Xoş gördük, İstanbul...

 

esse

 

13 iyun 2021-ci il... gündüz saat 16-50... Artıq iki saata yaxındır ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanındayam. Qorxularımı qızımın sayəsində yenmiş, bütün yoxlama mərhələlərini keçmişik. Artıq İstanbula uçan təyyarə havaya qalxır...

Yerlə Göy arasında Uca yaradanın yerləşdirdiyi ağappaq pənpə buludlar bəzi yerlərdə nazik tül qatına çevrilsə , bəzən qatılaşır, qalınlaşır kilometrlərlə uzanıb gedən nəhəng "buz dağlarına" çevrilir...

...Axşam saat 7-də təyyarəmiz eniş edir. Sonuncu reys olduğundan hava limanında seyrəklikdi. Yenə uzun bir yoxlama qeydiyyat məsələlərindən sonra yolumuza davam edirik.

...Bu günlər Türkiyənin Cümhurbaşqanı R.T.Ərdoğan Azərbaycanda səfərdədir. Tarixi günlər yaşanır, Azərbaycanın qalib prezidenti İlham Əliyev ilə bərabər Şuşada düşmən bağrına köz basır. 15 iyun - Qurtuluş günü idi, indi həm "Şuşa bəyannaməsi" ilə yadda qalacaq. Ölkələrimizin dostluq qardaşlığı vətəndaşları da doğmalaşdırır. Bu gün sadə vətəndaşından tutmuş, hər kəs azərbaycanlı müsafirlərə həmişəkindən daha doğma, daha mehribanlıqla yanaşır. Onlar da bizim kimi müharibə ağrılarını çəkmiş, indi zəfər sevincini yaşayırlar. Ünsiyyətdə olduğum adamlar fəxrlə - "Qarabağ Azərbaycandır!", - deyə sevincini bölüşür, bu yolda şəhid olan mərd oğullarımız üçün isə kədərlənir, onlara Allahdan rəhmət diləyirdilər...

...Yusif bəy Unal İstanbul Böyük Şəhər Bələdiyyəsində çalışır. Sultanahmet camisi qarşısında söhbətimizə müdaxilə edərək Qarabağla bağlı fikirlərini çatdırır, döyüşlərdə şəhid olan oğullar üçün kədərləndiyini bildirir. Sonra ölkələrimizin bununla həmahəng vətəndaşların mehriban dostluq münasibətlərindən qürur duyduğunu ifadə edir... Heç vaxt Azərbaycanda olmadığını, gəlmək istəyini bildirir, ürəklə dəvət edirəm!

Türkiyədə olmağımdan istifadə edib, İstanbulda "Türk ədəbiyyat vakfı"ına getməyi planlayıram. Vakfın müdiri Türk ədəbiyyatı jurnalının baş redaktoru,  yazar, beş kitab müəllifi gördüyü işlərə görə həm Türkiyənin, həm Azərbaycanın çoxlu sayda müxtəlif ödüllərini almış İmdat bəy Avşardır. Qələm adamlarının sevimli məkanı olan bu yeri ziyarət etməyi vacib hesab edirəm. İmdat bəylə əlaqə saxlayıb günü vaxtı müəyyənləşdiririk...

Budur, pəncərəsindən Türkiyə Azərbaycan bayraqlarının qoşa asıldığı vakfa yaxınlaşıram. Birinci mərtəbədə cavan bir oğlan qarşılayıb içəri dəvət edir. İkinci mərtəbədə İmdat bəy hörmət izzətlə qarşılayır bizi... Ədəbiyyatla başladığımız söhbətimiz iki saatadək uzanır. Türk Azərbaycan ədəbiyyatının layiqli nümayəndələrindən söz açır, Türk dilinə çevirdikləri kitablardan bəhs edir... Qeyd edim ki, İmdat bəy Azərbaycan dilini qrammatik səviyyədə bilən tərcümə edən ziyalıdır. Bir çox yazarlarımızın əsərlərinin türk dilinə uyğunlaşdırılması çap olunmasında böyük əməyi olmuşdur. Sonra bərabər vakfın otaqları ilə tanış oluram. Pandemiya səbəbindən burda da ədəbiyyat tədbirlərinin keçirilməsinə müvəqqəti fasilə verilib... Bu yaxınlarda Azərbaycana səfərini planlaşdıran İmdat bəylə yaxın uzaq yaradıcılıq işləri haqqında da danışıb ayrılırıq. Ayrılanda özünün "Güverçin sevdası", türk dilinə uyğunlaşdırdığı bir neçə kitabı redaktoru olduğu dərginin nüsxələrini həvəslə təqdim edir. Sonda xatirə şəkli çəkdirməyi unutmuruq...

Qürbət qədər gözəl olsa, vətən deyil deyirlər, amma Türkiyə qürbət deyil. Dili bir, dini bir qardaşımız, dost-doğma vətənimizdir. Tarixin bütün qatlarında bu qardaşlığın isbatı vardır bundan sonra da olacaq!..

İstanbulda keçirdiyim iki aya yaxın müddət mənə bir neçə gün kimi görünür. İmkan olduqca gəzməli, görməli yerlərində olub, sadə, yerli insanların həyat yaşam tərzi ilə maraqlanmış, demək olar ki, yazar üçün lazımi "yükümü" tuta bilmişəm... Geri əli qəlbi dolu dönəcəyəm...

27 iyul, 2021-ci il... Artıq İstanbulla qeyri-müəyyən müddətə vidalaşmaq zamanıdır. Ayrılıq həmişə çətindir... Məni yola salan qızlarım neyləsələr , göz yaşlarını tuta bilmir. Keçid məntəqəsində xidmət göstərən gənc xanım Azərbaycandan olduğumu biləndə üz-gözünə sevinc dolu gülüş qonur: - "Geldiniz, gezdiniz, şimdi gidiyorsunuz, iyi uçuşlar size, yine gelin ama...", - deyib sağollaşır.

Türk Hava Yollarına məxsus təyyarə uçuş zolağında gözləyərkən mən   qədim şəhərlə bu sətirlərlə vidalaşıram...

 

Gecə duman kimi çəkilib gedir...

Günəş gur saçlarını atıb çiyinlərinə

çıxır qocaman şəhərin baş meydanına...

...Qollarında qədim məhəllələri,

çiyinlərində tarixi məsuliyyəti,

ağlında yeni düşüncələriylə başını dik tutub

yeriyir qocaman şəhər!..

...Kainatın himni səslənir hər tərəfdən,

Bakı,

Xəzərdən su pərisi kimi qalxıb

Pişvazına çıxır sevgili İstanbulun...

 

P.S. 28 iyul günündən Türkiyədə xain əllərlə törədilmiş yanğınlar hələ davam edir. Dost dar gündə tanınar. "Bir millət, iki dövlət" olan dostluğu, qardaşlığı əsrlərin sınağından qürurla çıxmış Azərbaycan - Türkiyə bu gün yenə kürək kürəyə verərək yanğınla mübarizə aparır. Bu sınaq dövrünü arxada qoyacaq bütün çətinlikləri atlatacaqsan, Türkiyəm! Sən yanğınlar görmədin ki...

 

Şahnaz ŞAHİN

 

Ədəbiyyat qəzeti.- 2021.- 18 sentyabr.- S.17.