Müqəddəs bazar günü

 

Ya şəhid olmaq gərək,

ya intiqam almaq gərək!

 

Məhəmməd Füzuli

 

Müharibə qədər qaranlıq kəlmə tanımıram, bilmirəm. Ancaq biz, bəlkə də, yeganə millətik ki, müharibə başlayanda sevincimizdən ağlamışdıq. 27 il "atəşkəs" rejimində yaşayan, bu yalançı atəşkəsdə nə qədər şəhid verən, üstəlik, torpaqları da işğalda qalan Azərbaycan üçün bu qaranlıq kəlmə tunelin sonunda görünən son işıq idi.

Sabah... Sabah - ümiddir, gözləntidir, Tanrıdan umacaqdır, başlanğıcdır...

Ş.Basayevdən soruşanda ki, "niyə azərbaycanlılar müharibədə ermənilərə məğlub oldu", suala sualla cavab verir:

- Kim deyir ki, Azərbaycan məğlub oldu? İstəyir 100 faiz işğal olunsun, onlar sakitləşib? Yox. O zaman "məğlub olub" demək lazım deyil. Bu müvəqqətidir, əbədi deyil.

Bəli, ortada kapitulyasiya aktı yoxdursa, məğlubiyyət də yoxdur. Uzaqgörənlik ayrı şeydir. Bir var hissə qapılmaq, bir də var, belə - məntiqlə mülahizə yürütmək, hərəkət etmək! Allahın başımızdan tökdüyü ruzini düzgün dəyərləndirmək, silahlanmaq... Düşmənlərimiz bir yana, elə Azərbaycanın böyük dostu, bizi istəyən M.Şevçenko da ölkəmizin müasir müharibə aparmaq iqtidarında olmadığını proqnozlaşdırmışdı: "Azərbaycan büllur vazadır, intensiv döyüşlərə bir həftədən artıq tab gətirə bilməz". Amma Azərbaycan dünyanı lərzəyə gətirən 44 gündə sübut etdi ki, 30 ili boş-boşuna, onlar kimi zarımaqla keçirməyib, əlbəyaxa döyüşdə düşməni dişi ilə parçalayan qəhrəman oğullar yetirib.

Biz özümüz də bu ölkənin içində yaşaya-yaşaya, hazırlanan böyük hücum planından xəbər tutmamışıq. Yayda Bərdədən, Qazaxdan qeyri-rəsmi xəbərlər sızanda ki, həyətlərdə səngərlər qazılır, döyüş hərəkəti var, şayiə sanmışdım. (Mənbə yaxınım olsa da). Axı ölkə daxili müharibə ab-havası yox idi. Uğurun bir ucu da yetişən məqamı qaçırmamaqdadır. "Səbr insana ömrü boyu dözmək üçün yox, imkanı düzgün seçmək üçün lazımdır". (Əbu Turxan) Sonralar payız müharibəmiz əvvəlindən sonuna qədər politoloqlar, dövlət xadimləri tərəfindən qiymətləndiriləcək, demək olar, hər günü incələnəcək. Bizim necə pandemiya qarışıqlığından, ABŞ-ın seçki ilə başının özünə qarışmasından, Trampın gedərayaq hadisələrə passiv mövqeyindən istifadə edərək dünyanı necə "yuxuya verib" hücuma keçməyimizdən danışılacaq, yazılacaq... Halal olsun Prezidentimizə, Müdafiə Nazirliyinə, kəşfiyyatımıza! Hələ dünyada mövcud olan, qatılaşıb qurumuş ictimai fikri lehimizə dəyişdirmək nə qədər qüvvə, enerji, vəsait və diplomatik gedişlər tələb edirdi. Ölkə rəhbərliyi görünən və görünməyən tərəfləri ilə bir neçə istiqamətdə mübarizə aparırdı. Özü də heç nədən xəbərsiz vətəndaşının dolanacaq, məişət, Formula - 1, karantin və s. narazılığı, şikayəti qarşısında... Biz düşmənimizi tək döyüş meydanında qırmadıq, həm də hamı bir nəfər kimi Prezidentimizə arxa-dayaq durmaqla, ordumuza inanmaqla, ermənilərin əks təbliğat və təşviqat maşınını ən yüksək səviyyədə iqnor edib ruh yüksəkliyimizi saxlamaqla sındırdıq, məhv etdik!

Müqəddəs Vətən müharibəmiz bir neçə gün idi başlamışdı. Paşinyanın facebook hesabında qələbəlik idi. Tıxacı da biz yaratmışdıq. Orada ermənidən çox, azərbaycanlı var idi, hamı "ürəyini boşaldırdı". Elə mən özüm, Paşinyanın "takibçisinə" çevrilmişdim, səhərim onun səhifəsinə baş çəkməklə açılırdı. Nikol akkauntunda özünü ara-sıra poeziyaya verir, Matevosyandan şeir də deyirdi.  Mən deyə bilmərəm ki, Paşinyana Azərbaycanın çörəyini yeyib buz bulağından su içən, bal kimi havasını udub sonra da nankor çıxan Köçəryandan, quldurbaşı, elə sir-sifətdən də yolkəsənə oxşayan Sərkisyandan, ya soyadının əvvəlinə "ter" artırıb özünü zadəgan sayan Petrosyandan artıq nifrət edirəm... İlanın ağına da lənət, qarasına da, hələ üstəlik, çəhrayısına da! Mən ən çox Petrosyana nifrət edirəm. O, filoloq idi. Bizim peşənin sahibləri isə duyğusal, həssas olurlar. Xocalı onun vaxtında oldu. Düzdür, indi bilmədiyimiz faktlar üzə çıxır, guya 5 rayonu qaytarmaq istəyirmiş, mane olublar. Dəxli yoxdur! Niyə torpağımı işğal edirdin ki, sonra onu mənə sədəqə kimi qaytarasan.     

Necə də bunların saitsiz tkrmkr adları leksikamıza düşdü. Müzakirə obyektimiz oldu. Mnasakyan, şuşan, araik, tonoyan... Şuşa alınan gün idi, amma rəsmi məlumat hələ çıxmamışdı. Necə ki, gedəndə qorxu içində qulağımız səsdə idi, indi də ürəyimiz ağzımızda şad xəbər sorağındaydıq. Evdə oturmuşdum, bir də gördüm qızım zəng vurdu:

- Mama, mən yoldayam, işə gedirəm, internetim də yoxdu, tez Araikin səhifəsinə bax, gör nə yazıb? Hamı ondan danışır.

Məni necə gülmək tutdu... Situasiya özü gülməli idi. Mən hara, terrorçubaşı hara? Amma baxdım, çünki Aynur gözləyirdi. "Həyatımın ən ağır şəfəqini qarşıladım" sözləri ilə şəklini yerləşdirmişdi. Boş Xankəndidə əlləri cibində dayanıb üzü Şuşaya baxırdı. Bax, yaxşı bax, bundan sonra elə uzaqdan baxacaqsan! Masada heç vəchlə yerindən tərpənmək istəməyən məsələni əlimizi-qolumuzu çırmalayıb cəbhədə 44 günə özümüz həll etdik. Əsir torpaqlarımızda ümumxalq "iməciliyi" keçirib 3 onillik yığılıb qalmış zir-zibili süpürüb atdıq. Erməni qədər məkrli, bir gilə gavur qanlarından qarışsa, bütün soykökü murdarlayıb xas-xalisi də batil edəcək "başqa bir qövm tanımıram", - demirəm, dünya tanımır. Bəşəriyyətə qan udduran koronavirus sütül körpədir bunların yanında. Yenə onun müalicəsi var, vaksini var, qorunmaq olur, ipə-sapa yatır. Erməni isə dünyanın ən amansız, ən qansız, hiyləgər canlısıdır. Xocalını bir an belə yadımızdan çıxarmayaq! Azad olunan ərazilərdə əhali evinin xarabalığını kafel parçalarından tanıyır. Bu millətdən olan heç kimə yazığınız gəlməsin! Allah Azərbaycanı qorusun!

Qapı qonşumuzda bir ailə yaşayırdı, ata azərbaycanlı, ana erməni idi. Bütün göstəriciləri ilə əsl azərbaycanlı ailəsi idilər, hətta, çox adam Gövhər xanımın (Knarik) erməni olduğunu da unutmuşdu. Hadisələr başlayanda uşaqların dördü də, "Qarabağ ermənilərindir də" - deyib analarının tərəfinə keçdi. Allah adamı bədbəxt etmək istəyəndə onu erməniyə ürcah edir. Başqa bir qonşumuz... Orada vəziyyət tərsinə idi, qadın bizdən, kişi "onlar"dan idi. 2 oğlanları vardı. Çox xoşbəxt görünürdülər. Qadın cavan və gözəl, kişi xeyli yaşlı idi. Tipik erməni: ağbaş, bir az da əyripəncə idi. Kişi qadının başına dolanırdı, hər bazar günü eyvanda kabab çəkirdi, qonaqları çox olurdu. Orta statistik sovet ailəsi. Sonra... müharibə başladı. Elə ilk gündəcə "ailəcanlı" Volodya yoxa çıxdı. Tomanın atası gəldi, qapının üstündəki "yan" familiyasını Eyyubova ilə əvəz etdi və qızı, nəvələri ilə bir yerdə yaşamağa başladı. Bir az keçəndən sonra kiçik oğlan əsgər getdi və o gedən getdi. Anası deyirdi Qarabağda itkin düşüb. Daha bilmədim, doğru deyirdi, ya düşmən tərəfə keçmişdi. Günlərin bir günü böyük oğlan da yox oldu. Tamara saçını ağardıb oturdu. (Oldu əsl erməni arvadı). Heç yerə köçüb eləmədi, qalan ömrünü dörd divar arasında keçirtdi, adamlardan qaçdı, yeni tanışlıqdan uzaq düşdü. Daha evinin kandarından bayıra çıxmadı, ya qorxudan, ya sorğu-sualdan, deyə bilmərəm. Qonşuların həsrət çəkdikləri Tomadan əsər-əlamət qalmadı.

Ə.Karakoç ağır işğal günlərimizdə yazmışdı:

 

Kəndimizdən qopdu kəndi bağrımız...

Zülüm girdabında yandı bağrımız...

Hədəf taxtasına döndü bağrımız...

Alovlar sizdəysə, közü bizdədir.

Sizdəki yaranın özü bizdədir.

 

Yəni bundan artıq heç nə demək olmaz. Dil kasıb, söz aciz qalır. Hələ böyük Turan qurulacaq, erməninin kabusu! Bizi saymırdılar, "Azərbaycanlılar ancaq pomidor əkə bilirlər", - deyib aşağılayır, təhqir edirdilər. (İndi kabus keçmiş olandan sonra düşünürəm ki, biz bütün bunlara necə dözmüşük?). Özgə adı altında yaşayanlar nə qədər üzdə kimliklərini gizlətsələr də, müharibə başlayandan bunu bacarmadılar. Sosial şəbəkədə izlədiyim biri var, ad çəkməsə də özünü erməni xisləti ilə büruzə verir: "Savaşlar politik nədənlərin və insan hirsinin sonucu. Bu dünyada hər kəsə yetəcək torpaq var. Mənim üçün savaş deyincə, tərəf yoxdur. Haqlı, ya da haqsız". Son cümləyə diqqət! Haqlı ilə haqsızın fərqi yoxdur? Özü də, nə qədər ki, torpaqlarımız işğalda idi, hər gün atəşkəsi pozurdular, şəhid verirdik, susurdu. İndi qırılan "yavrularına" ağlayır. Bizim anamız ölməsin, bizim balamız bala deyil? Demir ki, Qarabağı yiyəsinə qaytarmaq lazımdır, halallıq lazımdır ki, sülh olsun. Bunlarda əsgər yoxdur, "döyüşçü" var, torpaq anlayışı yoxdur, "tarixi vətən" var. Vətən sevgisi ideoloji deyil, təbii duyğudur, insanın torpaqla ruhi rabitəsi olmalıdır. "Kimdə nə çatışmır, ondan bəhs edər". Biz niyə ölkəmizdəki qeyri-dinlərə məxsus abidələri qoruyuruq, təmir edirik? Çünki özümüzün olduğunu bilirik. Erməni ilə bizim fərqimiz də bundadır. Onlar Ermənistan ərazisində bir məscid, alban məbədi qoymayıblar, biz isə bolşeviklərin Bakıda məhv etdiyi "A.Nevski Başkilsəsi" üçün hələ də heyifsilənirik. Bu kafedral məbəd bizim də tariximiz idi. Stalin hökumətinin "Qızıllı kilsə"ni partlatması ilə biz nə qazandıq? Əksinə, şəhərin mərkəzini bəzəyən, maraqlı tarixi olan abidədən məhrum olduq. Biz belə mədəniyyətin daşıyıcısıyıq. Bütün dinlərə hörmət edirik, elə də münasibət istəyirik. Heç kim bizi bunun tərsi ilə ittiham edə bilməz. "Kaş biz Şuşanı 92-də yerlə bir edib səhraya çevirəydik, sonra da kimya ilə zəhərləyəydik". Bunu da onlar deyib... "Sevginiz" elə bu qədərmiş? Aid deyillər bu torpaqlara, zorla deyil ki. Bizi indi durduğumuz mövqeyə çatdırmaq üçün əllərindən gələni etdilər. Hər cür ziyan vurdular.  Öz yurdlarımıza 30 il həsrət qoydular. Xarici reportyorların vertolyot çəkilişləri ilə xəbər tutduq, onların ümidinə qaldıq. İndi qarşımızda dayana bilmirlər! Mən həmişə elə bilirdim ki, ən böyük vətənpərvər ruslardır, bir də türklər. Xeyr, ən böyük patriot elə özümüzük! Sadəcə, xəbərimiz yox imiş. Təslim olmayıb nə edəcəklər? Hitlerdən artıq dirənməyəcəklər ki? (Allah ona da lənət eləsin!). Ondan da betər rəzil-rüsvay olsunlar! Yaşasın Prezidentimiz, var olsun ordumuz! İtkimiz az, qələbəmiz bol olsun!

 

Dilarə ADİLGİL

 

Ədəbiyyat qəzeti.- 2021.- 25 sentyabr.- S.30.