Deyirlər oralarda hava elə istidir
ki…
Yeni Ukrayna şeiri
Anna Maliqon (1984) - yazıçı,
şair, “Blaqovest”, “Vaterliniya”, Oles Qonçar Ukrayna-alman Beynəlxalq Mükafatın və başqa ədəbi ödüllərin sahibidir.
“Qapı çalınır”
(2003), “Atılmış gəmilərə”
(2012), “İbtidai yağış”
(2013) şeir kitablarının
müəllifidir. Bundan əlavə
roman və povestləri
çap edilib. Əsərləri bir çox
dünya dillərinə
çevrilib. Ukrayna
Prezidentinin təqaüdünə
layiq görülüb.
Çoxdan soruşmaq istəyirdim, o tərəfdə, savaşın
o üzündə necəsən?
Deyirlər, oralarda hava elə istidir ki, qar südə
çevrilir,
skripkalı oğlan
isə bütün ili qısaqolda dayanıb durur,
və bir də göyərçinlər,
bələdiyyənin üzərinə
qalxıb
havadan asılı qalırlar qarla musiqinin arasında,
sanki qəlb və bədən arasındakı çovumuş
güllələrdilər.
İndi
mən özümüz
barədə yazmayacam,
o şəhərlər barədə
yazacam ki, həmin şəhərlərə
uzun ağır zərflərdə məktub
yerinə uşaqlar gəlir,
günəş don vurmuş
portağal kimi
həftədə bir dəfə gözə dəyir;
tüstünün arasından
tüstü,
ölümün arasından
yalnız ölüm görsənir.
Sinəni
yar, batinindəki cəhənnəmi göstər,
göstər necə
olur tənhalıq,
göstər toxunmağa,
yaralanmağa kimsənin
olmadığı yeri,
divarların dilini öyrət mənə,
mən də sənə elə şəhərləri göstərim
ki,
sənin düşünüb
yaratdığın oğlan
palto almaq üçün
skripkasını satır.
Çoxdan soruşmaq istəyirdim:
Niyə? Nə vaxt bitəcək
bütün bunlar?
Gör bir nə qədər
vaxt ötüb, mən isə hələ də
üzü yaydan bəri ciblərdən alışqan tapıram.
Bu qədər odu
neynəyək?
Od istidən çoxdur axı.
Qapılardan çoxdu divarlar.
Mənə divarların dilini öyrədə bilərsən?
Tərcümə Allahverdi Şahbazov,
Elxan Zal, Səlim Babullaoğlunundur
Ədəbiyyat qəzeti.- 2021.- 25
sentyabr.- S.24.