Meşədə gizlənmiş ölkə.
Torpaq,
payız, uşaq, sənət, ağaclar, Şuşa, ədəbiyyat,
söz, Dunay, dostluq, Bakı və Vətən
Serbiyalı qələm dostlarımızın
festivallarla bağlı dəvətini alanda, heç
düşünmədən iştirak edəcəyimi bildirdim. İnciya Beynəlxalq
Poeziya Festivalı (İNDJIJA Pro Poet, 2021), digəri isə
Serbiya Beynəlxalq Sənət və Ədəbiyyat
Festivalıdır (LİTERA ARS PANEVECO, 2021).
İlk dəfə idi Serbiyaya səfər edəcəkdim. Əslində,
heç vaxt görmədiyin bir ölkə ilə
görüşmək özü poeziyadır. Yol yoldaşım olsaydı, daha xoşbəxt
olardım. Ancaq neyləməli, bilet birnəfərlikdir.
Səkkiz ildir Yazıçılar Birliyinin əməkdaşıyam.
Bugünədək səfərlərim çox
olub. Cəmi iki dəfə
Yazıçılar Birliyinin biletiylə uçmuşam.
Bu ikinci idi. Festival təşkilatçıları
digər məsələləri həll edirdi, təyyarə
biletindən başqa. Sağ olsunlar, Anar müəllim və
Çingiz müəllimə müraciətim müsbət
qarşılandı.
Bir az ləng adamlara adətən "arxayın
Hüseyn" deyirlər. Uşaqlıqdan
qalıb yadımda. Hüseyn kimdi, bu
söz niyə bu qədər məşhurlaşıb bilmirəm,
ancaq mən vallah "arxayın Hüseyn" deyiləm.
əksinə, məsuliyyətliyəm. Nəzərdə tutulmayan tıxacı görəndə
Çingiz müəllimə zəng etdim, "birdən Allah
eləməmiş, gecikib edərəm, məlumatınız
olsun, bəlkə köməyinizə ehtiyacım oldu".
Allaha şükür ki, qorxuduğum
başıma gəlmədi. Sonradan
Bakıda bildim ki, Çingiz müəllim gecikəcəyim
halda təyyarənin gözləməsini tapşırıb.
Daha özünüz bilərsiniz, inansanız
da, inanmasanız da. Əsas odur ki, mən
bu gücün Çingiz müəllimdə olduğuna
yaxşı bələdəm.
Məşəqqətli yol başlayır. 7 saat
İstanbul Hava Limanında neyləyəcəm mən,
İlahi. "Eybi yox, başımı birtəhər
qataram", özümə təsəlli verirəm. Orta oturacaq boşdu. Çox
şükür. Rahat gedəcəyik.
Digər oturacaqda əyləşən yoldaşla isə
İstanbul Hava Limanında tanış
olacam və biz düz 7 saat - səhərədək söhbət
edəcəyik...
Norveçdə yaşayır. Bacısı
dünyasını dəyişdiyi üçün Bakıya
gəlibmiş. İndi geri - evinə
qayıdır. Qürbətin qəribidir.
Ancaq Norveç kimi ölkədə adamın ev
boyda Vətəninin olması da fəlakət deyil. O evdə
oğlu, qızı, yoldaşıyla öz dilimizdə
danışırlar. Uşaqlarını
yaxşı yetişdirdiyini - milli ruhda
böyütdüyünü deyir. Qızı
türkiyəli qardaşımızla ailə qurub. Qudaları İstanbulda yaşayır. Seyran müəllimin sözü olmasın, çox
yaxşı oğlandı, vallah.
Budur təyyarəmə minik başlayır. Norveç azərbaycanlısı
hələ günortayadək gözləməli olacaq. Onun işi lap əngəldi. Sağollaşıb
qapıya doğru gedirəm. Yorğunam,
yuxusuzam, amma enerjim tükənməyib. Yüngülvari
narahatlığım Kalininqrad - Moskva təyyarəsində
başıma gələnlərə görədir...
Huşumu itirmişdim. Təyyarə Moskvaya
enənədək oksigen aparatıyla nəfəs almalı
olmuşdum. Sonra həkim heyəti təyyarəyə
qalxmışdı. "İnfarktsan!".
Liftlə təyyarədən həkim
otağına aparılmışdım. Dostum
İsmayıl üzümü güldürmək
üçün, "yeganə adamsan ki, super bizneslə
uçmusan" demişdi, "təyyarədən hər adam liftlə düşə bilmir". Yenidən
müayinə və eyni qərar: İnfarkt! Onların
və İsmayılın israrıyla təcilli tibbi yardım
maşını məni Moskva xəstəxanalarından birinə
aparmışdı. Orada isə təcili
tibbi yardımın həkimiylə xəstəxana həkiminin
arasında mübahisə düşmüşdü. İnfarkt deyil - infarktdır. İnfarkt deyil -
infarktdır! "Əşşi! İnfarkt deyiləm!" deyib, xəstəxananı
tərk etmişdim. İsmayıl yola gətirə bilməmişdi,
"heç olmasa anjio...". Yox! Biletlərimiz
batmışdı, bir gün Moskvada qalmalı olmuşduq və
gözəlim Bakı! Sonra bir müddət elə
bildim ki, hər uçanda başıma o hadisə gələcək.
Çox şükür. Olmadı.
Amma mən hələ də o hadisəni
ölüm kimi xatırlayıram. Məncə,
o, ölüm idi. Geri qaytardılar ki, hələ
lazım deyilsən. Ya da hələ
lazımsan. Yoxsa təyyarə göyərtəsində
huşumu itirib yıxılanda nə üçün məni
oyadan insanlar haqqında - bunlar dəlidirlər, yatmışam
da, məndən nə istəyirlər? - deyə
düşünəydim. Belə! Hə,
yadımdan çıxmamış - bu hadisə bir şeir də
yazdırdı mənə.
Məni
yaman qucaqladın,
Qaşla
göz arasında...
Sol
yanımdan yapışmışdın
Ömrün sağ yarısında.
Gəldim,
gördüm, tez qayıtdım
Vaxtını çox almadım.
Sən mənimçün
darıxmışdın
Mən də mənsiz qalmadım.
Ayılmasam
nolacaqdı,
İlahi, pərvərdigar?
İşim-gücüm,
sevdiklərim
Yarımçıq
əlyazmalar...
Bir
nağılın sonuyammı
Beləmi bitəcəkdi?
Dünya
qazanacaqdı
Dünya itirəcəkdi?!
Moskva-Bakı reysi. Göyün yeddinci qatı
Və
İstanbul-Belqrad reysi... Yan oturacaqlar boşdur.
Əla!
Göyün
yeddinci qatı... Hansısa qüvvə sanki həmin şeirin
davamı kimi yeni şeir yazdırır mənə... İndi
Allaha daha yaxınıq... Yəqin, ondandı.
Məndən
bir şey qalmaz
Bu yer üzündə.
Bir qara
köpük də
Bir qara daş da.
İndi hər
nə varsa
Göy
üzündədi
Qanadlı
balıq da,
Qanadsız quş da.
Məndən
bir şey qalmaz
Bu yer üzündə.
Nə
şeir, nə yazı, nə söz, nə söhbət
Bütün
yetimlərə mərhəba...
Bir də...
Məhəbbət,
məhəbbət, yenə məhəbbət!
Məndən
bir şey qalmaz
Bu yer üzündə.
Mənim
nəyim var ki,
Mənim
kimim var
Yeyib-bitiriblər
bütün dünyanı
Bircə
mən qalmışam...
Və...
Qarışqalar
Məndən
bir şey qalmaz
Bu yer üzündə.
Yosunlar
ehsandı ayaq izimdə
Məndən
heç nə qalmaz
Bu yer üzündə.
Nə
Allah özündə, nə göy özündə
Məndən
heç nə qalmaz
Bu yer
üzündə...
Yosunlar,
yosunlar, yazıq yosunlar
Hər
şey mənimlədir, yerdən göyədək
Bütün başlanğıclar və bütün
sonlar.
İstanbul-Belqrad reysi
Göyün yeddinci qatı
Belqrad... nəhayət. Şəhər
görünmür. Hər tərəf
yaşıllıqdı. Mən sonradan -
bir həftəlik səfərin sonuna yaxın bildim ki, bu
ölkə yaşıllığın - meşənin
içində gizlənmiş bir ölkədi. Elə bil kimsə böyük, çox böyük
bir meşənin ağaclarını aralayıb Serbiyanı
onun içinə yerləşdirmişdi.
Bəxtimin bir məqamda gətirdiyini yaxşı bilirəm. İndiyədək
hansı ölkədə olmuşamsa, təsadüfən o
ölkəni yüzlərlə kilometr avtomobillə gəzməli
olmuşam. Bu səfər də belə
oldu. Beş şəhərə səfər
və yüzlərlə kilometr. Bu
baxımdan Serbiyanın yaşıllığını
yaxşıca görə bildim. Bu barədə
yenə danışacağıq.
Dəyərli dostum Miodraq məni hava limanında
qarşılayır. Şairdir. Tədbirlərin
- festivalların təşkilatçısıdır. Həyat yoldaşı, dostum Aleksandra da onunla idi.
Lütf ediblər, sağ olsunlar. Chevrolet cipə əyləşirəm və izn
alıb, 5 saatlıq həsrətdən sonra nikotin
çubuğuma sarılıram. Ətraf-mühiti
acgözlüklə yaddaşıma köçürürəm.
Arada dostlarımın serb dilində
söhbətlərinə qulaq kəsilirəm. Rus
dilinin əmisi oğludu. Çətin də
olsa anlamaq olur. Soruşuram ki, nə qədər
yol gedəcəyik, 100-120 kilometr deyirlər. İnciyaya gedirik. Yaşıllıq!
Yaşıllıq! Yaşıllıq! Bir də
günəbaxan və daha çox qarğıdalı. Hər tərəf qarğıdalıdı. Və maraqlıdır ki, şumlanmamış, əkilməmiş
bir qarış belə yer yoxdur. Bu qədər
qarğıdalını neyləyəcəklər görən...
Yaşasın torpaq!
İnciyaya çatırıq. Yorğunluq və
aclıq güc nümayiş etdirir. Öncə
yemək. Gözəl və səliqəli
bir məkana gətiriblər bizi. Yanında
da otel. Hər otağa iki nəfər yerləşdiriblər,
mənsə tək qalacam. Bunu Azərbaycana
ayrıca bir hörmət kimi də qiymətləndirmək
olar. Yoxsa tanımadığın adamla bir
otaqda gecələməkdən işgəncəli heç nə
yoxdur.
Axşama Milli Kitabxanada tədbir var.
Rusiya,
Belarus, İspaniya, Şimali Makedoniya, Böyük Britaniya,
Amerika, İsveçrə, Kanada, Xorvatiya, Braziliya, Albaniya,
Ukrayna, Montoneqro, Bolqarıstan, Çexiya və b. ölkələrdən
gələn qələm adamları...
Sarı üzlü almanax kitab paylayırlar hər birimizə. İştirakçıların
şeirləri yer alıb. Üz
qabığının yuxarı hissəsində pərvazlanan
quşlar təsvir olunub. Payızdı... Hər halı
ilə payız! Yaşasın payız!
Festivallar çərçivəsində müxtəlif
məkanlarda və müxtəlif şəhərlərdə
tədbirlər nəzərdə tutulub. İnciya Milli
Kitabxanasında keçirilən tədbirdə şairlər
şeirlərini səsləndirirlər. Biri
də mənim payıma düşür.
Çıxışıma serb dilində
salamlama edərək başlayıram. Gələn
kimi bir iki söz çırpışdırmışam.
Bu elementar jestə görə
tamaşaçıların üzü gülür. Alqışlayırlar. Sonra rus
dilində Serbiyada olmaqdan və bu festivallara qatılmaqdan,
poeziya aşiqlərilə görüşməkdən məmnun
olduğumu bildirirəm. Rus dili... Kaş
bütün dünya türk dilində danışaydı.
Türk dili demişkən, serb dilində
saysız-hesabsız türk sözləri var. Osmanlıdan
qalma. Təşkilatçılara təşəkkür
edib, tamaşaçılardan onları ürəkdən
alqışlamalarını xahiş edirəm.
Alqışlar! "Sarı çiçəkli matəm
bayrağı"nı səsləndirirəm.
Öz dilimizdə. Musiqinin
dili yoxdu? Heç poeziyanın da, şeirin
də dili yoxdu. Onlar yaxşı bilirlər
ki, mən şeir oxuyuram. Çünki
ayrı-ayrı dillərdə oxuyan şairlərin də
oxuduqlarının şeir olduğunu mən yaxşı bilirəm.
Dilimizin sehrinə düşən
tamaşaçılara serbiyalı şair dostumuz Duşa
xanım şeirimi ingilis dilində səsləndirir.
Ardınca isə serb dilində
izahını verir. Alqışlar! Yaşasın alqış!
Şeir tərcümə olunmaz. Amma neyləməli ki, oxunanların
şeir olduğunu bilsələr də, şairin kainata ötürmək
istədiyi ismarıcları anlamaları üçün tərcümə
zəruridir. Tərcümə demişkən,
Duşa xanımın oxuduğu kitabı dəyərli
dostumuz, yazıçı-tərcüməçi Kamran Nəzirli
tərcümə edib. 23 şeir var
içərisində.
Birinci günün tədbirində festivalın Qran-Prisi
Serbiyanın görkəmli şairi Lyubivoje Rsumoviçə təqdim
olunur.
Səhəri gün səhər yeməyindən sonra məktəblərə
yollanırıq. Bölüşdürüblər. Hər məktəbə üç şair. Dünyanın bütün uşaqları gözəl
və məsumdurlar. Stadionlarında yerdən
sıra ilə əyləşib şeirlərimizi dinləyirlər.
Onları azərbaycanlı uşaqlar adından
salamlayıram. Bir kiçik şeir səsləndirirəm
onlar üçün... "Qırmızı"... Və "The World Smells Love" adlı
kitabımı məktəbin kitabxanasına hədiyyə edirəm.
Rusiyadan gələn serb əsilli Milan
Teşiç də şeirlərini səsləndirir.
Yaşasın uşaqlar!
Elə həmin
tədbirdə serbiyalı şair, rəssam, heykəltəraş,
filosof Predraq Baneqlavla tanış oluram.
Xahiş edir ki, onun evinə dəyək, emalatxanası ilə
tanış olaq. Gedirik.
İnciyada evlər möhtəşəmdi.
Bizim alışmadığımız
hasarsız evlər. Hər tərəfi
gül-çiçək, yaşıllıq. Hər iki emalatxana möhtəşəmdi. Predrağın həm heykəlləri, həm də
rəsm əsərləri dahiyanədi. Sənətkar
bizə öz yeni kitabını hədiyyə edir.
Aforizmlər... Yaşasın sənət!
Yenə uzaq bir yola çıxırıq. Get ki gedəsən. Ölkə
o qədər gözəldir ki, yaşıllıqlar,
ağaclar o qədər möhtəşəmdir ki, adam bir qram da olsun bezmir, usanmır, yorulmur.
Yaşasın ağaclar!
Voyvodinaya yetişdik. Kruşhedol kəndi.
Nəhəng monastra qonağıq. XVI əsrə
aid Kruşhedol Monastr Kompleksi. Kompleks iki hissədən ibarətdir,
yepiskop Maksim Brankoviç tərəfindən qurulan kişi monastırı və anası rahibə
Angelina tərəfindən inşa edilmiş qadın
monastırı. Serb Pravoslav Kilsəsinin iki
patriarxı və Kral Milan Obrenoviç burada dəfn edilib.
Yeri gəlmişkən,
mən Serbiyaya Şuşa havasıyla
getmişdim. Vaqif Poeziya Günlərinin və ecazkar Şuşa ziyarətinin ardınca Serbiyaya
uçmuşdum. Şuşa ilə bağlı
yazımı tezliklə "Ədəbiyyat qəzeti"nə
təqdim edəcəm. Bilirdim ki, hər kəsin
ürəyi doludu və gözləməyi öz üzərimə
götürdüm. İndi
Şuşanı ona görə xatırladım və
xatırlatdım ki, Şuşadan sonra dünyanın heç
bir nöqtəsi gözəl görünə bilməz deməyəcəm,
sən demə, Şuşadan sonra, məhz Şuşadan sonra
dünyanın hər bir nöqtəsi möhtəşəm
görünürmüş. Çünki Şuşa havası məsələsi var!
Yaşasın Şuşa!
Monastır Kompleksində qoz ağacına rast gəldim. Şuşada
qoz ağacından iki qoz dərib atmışdım
çantama. Birini də bu ağacdan dərdim.
Bəzi alimlər qoz ağacını "həyat
ağacı" adlandırırlar. Mən də Şuşa qozlarıyla Avropa qozunu
tanışdırdım ki, Şuşaya həyat
qayıtdığını, Şuşanın həyatımıza
qayıtdığını yaxşı bilsinlər.
Monastır Kompleksi ziyarətindən sonra çox da
uzaqda olmayan bir restorana gəldik. Festival qonaqlarını Serbiyanın
ən məşhur şərablarıyla tanış
etmək idi məqsəd. Dədə Qorquda
oxşayan bir ağsaqqal kovboy imicində qarşımıza
çıxdı. Məlum oldu ki, həm
restoranın, həm də şərab istehsalının
sahibidi. Və poeziyanı çox sevdiyi
üçün bütün bu kimi tədbirlərdə
mütləq qonaqları həmin məkanla, ağsaqqalla tanış edirlər. Sonra
şeirləşdik. Mən "Qara gözələ
elegiya" dedim.
Axşama doğru açıq havada festivalın növbəti
tədbiri təşkil olundu. Açıq havada
keçirilən poeziya axşamları daha gözəl olur.
Mənim də belə bir layihəm var - Günlərdən
şeir. Milli Kitabxana ilə birgə edirik.
Şeiri insanlara yaxınlaşdırmaq, xalq içinə
çıxarmaq... Qayğılardan başı qarışan,
canının dərdində olan, çörəyinin
arxasınca qaçan, şəhər gəzintisiylə
sağlam ruha sahiblənmək istəyən adamlara şeiri
xatırlatmaq... Yoldan ötənlər ayaq
saxlayıb dinləyirlərsə, deməli, şeir onların
qida mənbəyidir. Deməli, şeirsizləşdiklərini
xatırlamış olurlar. Onlara "Evsiz qapı"nı oxuyuram.
Tədbirdə qonaqların diplomlarını da unutmurlar.
Axşam
ziyafəti və gecəniz xeyrə qalsın, serblər!
Səhər yenə kitabxanada tədbir var. Sonra harasa
başqa şəhərə gedəcəyik.
Kitabxanaya bir neçə kitabımı hədiyyə
edirəm, təbii ki, tədbir iştirakçılarına
da bir şeir.
Şeir axşamları musiqisiz olmaz. Xorvatiyadan gələn
Vedran hər tədbirdə gitara çalır. Bəstələdiyi biri-birindən gözəl nəğmələri
oxuyur.
Bir də
İsveçrədən gələn bir dostumuz var. O da serb əsillidi. Draqan Vukasinoviç. Əla şairdi. Gözəl
insandı. Elə bil qohumdu, yüz ilin
dostudu, elə bil azərbaycanlıdı. O qədər
danışırdı ki, arada düşünürdüm, adam bu qədər enerjini haradan alır. Amma boş danışmırdı. Sənətdən, vətəndən, tarixdən
danışırdı. Yorulmadan, həvəslə,
şövqlə. Bir gün onu Bakıya dəvət
edəcəm. Təbii ki, təşkilatçı
dostlarımızı da. Bu münasibətlərin davam
etməsində yarar var. Ədəbiyyatın xeyirinə!
Yaşasın Ədəbiyyat!
Uzun bir yol. Yol boyu ucsuz-bucaqsız əkilmiş
torpaqlar. Qarğıdalılar, günəbaxanlar.
Və nəhayət, Paneveka şəhəri.
İnciyadan hec bir halıyla geri qalmır. Səliqəli evlər. Yaşıllıqlar.
Güllər, çiçəklər.
"Sekin Salas" otel. Gözəl həyəti
olan bir evi otelə çeviriblər. İndi
bu oteli dostlarımız Miçogili (Miodraq) işlədirlər.
Hər gecə otelin həyətində
şeirli-musiqili gecə təşkil edilir. Rok, caz, estrada... dəli şeytan deyir, bir "ala
gözlüm" oxu bunlara, musiqimizin gözəlliyini
anlasınlar.
"Ala
gözlüm", "Əsən yellər", "Nazəndə
sevgilim", "Gəmi", "Sarı gəlin"... və
s... və s... Amma öz aramızda.
Səhəri
gün - Paneveka kitabxanası... Şeir, musiqi.
"Mənim dərdim təkcə sənsən...".
Yaxşı bir təklif. Paneveka Milli Kitabxanasından. Təşəkkür edirəm. Səsi
sonra çıxacaq.
Qəribədir, bəlkə hərəsinin min dərdi
var bu insanların, bəs bunlar niyə bu qədər xoşbəxtdirlər. Elə mən
də. Yoxsa sözdür bütün dərdlərin
dərmanı? Yoxsa şeirləşməkdir
hər şeyə çarə. Bu nədirsə,
başqa bir dünyadır, ayrı bir dünya. Bu dünyada hər kəs xoşbəxtdir.
Yaşasın söz!
Yenə yol göründü. Uzaq bir yol. Daha yol boyu nələri görmüşəmsə
məndən yaxşı bilirsiniz. Qarğıdalı!
Qarğıdalı! Qarğıdalı!
Bu uzaq yolun sonunda maraqlı məqamlar varmış. Voyevodina.
Serbiyanın görkəmli şairi Georqi Jura
Yaksiçin ev-muzeyini ziyarət və muzeyin həyətində
şeir axşamı. 1832-ci ildə bu evdə doğulub
böyüyən Jura Yaksiç təkcə görkəmli
şair deyil, həm də görkəmli nasirdi, görkəmli
dramaturqdu, görkəmli vətənpərvərdi və serb rəssamlığında romantizmin ən
görkəmli nümayəndəsidi. Adi kənd
həyatı yaşayıb. Bu, evin hər
məqamından hiss olunur. Əşyalar, geyimlər...
Əvvəlcə təhsilini yarımçıq qoyan
Jura, sonradan rəssamlığa maraq göstərir və
1853-cü ildə Münhenə gedərək Rəssamlıq
Akademiyasında təhsil alır. 1854-cü ildə
"İbrahimin qurbanı" əsərini çəkir.
1861-1862-ci illər ərzində Vyana İncəsənət
Akademiyasında təhsilini davam etdirir. Maraqlı
faktlardan biri də odur ki, o, 1878-ci ildə Bosniya və
Herseqovinada Osmanlılara qarşı qiyamda iştirak edir.
Onu "Serbiya milli ruhunun simvolu"
adlandırırlar. Şeirlərində
azadlıq istəyi, zalımlığa qarşı etiraz hər
zaman planda olub. 1878-ci ildə, 46
yaşında vərəm xəstəliyindən
dünyasını dəyişib.
Dostum Miodraqın da soy ismi Yaksiçdi. Atası ilə Muzeylər
şəhərində, 260 yaşlı çinarın
altında tanış olduq. Bizi
orada gözləyirdi. Azərbaycandan olduğumu biləndə
"mənim dostum Anar necədir?" dedi. "Anar mənim
evimdə olub" bu sözü deyəndə ağsaqqalın
necə qürurlandığını hiss etməmək
mümkün deyildi. Daha sonra həmin axşam bütün
Yaksiç ailəsilə tanış
olduq. Miçonun anası, qardaşı,
qardaşı arvadı. Gözəl və
qonaqpərvər insanlardır. Atası,
eyni zamanda tanınmış rəssamdı. Qardaşı isə tanınmış ssenarist, həm
də şair. Ümumiyyətlə
üzü Jura Yaksiçdən bəri bu soyad Serbiyada məşhurdur.
Bu soy ismdə xeyli tanınmış adamlar var.
Rusiyalı qələmdaşım Sergey Qlavyukla söhbət
edirik. "Yaxşı"nın
bütün türk xalqlarında istifadə olunduğunu deyirəm.
Yarızarafat, yarıciddi deyir ki, Miçonun
soyadı bəlkə də ordan gəlir. Düşündürücüdür.
Çünki ayrı-ayrı dillərdə bu
soyad jakşi, kakşi kimi səslənir.
Miodraq tədbirin aparıcılığını edir. Jura
Yaksiçin ruhu qarşısında şeirləşirik.
Tələbələr üçün hərə
bir şeirini səsləndirir. Səmaya
baxıram - elə bil Jura Yaksiç səmaya yeni bir əsərini
çəkib, gülmsəyir. Əliylə
"əladır!" deyir.
Tədbirdə serbiyalı naziri də tanımaq fürsətimiz
olur. Nə fərqi var hansı sahə üzrə nazir
idi.
Axşam yeməyini elə oradaca, Rumıniyanın
qulağının dibində, gözəl bir restoranda edirik. "Jiveli!"
- bu sözü əzbərləmişəm.
Bunlarda tost qısa və konkretdi - "Jiveli", vəssalam! Olduğumuz yer artıq Rumıniya ilə sərhəddir.
Nə keçərdim ora, oranı da görmək
qismət olarmı nə zamansa?!
Növbəti gün bizi Dunay çayına aparırlar. "Saçı Dunay
xanım..."
Almaniya,
Avstriya, Slovakiya, Macarıstan, Xorvatiya, Serbiya, Bolqarıstan,
Rumıniya, Moldova və Ukrayna daxil olmaqla 10 ölkəni birləşdirən
gözəl Dunay. Gəmi çayın üzəriylə
irəlilədikcə mən qəribə bir dincliyə, huzura
sarılıram. Eşq kimi! Şeir kimi! Necə gözəlsən,
Dunay! Yaşasın Dunay!
Pıçıldayıram...
Bir sehrli
mücrü ola -
içində Ay parası...
Açasan
ki, tapılıbdı -
gözlərinin qarası...
Gecə
düşə, qaranlığa
asasan Ay
balanı...
Unudula yer
üzünün
gerçəkləri, yalanı.
Ulduz
aça arzuların,
ümidlərin bərq vura.
Ruhun
uça bədənindən,
bu
dünyadan qurtula!
Dunaylı
gecənin ardınca açılan səhər - Vətən
yolu! Dostlarla qucaqlaşıb,
sağollaşırıq. "Yenidən
görüşmək ümidilə" deyirik.
Yaşasın dostluq!
Məşəqqətli yol var yenə. Neçə
saat Belqradda, neçə saat İstanbulda. Amma bu, məşəqqət
deyil! Bu yolun sonunda gözəlim Vətən, gözəlim
Bakı var! Sürünə-sürünə də,
dizin-dizin də getsən, uf deməzsən.
Draqanın kirayələdiyi avtomobillə
qarğıdalıları keçib, Belqrada varırıq. Belqrad
küçələrində irəlilədikcə Draqan mənə
köhnə və yeni Belqraddan danışır, göstərir.
Qəribədir ki, indi mən serb dilini
çox asanlıqla başa düşürəm,
anlayıram. Düz bir saatdır
danışmağı sevən dostumla həmsöhbətəm.
o Belqradı təriflədikcə mən
ona Bakıdan danışıram. Bakının
daha gözəl olduğunu deyirəm. Sonra
yadıma düşəndə, adamı pərt elədiyimi
xatırlayıram. Görünür,
darıxmışammış Bakı üçün. Belqrad hava limanı, 100 dollarlıq test və təyyarə.
Özünə yaxşı bax, Belqrad! İstanbul...
gözəlim İstanbul. Sən də özünə
yaxşı bax! Səni çox sevirik!
Və...
Bakı... Vətən! Yaşasın Bakı! Yaşasın Vətən!
Xəyal RZA
Ədəbiyyat qəzeti.- 2021.- 25 sentyabr.- S.22-23.