Dünyanın əvvəli
hekayə
Günəş göy üzündə gülümsəyirdi. Yaddaş pilləkənləriylə
günəşə doğru bir qoca aram-aram qalxmaqdaydı.
Qalxdıqca sanki cavanlaşırdı. Adam
cidd-cəhdlə dünyanın lap əvvəlinə gedib
çıxmaq istəyirdi...
Adəmlə Həvva sanki qədim xalçanın
üzərində uzanmışdılar. Ətrafda
buludlar ağır-ağır süzürdülər. Əyilib lap ehtiyatla dodaqlarını Həvvanın
saçlarına toxundurdu. Həvva
üzündə nəfəs duyub gözlərini
açdı. Adəmi, onun gözlərindəki
sonsuz məhəbbəti görüb qollarını ərinin
boynuna doladı və "həyatım mənim, - dedi, -
axır ki, gəlib çıxdın".
Adəm onun gözlərinə baxa-baxa
düşünürdü ki, bəs deyirlər, insanın
gözləri qocalmır? Yalan söhbətdir.
İnsanın gözləri də
qocalırmış, yoxsa Həvvanın o işıqlı,
iri, qaynar gözləri indi belə yorğun, üzgün, kədərli
olmazdı. Ürəyindən keçən
hissi büruzə verməməyə çalışdı.
Həvvadan nəsə gizlətmək
olardımı? Ərinin gözlərində
görünüb tez də itən kölgəni sezdi.
- Nə
fikirləşirsən? - deyə
soruşdu.
- Səni
düşünürəm, əzizim. Düşünürəm
ki, dünyadan, vaxtdan özünü yığıb mənim
içimdə yuva qurmusan. Canımın
içisən.
Həvvanın gözləri doldu.
- Sənin
məhəbbətin mənim dünyamdır, mən
vaxtımı sənin dünyanla hesablayıram.
Adəm bu dəfə Həvvanın gözlərindən
öpdü.
***
...Həvva
zənbili boşalda-boşalda Adəmi tərifləyirdi:
- Sənin
bazarlığından olmaz da. Elə bil
almaları bircə-bircə seçmisən.
Adəm o
biri otaqda paltarını dəyişirdi, ordan cavab verdi:
- Sən
elə məni almayla yoldan çıxartdın da.
Həvvanın kişmişi gülüşü otaqlara
yayıldı.
Qırmızıyanaq almalar bu mikrocənnətdə
onları nöbvəti "günah"a sövq edirdi.
Gecə Həvva
gündəliyinə bu sözləri yazdı: "Çərşənbə
axşamında günorta çağı günün
yorğunluğundan istirahət etmək üçün
güllərin içində nazlanan kəpənəklərlə
birlikdə dincəldim. Bu gözəl
varlıqlar sanki səmadan Allahın
gülüşünü qazanıblar. Sanki
insan ruhunun zərrələridir. Bura sanki
keçmişlə gələcək arasındakı naməlum
bir vadi idi. Suallar beynimdə inadkar arılar kimi
vızıldayırdı: Görəsən, o məni sevirmi? Sevirsə, bəs niyə mənə bu qədər
laqeyddir? Niyə mənimlə görüşə can
atmır? Mənə qarşı heç bir
maraq göstərmir. Tək-tənha
dağ-daşda dolaşır. Birdən-birə
ürəyim sıxıldı. Mamırlı
sahilə getdim, ayaqlarımı suya salıb oturdum. Ürəyim qüssədən sıxılanda bura gəlirdim.
Əlbəttə, gölə rəsmi düşən o
ağbəniz bədənin yoldaşlığı kifayət
etməsə də, heç olmasa, tənhalıqdan
yaxşı idi. Mən danışanda o da
danışır, mən qəmgin olanda o da qüssələnirdi.
Məni sakitləşdirərək deyirdi: "Ruhdan
düşmə, yazıq tənha qız, mən sənin
dostun olaram". O mənim yeganə dostum, əkiz bacım idi.
Darıxmamaq üçün bir qədər
gül-çiçək topladım, onlardan çələng
düzəldib başıma qoydum, özümü qəşəngcə
bəzədim.
Hər zamankı kimi səhər yeməyinə çoxlu alma yedim, kölgədə oturub onu arzuladım.
Bütün bədənim də onu
arzulayırdı. O gələnəcən ağlıma
bir fikir gəldi, onu həyata keçirmək
üçün bir quru çubuq götürüb o biri
çubuğun vasitəsilə onda deşik yaratmaq istəyirdim.
Birdən dəhşətli qorxu hissi
keçirdim. Deşikdən nazik, şəffaf,
mavi rəngə çalan qığılcım
çıxdı, əlimdəkiləri yerə atıb oradan
qaçdım. Onun ruh olduğunu
düşünmüşdüm.
Geriyə
baxdım, arxamca gəlmirdi, bir qayaya söykəndim,
tövşüyürdüm, bir az dincimi
aldım, gözləyirdim ki, titrəməm keçsin. Bir müddət sonra yenə ürəklənib
qızılgül kolundan bir budaq qoparıb, həmin yerə
yaxınlaşmağa başladım, ancaq ruh orada yox idi.
Deşikdə azca çəhrayı rəngli
tozcuq vardı. Əlimi qorxa-qorxa ona
uzatdım və... barmaqlarım yandı, ağzıma təpdim.
Bu, Od idi. Mən əvvəllər
heç yerdə mövcud olmayan bir şeyi yaratmışdım.
Elə arzulayırdım ki, Adəm də gəlib
çıxsın və mən ona bu kəşfim haqda məlumat
verim. Ocaq qaladım və tüstüsü göyə
yüksəldi. Adəm bu odun istisinə gəlib
çıxdı. Uzun müddət
dayanıb gözlərini oda zillədi. Bunun
nə olduğunu soruşdu. Alovdur, - dedim. Kəpənəklər
alovun dövrəsində sanki yallı gedirdi.
Sonra atəşlə su öpüşdü, vadi səssizliyə
büründü. Qaranlığı yorğan kimi
üstümüzə çəkib yuxuya getdik. Yuxuya
getməzdən əvvəl onun qulağına
pıçıldadım:
-
Günah dolu yuxular!
Sonra bilmirəm mən onun, yoxsa o mənim
ağlımı oğurladı. İndi hər şey
yaxşıdır və mən yenidən xoşbəxtəm.
Ağır günlər lap arxada qalıb, mən
daha onları xatırlamamağa çalışıram.
Onu məmnun etmək üçün qadağan olunmuş alma ağacının meyvələrindən
yığıb aparırdım ki, doyunca yesin. Günəş
də mənim bu hərəkətlərimə baxıb
gülümsəyirdi. Bizim
izdivacımızdan Cahan zühura gəldi. Biz həyatın mənasına yetişdik. Adəm bu yerin adını "Kəpənək
vadisi" qoydu.
***
- Ata,
axı xəritədə Məhəbbət dərəsi deyilən
yer yoxdur, - qızı məyuscasına Adəmə
sığındı.
-
Yaxşı bax, qızım. Diqqətlə baxsan, tapacaqsan, -
Adəm qızını ruhdan salmaq istəmədi. İpək saçlarını sığallayıb
alnından öpdü.
- Bilirsən,
qızım, Günəş əmi hər axşam orda gecələyir,
səhər yenə qalxıb dünyanı öz
işığı ilə bəzəyir. - Həvva mətbəxdəki
işinə ara verib qızına Məhəbbət
dərəsi haqqında danışmağa başladı. -
Deyilənə görə, bir gün qarabağır
quşları özünə rəhbər seçmək
üçün yola düşürlər, Simurq quşunun
ardınca gedirmişlər, bir axşam Məhəbbət dərəsində
qalası olublar. O vaxta qədər bu quşlar hər gün
bir-birinin ətini didirmişlər, şanapipik bu vəziyyəti
görüb onlara məsləhət görüb ki, uçub
gedin, Simurq quşunu tapın, onu özünüzə rəhbər
seçin. Ondan sonra hamınız canbir qəlb
kimi yaşayacaqsınız. Quşlar da səfə
düzülüb yola düşürlər. Uzun bir yol qət etdikdən sonra lələk
salıb əldən düşürlər və bu Məhəbbət
dərəsində yerə enirlər ki, bir hovur dinclərini
alsınlar. Göz qamaşdıran işıqda
bir anlıq Simurq quşu gözlərinə
görünür. Gözlərini yumub
açınca Simurq yoxa çıxır və bir daha gözə
dəymir. Bax elə bu yerdə onlar
anlayırlar ki, hər biri bir Simurq quşudur. Məhəbbət dərəsi, daha doğrusu, məhəbbət
onların arasındakı kin-küdurəti yuyub aparır, hərəsi
o işıqdan özünə bir ovuc pay götürərək
daha heç vaxt bir-birlərinə kin bəsləmədilər.
Cahan
maraqla anasına qulaq asırdı və bu dəmdə
ağlına belə bir sual gəldi:
- Ana, bəs
Ay harda yatır?
Həvva
gülümsədi:
- Hə,
elə Ay da ordan çıxır. Onlar növbə
ilə işə çıxırlar. Səhər
Günəş üfüqdə görünəndə Ay
öz növbəsini ona təhvil verib həmin Məhəbbət
dərəsinə çəkilir.
Cahan
sevincək atılıb-düşdü və əllərini
bir-birinə vurdu:
- Ay daa, nə
qəşəngdir e.
Həvvanın bu nağılı qızına
danışmaqda məqsədi vardı. Adəm onun
niyyətini anladı. Ona görə də qızına
sual verdi:
- Hə,
qızım, indi de görək bu nağıldan nə
başa düşdün? Şanapipik niyə
görə qarabağır quşlarını Simurqu
axtarmağa yollayır?
Cahan
ağıllı gözlərini qıyıb fikrə
daldı, sonra sualının cavabını
tapıbmış kimi sevincək
çiyinlərini oynatdı:
- Hə,
tapdım, ata. Deməli, şanapipik o
quşları barışdırmaq istəyirdi.
- Aha,
sonra? - ata gülümsəyərək
qızının növbəti izahını gözlədi.
- Ona
görə onları uzaq yola göndərdi ki, dalaşmağa
vaxtları olmasın.
- Ay sağ ol, qızım. Bəs
sonra?
- Bu uzun,
yorucu yol quşları ağıllandırmaq üçün
idi. Onlar bu uzun yolda həyatla tanış
oldular və anladılar ki, elə hər biri bir Simurq
quşudur.
- Afərin!
Düz tapdın.
- Ata, bir
söz də deyim?
- De, mənim
ağıllı balam.
- Məhəbbət
olan yerlər işığın yuvasıdır,
düzdür?
Adəm qızının ağlına, zəkasına
heyran oldu, onu bağrına basıb dumduru gözlərindən
öpdü.
***
Qoca cəhənnəm kimi qaranlıq, isti və əyri-üyrü
küçələrdən keçib gedərkən
qarşıdan üzünə işıq şüası
düşdü. Orda iki xoşbəxt kölgə
sayrışırdı. Danışıq
səsləri eşitdi; yarpaqlar danışırdı, sular
uğunub gedirdi, daşlar isə müdrik qocalar kimi
susqunluğa dalmışdı.
- Eheey! Mən gələcəkdən gəlmişəm,
keçmişə doğru gedirəm.
Dağlar sanki yuxudan kal oyandı, qımıldandılar. Təəccüblə
bu xırda varlığa sarı boylandılar. Kölgələr də donub qaldı. Qoca onların üzünü görməkdə
çətinlik çəkirdi. Birdən
yadına düşdü ki, möhkəm yorulub, yastı təpənin
üstündə oturub bir hovur dincini almaq istədi.
İşıq səmtindən qırmızıyanaq bir alma ona sarı dığırlandı.
Qoca
ömründə bu gözəllikdə alma
görməmişdi, almanın ətri onu bihuş etdi. Alma sanki nəfəs alırdı. Qocanın bütün vücudu ehtizaza gəldi.
Qeyri-ixtiyari əlini atıb almanı götürdü və
dişlədi... Qollarına güc gəldi, qəddi
dikəldi, zehni duruldu. Bu
gümrahlığı çoxdan
yadırğamışdı. Axı zaman
keçdikcə insanın istəkləri də dəyişir,
o, zamanın gətirdiyi dəyişikliklərlə
barışmaq məcburiyyətində qalır. İndi sanki zaman maşını onu gəncliyinə
qaytarmışdı.
Başını qaldıranda qarşısında uzun
saçlı bir gözəlin dayandığını
gördü.
Qızlar bulağından yenicə su
içmiş bu gözəl onun nişanlısı idi.
Almanı ona uzatdı:
- Al, sən
də ye.
Qız almanı alıb dişlədi.
Kölgələr sanki sevindi. İşıq səmtdən
güclə eşidiləcək pıçıltı qopdu:
-
Günahınız mübarək!..
19 sentyabr
2021-ci il
Kənan Hacı
Ədəbiyyat qəzeti.- 2021.- 25 sentyabr.- S.20.