Sərçə
Hekayə
Qürbətdə
yaşanan ömür
cəhənnəmin
bir parçasıdır!
Muxtargili İçərişəhərdə yaşayırdılar. Ailələrinin
dolanışığı o qədər də yaxşı olmasa da, ataları Əbülfəz kişi xalça alveri ilə külfətini dolandırmağa
çalışırdı. Anası Ağbacı xala Bakı-Moskva qatarında bələdçi işləyirdi.
Yol adamı olduğuna görə uşaqların
tərbiyəsinə kifayət
qədər vaxt ayıra bilmirdi. Tanrı ona iki oğul,
iki qız bəxş etmişdir.
Oğlanları Muxtar və Familə ali savad
verə bilməsə
də, qızları Nabat və Gültəkini
Tibb texnikumuna sala bilmişdi. Çətinliklərə baxmayaraq, qızlar
tibb bacısı ixtisasına yiyələnə
bildilər. Ancaq oğlanlarınkı
gətirmədi, qürbətdə
çörəkpulu qazanmağa
üz tutmağa məcbur oldular. Çünki Vətən
torpağında onlara
bir iş tapılmırdı. Bütün
hadisələr Ağbacı
xalanın oğlu Familin həbsindən sonra baş verdi. Sanki ailəyə bir həbs damğası vurulmuşdu. O günləri
yada salan Ağbacı xala oğlu Familə deyərdi: "Ay bala, sənə neçə kərə demişdim ki, o avara-uvaralara qoşulma! Gördün, sənə deyirdim ki, bu işin
axırı yaxşı
qurtarmayacaq! Bu da axırı!".
Famil
bir çox yerə iş üçün müraciət
etsə də, xeyri olmamışdır.
Eh, kim bilir?.. Ehtiyac insanı hansı
addımlar atmağa məcbur edir. Bütün bu olanlar da
insan hərisliyindən,
şeytan əməlindən
baş vermişdi.
Muxtargilin həyətində göyərçin
damı vardı. Famil və
Muxtar onları yedirtməyə, uçurmağa
çıxaranda həmişə
bir cüt sərçə onlara qoşulardı. Bu mənzərəni seyr etmək qardaşlar üçün təəccüb
və maraq doğurardı. Beləcə, günlər ötürdü.
Oğlanlar böyüdükcə özləri ilə bərabər dərdləri
də böyüyürdü.
Oğurluq üstündə həbs
edilən Famil üç il
sonra azadlığa buraxıldı. Həbsdən sonra Famil elə bil başqa
cür olmuşdu.
Saatlarla dinməzdi, oturub elə hey nə barədəsə düşüncələrə
dalardı. Bir gün anası Ağbacı xalanı mətbəxə çağırıb
dedi: - Ana, mən çörəkpulu qazanmaq
üçün Vətəni
tərk etməli olacağam. Muxtar istəsə, mənimlə
gedə bilər.
Anası
əvvəlcə oğlunun
nə demək istədiyini başa düşmədi, sonra oğlunun qürbətə
gedəcəyini, orada
başına hansı
fəlakətlərin gələcəyini
düşünəndə, fəryad qopardı: - Getmə, ay oğul! Getmə! - deyən
ana özünü oğlunun üstünə
atdı. Famil isə soyuqqanlılıqla
anasına: - Axı dolana bilmirik, nə vaxtadək ilan kimi sürünəcəyik?
Atam da artıq qocalıb.
Bir şey fikirləşməliyik,
ya yox?
Naəlac qalan ana axırda
oğluna təslim oldu. Qardaşı Muxtarla da söhbətdən sonra Famil artıq getməyə israrlı idi. Uzaq Sibirdə çörəkpulu
qazanmağa can atan Famil artıq bütün yol hazırlıqlarını görmüşdü.
Hətta
atası Əbülfəz
kişini də yola gətirə bilmişdi.
Famil yola düşməzdən əvvəl
nə vaxtlarsa saxladığı göyərçin
damına son dəfə
baş çəkməyə
qalxdı. Artıq çox gec
idi. Göyərçinlər uçub getmişdilər.
Sanki öz yiyələrinin
qürbətə getdiyindən
xəbər tutmuşdular.
Ancaq bir cüt sərçə
isə qürbətdə
yaşamaqdansa, öz Vətənini üstün
tutub, həmin taxçanın üstündə
oturub, heyran-heyran Familə baxırdı.
Sanki baxışları ilə
yiyələrinə deyirdilər:
- Qürbətdə yaşanan
ömür cəhənnəmin
bir parçasıdır!
Səadət Sultan
Ədəbiyyat qəzeti.- 2021.-
18 sentyabr.- S.12.