni şair fərdiyyətinin
üzə çıxması üçün birinci şəxsi
məsələləri, dünyagörüşünə
daha yaxın problemləri işıqlandırmalı, sonra bəşəri
müşkülləri çözmək cəsarətini
nümayiş etdirməlidir.
Zövq hesablaşması
Uğurlu
şeirlər yazmaq yolunda vacib məsələlərdən
biri ədəbi mühitin zövqü ilə müəyyən
qədər hesablaşmamaqdır. Əksərən 10, yaxud 20
ildən bir ədəbi mühitin tendensiyaları bir qədər
dəyişir. Ədəbi mühitə can atan istedad sahibləri
uğur qazanmaq üçün onun meyarları ilə birə-bir
hesablaşmağa meyil göstərirlər. Bu halda nə
baş verir? Ədəbi mühitdə zövq
formalaşdıran, söz sahibi olan yaradıcı şəxslər
yeni nəsil şairlərini öz tərəflərinə
çəkmək, onların oxşar düşərgədə,
estetikada təmsil olunmalarını istəyirlər, nəticədə
yeni istedadların fərdi xüsusiyyətləri üzə
çıxa bilmir, ən yaxşı halda onların əsərləri
keyfiyyətli təqlid kimi zühur edir. Ona görə də gənc
şairlər öz fərdi istedadlarını püxtələşdirmək
üçün ədəbi mühitin zövqü ilə tam
mənada hesablaşmamalıdırlar. Zamanla ədəbi
mühitin ülgülərindən, meyarlarından yan
keçib, öz fərdi, poetik ifadə biçimini
formalaşdırmaq, elə bilirəm, ən doğru yoldur.
Yeni sözlər
Şeirdə işlədilən yeni sözlər
çox zaman qəbul edilmir. Çünki şeirdəki yeni
sözün gərək təfəkkürdə xatirəsi
olsun. Şeir özünə daha çox ürəkdə təkrarlanan, təfəkkürdə
xatirəyə çevrilmiş sözləri yararlı hesab
edir. Ancaq qədim dövrdə şeir vasitəsilə yeni
sözləri dilə qazandırmaq mümkün idi.
Çünki onda şeir təkcə ədəbiyyatın
yox, bütövlükdə xalqın dili demək idi. Hətta
elmi əsərlər də bəzən şeirlə
yazılırdı. Ona görə indi tam mənada dili ədəbiyyat
vasitəsilə yeniləmək dövrü deyil.
Klassiklərə münasibət
Yəni klassika "tərpənməz daş" deyil,
klassika canlıdır və oxucularla qarşılıqlı
münasibətdədir. Bu gün hansısa ölkədə ədəbiyyatın
zəif olması klassik əsərlərə də təsir
edir, sanki onların da gücünü azaldır. Ona görə
də dahilərin dəyəri ölkələrin ədəbiyyatlarının
gücünə görə dəyişir. Şekspirin dəyəri
ölkələrin düşüncə səviyyəsinə
görə dəyişir.
Ən... Ən...
Poeziyada
"ən çox", "hamıdan çox", "hər
kəsdən güclü" kimi ifadələri heç
zaman sevməmiş və onların dürüst
olmadıqlarını düşünmüşəm.
Çünki "nə hamıdan güclü"nün kim
olduğunu bilə bilərik, nə "ən çox"un
qədərini dəqiq söyləmək mümkündür,
nə də "hamıdan çox" barədə qəti
fikir yürütmək asandır. Bütün bu cür ifadələr
şeirdə subyektivizmi gücləndirən amillərdəndir,
daha çox dünyaya dar çərçivədən baxanlar
üçün məqbul miqyaslar, ölçülərdir.
Amma Vaqif Bayatlı Odərin şeirlərində
"hamıdan çox", "ən aydın göy
üzü", "Allahın ən çox sevdiyi" kimi
ifadələr maksimalizm kimi səslənmir, ifratavarma təsiri
bağışlamır, ən əsası ikrah doğurmur.
Çünki onun poetik dünyası bizim dünyamızdan fərqlənir
və o öz dünyasından çıxış edərək
nəyin "ən çox" olduğunu, kimin "ən
çox sevdiyini", haranın "ən uca" olduğunu
deyir, nəticədə ona məxsus olan aləmin bələdçisi
rolunda çıxış edir. Və o bizi rəngarəng
poeziyası ilə növbəti dəfə fərqli
düşünməyə vadar edir ki, poeziyada maksimalizm meyilləri
ikrah doğurmaya, şərti mahiyyət daşımaya bilər.
Əla metod
Muratan
Munqanın "Tənha opera" adlı şeiri var. Şeir
bir ilə yazılıb (1986-87). Şeirdəki hadisələr,
yaşantılar da həmin ilin reallığının ifadəsidir.
Müəllif bir neçə yerdə yazır: "Bu
şeirə başlayanda harda idim, indi hardayam?". Bu sətirlər
şeir yazıldığı müddətdə keçilən
yolu göstərməklə bərabər, həm poetik
nümunənin mahiyyətini açır, həm də onun
yazılma texnikasını aydınlaşdırır. Zaman
insanı, münasibətləri dəyişdiyi kimi, şeirin
nəzərdə tutulan axınını da fərqli məcraya
yönəldir. Beləcə, şeir özü sanki
insanların arasındakı prosesi göstərir və
"canlı bağlantı" effektinə çevrilir.
Çox qəribə poetik texnikadı...
Qiyamət günü
Həm elm, həm də sənətin meyarı dini
meyardır.
Necə ki, din insanları iki yerə bölür: axirət, yəni
əbədi dünya üçün yaşayanlar və fani,
ötəri dünya naminə əlləşib-vuruşanlar.
Əslində, sənətdə də, elmdə də, ədəbiyyatda
da bu bölgü keçərlidir. Bu gün üçün
yazıb-yaradan, araşdıranlar da var, gələcək
üçün, əbədiyyət naminə yazıb-yaradan,
araşdıran da. Sadəcə, dindən fərqli olaraq, elm,
sənət və ədəbiyyatda Qiyamət günü, -
Haqq-hesab vədəsi demək olar, hər əsrdə baş
verir. Poeziya Qiyamət gününə daha yaxındır...
Oxucusuz şeir
Əslində,
çox şey fərdlər üçündür. Amma bunu
açıq şəkildə deyib ürəkləri
sındırmırlar. Məsələn, müəllim bilir
ki, dərsi anlayan iki tələbədir, onlar elmin dalıyca
gedəcək, amma bildiyini hər kəsə öyrədir.
Dindar bilir ki, məsciddəkilərdən bir neçə nəfərinin
sözü və əməli birdir, amma din adamı bildiyini
hamıya çatdırır. Şair bilir ki, min oxucudan 2-3
oxucu onu özü kimi duyacaq, amma o, yazdığını
hamıya çatdırır. Kütləviliyin məqsədi
hər kəsə nəyisə aşılamaq deyil, kütləviliyin
məsədi ələməkdir. Seçim əbədidir,
insan fani... Bu məntiqlə şeirin oxucularının
azlığından şikayətlənməyə dəyməz...
Məmməd Araz sözü
Uşaqkən
güc, ixtiyar, seçim haqqını böyüklərdə,
başqalarında görüb onlara baxaraq "dünya sənin"
deyirsən, böyüyürsən güc, seçim, iqtidar
öz əlinə keçir, "dünya mənim"
söyləyirsən, nəhayət, qocalırsan,
gücün, iqtidarın, seçim haqqının son nöqtəsini
yetişib "dünya heç kəsin" çarəsizliyi
ilə barışırsan.
Fərid HÜSEYN
Ədəbiyyat qəzeti.- 2021.- 18 sentyabr.- S.20-21.