Hekayələr
Qarışıqdır
hələlik millətin istedadı, -
Ələnirsə
safı bir yan, tozu bir yanlıq olur...
Çalxalandıqca,
bulandıqca zaman nehrə kimi,
Yağı
yağ üstə çıxır, ayranı ayranlıq olur.
Mirzə Ələkbər
Sabir
Yuxu
Keçən
gecə qəribə bir yuxu görmüşəm, ərz eləyim
qulluğunuza, görüm bu yuxunu necə yozursunuz.
Yuxuda
görürəm ki, yüz il əvvəl dünyaya göz
açmışam. Görürəm "Molla Nəsrəddin"
adında bir jurnal çıxır, səs-sorağı aləmə
yayılıb. Fikirləşirəm
ayə, bu jurnal niyə belə məşhuri-cahan olub? Götürüb
vərəqləyirəm, görürəm paho, burada nələr
yazılmayıb?! Daha millətin əyər-əskiyi
qalmayıb, hamısı aləmə faş olub. Molla, tacir, it
boğuşduran, xoruz döyüşdürən, quşbaz,
fala baxan, rəml atan, yalançı, yaltaq,
fırıldaqçı, əliəyri, rüşvətxor,
ağılsız, axmaq, bir sözlə, "şəngülüm",
"şüngülüm" hamısı ələ
salınıb. Camaat da oxuyub gülür. Camaata nə var ey,
onlara gülmək olsun...
Sonra
yuxuda görürəm ki, yaşaya-yaşaya gəlib
çatmışam indiki zamanlara. Qəzet-jurnal o qədər
çoxdur ki, oxuyub qurtarmaq olmur. Qələm əhli "Molla
Nəsrəddin" kimi yaza bilməsə də, millətin
çatışmazlıqlarından ağına-bozuna baxmadan,
o ki var, yazır. Keçmişdə pis əməllərlə
məşğul olanların çoxu indi molla olub, it
boğuşduranlar yenə it boğuşdururlar, xoruz
döyüşdürənlər yenə xoruz döyüşdürürlər,
quşbazlar quşbazlıqlarıynan məşğul olurlar,
fala baxanlar kompüterdə fala baxırlar, rəml atanlar
ekstrasenslik edirlər, yalançılar yalanlarının
doğru olduğunu sübuta yetirmək üçün dəridən-qabıqdan
çıxırlar, fırıldaqçılar təzə
üsullar tapıblar, əliəyrilər, rüşvətxorlar
böyük-böyük vəzifələr tutublar, "şəngülüm",
"şüngülüm"lər əməlli-başlı
adam olublar.
O bunu
söyür, bu da onu. Qalmışam mat-məəttəl.
Yüz ildə nə dəyişildi ki?
Görəsən,
bu yuxunu yozan tapılacaqmı?
Həqiqət
Bakıda
yaşayan əcnəbilərdən biri televiziyaya məktub
göndərib, soruşur ki, "həqiqət" nədir?
Doğru
deyiblər ey, bu camaat boş-bekar qalanda bilmir nə işlə
məşğul olsun. Kişinin oğlu həqiqət
axtarır! Özü də harada? Heç televiziyada, mətbuatda
da həqiqət axtararlar?
Yenə gəlib
üzbəsurət qarşımda dayanıb həqiqətin nə
olduğunu məndən soruşsaydı, cavab verərdim.
Cavab verərdim
ki, Allaha şükür, sən özün Bakıda
yaşayan adamsan. Görmürsən ki, həqiqət
axtara-axtara neçə-neçə insan bu dünyadan
köçüb, ömrünü də
bağışlayıb bizə?
Görmürsən
ki, rüşvətxorluq, dəstəbazlıq, qrupbazlıq,
partiyabazlıq, yerlibazlıq, yekəbaşlıq,
quşbazlıq şəhəri başına
götürüb?
Görmürsən
ki, bəziləri "Burada mənəm, Bağdadda kor xəlifə"
deyib, əllərindən gələni "beş qaba"
çəkirlər?
Əcnəbi
qardaş, bunlar həqiqətdir.
Əzizim,
görmürsən ki, kişilərimizin çoxu ayıb da
olsa, öz arvad-uşaqlarını şəxsən, həm də
təntənəli surətdə başqa ölkələrə
alver dalınca, qazanc dalınca göndərirlər?
Görmürsən
ki, vəzifə üstündə qırğın-qiyamətdir?
Sən
ki, bunları görürsən. Axı, bunlar həqiqətdir.
Görmürsən
ki, sənin kimi əcnəbilər Bakıya axışıb,
burada "biznes" qurublar, bizimkiləri də qəpik-quruşa
əllərinin altında işlədirlər? Sən ki, onlara
yaxşı bələdsən. Xeyirləri olmasa niyə o
boyda ölkələrdən basa-basa bura gəlirlər, hə?
Amma onları
da qınamaq olmaz. Prokuror gəlir ki, ver. Vergi müfəttişi
gəlir ki, ver. Polis gəlir ki, ver. Ver, ver, ver! Ağzı nədir
verməsin. İşləyə bilməz axı!
Bax, bunlar
həqiqətdir.
Görmürsən
ki, çoxları əmək haqqı ilə
"dolanır", amma böyük-böyük mülklər
alır, bağlar salır, bahalı maşınlarda gəzirlər?
Paxıllıq eləyənin gözləri kor olsun! Amma
axı, sən bunları görürsən, niyə görməməzliyə
vurursan? Bunlar həqiqətdir, əcnəbi qardaş, həqiqətdir.
Görmürsən
ki, ziyalı təbəqə necə yaşayır, heç
ömründə universitet qapısı tanımayanlar necə?
Vaxtında məktəblərimizdə bu camaata pul qazanmaq
yollarını öyrətsəydilər nə olardı? Elə
hey deyirdilər, kimin maşını var, oğrudur, kimin pulu
var, dələduzdur, kimin rahat evi var, başkəsəndir və
yaxud rüşvətxordur, əliəyridir, antipoddur. Zalım
uşaqları bu sinonim sözləri haradan tapıb
çıxarırdılar, bilmirəm. Sən şəhərimizə
təzə gəlmisən, bəlkə bunları bilməzsən.
Amma bunlar həqiqətdir.
Niyə
bu günə düşdüyümüzü də bilsən
yaxşı olar, əcnəbi qardaş! Çünki
çoxu öz yerini bilmir. Ölçü, meyar deyilən
şeylər itib, gedib. Necə ki, dəli ancaq öz
ağlını bəyənir, belələri də deyir
"elə mən deyən olmalıdır". O deyir, bu
deyir, işləmək, çalışmaq, qurub-yaratmaq yaddan
çıxır. Axırda da ölkə qalır pis vəziyyətdə.
Bizimkilər keçmişdə də belə olub, indi də
belədirlər. Bu, bir həqiqətdir.
Sən
tanımazsan, bir Molla Nəsrəddin vardı, Allah ona rəhmət
eləsin, yazdıqlarının hamısı həqiqət
idi. Elə həqiqət axtara-axtara da köçdü
dünyadan...
Gözlərim
Uşaqlıqdan
gözüqıpığam, yəni qorxağam. İllər
keçib, indi böyüyüb yekə kişi olmuşam,
amma qorxu canımdan çıxmır ki, çıxmır.
Böyürdən biri "pık" eləyən kimi
bağrım yarılır. Yəqin maraqlanırsınız,
bu nə qorxudur belə mənim canımı tir-tir titrədir?
O vaxt
qanmırdım, nə görürdüm, gəlib
ata-anamın yanında danışırdım, onlar da
üstümə qışqırırdılar, az qala iki
barmaqlarını gözlərimə soxurdular ki,
"gördüyün hər şeyi danışma, yoxsa iki
gözünü bir deşikdən çıxardarıq".
Odur-budur, hər şeydən qorxuram. Gördüklərimi
görməməzliyə vururam.
Məsələn,
görürəm ki, təzə-təzə siyasətin əlifbasını
öyrənənlər ölkə prezidenti olmaq istəyirlər,
özümü vururam görməməzliyə. Bilirəm ki,
prezident olmaq hər kişinin işi deyil. Toyuğun peşəsi
yatıb yuxusunda darı görməkdir. Görürəm ki,
özünü göstərmək üçün kimdənsə
"qəhrəmanlıq nidası" gəlir, tay-tuşları
da ona qoşulub verirlər səs-səsə, ağız deyəni
qulaq eşitmir, özümü vururam görməməzliyə.
Düşünürəm, hər "qəhrəmanam"
deyəndən qəhrəman olmur ki! Görürəm,
gözümün qabağında bəzi vəzifəlilər
xalqa "ot yondururlar", guya görmürəm,
özümü vururam görməməzliyə.
Çünki binayi-qədimdən belə olub, nə qədər
müsəlmançılıqdı, yəqin həmişə
də belə olacaq. Görürəm ki, əli qələm
tutan ağına-bozuna baxmadan ağzına gələni
yazır, bir nəfər də yerindən qalxıb demir ki, a
bala, ayıbdır! Mən də susuram, özümü vururam
görməməzliyə. Deyirəm mənə nə var,
kim-kimi söyür, kim-kimi "döyür". Görürəm
ki, yaltaqlar, məddahlar ölkəni götürüb
başına, dinmirəm, "mən dünya düzəldən
deyiləm ki" - deyə düşünüb,
özümü vururam görməməzliyə.
Başağrısı
olmasın, mənim gördüyüm, görməməzliyə
vurduğum hadisələr, şeylər çoxdur, saymaqla
qurtaran deyil. Allah belə gözləri mənə verincə,
kor yaratsa yaxşıydı. Vallah-billah, elə kor kimiyəm.
Korun buynuzları olmaz ki!
Gərək xeyrini biləsən...
Hamı
bilir, bir işə başlayıb axıra çıxanda
oturub götür-qoy edərlər ki, görək bu işin
xeyri nə olub, ziyanı nə. Görülən işlərin
uzun çəkəni də olur, gündəliyi də. Uzun
çəkən işlərdən biri partiya yaradıb
demokratiya pərdəsi altında vəzifə tutmaq
eşqidir. Gündəlik işlər də ki, cürbəcürdür.
Məsələn, mağazada mal satıb gecənin
yarısına qədər qazandığın pulları
hesablamaq. Və yaxud birindən
şikayət yazıb yoxlamanın nəticəsini
gözləmək. Ya da birinə badalaq vurub necə
yıxıldığını görmək. Birini vəzifədən
salıb ləzzət almaq. Rüşvət alıb yerbəyer
eləmək. Onu-bunu gözdən salmaq üçün min
cür hiyləgərlik etmək. Və sair və ilaxır.
Saymaqla başa gələn deyil.
Partiya
qurub vəzifə eşqi ilə yanıb-yaxılmaq, qeyd
etdiyim kimi, "şərəfli" işlərdən
biridir. Gərək bu işə girişənlər bərkdən-boşdan
çəkinməsinlər. Necə deyərlər, "Çünki
oldun dəyirmançı, çağır gəlsin dən
Koroğlu".
Əvvəla,
gərək sübut edəsən ki, sən dünyanın ən
demokratik adamısan. İkincisi, göstərməlisən ki,
səndən başqa yer üzündə siyasətçi
yoxdur. Üçüncü də ki, qəzetlərdə,
televiziyalarda tez-tez görünməlisən, göz
qabağında olmalısan. Hələ bunlar nədir ki?! Gərək
"ağı qara", "qaranı ağ" kimi qələmə
verməyi bacarasan ki, desinlər kişinin başı hər
şeydən çıxır. Həm də abır-həya,
qorxu-zad bilməməlisən, cəsarətli olduğunu
göstərməlisən. Bu qəzetlər ki, var, belə
şeyləri buraxmazlar, pis oldu,
yaxşı oldu, hər şeyi yerli-yataqlı yazıb aləmə
car çəkərlər. Bir də görürsən
qabiliyyətsizin, bacarıqsızın birindən o qədər
yazırlar ki, həmin adam Baş nazir vəzifəsinə
iddia edir, düşünür ki, deməli, bunda nəsə
var.
Bəlkə
yadınıza düşər, əvvəllər lotoreya
alanların hamısı maşın udmaq fikrinə
düşürdülər. Lotoreya alanların bircəciyi
fikirləşmirdi ki, velosiped uda bilər, soyuducu uda bilər,
fotoaparat uda bilər. Axırda da nə udsalar
yaxşıdır? Bircə manat! Sevinirdilər ki,
yaxşıdır bir manatı udublar, o da olmaya bilərdi...
Xülasə,
partiya qurub siyasətlə "məşğul
olanlar"ın bəziləri nazirdən-zaddan ola bilməsələr
də, axırı millət vəkili olurlar. Necə deyərlər,
"o olmasın, bu olsun". Xeyrini ki, görürlər!
Millət
vəkili olmaq isə hələ azdır, gərək məclisdə
azdan-çoxdan danışa biləsən. Yeri gələndə
kimi isə "yıxıb-sürüyəsən".
Üç düymədən hansını basmaq haqqında
düşünəsən. Gərək düyməni basanda
xeyrini-şərini fikirləşəsən. Bir adam
haqqında lazım gələndə tərif söyləməyi
bacarasan, lazım gələndə onu rüsvay edə biləsən.
Dünya gör-götür dünyasıdır, səndən
əvvəlkilər necə ediblərsə, sən də elə
edəsən. "Adamın bir sifəti olar" ifadəsinə
çox da fikir verməyəsən. Belə etsən, tarixdə
qalacaqsan. Dəxli yoxdur, tarixdə pis adam kimi qalacaqsan, yoxsa
yaxşı adam kimi. Onu buraxmaq olar xalqın öhdəsinə.
Əsas odur ki, tarixdə qalasan...
Prokurorun söhbəti
Rayonların
birinə prokuror təyin olunmuşdum. Birinci gün işə
çıxmışdım. Təzəcə oturmuşdum ki,
qəbul otağından səs eşitdim. Katibəni
çağırıb soruşdum, "bəlkə qəbuluma
gələnlər var?" Katibə bildirdi ki, "bəli,
hörmətli prokuror, gəliblər". Dedim, "bir-bir
burax, keçsinlər içəri".
Heç
demə, onlara da elə bu lazım imiş: Bir-bir içəri
girib, "ürək söhbəti" eləmək istəyirlərmiş...
Bir
ağsaqqal kişi içəri girib salam-kəlamdan sonra ədəb-ərkanla
əyləşdi. Döş cibindən bir zərf
çıxarıb qoydu masamın üstünə.
Soruşdum:
-
Kişi, şikayətin nədir?
Nə
cavab versə yaxşıdır?
- Allah eləməsin
biz şikayət-zad yazaq, hörmətli prokuror!
- Bəs
masamın üstünə qoyduğun şikayət məktubu
deyil?
-
Əşi, yəni düşünürsən mən bu
ağsaqqal vaxtımda şikayətə gəlmişəm?
Şirkət başçısıyam, gəldim sizi
görüm, gedim. Zərfdə üç min dollar var. Hər
ayın başında yenə bir o qədər gətirəcəyəm.
Hirs vurdu
təpəmə, dilləndim:
-
Ağsaqqal kişisən, zərfi götür, get. Mən sən
deyən prokurorlardan deyiləm!
Kişi
çıxdı. Qəbuluma gələnlər bir-bir
masamın üstünə zərflər qoydular, mən də
onları bir-bir qovdum, getdilər.
Birinci
günüm belə keçdi.
İkinci
gün yenə təzəcə işə
başlamışdım, katibə bildirdi ki, "hörmətli
prokuror, dünənki ağsaqqal yenə gəlib". Fikirləşdim,
yəqin üzr istəməyə gəlib.
Kişi
içəri girər-girməz, köhnə dostlar kimi mənə
yaxınlaşdı, bir əli ilə əlimi tutdu, o biri əli
ilə döş cibindən bir zərf çıxarıb
qoydu masamın üstünə.
Yenə
soruşdum: "A kişi, bu nədir?" Kişi
yazıq-yazıq dilləndi:
-
Üstünü düzəltdim, hörmətli prokuror!
Altı min dollar elədim.
Elə
bil, başımda ildırımlar çaxdı. Kişiyə
necə qışqırdımsa, zərfi götürüb, o
gedən getdi.
Sonradan mənə
bildirdilər ki, bu adamlar hər ayın başında məndən
əvvəl işləyən prokurorlara beləcə
"baş çəkirlərmiş"... İndi gəl,
belə rayonda işlə görüm, necə işləyirsən?!
Xeyrəddin QOCA
Ədəbiyyat qəzeti.- 2021.- 25 sentyabr.- S.21.