Fridrix Nitsşe və lal Gerasim:
dilimizin ucundakı Allah...
Hadisə Turin (İtaliya) şəhərində
baş verib. Belə rəvayət
edirlər ki, 3 yanvar 1889-cu ildə alman filosofu Fridrix Nitsşe Turində olarkən gəzmək, ya da poçtdan məktubları götürmək
üçün qaldığı
6 N-li evdən çıxır. Bu zaman dəhşətli bir hadisənin şahidi olur; küçənin ortasında
bir çarvadar atını qamçılayır.
Amma at yerindən
tərpənmir ki, tərpənmir. Çarvadar əsəbləşir və şiddəti gücləndirir.
Ətrafdakılar atın yanından biganəliklə keçib
gedirlər.
Çarvadar şallaqlamaqda davam
edir, at isə susur...
At lal, "dilsiz-ağızsız"
varlıqdır: nə
ağrısını, nə
də dərdini anlada bilmir.
Bu müdhiş ağrı-şiddət
səhnəsindən təsirlənmiş
filosof qaçaraq atın boynunu qucaqlayır, ağlayıb
göz yaşları ilə atın yalmanını isladır.
Bu lopabığ almanın
qəribə hərəkətlərindən
çarvadar da çaşıb qalır. 6 N-li evin sahibi
sakitcə onun qoluna girib evə
aparır. Həmin gün
Nitsşe bərk xəstələnib yatağa
düşür. Günlərlə
bir kəlmə də olsun dinib-danışmır...
Bu hadisənin süjeti
iki motivdən ibarətdir. Nitsşenin Allahın dilsiz-ağızsız
heyvanına rəhmdilliyi
və birdən-birə
susması. Sual olunur: filosofun susması ilə rəhmdilliyi arasında hansı əlaqə ola bilər?
O niyə ağlayırdı?
Bu, artıq Allahın
sirridir.
Bəlkə, Nitsşe "Nəşəli
elm" əsərindəki 125-ci aforizmində bəyan etdiyi həqiqəti anlamışdı: "Allah ölüb
və biz insanlar, onu öldürmüşük".
Nitsşenin başına gəlmiş
bu hadisə yadıma iki epizodu saldı.
Qazaxda, Kosalar kəndində yaşamış mərhum
yazıçı - publisist
Heydər Qasımlı
"Qanlı papaq"
(2006) romanında personajlardan
biri - nankor, qədirbilməz, satqın
və hiyləgər Sarı Məmiş Alay bəyin Qanıq adlı itini şərləyib (guya erkəyin quyruğunu götürüb aparıb)
döyür. Əslində
"Allahını unutmuş"
Sarı Məmiş iti döyməklə vaxtilə ona qucaq açmış, çörək vermiş
bəyin özünə,
ailəsinə qarşı
kor nifrətini, mənfur xislətini gerçəkləşdirirdi:
"Biçarə it Sarı Məmişin dəyənəyindən qorunmaq
üçün başını
qolları arasında gizlədib, özünü
çəpərin altına
dürtmüşdü.
Alay bəy Qanıq
iti indi-indi gördü və özünü Sarı Məmişə yetirib əlindən dəyənəyi
kənara qolazladı. Sonra da hirsli-hirsli sinəsindən
itələdi. (...)
- Neynəyib bu it sənə, a kişi?
Niyə Allahını
yadına salmırsan?".
- İ.S.Turgenevin "Mumu" hekayəsinin qəhrəmanı
Gerasim laldır. Allah və
insanlarla ünsiyyətə
girməsi üçün
dili yoxdur.
Gerasim lal olduğu üçün
onun kasıblığı
da, yalqızlığı
da metafizik məna kəsb edir. Moskvada zəngin xanımın
həyətində, bir
komada yaşayır.
Bu komaya - onun
dilsiz, lal dünyasına Allahın girməsi mümkünsüzdür.
Sözdən, dildən məhrum
olmaq Allahdan məhrum olmaqdır.
Bir gün Gerasim çay qırağı ilə gəzərkən suda boğulan küçüyü görüb
xilas edir və komasına
gətirir. İki dilsiz varlıq
- Gerasim və Mumu bir yerdə yaşamağa başlayır.
Gerasim bütün mehrini Mumuya salır.
Xanım əvvəlcə küçüyü
saxlamağına razılıq
versə də, sonra fikri-əhvalı dəyişir. İtin hürməsini, yuxusuna haram qatmasını, bağçada çiçəkləri
ayaqlamasını bəhanə
edib, Mumunu rədd etməyi əmr edir. Və evin qulluqçusu
Stepan gizlincə Mumunu Oxotniçiy ryadda bir alıcıya
sırıyır.
Gerasim az qala Moskvanın yarısını
gəzir, axtarmadığı
tin-bucaq qalmır. Gerasimin dili yoxdur ki,
özünümüdafiə və özünüifadə
etsin, arzu-istəklərini,
dərdini-azarını kimsəyə
anlada bilmir.
Dərdini mimika-jestlərlə anlatmağa çalışır,
əllərilə yerdə
Mumunun şəklini çəkir - insanlar bu əcayib-qəraib
hərəkətlərə baxıb gülüşür.
İki gün sonra Mumu qaçıb gəlir.
Harınlaşmış xanımın təhdidlərindən
bezmiş Gerasim bayram qaftanını geyinir. Mumunun boynuna
ip bağlayıb yeməkxanaya aparır.
Bir boşqab şi (sup) alır, içinə çörək doğrayır.
Taleyindən xəbərsiz Mumunun başı yeməyə qarışır. Gerasim gözünü ondan çəkmir. Bu zaman onun gözündən iki damla göz yaşı yuvarlanır, biri itin alnına,
o biri də xörəyə düşür.
Və əhvalatın sonunu bilirsiniz - Gerasim Mumunun boğazına daş bağlayıb suya atır...
Hekayənin qandonduran uzun məzmunundan sonra Jak Lakandan sitat
gətirmək istəyirəm. Məşhur fransız psixoanalitiki qeyd edirdi ki,
insan dili yox, dil insanı
yaradıb. Dil insan
varlığının vacib
hissəsidir. Lakan
bu anlayışı ifadə etmək üçün iki sözün birləşməsini
- "parletre" neologizmini
yaradır: insanın mahiyyəti varlıqla (etre) nitqin, sözün
(parole) vəhdətindən ibarətdir. (Onu da etiraf edim
ki, həmin neologizmi Azərbaycan dilinə tərcümə
etmək mənə çətin gəldi...)
J.Lakan on birinci
Seminarında göstərir
ki, "ateizmin əsl formulu heç də "Allah ölüb" deyil. Allah təhtəlşüurdur - ateizmin
əsl formulu budur" - deyəndə məhz bu sözləri
şərh edirdi.
Təhtəlşüur da dildir.
Allah təhtəlşüurda
yaşayır. Əgər Allah təhtəlşüurdadırsa, deməli, dilin özündə mövcuddur.
Təsadüfi deyil ki, M.Haydegger dili "varlıq evi" adlandırırdı. Bu "varlıq ev"ində
insanlarla bərabər,
Allah da məskunlaşıbdı...
Biz yalnız danışanda
Allahımızı yaradırıq
və bu akt spontan, özümüzdən
asılı almadan baş verir.
Bəlkə, Nitsşe çavvadar atının boynunu qucaqlayıb ağlayanda da, lal Gerasim
Mumunu suda batıranda da həmin sözdən imtina etmişdi?!
Bəlkə, Nitsşe dildən
yalnız bu üsulla - susmaqla, ya da bu
anlamı içindən
qovmaqla ilə qurtulmaq istəyirdi?!
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.- 2021.-
18 sentyabr.- S.5.