Körpə və kürən pişik balası
hekayə
Gözəl günlər idi. Həmişəki südlü sıyıqla
qarnını doyurandan
sonra yuxuya getmək necə də ləzzət edirdi. Adətən onu anası
özü yedirirdi.
O, hər dəfə ağzına qoyulan qaşıq dolusu sıyığı ləzzətlə
udub növbəti qaşıq üçün
ağzını açanadək
anası səbirlə
gözləyirdi.
Sonra onu qucaqlarına alıb yataq otağına aparırdılar. Orada paltarını dəyişirdilər.
Adətən təzə
pampers də geyindirirdilər.
Bu duyğuya da artıq vərdiş eləmişdi: bədənini
səhərə yaxın
islanacaq hansısa sərin yarıkağız
bir suçəkən
parçaya bələyirlər...
Bəzən hətta həmişəkindən
tez isladırdı.
Belə olanda o da həmişəkindən
tez oyanır və zığıldamağa
başlayırdı. Yox, o, adətən qışqırıb
kimisə oyatmağa
can atmırdı, ancaq
sakitcə zığıldayır,
sanki astaca anasını köməyə
çağırırdı. Anası, demək olar ki, dərhal oyanırdı və onun qayğıkeş əlləri oğlunu beşikdən götürüb
öz çarpayısında
yanına uzadırdı
ki, artıq islanmış bələyini
- pampersini dəyişsin.
O, adətən səhərlər
saat yeddiyə az qalmış
oyanırdı. Yanındakı
çarpayıda yatan
anasının təkcə
ətrini, hətta aralıdan belə hiss etmək necə də böyük xoşbəxtlik idi! Səhərlər anasının
onu qucağına alıb paltarını dəyişdirməyə başlaması
isə... Bax, bu, ayrıca
bir doğmalıq və səadət duyğusu yaradırdı.
Bu sevimli qoxu
ona doğma idi. Əvvəllər anası onu
sinəsinə sıxır,
döşünü mehribanlıqla
onun ağzına salır, isti əli ilə onun hələ təzəcə dənzərən
yumşaq saçını
sığallayırdı. O da bu əziz
varlıqdan - anasının
döşündən pompuş
əlləri ilə möhkəm yapışıb
acgözlüklə və
ləzzətlə əmirdi.
O, südün ətrini
hələ unutmamışdı.
Kimsə
anasına demişdi ki, bir yaşından
sonra əmizdirmək elə də vacib deyil. Ona görə də sıyığa keçmişdilər.
Ancaq əmdiyi südün iyi uzun müddət
yadında qalmışdı
və anası hər dəfə onu qucağına alanda özündən asılı olmayaraq bu qədər sevdiyi o gözəl məlhəmin çeşməsini
yenə də tapmaq üçün anasının döşlərinə
tərəf dartınırdı.
Bəzən gecələr o, başqa bir adamın xorultusunu eşidirdi. Anası
həmin adamı ona göstərir və gülümsəyərək
deyirdi: "Ata...".
Ata anası ilə yanaşı yatırdı. Hərdən
onun da səsi gəlir və bu səs hansısa işlək
bir maşının çıxardığı
xırıltılı küyə bənzəyirdi. Ata danışanda
körpə tanış ahəngi eşidərək sanki donub
qalırdı. Bu səs ona hələ anasının bətnində olan vaxtlardan tanış idi.
Anasının səsinə nisbətən daha kobud və daha
xırıltılı olan bu ikinci səs o doğulandan sonra
da həmişə yanında idi. Ata evə adətən
axşamlar gəlirdi. İri əllərini balaca
qollarının altına ehtiyatla salıb onu qucağına
götürür, başının üstünə
qaldırır, hərdən hətta atıb-tuturdu da... Ondan
ayrı cür qoxu gəlirdi. Atanın ətri başqa idi.
Körpə yavaş-yavaş bu qoxuya da alışırdı. Ata onu görəndə tez-tez
gülümsəyirdi, hərdən yenə də
qucağına alır, atıb-tuturdu. Güclü ata əllərinin
onu qucağına alıb başının üstünə -
hamıdan və hər şeydən yuxarıya
qaldırması körpənin çox xoşuna gəlirdi.
Ata tez-tez üzünü ona tutub gülürdü. O, ucaboy və
yaraşıqlı idi. Körpə artıq yeriməyə
başlayanda onu başqa adamlardan seçməyə
başlamışdı. Onu dərhal tanıyır və
yanına yüyürüb dizlərini qucaqlayırdı.
Körpənin bu ucaboy, güclü adamdan xoşu gəlirdi.
"Ana"dan dərhal sonra öyrəndiyi ilk söz olan
"ata" sözündən də xoşu gəlirdi.
Ümumiyyətlə, onu ovuclarının içində
saxlayan bu iki böyük adamı çox istəyirdi. Körpə
ağlayanda o dəqiqə özlərini onun üstünə
atırdılar. Bələyini isladan kimi təzələyirdilər.
Ona balaca qabda su verir, içib qurtaranadək gözlərini
ondan çəkmirdilər.
Əlbəttə, əsas şəxs ana idi. Bəzən səhərlər valideynləri
çarpayıda yanaşı uzananda anası onu da
qucağına alıb ikisinin arasına uzadırdı. Bu,
ayrıca bir ləzzət idi və körpə bundan çox
xoşhal olurdu. Onlar bəzən nə barədəsə
danışır, deyib-gülür,
zarafatlaşırdılar. Və onu da növbə ilə
qucaqlayırdılar. O isə heç də tamamilə anlaya
bilmədiyi bir duyğu dənizində üzürmüş
kimi uzanır, gülümsəyir, özünü olduqca
xoşbəxt hiss edirdi. Sanki həm də hiss edirdi ki, ana və
ata onun çox etibarlı qoruyucularıdır...
Ancaq balaca pişik balası
hamıdan, hər şeydən çox xoşuna gəlirdi. Pişik balası bu evə
onunla, demək olar ki, eyni vaxtda gəlmişdi. Bu balaca kürən
körpədən daha sürətlə
böyüyürdü. Hələ bu harasıdır! Kürən
öz rəqibini diqqətlə izləyirdi. Körpəyə
pişik balasından çox diqqət göstərirdilər
ki, bu da kürəni əsəbiləşdirirdi. Bəzən
o, hətta həmişəkindən bərk miyoldayırdı
ki, ona da diqqət yetirsinlər. Amma bütün bunlara
baxmayaraq, o, tez-tez körpənin yanında uzanır və
özünü sığallaması üçün ona
şərait yaradırdı. Kürən ağıllı
pişik idi və getdikcə başa düşürdü ki,
bu evdə əsas şəxs hələ, demək olar ki,
danışa bilməyən, ilk vaxtlar yalnız öz
beşiyində uzanıb aydın olmayan səslər
çıxaran bu müəmmalı körpə olacaq.
Ancaq körpə
beşikdə çox
qalmadı. O,
qalxdı və əvvəlcə kürən pişik
balası ilə birlikdə sürünməyə
başladı. Bir qədər sonra iməklədi, daha sonra isə
ehtiyatla, yıxıla-dura yeriməyi də öyrəndi. Bəli,
düzdür, körpə hərdən
yıxılırdı da, hətta hərdən kürən də
onu yüngülcə itələməyə ürək eləyirdi.
Amma körpə inadkarlıqla yeriməyə can atırdı
və tezliklə yalın ayaqlarını
şappıldada-şappıldada, xoşbəxtcəsinə
gülə-gülə otaqlarda qaçmağa başladı.
Artıq yekəlmiş kürən də körpənin
dalınca tənbəl-tənbəl gəzir, onu gözdən
qoymur, gah nədənsə qoruyur, gah da ona qoşulub şənlənirdi.
Ancaq körpə heç vaxt pişiyin yeməyinə
toxunmurdu. Bu isə ən vacib məsələ idi. Ona görə
də onların dostluğu getdikcə möhkəmlənirdi.
Bəlkə də, dostluğun əsas şərti elə bu
idi - başqasının malına kəm baxmamaq!
Hərdən hansısa başqa qadın da gəlirdi. O, olmazın dərəcədə
anaya oxşayırdı. Körpə bunun səbəbini anlaya
bilmirdi. O da təxminən eyni cür ətir
saçırdı. Ananınkı kimi mehriban,
qayğıkeş əlləri vardı. Ancaq o, ana deyildi,
başqa qadın idi. Körpə eşidirdi ki, anası bu
qadını elə həmin gözəl adla
çağıraraq ona "ana" deyir. Başa düşə
bilmirdi ki, bir evdə iki "ana" necə ola bilər?! Ancaq
onun özünə həmişə deyirdilər ki, bu nənədir.
Bəzən o gələndə "Nənə gəldi!"
deyə körpəni muştuluqlayırdılar. Körpə
də kimisə başqa adamı "ana" deyə
çağırmaqdan israrla imtina edərək məmnuniyyətlə
"nənə" deməyə cəhd edirdi.
Bəzən gecələr körpənin
təzə çarpayısının
yanında kürən üçün balaca boşqabda
süd qoyurdular. Yaxşı ki, körpənin heyvanlara qarşı
allergiyası yox idi. Onlar ikisi də - körpə də,
kürən də qarnı tox, qayğı ilə çimizdirilmiş,
tərtəmiz və xoşbəxt halda yuxuya gedirdilər.
...Partlayış gecə baş verdi.
O qədər gözlənilməz və güclü idi ki...
Körpə oyandı. Əvvəlcə onu kimin və niyə
oyatdığını anlamayaraq bir neçə saniyə
susdu. Sonra əlini qabağa uzatdı.
Çarpayısının üstünə həmişə
çəkilən tor yox idi. buna təəccübləndi:
axı anası toru çəkməyi heç vaxt
unutmazdı. O, yenə də nəsə
qışqırtılar və möhkəm gurultu eşitdi.
Üşüməyə başladı. Yorğança
üstündən sürüşüb
düşmüşdü və maraqlı idi ki, heç kim gəlib
onun üstünə örtmürdü. O, bərkdən
ağlamağa başladı. Haradasa tanımadığı
adamlar qışqırışırdılar. Körpə
başını qaldırdı və soyuqdan titrədiyini hiss
edərək qərara aldı ki, çarpayıdan
sürüşüb düşsün. Həmişəki kimi
dalın-dalın sürünməyə başladı ki,
yıxılmasın. Əlini adətən ana yatan və ata
xoruldayan çarpayıya uzatdı. Ancaq ora bir topa daş
tökülmüşdü. Körpə başa
düşmürdü ki, ana niyə yoxdur. Ancaq daş
topasına ilişəndə öz pişiyi yadına
düşdü. Geri dönüb həmişə kürən
uzanan tərəfə qaçdı. Kürən körpəni
bərkdən miyoldayaraq qarşıladı. Boşqab
çevrilmiş, pişik balası böyrü üstə
yıxılmışdı. Körpə aşağı əyilib
yumşaq, pompuş əli ilə dostuna toxundu. Kürən hərəkətsiz
uzanmışdı. Heç tərpənmədi də. Bu,
körpənin xətrinə dəydi.
O, dostunu daha bərk
silkələyərək onu oyatmağa
çalışdı. Ancaq dostu susurdu.
Yaxınlıqda bayaqkı kimi adamlar qışqırışırdılar. Körpə heç cür
başa düşə bilmirdi ki, onun valideynləri hara yoxa
çıxıblar və kürən dostu ona niyə cavab
vermir. Elə bu vaxt kimsə körpəni qucağına
aldı. Kimsə onu adyala bükdü.
- Oradakıların hamısı
ölüb! - tanımadığı bir
səs qışqırdı. - Qonşu otaqda heç kim
yoxdur.
Naməlum adam yəqin ki, həyəcandan
körpəni möhkəmcə sinəsinə sıxdı.
Körpə ağrıdan bərkdən ağlamağa
başladı. O, hələ də başa
düşmürdü ki, onun kürən dostu niyə bu qədər
bərk yatıb. O, hələ bilmirdi ki, bu gün onun həyatı
"qədər" və "sonra" adlanacaq iki hissəyə
bölünüb və bu partlayışla eyni vaxtda yoxa
çıxan xoşbəxtliyi daş topasının
altında qalan anası və atası kimi artıq
keçmişdə "qədər"də qalıb. O,
bunu bilə bilməzdi. Ancaq o üşüyürdü və
çox narahat idi. Ona görə də səsini kəsmir,
ucadan qışqıraraq ağlayırdı...
AzərTACın məlumatı: - Dünən
gecə Gəncə şəhəri atəşə tutulub.
Dinc əhali arasında xeyli ölən və yaralanan var...
Çingiz Abdullayev
Xalq yazıçısı
Ədəbiyyat qəzeti.- 2021.- 18 sentyabr.- S.3.