Beşdə beş...
Ovcunu yağışa tutan çocuq... kim
olacaq böyüyəndə?!
***
"Allah öz gözəlliyini
seyr etmək üçün Kainatı
yaratdı". Seyyid Hüseyn Nasr belə
buyurur. Mübahisəyə dəyər. Amma kimlə:
Allahlamı,
Kainatlamı,
yoxsa müəlliflə?
Mübahisəyə dəyməz, deməli...
Yer kürəsi
- Tanrının dəyirmi
masasıdı (...) Bu fikirdən
sonra nə işarə qoyacağımı
bilmədim, ona görə yazdığımı
qaraladım. Masa qaldı, amma.
O, masa adamıdı:
yazı masası,
dəyirmi masa,
yemək masası...
Fikirlərini deyir və təsdiqləyir. Geri durmur!
Yarım
əsrdi ki, əsir:
sözün üstündə,
mətnin içində,
düşüncəsinin dolanbaclarında...
Onu ilk dəfə ədəbiyyat
dərnəyində görmüşdüm,
bir dəstə gənc növbə ilə şeir oxuyub, münsiflərin top
atəşinə tutulurdu.
Növbəti qurban mən idim, şeir bitər-bitməz hücum başladı: sağdan, soldan, arxadan... o, qabağa durdu, mətni müdafiə elədi, sonra adımı xəbər aldı, beləcə, tanış
olduq. Onda onun adı soyadından
idi - Əsəd Əsədov, hələ Cahangir deyildi, Əsədov famili babasından gəlmədir,
Cahangir atasının
adıdır, Əsəd
ədəbiyyata dədə-baba
yoluyla gəldi, sonra ata mənzilinə
adladı və sözü ata yurdunda lövbər saldı.
Ədəbiyyatın bütün odalarına, ən azı, baş çəkib Əsəd,
qələm bulamadığı
janr qalmayıb, eşitdiyimə görə,
indi də roman yazır:
publisistkadan tənqidə,
tənqiddən esseyə,
essedən şeirə,
şeirdən nəsrəcən
uzun bir yoldur bu!
Hərdən mahnı da
"quraşdırır", yəni kefinə düşəndə, hobbi
olaraq...
Əsədin sözünün əzələsi
- tənqiddi, məncə!
Fərqi və özəlliyi: yazısı
oxunur. Uzun illərdir, əməkdaşlıq
edirik. Naşiri incitmir. Seyran
Səxavətlə razıyam:
cümlə qurmaq - dövlət qurmaq qədər çətindir!
Əsəd ən çətin işdən
yapışıb - dirilərdən
yazır:
biri zəng edir,
o biri hədələyir,
başqası...
Əsəd qorxmur və geri çəkilmir.
Yazdıqları - əsərdi!
Yaşadıqları - əsəbdi!
Özü - köhnə və
yeni Əsəddi!
***
Ovcunu yağışa
tutan çocuq - sən nə tez böyüdün? 55 yaş?! İnanan daşa dönsün...
4 avqust 2021
Qulu AĞSƏS
Ədəbiyyat qəzeti.- 2021.- 18 sentyabr.-
S.19.