"İncil"dən parçalar
...İsa,
yoluna davam etmək istəyəndə bir nəfər irəli
çıxıb onun qarşısında diz
çökdü və belə soruşdu:
- Ey mənim
qüdrətli ağam, əbədi həyatı qazanmaq
üçün mən nə etməliyəm?
İsa
cavab verdi:
- Niyə
mənə "qüdrətli" dedin? Tanrıdan
başqa heç kəs qüdrətli deyil. Əbədi
həyat üçün nə etməli olduğunu bilirsən:
Heç kimi öldürmə, zina etmə, oğurluq etmə,
yalan yerə şahidlik etmə, saxtakarlıq etmə, atana,
anana hörmət elə.
Bu
sözlərdən sonra İsaya sual verən adam
dilləndi:
- Ağam,
mən gənclik vaxtı bütün bu günahları öz
həyatımdan uzaq tutmuşam.
İsa
şəfqətlə ona baxıb dedi:
- Amma bir
şey qalıb: Get, nəyin varsa, sat, payla kasıblara, əgər
belə etsən, cənnətdə sənin xəzinən
olacaq; sonra gəl və məni izləyənlərdən ol.
Kişi bu sözləri eşitcək dilxor oldu və qəmli-qəmli
yola düzəlib İsadan uzaqlaşdı. Çünki
onun böyük var-dövləti var idi. İsa ətrafına
baxıb öz həvarilərinə nəzər saldı və
belə dedi:
-
Tanrının mülkünə ayaq basmaq varlılar
üçün necə də çətin olacaq.
Həvarilər təəccüb içində ona
baxdılar.
İsa
sözünə davam etdi:
- Ey mənim
övladlarım, Tanrının mülkünə girmək
çox çətindir. Dəvənin iynə
dəliyindən keçməsi varlı bir adamın
Tanrının mülkünə girməsindən daha
asandır.
Həvarilər
daha da təəccübləndilər və belə
soruşdular:
- Bəs
xilas olanlar kimlər olacaq?
İsa
onlara baxıb cavab verdi:
- İnsanlar üçün bu çox çətin
bir şeydir, amma Tanrı üçün yox. Çünki
Tanrı üçün hər şey mümkündür.
***
"...Əgər
mənim yolumu izlədiyiniz üçün kimsə sizə
bir qədəh su verirsə, onun bu yaxşılığı
itməyəcək, bir gün o, öz mükafatını
alacaq. Və əgər kimsə o gücsüz
insanları öz imanından uzaqlaşdırarsa, bilin ki,
boynuna dəyirman daşı bağlayıb özünü dənizə
atmağı bu etdiyindən daha yaxşıdır. Əgər öz əliniz sizi yoldan
çıxarırsa, onda əlinizi kəsin; bu həyatı tək
əllə yaşamaq, cəhənnəmdə odun içinə
iki əllə girməkdən daha yaxşıdır. Əgər ayağın səni yoldan
çıxarırsa, onda ayağını kəs; bu həyatı
tək ayaqla axsaya-axsaya yaşamaq, cəhənnəmə iki
ayaqla girməkdən daha yaxşıdır. Əgər gözün səni doğru yoldan
azdırırsa, özünü o gözdən məhrum etmək
sənin üçün daha xeyirli olar, çünki
Tanrının mülkünə bir gözlə girmək, iki
gözlə cəhənnəmə atılmaqdan daha
yaxşıdır. O cəhənnəm ki, ordakı
ilan-çayanlar heç vaxt ölmür, o cəhənnəm
ki, ordakı alov heç vaxt sönmür".
***
Onlar səhər-səhər
yoldan keçərkən əncir ağacının,
kökündən yarpaqlarına qədər quruduğunu
gördülər; Piter dünən baş verənləri
xatırlayıb ona (İsaya) dedi:
-
Ağam, sənin dünən lənətlədiyin əncir
ağacı quruyub.
İsa
ona cavab verərək həvarilərinə səsləndi:
-
Tanrıya inanın. Mən sizə həqiqəti
deyirəm. Əgər kimsə bu dağa
baxıb "yerindən qalx və özünü dənizə
at" desə və ürəyində bunun baş verəcəyi
ilə bağlı tərəddüd keçirməsə,
dediyinin baş tutacağına inansa, onda, doğrudan da, öz
istəyinə nail olacaq. Ona görə sizə
deyirəm ki, nə üçün dua edirsinizsə, nəyi
istəyirsinizə, onu əldə edəcəyinizə
inanın, inanın ki, o sizin olacaq. Dua
etdiyiniz vaxt kiminsə əleyhinə ürəyinizdə
daşıdığınız hissləri unudun; unudun ki,
Sahibiniz etdiyiniz yanlışlara görə cənnətdə
sizi bağışlasın.
***
Sizdən öncəki nəsillərə
"öldürməyin" deyə bir əmr verilmişdi. Yəqin ki, bundan xəbəriniz
var. Kimisə öldürən adam
mühakimə olunacaq. Mən isə sizə
deyirəm ki, qardaşına qəzəbi tutan bir kəs də
buna görə cavab verəcək. Qardaşına
"axmaq" deyən bir kəs bu sözünə görə
məsuliyyət daşıyacaq. Əgər siz, əlinizdə
hansısa qurbanlıqla mehraba gəlsəniz və birdən
yadınıza düşsə ki, qardaşınızla sizin
aranızda hansısa inciklik var, onda yaxşı olar ki, gətirdiyiniz
qurbanlığı mehrabın önündə qoyub ilk olaraq
qardaşınızın yanına gedəsiniz və onunla
barışasınız. Bundan sonra
qurbanlığınızı verə bilərsiniz.
Yəqin, siz "zina etməyin" əmrini də
eşitmisiniz.
Və indi mən də sizə deyirəm ki, bir kişi
hansısa qadına şəhvətlə baxarsa, artıq
öz ürəyində onunla zina etmiş olur. Əgər
sizin sağ gözünüz sizi yoldan çıxarırsa,
onda gözünüzü çıxarıb yerə atın;
Bədəninizin bir hissəsini itirmək bütün bədəninizin
cəhənnəmə atılmağından daha
yaxşıdır. Əgər sağ əlin
səni doğru yoldan azdırırsa, onda əlini kəs.
Bədəninin bir hissəsini itirmək
bütünlüklə cəhənnəmə
atılmağından daha yaxşıdır.
Yəqin, siz, sizdən öncəki nəsillərə
verilən "yalandan and içməyin və Tanrıya and
içdikdə buna dürüstlüklə əməl
edin" əmrini də eşitmisiniz. Və mən də sizə
deyirəm ki, heç vaxt and içməyin. Nə göyə and için, nə yerə,
çünki göylər Tanrının taxt-tacıdır,
çünki yerlər Tanrının öz ayaqlarını
qoyduğu məkandır. Nə də Yerusəlimə
and için, çünki ora böyük bir hökmdarın
şəhəridir. Öz
başınıza da and içməyin, çünki siz onun
bir tükünü nə qaralda bilərsiniz, nə də
ağarda. Nəyisə təsdiq edəcəksinizsə,
sadəcə "hə" deyin, nəyisə inkar edəcəksinizsə,
sadəcə "yox" deyin. Bundan artıq nəsə
desəniz, bilin ki, şeytandan gəlmədir.
Ehtiyatlı olun ki, öz
dürüstlüyünüzü insanlar qarşısında
nümayişkaranə şəkildə göstərməyəsiniz. Əgər kiməsə
xeyirxahlıq etsəniz, insanların sizi yaxşı adam bilməsindən ötrü
sinaqoqlardakı və küçələrdəki
ikiüzlülər kimi, bu yaxşılığı
bağıraraq başqalarına bildirməyin. Çünki
yaxşılıq edənlər onsuz da öz
mükafatlarını alacaqlar. Kiməsə
xeyirxahlıq etsəniz, elə edin ki, sağ əlinizin
verdiyini sol əliniz bilməsin; Çalışın bu
xeyirxahlığınız gizli qalsın. Çünki gizliləri də, aşkarları da
görən Sahibiniz sizi onsuz da mükafatlandıracaq. İbadət etdiyiniz vaxt ikiüzlülər kimi olmayın.
Onlar sinaqoqlarda və ya küçələrin
bir küncündə ibadət edirlər ki, başqa insanlar
onları görsün. İbadət etmək
istədiyiniz vaxt sakitcə öz otağınıza girib,
qapını bağlayın və gözə görünməyən
Sahibinizə ibadət edin. Bütün
gizlinlərdən xəbərdar olan Sahibiniz sizin
mükafatınızı verəcək. İbadət
edərkən bütpərəstlər kimi,
ağzınıza nə gəlirsə deməyin; o bütpərəstlər
elə zənn edirlər ki, nə qədər çox söz
desələr, duaları bir o qədər yaxşı
eşidiləcək. Bütpərəstlər
kimi ibadət etməyin, çünki Sahibiniz siz ona dua etməzdən
əvvəl də nəyə ehtiyacınız olduğunu
bilir. Ona görə də bu cür dua edin: "Ey
göylərdəki Sahibimiz, sənin adın müqəddəsdir,
bu gün ehtiyacımız olan bir tikə çörəyi
bizə yetir və borclarımızı bağışla,
çünki biz də bizə borclu olanları
bağışlamışıq. Bizi yolumuzdan
azmağa qoyma, şeytanı bizdən uzaq tut". Bəli, bu cür dua edin, çünki siz
insanların səhvlərini bağışlasanız,
Sahibiniz də sizi bağışlayar, siz insanların səhvlərini
bağışlamasanız, Sahibiniz də sizi
bağışlamaz. Oruc tutduğunuz vaxt
ikiüzlülər kimi qaşqabaqlı olmayın. Çünki onlar oruc tutanda üz-gözlərindən
qəzəb yağdırırlar ki, başqaları onların
oruc tutduğunu bilsin. Oruc tutduğunuz vaxt,
gümrah görünməyə çalışın,
üzünüzə su vurun ki, başqalarına oruc
olduğunuzu göstərməyəsiniz. Bunu
ancaq gizlində Sahibinizə göstərin. Bütün gizlinləri görən, bütün
gizlinlərdən xəbərdar olan Sahibiniz sizi onsuz da
mükafatlandıracaq.
Yığdığınız pulu, var-dövləti bu
dünyada, yəni yer üzündə saxlamayın. Çünki
burda güvələr pulunuzu yeyə bilər, qiymətli daş-qaşlarınız
pas tuta bilər, burda oğrular o pulları, o
daş-qaşları oğurlaya bilər. Ona
görə də var-dövlətinizi cənnətdə
yığmağa, orda saxlamağa çalışın.
Orda nə güvələr pulunuzu yeyər, nə
pas daş-qaşınızı korlayar, nə də kimsə
oğurluq edə bilər. Bilin ki, sizin xəzinəniz
hardadırsa, ürəyiniz də orada olacaq. Sizin bədəninizin çırağı gözlərinizdir.
Buna görə də əgər gözləriniz
təmiz və işıqlıdırsa, demək ki,
bütün bədəniniz işıqlıdır. Əgər gözləriniz tutqundursa, ləkəlidirsə,
deməli, bütün bədəniniz qaranlıq içindədir.
Əgər içinizdəki
işığı qaranlıq örtübsə, demək, siz
dərindən də dərin bir qaranlığa qərq
olmusunuz. Bir adam heç vaxt iki
ağaya qulluq edə bilməz. Çünki belə olsa, həmin
adam getdikcə onlardan birinə nifrət edəcək,
digərini isə sevəcək. Ya da birinə
sadiq qalacaq, digərinə isə yaxşı qulluq göstərməyəcək.
Siz eyni vaxtda həm Tanrıya, həm də Sərvət
ilahəsinə ibadət edə bilməzsiniz. Ona görə
sizə deyirəm ki, daim öz həyatınızın fikrini
edib durmayın, sabah nə yeyəcəyinizin,
əyninizə nə geyinəcəyinizin dərdini çəkməyin.
Məgər həyatınız yeyəcəyiniz
qidadan daha önəmli deyilmi, yaxud bədəniniz geyinəcəyiniz
paltardan daha vacib deyilmi? Göydə
uçan o quşlardan nümunə götürün, onlar nə
yer şumlayırlar, nə toxum əkirlər, nə də
buğda anbarına ehtiyat toplayırlar, amma sizin göylərdəki
Tanrınız onların ruzisini yetirir. Məgər
siz onlardan üstün deyilsinizmi? Sizin hansınız
fikir etməklə bir addım daha qabağa keçə bilərsiniz?
Niyə sabah nə geyinəcəyinizin dərdini
çəkirsiniz? Çöllərdə bitən
o zanbaqlara baxsanıza; görsənizə onlar necə
böyüyür. Onlar, nə geyinmək
üçün özlərinə paltar tikirlər, nə də
yaxşı geyinməkdən ötrü hansısa əzaba
qatlaşırlar. Amma Süleyman belə o
cah-calalın, o var-dövlətin içində onlar qədər
gözəl geyinə bilmirdi. Bir
düşünün və görün ki, Tanrı əgər
çöllərdə bitən bir otu bu cür geyindirirsə,
məgər siz insanları - içində zərrəcə
imanı olan insanları daha gözəl geyindirməzmi?
Halbuki o otlar bu gün göz oxşasa da, sabah
quruyub çöpə dönəcək və siz onları
sobaya atıb yandıracaqsınız. Ona görə
də narahat olmayın, fikir edib düşünməyin ki,
"sabah nə yeyəcəyik", "sabah nə içəcəyik",
"sabah nə geyinəcəyik". Sizin
göylərdəki Sahibiniz yaxşı bilir ki, nəyə
ehtiyacınız var. Birinci onun mülkünə, onun ədalətinə
can atın; istədikləriniz sizə veriləcək.
Sabahın dərdini çəkməyin, sabah
özü öz qeydinə qalacaq. Hər
günün öz dərdi özünə bəsdir.
Kimisə mühakimə etməyin ki, sizi də
mühakimə etməsinlər. Kimi necə mühakimə
edirsinizsə, özünüz də o cür mühakimə
olunacaqsınız; mühakimə etdiyiniz vaxt hansı meyara əsaslanmısınızsa,
sizi də eyni ölçü və ədalətlə
mühakimə edəcəklər. Niyə
qardaşınızın gözündəki saman
çöpünü asanlıqla görürsünüz,
amma öz gözünüzdəki tiri görə bilmirsiniz?
Öz gözünüzdə tir olduğu halda
qardaşınıza necə deyə bilərsiniz ki, "qoy sənin
gözündən o saman çöpünü
götürüm". Sən
ikiüzlü, əvvəlcə öz gözündəki tiri
götür, sonra qardaşının gözündəki
çöpün dərdini çəkərsən. Dəyərli şeyləri itlərə atmayın;
mirvariləri donuzun qabağına tökməyin. Çünki bu heyvanlar onları ayaqlayıb
keçəcək və nəyi əzdiklərindən xəbərləri
də olmayacaq. Ürəyindən nə
keçirsə, onu istə, bil ki, o, sənə veriləcək.
Axtar, bacardığın qədər axtar,
tapacaqsan. Hansısa qapıdan keçmək
istəyirsənsə, çəkinmə, döy o
qapını, həmin qapı sənin üçün
açılacaq. Kim istəyirsə, əldə edir; kim axtarırsa, tapır; kim qapını
döyürsə, onun üçün həmin qapı
açılır. Aranızda elə adam
varmı ki, oğlu ondan çörək istəsin, o da
oğluna daş versin? Yaxud oğlu balıq istəsin, o isə
ilan versin. Görürsünüzmü? Siz günahkar insanlar belə öz
övladlarınıza gözəl hədiyyələr
verirsiniz, belə olduqda göylərdəki Sahibiniz siz ondan nəsə
istəyərkən sizə daha gözəl lütfdə
bulunmazmı? İnsanların sizin
üçün nə etməsini arzulayırsınızsa,
özünüz də onlar üçün onu edin. Yalançı peyğəmbərlərdən
özünüzü gözləyin, onlar sizə qoyun cildində
görünsə də, əslində niqablarının
arxasında ac canavar dayanıb. Siz
onları öz əməllərinin bəhrəsindən
tanıyacaqsınız. Tikanlı otlardan kimsə
üzüm dərə bilərmi, yaxud kim
qanqaldan əncir yığa bilər? Bu o deməkdir
ki, hər yaxşı ağac yaxşı meyvə verir.
Pis ağacların isə meyvəsi pis olur.
Yaxşı ağacda pis meyvə olmaz, pis
ağacda isə yaxşı meyvə tapa bilməzsiniz.
...Mənə
qulaq asan və mənim dediyimə əməl edən kəslər
öz evini möhkəm qayanın üstündə tikən
ağıllı adamlara bənzəyirlər. Yağışlar
yağsa da, küləklər əssə də, çaylar
daşsa da, o evə heç nə olmaz. Çünki o ev qayanın üstündə tikilib. Amma kim ki, mənim sözlərimi eşidir və əməl
etmir, onlar öz evini qumun üstündə tikən
ehtiyatsız və vecsiz adamlara bənzəyirlər. Bir
gün yağış yağsa, ya çaylar daşsa, ya da
küləklər əssə, o ev
uçacaq və onun uçması faciəvi olacaq.
İngilis dilindən tərcümə:
Təvəkgül Boysunar
Ədəbiyyat qəzeti.- 2021.- 18 sentyabr.- S.16-17.