Səyyad Aranın yeni
kitabı çapdan
çıxıb
Yazıçı-publisist Səyyad Aranın "İrəvana gedən yollar” adlı romanı nəşr olunub. Müasir tariximizin şanlı səhifələrindən olan 2016-cı ilin Aprel döyüşlərinə həsr olunmuş romanın oxucuya çatdırmaq istədiyi əsas məzmun 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığımız Qələbənin təməlinin illər əvvəldən atıldığını göstərməkdir. Aprel zəfərinin iştirakçıları ilə söhbətlərdən ilhamlanaraq sözügedən döyüşləri ədəbi ustalıqla təqdim edən müəllif qəhrəmanlarının dili ilə 100 ildən çoxdur erməni qəsbkarlarının Moskvadakı himayədarlarının dəstəyi ilə xalqımıza qarşı törətdiyi cinayətləri, əzəli Azərbaycan torpaqları hesabına apardığı eskalasiyanı tarixi faktlar əsasında ortaya qoyur. Xalqımızın bu işğallarla heç vaxt barışmadığının, bir gün tarixi ədaləti bərpa etmək üçün uyğun şəraiti gözlədiyinin, Ali Baş komandan İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasət sayəsində o günün uzaqda olmadığının dəfələrlə vurğulandığı kitabda çoxillik Qarabağ davamızın geniş mənzərəsi göz önündə canlanır, bu yolda görülən işlərlə bağlı göstərilən faktların zənginliyi qarşıya qoyulan məqsədə müvəffəqiyyətlə nail olacağımızı sübut edir.
Vətən, xalq və
azadlıq uğrunda vuruşanlara,
mücadilə aparanlara və bu yolda şəhidlik zirvəsi
fəth edənlərə həsr olunmuş
əsər geniş oxucu
auditoriyası üçün nəzərdə
tutulmuşdur.
Saleh Arslan
Ədəbiyyat qəzeti.- 2021.- 25
sentyabr.- S.27.