Qaranlığın işığında

 

Səlim Babullaoğluna

 

Axar çayı iki dəfə,

Düz iki dəfə

Keçə bildim...

Necə?..

Düşündüm ki, axar sular

Bulanmaz beləcə

Ürəyimdə dinclik tapdım...

 

Taleyin sualları varsa,

Cavabları da var.

Cavab yoxdursa,

Demək tale deyil,

Ömürdü sadəcə...

 

Sükutumu ayrı dildə,

Ayrı əlifbada, ya ayrı bir

musiqidə  dinlədikcə

anlayıram ki,

mən yoxam...

 

Həyat

 

Həyat bizlə yaxşı davrandıqca

Biz özümüzlə pis davranmağa başlayırıq...

Məsələn: Ən əziz adamları unudur,

Sonra niyə unutduğumuzu xatırlamırıq...

Ona görə həyat bizlə bir meşşan kimi

Yalnız istəkləri uğrunda nəzakətli olur...

 

İnsan ömrü bir yarpaq kimi

Düşür göy üzünün budaqlarından...

Biz solmağa başlayanda

Uşaqlarımız tumurcuqlayır...

 

Hardasa xatirələr təsəlli olur,

Ömrün qürub çağında.

Onu da danışmağa

Ürək qalmır, ürək...

 

30 yaşın şeiri

 

Qalmağa yerim yoxdu,

Getməyə bir yolum.

Ancaq keçmişlədi işim,

axtarıram, itirmişəm,

Özüm bilmirəm...

 

Bir şəkil var, o şəkildə

Bütün varlığınla yox olmusan...

Təkcə gözlərin danışır,

Əllərin susub,

Saçların susub,

Dodaqların susub...

 

Təkliyim bir körpüdü,

Nifrət çayından keçirir məni.

Uzaqlarda, lap uzaqlarda

bir tanış səs duyulur:

daha heç kim əvvəlki kimi deyil,

daha hamı unutmağı bacarır...

 

Ömür

 

Qayıda bilsəm,

Özümə qayıdardım...

Mən səndən yox,

Özümdən getmişəm...

Beləcə qarışdım

İnsanlar arasına -

Bir yarpaq kimi

Düşdüm,

Ömrümün ən sağlam

Budağından...

payız idi, qış,

Hələ unutmamışdın məni...

Baxdım uzaqlardadı

əlim çatan arzular,

heç kimi yox,

təkcə özümü

qınadım susdum...

 

Göyərçin dəni

 

Xırda pulları uğur nişanəsi kimi

Saxlayıram cibimdə...

Elə bilirəm göyərçinlər üçün

Dən yığıram...

Sonra bir parkda -

O xırda pulları

Göyərçinlərə dən əvəzi bilirəm...

"Bağışlayın, xırda pullar qəbul olunmur" -

Deyir satıcı xanım...

Halbuki bilmir

O xırda pulların

Göyərçinlər üçün

Dən olduğunu...

 

Tural CƏFƏRLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 18 sentyabr.- S.19.