Sentyabr. Eylül. Veresen. September
1
Sentyabr. Eylül. Veresen. September.
Sarı rəng və kədər. Qüssəli tembr.
Uzaqda batıq səs: halsız və yorğundu.
Diş yoxdu, deməli, işlər də yoğundu:
nədən ki, adamın tamahı itidir;
hər adam bir az da
tamahın itidi.
Eylül,
veresen, september,
sentyabr
işğal eləyir
bütün diyarı
köndələn yağışla,
gözdeşən küləklə.
Sonrası rəsmdi: nə
toxun, nə rənglə!
Payızdı. Sonbahar. Osen. Autumn.
Sarımtıl inqilab. Sarışın təlatüm.
Veresen. September. Sentyabr.
Eylül.
Yarpaqlar qəpiktək elə hey tökülür.
Elə bil kim isə anladır könülsüz:
Bax, budur, dünyanın dəyəri,
görürsüz.
Pəncərə önündə tozlu
əlcək
sözsüz bir yazıdır: dünyadan əl çək!
September.
Sentyabr.
Eylül.
Veresen.
Ad üçün hansı
söz doğrudur, görəsən?
Sözdən yükünü boşaldıb
kağıza
mənalar ehtiyac duymur ağıza.
Otaqda bürküsə kim deyir bu pisdi?!
Bürkünü hiss edən bədən
var ipisti.
2
Sentyabr. Eylül. Veresen. September.
Lüğətlərarası ən adi tender
qalib edərdi yəqin ki, sükutu.
Sonrası nöqtədi: qələmin
ucu;
o isə lap çoxdan yazıbdı: şimşək
çaxanda açacaq
çətirlər çiçəktək.
Eylül. Veresen. September.
Sentyabr.
Təqvimlər özünü eləyir biabır.
Onlara baxmadan bilirsən hətta
qiyabi tanışdı
təqvimlər həyatla.
Açıqdı pəncərə, uçuşur
bir arı.
Onun da rəngi sənintək sapsarı.
Veresen. September. Sentyabr.
Eylül.
Qızılı alovdan doğulur qara kül.
Hirsinə nidatək siqaret
kötüyü
küldanda dik durub. Ağzının köpüyü,
hirsin yatır. Elə öz qanında boğulur ürəyin,
gizlənib altında
ağappaq köynəyin.
September.
Sentyabr.
Eylül.
Veresen.
Sədəqə istəyir birisi,
verirsən:
bir ovuc xırda pul, bir ilıq təbəssüm.
"Qoy, arzun çin olsun, qoy, üzün gülsün!" -
qapının dalından
sezilən sözlərin
ünvanı göylərdi.
Yaşarır gözlərin.
3
Sentyabr. Eylül. Veresen. September.
Göy üzü
ağarır tənbəl-tənbəl.
Baxışın səmada marafon
yürüşü
geridə buraxır
uçağı və
quşu.
Miskindi bu yerdə hər hansı məğrurluq.
Biz ki göylərə
əvvəldən məğlubuq.
Eylül. Veresen. September.
Sentyabr.
Gecələr mavrdı, səhərlər
kentavr
gödəni, bədəni,
rəngi ilə hər kəs.
Divanda açıqdı
İmre Kertes.
Vərəqi geriyə çevirir sərinkeş.
Ömürsə yenidən yaşanmır...
eh... kaş...
Veresen. September. Sentyabr.
Eylül.
Miçəkdən bir öpüş qazanır süni gül.
Yalanlar daha çox çəkici, güvənli.
Saxta bir avazla oxuyur
müğənni:
"Dərdimi göylərə
danışsam alışar..."
Eybi yox, qulaqlar buna
da alışar...
September.
Sentyabr.
Eylül.
Veresen.
Frigid qadıntək qələmdən
bezirsən.
Üfüqü qızardan qürubun
şəfəqi
güldanda bərq
vurub anladır fərqi.
İşıqla kölgənin sevgi oyunu
qurtarır divarda. Filmin sonu.
Səlim BABULLAOĞLU
Ədəbiyyat qəzeti.- 2021.-
18 sentyabr.- S.9.