XX əsr
Ukrayna şeiri
Sovet dövründə
sistemə uyğun danışmayan, yazmayan Ukrayna ədibləri çox olub. Özü
də həmişə:
Stalinin qılıncının
dalının-qabağının kəsdiyi vaxtda da, sonra da
Brejnevin durğunluq adlandırılan "şahlıq"
dövründə də.
Vasıl Simonenko, Lina Kostenko, Oles Qonçar, İvan Dzyuba, Valeriy Marçenko, İvan Svetliçnı, Vasıl Qoloborodko, Mikola Rudenko, Oleksa Tixi və
başqa müxtəlif
miqyaslı sənətkarlar
barədə bir qayda olaraq geniş
məlumatlar verilmir,
"kütləvi" lənətləməyə,
"daşqalağ"a məruz
qalan bu şair və yazıçılar adətən
"gecikmiş tarixlə"
parlayırdılar böyük
ədəbiyyat səmasında.
Böyük Ukrayna şairi Vasıl Stus da belə sənətkarlardandı. Vinnitsada
1938-ci ildə anadan olmuşdu, "millətlər
ata"sının adını
daşıyan, sonralar
bu "atalığı"
rədd edən Donetsk
vilayətində boya-başa
çatmış, pedaqoji
institutu bitirəndən
sonra bir müddət Kirovoqrad tərəflərdə müəllim
işləmiş, şairliklə
yanaşı, fəal
ictimai xadim kimi də ad çıxarmışdı. 1963-cü ildə Kiyevə gəlib Şevçenko adına Ədəbiyyat
İnstitutunun aspiranturasına
daxil olmuşdu. Donbas mühitinin mühüm
təsirləri yaradıcılığında
və ictimai baxışlarında əsaslı
iz qoymuş, sonradan daha da
dərinləşmişdi. Belə ki, Donbas demoqrafik göstəriciləri, milli-ictimai
fikir baxımından Ukraynanın ən çox ruslaşdırılmış
bölgəsi idi, indi nə baş
verdiyini isə hamımız çox yaxşı bilirik. İvan Dzyubanın sözləri ilə desək ("Daş qaranlıqda şam" məqaləsində)
Donbasda Ukrayna dili qəribliyə salınır, əsasən
kəndlərdə, qəsəbələrdə
işlənirdi. Bu vəziyyət, təbii ki, milli mənliyi,
vətəndaş təəssübkeşliyi
olan Ukrayna ziyalılarında etiraz ovqatını doğurur, körükləməyə bilməz,
rəsmi ideologiyaya, imperiyaya qarşı olan ziyalıların azadlıqsevər baxışlarına
təkan verməyə
bilməzdi. O cümlədən
Vasıl Stusun yaradıcılığına da.
Amma yazılan, deyilən hər bir kəlmə
qeydə alınır,
sistemin "sədaqətli"
məmurlarının gözündən
yayınmırdı. Altmışıncı illərin "ilıqlığı"
elə Xruşşovun
öz vaxtında ötüb-keçir, İttifaq
çapında Sinyavski,
Daniel, Brodski və başqa hadisələrlə
müşayiət edilən
yeni repressiya dalğaları başlayır.
Ukrayna da kənarda qalmır. 1972-ci ildə yanvarın 12-dən
13-nə keçən gecə
Vasıl Stusu (və başqalarını
da) da həbs
edirlər. Hər şey
qabaqcadan hazırlanmış,
bütün ittihamlar
"sübuta yetirilmişdi".
Stus
"antisovet fəaliyyət"də
ittiham edilmiş,
"xüsusi təhlükəli
dövləti cinayətkar"
kimi qəbul edilmişdi. "Gedər-gəlməzə" qapılar
açılmışdı. Kolıma, Maqadan, dəhşətli soyuqlar,
şaxtalar, gözyoran
buzlu çöllər,
vətən həsrəti.
Üstəgəl, işıq üzü
görmüş bir-iki
kitabı yasaqlanmışdı.
Layiq olduğu
şöhrət, öləndən
sonra (1986) onu tapdı.
1990-cı
ilin iyul ayında Ukrayna SSR prokurorunun imzasıyla
"Vasıl Semyonoviç
Stus haqqında məhkəmə hökmünə
xitam verilməsi və onun əməllərində
cinayət tərkibi olmadığına görə
məhkəmə işinin
bağlanması" barədə
məlumat verildi, prokurorun etirazı respublika Ali Məhkəməsinin
plenumu tərəfindən
qənaətbəxş bilindi...
Şair
ölümündən sonra
Şevçenko adına Dövlət
Mükafatına layiq görüldü...
Xatirə
Qızıl qumlu sahildə
köpüklü sular,
Duzlu, tünd sifətimdə
nəsə sancı
var.
Cod baxışım bələnir
ipək kimi istiyə,
Günəş axşamı enir
uzaqdakı gədiyə.
Yatmasa da günbatan,
ulduz hey gülümsəyir,
qürubun arxasından
bu gecəni gözləyir.
Meşə məni buraxıb
qucağından
Meşə məni buraxıb
qucağından
boş çöllərə
ismarladı. Gedirəm
qalın qarla. Nə bir yol var,
nə cığır.
Qarışdırıb hər şeyi qış yenidən.
Bəs eləysə
yolu necə tapasan?
Həm də ki sən
özün bir ağacsansa:
başın kəsik,
qəlbin qırıq,
içində
yenə qərib təlaş gəzir, vurnuxur.
Külək əsir, ləpirini qar tutur.
Getmək...
getmək... lap ağlın
çaşanacan,
üzüqoylu yıxılıb
duranacan.
Sən gəzdim satqın bacı, cadugər,
Səni gəzdim, ey Qış, daim, sərasər.
Hardasa gizlində
tufan yetişir
Hardasa gizlində tufan yetişir,
Hardasa toy çalır,
vurulur təbil.
Mənim
qismətimsə qışqırıq,
təhdid
Hər küncdən
boylanır gözətçi
kimi.
Niyə? Nədən ötrü?
Axı bilmirəm.
Boğaz arıtlayır mis boru yenə.
Qazamatda
zaman sürünür
yernən,
Rəislər qışqırır, işıqlar
sönür.
Sütül ot-ələfə
həmən şeh düşür
Sütül ot-ələfə həmən
şeh düşür,
Palıd budağında oxuyur bülbül.
Gecənin içindən səssiz
ötüşür -
Çayın dərin yeri qəlbim kimidir.
Başımın üstündə titrək
ulduzlar
Cələdə quş kimi çırpınır
ürkək.
Zülmətin, küləyin yolayrıcında
Gündüz öz işində yenə bərq vurur.
Müqəddəs torpağın ağuşunda
mən
Yıxılıb çəmənə uyuyacağam,
Ölümün qoşunu gəlir
ardımca
Rəbbə güvən ilə sığınacağam.
Yaddaşım, geri dön,
düz mənə doğru
Yaddaşım geri dön, düz mənə doğru,
Qoy gözəl bəlatək
qəlbimə dolsun
Hüznlə, sevgiylə vətən
qoxusu,
Qoy bülbül sevgiylə ötsün, oxusun
Bütün meşə üçün. Qayıt
yaddaşım,
Yayda kəklikotu
ətriylə qayıt.
Payız
cövhəriylə qoy
almaların
qızılı yuxuda qonağım olsun.
Vüqarlı Dneprin suları
axsın,
Açılsın qırışı yuxularımda.
Çağırım, qoy məni Vətən eşitsin,
Geri dön yaddaşım,
yarım-yoldaşım.
***
Düşünmə. Yat. Yum gözünü. Yuxula.
Yumuldusa, açmayasan gözünü.
Bütün sirlər faş
olacaq yuxuda
Olmadısa, dəyməz, üzmə özünü.
İşıq qılınc kimi
girər qınına,
Üfüq də keçmiştək
uzaq, görünməz.
Qalxantək üstünə enər
qaranlıq,
Boş günlərdən
ömür necə hörülsün.
***
Qazamat sərçəsinin nəğməsi
arasından
Ucaltmağa başladı arıquşu
səsini,
Dərdin
göy ipliyini əyirdi asta-asta,
Qar altında
qəddini novruzgülü
dirçəltdi.
***
Səni
xatırladım cavanlığım,
sən
Məni dolanbacda aramaqdasan.
Qorxunc gözəlliyin nişanəsitək
Başının üstündə qara buludlar.
Can atdım zirvədən zirvəyə, göyə,
Yalnız
içimdəki doğru
sözləri
Yollar bir yerlərə varıb çıxartdı,
Şəxsi qismətimsə bəladı,
dərddi -
Ötən illərimi alıb apardı.
Sən isə gəncliyim, sirlim, pünhanım,
Axı, harda qaldın, yox oldun, itdin?
Axırım, deyəsən, o qədim
yoldu:
Sonunda qurumuş
ağac - xaç kimi.
***
Balzak, qibtə elə: bax, bu da
cübbə,
sakitlik, tənhalıq,
bir də qaranlıq.
Çox
tezdir yatağa girmək əlbəttə,
gözünü döyürsən
odur ki, yalnız.
Sanki teleqüllə işığısan
sən -
simlərlə axışan
yaqutu bir ruh.
Budur baş qaldırır yenə ilhamın,
Xəyallar içində azmağa qoymur.
Şirin
arzuların belini qırıb,
"Ali ucalığı tanı!" - əmr
edir.
- Orda nə ümid
var, nə də ki sevinc,
Orda Sənin evin: halal və təmiz!
***
Tikanlar dalında cənnət varıymış:
güllər, günəş
rəngli arılar, çəmən,
sükut, sevinc, bir də gülərüzlü
yat -
Rəbbin
bəxşişidir! Çox şey
istəmə.
Unut, arzuların uçuşunu
qır,
Həsrətin yuxusu dağılsın
orda,
Görüş və ayrılıq
bitsin, yox olsun,
Dərdlərin hesabı silinsin, itsin.
Ot üstə qaçışsın mordov
küləyi,
Bulud sürüsünü
çəkib gətirsin.
Şükürlə duanın dur arasında,
Və bacar xoşbəxt ol, sən ey
gənc əsir!
***
Ömrün keçib getdi, olmamış kimi.
Səslər eşidilmir, gün isə ağır.
Qəlbin
vəhşi kimi, qəlbin ağıyır,
Gözəllik göz üçün deyil ki indi.
Gecə
ötüb keçir,
alıb aparır
Sübhün yuxusunu, xəyallarını.
Mənim
gözüm şeir, gözəlim şeir,
Əvvəlmi yaşadım səndən,
sonramı?
Vasil Stus
Tərcümə və təqdimat
Səlim Babullaoğlu
Ədəbiyyat qəzeti.- 2021.- 18
sentyabr.- S.11.