Fraqmentlər
1
Şeir (əlbəttə,
qeyri-adi poeziya nümunələri) nəsrdən və digər
ədəbi növlərdən kəskin şəkildə fərqlənir
və sən bunu yalnız ömrün əldən buraxa biləcəyin
bircə məqamında hiss edə bilərsən, həmin məqam
gələndə yuxuda olsan belə, o səni yada salacaq, elə
yuxudaca bunu yaddaşın sirli hücrəsinə yığa
biləcəksən... Bu baş verməyincə
nə qədər sevsən, nə qədər aşiq olsan
da, bədii mətnin özünün özündən fərqli
sənin üçün anlaşılmaz qalacaqdır. Bir şeiri digərindən elə həmin yaddaş
hücrəsində sonradan gedən proseslər bəlirləyir.
Bu proses oxu zamanı sənə çatan, qəlbinə
toxunan hisslərdən çox fərqli intibalar yaradır.
Bunu fəhm etmək dünya və gerçəkliklə rabitənin
dərinlik ölçüsünü
dolğunlaşdırır, bədii mətni ondan "vaz
keçməklə" duymaq sənətini öyrədir,
belə bir kənarlaşdırma şeirin misraları
arasında yatan əlahiddə "duyğu
notlarını" tanımağa meydan açır. Və bu nöqtədə şairin dedikləri ilə
şeirin dedikləri arasında fərq özünü boyaboy
göstərə bilir. Bu "görüntü" hər bir şairdə
fərqli ölçüdə olur.
Mikayıl
Müşfiqin şeirlərində insanların dərhal
sevdiyi, əzbərlədiyi (bunu eləməsən də zənn
edə bilərsən...) situasiyadan çox fərqli və əslində,
bu poetik duyumu dünyaya gətirən sirr var.
O mənada
ki, dinləyəndə, yaxud oxuduğunuz zaman sənin
yaddaş hücrəndə də nələrsə oyanır
və sən bunu ifadə edə bilmirsən, daha doğrusu,
buna ehtiyac qalmır. Ənənəvi şeirdə bir
"qafiyə hökmranlığı" məsələsi
var, təsəvvür edin kimsə bir şeir oxuyur, qafiyə
quruluşu misraların içiylə axan səsin hekayətini
dinləməkdə sənə mane olur, bunun ən optimal əlacı
həmin axışın özünün qafiyəyə
çevrilməsidir, zənnimizcə, Müşfiqdə, onun
bəzi (təkəmseyrək) mətnlərində ("Yenə
o bağ olaydı", "Küləklər"...) məhz
bu proses gedir. Şeirdə məkan və zaman
şırımları, zaman və məkan ayrıcları ilk
baxışdan çox dəqiq bilinir, bundan məqsəd
fikrimizcə, hadisənin nə zaman və harda baş verməsini
silmək, unutdurmaq, başqa sözlə, zamana qarşı
durmaqdır. Xəyal və gerçəklik
bir-birinə elə qarışıb ki, bir-birinin içində
elə kombinasiyalarda elə təsvirlər yaradıblar ki, sənə
şeirin içindəki dünyanı bu dünyadan
ayırmaq qalır.
Yenə o
bağ olaydı sevdalar ölkəsində,
O
söyüd kölgəsində,
İnci
qumlar üstündə yenə verib baş-başa,
Yayı vuraydıq başa.
Günlərimiz
keçəydi qızğın fərəhlər kimi,
Dolu qədəhlər
kimi;
Yarpaqlar
arasından uzadaraq əlini,
Oxşayaraq
telində,
Gecələr
darayaydı, saçlarını, Ay gözəl!
Sən gözəlsən, Ay gözəl?
Əllərində
əllərim, gözlərində gözlərim...
Asılaydı
sözlərim
Könlünün
qulağından bir qızıl tana kimi,
Günəş doğana kimi.
Bəri
başdan deyək, yuxarıdakı bənddə təsvir edilən
hadisə xəyal edilən hadisədir, yaşanmış
deyil, ancaq yaşansaydı onu bu qədər gözəl ifadə
etmək olmazdı, şairin taleyindəki məhkumluq və
nakamlığın bu poetik elementlə dəqiq əlaqəsi
var. Söyləmin bətnindəki psixoloji halət elədir
ki, insan sanki o əllərin o yarpaqlar arasında saçlara
toxuna bilməyəcəyini də bilir və bunu,
keçmişdə "olmuş" hadisəni gələcəyə
daşımaqla nakamlıq və məhkumluqdan
sıyrılıb çıxmaq istəyir. Məhz buna
görə, həm də: həsrətin,
ayrılığın bu qədər yandırıcı və
mütləq olduğuna görə hər şey maksimal (bəlkə
də ifrat) gücdə təsvir edilib. Müşfiqin
şeiri qatlardan ibarətdir, onu hər dönəmdə
oxudan, sevdirən (bu sözlər kifayət etmir, bunu duyuram-!)
həmin qatlardakı ilahi pıçıltılardır, bədii
mətn gerçəkliklə yuxu arasında "suayrıcında"
qərar tutub, ona görə də sən bunu həm lap indi
baş vermiş olay, həm də yalnız xəyalda
oynanılan tamaşa kimi görə bilirsən. Ona görə də Müşfiq poetikası bizim
poeziyada unikal hadisədir.
2
...Uşaq
yaşlarından indiyə qədər oxuduğum, oxuyub əzbərlədiyim,
ya da yaddaşıma, onun daxilindəki yalnız mənə aid
olan hücrəsinə hopdurduğum şeirlər var,
özü də necə, sakit tonlu, həzin, mətləbin,
mövzunun yalnız ürəyinə toxunan və toxunduqca qəribə
intibalar yaradan mətnlər... Bu mətnləri biz sonradan
unuduruq, təkcə ona görə yox ki,
yaşlaşırıq, yaddaş yeyilir, dolur, yaddaş
saxlancına təzədən yüklənmə əmri
verilmir, başqa bir məqam var burda zənnimizcə,
yaddaşa yığdığın şeylər nə qədər
təmiz olsa da, sonradan çirklənir, həyat belədir,
toz qonur üstünə, hansısa aqressiv vəziyyətin təsirinə
məruz qalır və sair. Çünki
yaddaşımızın ən təmiz yerində qərar
tutan bu nəsnələr ətrafla təmasa möhtacdır,
təmas yaranmalıdır ki, o şeylər diri qalsın, həyatın
tozuna bələnsə də, güc tapıb
özü-özünü yeniləsin, üstündəki min
ilin tozunu çırpa bilsin.
Əks halda, yəni biz buna layiq olmayanda o təmiz
şeylər qeyb olur, izi-tozu belə qalmır. Baxmayaraq ki, bəzi şairlər gənclik
çağında yazdıqları şeirləri belə
ahıl vaxtında əzbər deyə bilirlər. Amma bunun həmin o ruhi vəziyyətlə bir əlaqəsi
yoxdu, məncə. Sadəcə, hafizə
psixologiyasıdır. Ən yaxşı yadda saxlama o
olardı ki, o nəsnə içini tam olaraq doldursun, əzbər
demək istəyəndə sözlər dilinin altında
qalsın və ən yaxşısı da nə qədər
gözəl olur-olsun, o mətni heç yazmamaqdı,
çünki, ya bəlkə, hər şey çirklənir...
3
Bu gün (artıq dünən) Nəsimi heykəlindən
aşağıdakı keçiddə qəribə bir şey
gördüm.
Ordan hər keçəndə buna bənzər
nəsə görsəm də, ayaq saxlamırdım. Bu
dəfə bir az başqa cür oldu. Keçiddə bir oğlan skripka
çalırdı. Çox tanış
gəldi. Ancaq papağını gözünə
basdığından, üstəlik, şərflə
üzünü örtdüyündən kəsdirə bilmədim.
Amma çalğısı,
davranışı... eləydi ki, bənzətdiyim adamda
tapdım onu. Bu gənci bir neçə
"seans"da gördüm: kitab oxuyur, şeir yazır,
söhbət edir və skripka çalırdı. Nədənsə, onun üzünü dünyadan
gizlədib adi lirik tonla mənə çox qəribə gələn,
həm də sonadək anlamadığım səsi (qəlbinin...)
bir anlığa böyür-başımızdakı
aqressiyanı, zalımlığı, namərdliyi, daha nələri
unutdurdu mənə. Kitab oxuyur, şam
işığında şeir yazır, körpə
qızının təbəssümünə qoşulur,
yorulduğunda payi-piyada, günün hansı vədəsi
olur-olsun, həmin yerə gəlib skripka çalır. Bəlkə
gedəndə qabağındakı dəmir və kağız
pulları da unudur, bu adam bir damcı da olsa
insanlara pis havanı, kəsafəti, kimisə seçib ona qənim
kəsilməyi... unutdurmaq istəyir. Düşündüm
ki, ədəbiyyat, xüsusən şeir də belə
olmalıdır. Hamının,
bütün ədəbi və qeyri-ədəbi qüvvələrin
özündən dediyi məmləkətdə bu adamı
doğrudan tapmış kimi oldum.
Dəli
könül, nə divanə gəzirsən...
4
Bir ömürdə bir şair nə qədər söz
deyir, yazır, ya pıçıldayır? Saymaq,
ölçmək və müəyyənləşdirmək
çətindir, amma bir gün onun işlətdiyi,
yazdığı və pıçıldadığı
sözlərin hamısı bir məcraya
yığılıb unudular, unudulmağın ən
ağrılı yerində yeni, hələ heç kəsi
tanımayan və heç kəsin tanımadığı
sözlər cücərər. Bəzi
şairlərdə bu hadisə baş verəndə
bütün külliyyatı bir şeirin hücrələrinə
yığışar, hər şey - həsrət, intizar,
iztirab, insanı insan eləyən dərdlər... onun
içinə yığışar və ordan dünya
üzünə çıxar. Ölümünə
yaxın Vaqif Səmədoğlu poeziyasında, zənnimizcə,
belə bir hadisə yaranmışdı, o, son şeiri yazmasa
da (bunun ən axırıncı şeir olması vacib
deyildir), aşağıdakı mətndə həmin proses
dayanmadan gedir və ölümlə həyat arasında
başqa bir dünya kimi ucalır.
...El də
getdi,
dil də
getdi,
bundan
sonra açıl
köhnə, qaysaq yara.
Açıl,
açıl,
qanın
dönsün selə...
Çöl
də soldu
gül
də soldu,
gözlər doldu,
açıl yara,
indən
belə
bilə-bilə...
Şeirin
nə ifadə etdiyi daha maraqlı deyil, hər şey
hansısa nöqtədən başlayaraq axır,
dünyanı əks etdirir, hər gün, bəlkə tarixin
lap mənfəzindən başlayan, baş verən hadisələr
onun aynasında əks olunur, sınır, çilik-çilik
olur, dağılır, amma ölümə qədər
dünyanın ən gözəl səsini, dünyanın ən
dözülməz həsrətini, dünyanın ən
çəkilməz dərdini içinə yığır,
hər şey sınır, parça-parça olur, yaranan
şeylər solur, köhnə dərdlər bar verir,
tumurcuqlayır, selin qarşısından daş-kəsəyin
birdən açılması sənə ömrün əvvəlini
və sonunu, bəlkə bu sondan sonra da baş verəcəkləri
müşahidə etmək imkanı yaradır.
5
..."Gülməli
ədəbazlar" pyesindən sonra rəqibləri, daha
doğrusu, düşmənləri Molyerin Paris,
Pri-Burbondakı teatr binasını uçurdular, içindəki
kostyum və dekorasiyalar məhv oldu, heç nə ələ
gəlmədi, aktyorlarını digər teatrlara dəvət
etdilər, amma onlar Molyeri tərk etmədilər... Molyer bu komediyasında neyləmişdi? Ədəbazlığı,
həqiqəti öldürtməyi tənqid eləmişdi... Tənqid heç zaman cəzasız qalmır.
...Coysun
şəxsiyyəti onun yaradıcılığını
anlamaq üçün əsas açar rolunu oynaya bilər. "Uliss" yazıçının
psixikasının, dünyagörüşünün
güzgüsü idi. Yəni deyildiyinin əksinə
olaraq, Coys eksperiment aparmırdı, özünü ifadə
edirdi, daxilindəki dərinliyi sözlə ifadə edirdi və
sözü dəf edirdi. Hətta Borxesin də
vurğuladığı "qəsdən" qəsdi
düz deyildir, sözsüz ki, romanın meydana gəlməsində
Coysun bədii düşüncəsi əsas rol
oynayırdı, ancaq Coysun özünü, xarakterini, tətbiq
etdiyi konstruksiyaları unudub "bunu qəsdən belə eləmişdir"
demək yanlışlıqdır. Çünki
Coys nə qədər dərin zəkaya malik olsa da, yazı
prosesində hər şeydən tam xəbərsiz olurdu.
Əlini saxlayıb hansısa "qəsdi"
düşünə bilməzdi.
..."Məhkəmə"də
yaxşı bir detal var, seanslar üçün yer həmişə
dəyişdirilir, bir yerdə iki dəfə keçirilmir, əsas
bu deyil; əsas odur ki, Kafkanın təsvir etdiyi məkanlarda
tavan həmişə alçaqdır, ona görə prosesə
cəlb edilən adamlar həmişə özlərinə
yastıq aparırlar ki, tavan uçanda
çiyin-başları əzilməsin...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 18 sentyabr.- S.18.