Çox da uzaqda olmayan
keşmişimizin dərin
yaşantıları
"Ədəbiyyat
qəzeti"nin "Onun romanı" rubrikasının budəfəki
həmsöhbəti tanınmış yazar Sevinc Elsevərdir.
Onunla Xalq yazıçısı İsmayıl Şıxlının "Dəli Kür" romanı ətrafında söhbət etdik.
- "Dəli Kür" Azərbaycan ədəbiyyatında ən yaxşı romanlardan biri hesab olunur. Romanın motivləri əsasında eyniadlı film də çəkilib. Təbii ki, bu filmə baxmayan Azərbaycan tamaşaçısı çətin tapılar. Amma məşhur romanlar əsasında çəkilən filmlər heç də hər zaman romanın ruhunu olduğu kimi çatdıra bilmir. Lakin əsərin ümumi süjet xətti bir çox oxucuya artıq məlum olduğu üçün söhbətimizə birbaşa əsərin mental quruluşunun müzakirəsi ilə başlamaq istərdim.
- Bəli, düz buyurursunuz ki, "Dəli Kür" romanı XX əsr ədəbiyyatımızın ən gözəl nümunələrindən biridir. Eyniadlı filmin adını çəkmişkən, düzünü deyim, film romanın yanında çox sönük qalır. Ssenari müəllifi İsmayıl Şıxlı özü olmasaydı, deyərdim ssenari də zəif yazılıb. Hətta bunu qoy deyim də (gülür). Ssenari romanla müqayisədə çox zəifdir, filmdə siz qeyd etdiyiniz mental quruluşu az görürük. Əsasən inqilabi proseslərin, çar Rusiyasının son dövrlərinin əksini izləyirik. Cahandar Ağa obrazı filmdə demək olar ki, açılmır. Bu mənada "Dəli Kür"ün tamaşaçısı romanın oxucusu qədər şanslı deyil. Ona görə də o filmi izləməklə kifayətlənənlərə demək istərdim ki, romanın özündən daha çox həzz alacaqlar, mütləq romanı da oxusunlar. Romanın həcmi böyükdür, 4 hissədən ibarət romanı bir tammetrajlı filmə sığışdırmaq çətindir, ancaq bildiyimiz kimi, filmin çəkilişlərinə çox müdaxilələr olurmuş, hətta kino tarixçiləri qeyd edirlər ki, filmin sonluğu dəyişdirilib. Olduqca məntiqsiz bir sonluqla bitib film. Halbuki əsərdə Cahandar Ağa kazaklarla döyüşür, xalqdan alınıb padşahın qoruğuna çevirdikləri torpaqlar uğrunda vuruşur, qəhrəmanlıqla həlak olur.
- Əsərdə yazıçı bir çox aktual məqamlara ustalıqla toxunub. Onlardan biri də cəmiyyətdə mövcud olan təbəqələşmədir. Güləsərlə Şamxalın sevgisi bu təbəqələşmədən çox zərər görür.
- Salatınla Güləsərin əyin-başının bir-birindən necə fərqləndiyini də İsmayıl Şıxlı ustalıqla qələmə alır. Güləsərin yağışlı, soyuq havalarda ayaqyalın gəzməsi, Qoca kişinin özünə tikdiyi çarıqları Qoriyə oxumağa gedən qardaşı oğlu Osmana verib özünün ayaqyalın qalması, Mina arvadın ölmüş ərinin paltarlarından oğluna əyin-baş düzəltmək istəməsi, bunlar hamısı olduqca təsirli səhnələrdir. Bütün zamanlardakı kimi varlılar adam yerinə qoyulur, kasıblar isə adam sayılmır. Cahandar ağanın oğlu Şamxal kasıb Qoca kişinin qızını götürüb qaçırır. Cahandar ağa bu xəbəri eşidən kimi ən çox ona təəssüf edir ki, oğlu çulsuz bir kişinin qızını aparıb. "Sümüyümüzü it sümüyünə caladı" - deyə qeyzlənir.
- Hərdən düşünürəm ki, görəsən, Cahandar Ağanın bu yanlış düşüncəsinə təkan verən nüanslardan biri də Şamxalın Güləsərlə izdivacının çevrəsindəki insanların müzakirə mövzusuna çevrilməsi idimi?
Çünki Cahandar Ağanın digər oğlu Əşrəfdən başqa, çevrəsindəkilərin hamı hesab edirdi ki, ağa oğlu rəiyyət qızına yaraşmır.
- Əsərdə həssas məqamlardan biri də elə Əşrəflə Cahandar Ağanın dialoqudur. Əşrəf təhsil aldığı Avropa mühitinin təsirilə hesab edir ki, hər kəs bərabər şərtlərdə yaşamalıdır. Odur ki, Qoridən tətilə gələn Əşrəf Qoca kişinin yaşayışı ilə yaxından tanış olandan sonra atasından xahiş edir ki, ucsuz-bucaqsız torpaqlarından Qoca kişiyə bir parça torpaq versin. Qoy o da əkib-biçsin, özünü dolandırsın. Amma Əşrəfin fikirlərini Cahandar Ağa şübhəylə qarşılayır, oğluna acığı tutur, fikirləşir ki, oxumaq uşağın başını xarab eləyib, öz xeyrini bilmir. Mənə elə gəlir, Cahandar ağanın xəmiri elə yoğrulub. O, başa düşmür ki, niyə öz dədə-babasından qalma torpaqlardan kasıb kəndliyə ayırıb verməlidir. Müəllif açıq şəkildə göstərir ki, Cahandar Ağa digər feodallar kimi bölüşməyi bacarmır. Əşrəf varlı ailədən çıxdığı üçün Qoriyə oxumağa göndərilir. Romanda bu bir neçə dəfə vurğulanır.
- Əsərdə, bütün müsəlman cəmiyyətlərində olduğu kimi, namusa çox böyük əhəmiyyət verilir. Hətta o dərəcədə önəmli bir mövzudur ki, kiçicik bir
şübhə ölüm üçün kifayətdir. Mənə elə gəlir, əsəri bu gün də oxunaqlı edən səbəblərdən biri də romanda qeyd olunan bəzi şeylərin hələ də aktuallığını qorumasıdır.
- Əsərdə hadisələr XIX əsrin 80-ci illərində baş verir. Üstündən əsr yarım vaxt keçib, hələ də bizdə ən kiçik şübhəyə görə qadınlar öldürülür. Bu yaxınlarda bir xəbər oxumuşdum. Kişi öz arvadını yeni doğulan körpəsinin başqasından olduğundan şübhələndiyinə görə öldürmüşdü. Sadəcə, şübhələndiyinə görə. Kişinin heç bir sübutu yox idi. Əlində nə DNT testi vardı, nə də arvadını başqa bir kişi ilə yaxalamışdı. Sadəcə, uşağın özünə bənzəmədiyini deyirdi. Halbuki orta məktəbdə biologiya fənnini yaxşı oxusaydı, irsiyyət bəhsindən nəsə öyrənsəydi, anlayardı ki, bizim indi doğulan uşağımız, hətta yeddi nəsil əvvəlki əcdadlarımızın genini daşıya bilər. Ağdərili atayla ananın qaradərili uşağı belə doğula bilər. İrsiyyət sadəcə qeyri-adi və heyranedicidir.
- Amma Cahandar Ağa kimi namus məsələsinə əhəmiyyət verən adamın özü də başqasının namusuna toxunur.
- "Öz gözündə tiri görmür, başqasında tük axtarır", bir sözlə. Bizim kişilərdə bu xasiyyət var: mənə olar, ancaq başqalarına yox. Özləri başqasının bacısına, həyat yoldaşına sataşırlar. Özlərinə görə bu namussuzluq sayılmır, ancaq öz bacısı, yoldaşına kimsə sataşsa, bu, namus məsələsi olur. Cahandar Ağa obrazı bu mənada dəqiq və dolğun təsvir edilib. Oğru olmayacaqsan ki, səndən də oğurlamasınlar. Cahandar Ağa bir səhv hərəkətlə bütün ailəsinin az qala məhvinə səbəb olur. Salatının başına nələr gəlir?! Yeniyetmə qız Allahyarın adamları tərəfindən qaçırılır, xoşbəxt təsadüf nəticəsində xilas olur. Şamxal atasıyla ölən günədək küsülü olur. Cahandar Ağa özü qatil olur. Allahyarı öldürdüyü səhnədə o, peşmançılıq hissləri keçirir, özü-özünü qınayır, axı bu kişinin günahı nə idi ki, mən onu öldürdüm deyə düşünür? Allahyarın anasının fəryadı uzun müddət onun qulaqlarından getmir.
- Əsərdə hadisələrin cərəyan etdiyi dövrdən bu günə cəmiyyətimizin zehniyyətində nə dəyişib, nə özünə əbədi yer edib?
- "Dəli Kür" romanında müəllifin toxunduğu bir çox problemlər hələ də aktuallığını qoruyub saxlayır. Təəssüflə qeyd etmək istəyirəm ki, zehniyyətimiz o əsərdəki insanların zehniyyətindən elə də uzağa getməyib. Götürək elə Cahandar ağanın qadına, namus məsələlərinə, ailə dəyərlərinə münasibətini. Tanış bir ailə var idi. Ailənin gənc, evli oğlu yüngül əxlaqlı bir qadınla görüşürdü. Oğlanın anası qulağımız eşidə-eşidə oğluna belə məsləhət edirdi: "Gəz, dolan e, bala, hansı kişi gəzmir ki? Ancaq adam elə gəzər ki, başqaları bilməz". Fərq odur ki, Cahandar ağa aşkar, heç kimdən çəkinmədən başqasının arvadını qaçırırdı, bu qadın da məsləhət edirdi ki, nə eləyirsən elə, ancaq gizli elə.
Qadına münasibət də eynilə olduğu kimi qalır. Hələ də qadın kişinin namusu hesab olunur, onun öz həyatı, arzuları, seçimləri heçə sayılır. Qadın addımlarını atasına, qardaşına, ərinə, oğluna görə atmalıdır. Bəzi hallarda qadın sorğusuz-sualsız öldürülür. Mətbuatı diqqətlə izləyən adamlar nə dediyimi gözəl anlayırlar. Az qala hər gün ölkəmizdə qadın qətlləri baş verir.
- "Dəli Kür" romanı qadın emansipasiyasının ən qabarıq görüldüyü romanlardandır həm də. Bu romanda bir neçə qadın taleyinin acı həqiqətləri açıq şəkildə öz əksini tapır. Cahandar ağanın ailəsindəki qadınların ən böyük bədbəxtliyi nədir?
- İnanırsınız, mən Xalid Hüseynin "Min möhtəşəm günəş" əsərini oxuyanda öz-özümə dedim ki, bizim İsmayıl Şıxlı bunları 60 il əvvəl yazıb ki! "Min möhtəşəm günəş" əsərinin qadın qəhrəmanları Məryəmlə Leylanın güzəranı, bədbəxtliyi Zərnigar xanımla Mələyin güzəranından, bədbəxtliyindən fərqlənmir. İsmayıl Şıxlı Zərnigarla Mələyin ilk qarşılaşmasını daha təsirli göstərib. Bir səhnəni olduğu kimi yada salaq: "Mələk gəldiyi kimi də sakitcə qapıya yaxınlaşdı. Astanada qanrılıb çiyni üstündən Zərnigar xanıma baxdı. Arvad büzüşüb oturmuşdu. Onun məlul-müşkül görkəmi qurğuşun silqəti daşları da əridərdi. Görünür, Mələk buna dözmədi. Geri döndü. Qollarını açıb arvadın üstünə yeridi. Onu qucaqlayıb, əllərini öpməyə başladı.
- Kaş öləydim, səni dərdə salmayaydım...".
Heyif ki, rejissor Hüseyn Seyidzadə Mələyin faciəsini lazımi səviyyədə hiss etməyib. Filmdə onu az qala yüngül, düşük, sırtıq bir qadın kimi göstərib. Filmdə Mələyə qəzəbin tutur, əsərdə rəhmin gəlir.
Cahandar ağanın ailəsindəki qadınların hamısının bədbəxtliklərinin başında hüquqsuzluqları, savadsızlıqları, qorxu altında saxlanmaqları durur. Bu qadınlar öz hüquqlarını müdafiə edə bilmirlər, səslərini çıxara bilmirlər. Cahandar ağanın hasarın üstünə çıxıb bir anda banlamağa başlayan toyuğu güllələdiyi səhnə var. Olduqca simvolik səhnədir. Müəllif qeyd edir ki, toyuğun xoruz kimi banlaması pis əlamət sayıldığına görə Cahandar ağa onu güllələyir. Toyuğun banlamasının pis əlamət sayılmasının özündə də bir anlam, ideya var. Yalnız kişi cinsinə icazə verilən şeylər qadın cinsinə qadağan, yasaq, günah sayılır. Toyuğun xoruz kimi banlaması kimi bir işdir Şahnigar xanımın durub meyxanaya yollanması. O toyuq da, Şahnigar xanım da ölümə məhkumdur Cahandar ağanın nəzərində. Şahnigar xanım kimi yeri-göyü yerindən oynadan bir qadın quzu kimi Cahandar ağanın qabağına düşüb ölümə gedir. Demir ki, ay qardaş, məni niyə öldürürsən, bəs mənim günahım nədir? Deyir e, ürəyində, səssizcə.
- Amma qızı
Salatını öldürmək fikrinə düşəndə
biz Cahandar Ağanın peşmanlığını da
görürük. Şahnigarın ruhu Salatını
atasının gülləsinin qabağından alır.
- Şahnigar yuxularına gələndə Cahandar ağa öz vicdanıyla hesablaşanda Şahnigar ürəyindəkiləri "açıb tökür". Müəllif Şahnigarın ürək sözlərini, etirazını, üsyanını bu yolla oxucuya çatdırır. Yeri gəlmişkən, o yuxuları heç bəyənmədim. İnandırıcı alınmamışdı o yuxular, əsərdə yamaq kimi görünürdü. Şahnigarın Cahandarın yuxularına girib gələcəkdən xəbər verməsi lap ağ olub. Yuxuda Şahnigarın mənə qıydın, Salatına qıyma, o, tərtəmizdir falan deməsi sadə oxucu kimi məni inandırmadı. Xurafata, cadu-pitiyə gülürüksə, buna da gülə bilərik.
- Xurafatdan
söhbət düşmüşkən. Əsərdə bir
çox yerlərdə xurafata və batil inanclara rast gəlmək
olur. Bəlkə də bir çox romanları hər dövrdə
aktual edən amillərdən biri də bəzi
düşüncələrin zamanın ələyindən
keçə bilməməsidir. Məsələn, yaylaqda
Əşrəflə Salatın söhbət edərkən,
Salatın Əşrəfdən caduya inanıb-
inanmadığını soruşduğu bir epizod var.
- Təbii ki, müəllif o dövrün insanlarının xurafata inandığını, savadsızlığını göstərmək istəyib. Salatın savadsız kənd qızıdır. Heç yazıb-oxumağı da bilmir. Yazmağı ona gizlincə Əşrəf öyrədir. Salatın həqiqətən inanır ki, qardaşının Molla Sadığın qızı Pakizəyə meyil etməsinin səbəbi ona cadu olunmasıdır. Burda müəllif ironiyası da var.
- Tənqidçi
Elnarə Akimova "Dəli Kür": dəyişən dəyərlər
və roman texnologiyası kontekstində"
başlıqlı məqaləsində "Dəli
Kür" romanını çöküş əhvali-ruhiyyəsini
ehtiva edən əsər olaraq qiymətləndirib. Sən necə
düşünürsən?
- O dövrdə yazılan əsərlərin hamısında patriarxal dünyanın çöküşünü göstərməyə çalışırdılar. Bəli, dəyərlər hardasa dəyişirdi, ancaq bir çox şeyi tamamilə məhv etmək mümkün deyildi. Əsərin pafosu həmin çöküş əhvali-ruhiyyəsini həqiqətən oxucuya hiss etdirir.
- Sovet ideologiyasına görə, ruslar getdikləri hər yerə mədəniyyət gətirir. Biz bu ideologiyanı "Dəli Kür" romanında da görürük. Məsələn, hadisələrin baş verdiyi Göytəpə camaatının uşaqlarının oxuma-yazmasına qarşı çıxması, evində uşaqlara gizli təhsil verən Qərb təfəkkürlü Rus Əhmədə qarşı kəndin din xadimləri tərəfindən olunan təzyiqlər, milliyyətcə rus olan kənd məktəbinin müəllimi Aleksandr Osipoviçin kəndə gəlib, kəndlilərdən uşaqlarını məktəbə göndərməsini tələb etməsi və bu kimi bir çox məqamlarda yazıçı həqiqətənmi sovet ideologiyasına tabe olur?
- Hansı ideologiyaya tabe olur-olsun, fərqi yoxdur, xalqa doğru olanı göstərir. İsmayıl Şıxlı pis şey demir ki! Deyir uşaqlarınızı oxudun. İnandırım sizi ki, ruslara qarşı o münasibət XXI əsrin ilk onilliyinə qədər qalırdı. (Nənəmin timsalında). Məsələn, dindar nənəm kauçuk, plastik əşyalara toxunmurdu ki, murdardır, ruslar düzəldib. Ölən günə qədər ağzına diş düzəltdirmədi ki, kafirlərin məhsuludur. Təbii ki, rusların, xristianların gətirdiyi şey yaxşı, faydalı bir şey olsa da, nənəm kimi yanaşanlar olurdu. İndi də bu cür düşünənlər az deyil. Göytəpəlilər də o cür yanaşırdılar. Əsərin baş qəhrəmanı Cahandar ağanın özünün belə elmə, məktəbə münasibəti ziddiyyətlidir. O, gah düşünür ki, qoy uşaq oxusun, gəlib dəftərxanada-zadda işləyər, rus idarəçilərlə münasibətlərini oğlunun hesabına nizama salar. Bir yandan da istəyir ki, Əşrəfi Qoriyə getməkdən vaz keçirtsin. Oğlu kasıbların xeyrinə çalışanda peşmançılıqla düşünür ki, oxuduğu kitablar uşağın başını xarab edib, gərək onu oxumağa yollamayaydı.
- Bir sözlə, roman bir ailənin dramından başqa, həm də bir dövrün həqiqətləri ilə üzləşdirir oxucunu. Bütün mənfi cəhətlərinə rəğmən müəllif Cahandar Ağanın mərdliyinə də inam yaratmaq çabası sərf edir sanki. Bəlkə də ona görə, ən pis hərəkətinə baxmayaraq (Allahyarın arvadını qaçırtması) bu gün də Cahandar Ağanın kişi xarizması itmir.
- Kişi xarizması deyəndə ki, mənim düşüncəmdəki ideal kişinin tam əksidir Cahandar ağa. Mənim nəzərimdəki ideal kişi səbrlidir, mədənidir, rəhmlidir, həssasdır, anlayışlıdır və s. Cahandar ağa tipik Şərq kişisidir: çılğındır, dəlisovdur, dalaşqandır, qısqancdır, qorxmazdır, gözüqaradır, qonaqpərvərdir. Məsələn, Aleksandr Osipoviçi qonaqdır deyə qoruyur, qahmar çıxır. Cahandar ağaya mərd deyə bilmirik, mərd olan kişi başqasının arvadını qaçırtmaz. Comərd də deyil, əliaçıqlığı yoxdur, artıq qudası olan Qoca kişiyə bir parça torpağı qıymaq istəmir. Əşrəf deyir məktəb tikdirək, onda da fikirləşir ki, məktəb tikdirmək mənə qalıb?
- Amma Cahandar ağanı Molla Sadıqla müqayisə edəndə Molla Sadıq Cahandar Ağanın etdiyi heç bir hərəkəti etməməsinə rəğmən bizdə nifrət oyadır.
- Cahandar ağa Molla Sadıqdan fərqli olaraq riyakar deyil. Amma Cahandar Ağa mərd kişi olsaydı Şahnigarın haqqında dərhal, tərəddüd etmədən "ölüm" qərarı çıxartmazdan əvvəl Molla Sadıqdan açıq-açığına hesab soruşardı. Amma o bunu etmir. Yaxasından yapışıb demir ki, mənim bacımı sən çağırtdırmısan, tora salmısan. Kişinin heyifini günahsız qadından çıxmaq ona asan gəlir. Hökumətdən də üyüdür bu mövzuda. Hər gecə qoynuna salıb əzizlədiyi Mələyə etibar etmir, birinci arvadı Zərnigarı çağırır, meyiti yumağı ona tapşırır. Bilir və inanır ki, Zərnigar onu satmayacaq. Zərnigar da ərinə nə qədər qəzəbli olsa da, doğrudan da, onu satmır, həm balalarının xətrinə, həm birgə yaşadıqları illərin xətrinə əbədi susur bu mövzuda. Başqalarına guya Şahnigar xanımın intihar etdiyini deyirlər.
- Əsərin sonuna qədər Cahandar Ağanın yaxşı, ya da pis adam olması mövzusunda fikirlər haçalanır. Sanki Cahandar Ağanın çiynindəki xeyir və şər mələyini göstərir yazıçı.
- Razıyam. Olduqca təzadlı obrazdır. İsmayıl Şıxlının da ustalığı bu təzadı yarada bilməsindədir. Bu roman yarandığı vaxtlarda, Azərbaycan romanlarının baş qəhrəmanları əsasən müsbət qəhrəmanlar idilər. Müəlliflər tam ideal obrazlar yaradırdılar. Qəhrəman ya tamam mənfi qəhrəman olurdu, ya tamam müsbət. Fikir verirsinizsə, "Dəli Kür" romanında bütün qəhrəmanlar sabit xarakterdədir, bircə Cahandar ağadan başqa. Sanki hamının qapqara geyindiyi məclisdə, Cahandar ağa qıpqırmızı geyinib. Həm də buna görə olduqca cəlbedici və maraqlıdır.
- İlk dəfə
romanı oxuyanda necə təsir
bağışlamışdı?
- Romanı ilk dəfə orta məktəb illərində oxumuşdum. Bir də yenidən sizinlə söhbətimizdən əvvəl oxudum, daha yaxşı xatırlamaq üçün. Romanı oxumazdan qabaq uşaq vaxtı filmə baxmışdım. Filmdə ən çox Novruz bayramıyla bağlı səhnələri bəyənmişdim, Pakizəylə Əşrəfin zarafatlaşmasını, pişiyi torbaya qoymasını. Bu cür zarafatları bu filmdən öyrənib biz özümüz də edirdik. Atamın papağını götürüb əmimgilə papaqatdıya getmişdim, əmim qızlarından biri papağa tort qoymuşdu. Hələ də unutmuram düşdüyüm vəziyyəti. Elə Pakizə kimi də gülürdü. Anamın danlağından heç bilmirəm necə qurtardım, qadının işini artırmışdım (gülür). Bir də mollaxanadakı səhnələr həm məzəli, həm yaddaqalan idi. Doğrudur, bizim də məktəbdəki müəllimlərimizin bir çoxu Molla Sadıqdan fərqlənmirdilər. Əlimizin içinə çubuqla vururdular. Ancaq falaqqa bizə lap dəhşətli görünürdü. Məktəbli Sevinc romanda ən çox bu səhnələri axtarırdı. Tapdıqca sevinirdi.
Ancaq qırx yaşına az qalmış Sevinc böyük kədərlə oxudu "Dəli Kür" romanını. Ordakı qəhrəmanların hər birilə dərdləşə-dərdləşə, kədərlərinə şərik ola-ola. Romanın dilinə, yazıçının qurduğu süjetə heyranlıqla! "Dəli Kür" çox da uzaqda olmayan keçmişimizin əhəmiyyətli bir hissəsilə bizi tanış edir.
Oxuduqca bu günümüzə şükür edirsən, xüsusən qadın olaraq!
- Səncə,
insanlar bu romanı niyə oxumalıdır?
- Usta yazıçı Şərq qadınının faciəsini, kədərini iliyinə qədər hiss edib, əks elətdirib o romanda. Arzu edərdim, gənclik bu romanı oxusun və maarifçilərin, ömrümüzü, günümüzü aydınladan kişilərin hansı çətinliklərdən keçərək bizə bugünkü güzəranı qurduqlarını anlasınlar, bərk-bərk yapışsınlar, dağılmağa qoymasınlar, cəmiyyətimizi daha irəliyə, daha aydın, daha işıqlı sabahlara aparsınlar.
Elə "Dəli Kür" filminin sonundakı səhnədə də müəlliflər: İsmayıl Şıxlı da, Hüseyn Seyidzadə də bu fikri çatdırmaq istəyiblər. Yadınızdadırsa, filmin sonunda gənc məktəblilər - qızlar, oğlanlar əsərin qəhrəmanlarıyla görüşür sevinclə, fərəhlə.
Romandan fərqli
olaraq, film nikbin notlarla qurtarır. Gəl biz də söhbətimizi
nikbin notlarla bitirək, beləcə.
Söhbətləşdi: Günel
MUSA
Ədəbiyyat qəzeti.- 2021.- 25
sentyabr.- S.26-27.