Pakistanın mütəfəkkir şairi və
azadlıq carçısı
Uzun əsrlər boyu Hindistanın tərkib hissəsi
kimi fəaliyyət göstərmiş müasir Pakistan müsəlman
ölkəsi olaraq ciddi təqiblərlə üzləşməli
olmuşdur. Qərb dairələri Hindistanın çoxmillətli
və müxtəlif dinlərə inam bəsləyən
insanlardan ibarət olmasından istifadə edərək, millətlərarası
münasibətlər və dini ayrı-seçkilik zəminində
münaqişələr yaratmaqla tərəfləri
gücsüzləşdirməyə, özlərinin isə
hakimiyyətini daha da möhkəmləndirməyə
çalışmışlar. Bu proses öz növbəsində
ölkə daxilindəki xalqların özlərinin gələcək
taleləri haqqında
düşünüb-daşınmalarını ön
mövqeyə çıxarmış, beləliklə, milli
azadlıq uğrunda mübarizənin təməlləri
atılmışdır. Dini mənsubiyyətinə
görə müsəlman olan Məhəmməd İqbal
(1877-1938) gənclik illərindən etibarən Hindistandakı
bütün xalqların, xüsusən də müsəlmanların
hüquqları və azadlıqları istiqamətində
mübarizə ətrafında düşünməli
olmuş, həyatını bu şərəfli işə həsr
etmişdir.
Məhəmməd İqbal doğulduğu Pəncab əyalətində
ənənəvi mədrəsə təhsili ilə
yanaşı, həm də ingilisdilli məktəbdə
dünyəvi təhsil almışdır. Şotlandiya
Misyoner liseyində və Lahor Dövlət Kollecində magistr
dərəcəsinə qədər təhsilini davam
etdirmiş, bu dövrdə aldığı biliklər onun
Şərq-Qərb münasibətlərini dərindən dərk
etməsinə şərait yaratmışdır. Məhəmməd İqbal 1899-1905-ci illərdə
Şərq kollecində fəlsəfə fənnindən dərs
dediyi dövrdə yeni nəslin yaddaşına milli
özünüdərk və azadlıq düşüncəsi
toxumları səpməyə səy göstərmişdir.
Böyük Britaniyanın məşhur Kembric
Universitetinin nəzdindəki Trinit Kollecində hüquq təhsili
alması onun Hindistanda gedən ictimai-siyasi proseslərin səbəblərini
və nəticələrini daha aydın şəkildə dərk
edib, real qiymətləndirməsinə kömək
etmişdir. Almaniyanın Münhen
Universitetində aldığı doktorantura təhsili də Məhəmməd
İqbala Qərb inkişaf proseslərini əyani şəkildə
görmək və Şərq reallığı ilə
müqayisə etmək üçün meydan
açmışdır. "İranda
metafizikanın inkişafı" mövzusunda 1907-ci ildə
uğurla müdafiə etdiyi doktorluq dissertasiyası və
sonralar yazdığı "İslamda dini düşüncənin
yenidən doğuşu" adlı elmi əsəri onu Avropada
müsəlman Şərqi üzrə yüksək
ixtisaslı mütəxəssis kimi tanıtmışdır.
Məhəmməd İqbal XX əsrin ilk onilliklərində
artıq yüksək nəzəri hazırlığa,
geniş ictimai-siyasi dünyagörüşə, dərin
hüquqi və fəlsəfi biliklərə malik olan bir lider
kimi çıxış etmişdir. Allahabad şəhərində
1928-ci il ildə keçirilmiş
Hindistanın Birlik Qurultayına sədrlik etməsi onun ölkə
miqyasında tanınmış ideoloqlardan, liderlərdən
biri kimi qəbul edildiyini nümayiş etdirir.
Hələ gənclik illərindən boya-başa
çatdığı Pakistanın Pəncab əyalətində
müsəlman əhalisinin ağır həyat tərzinin
şahidi olan Məhəmməd İqbal Hindistanda
"islamın həbsdə, müsəlmanların
azadlıqda" olduğu mövcud çətin və mürəkkəb
ictimai-siyasi şəraitdə köləlikdən
çıxış yolunu maarifləndirmə yolu ilə
xalqın milli-mənəvi özünüdərk və
ictimai-mədəni tərəqqiyə nail olmasında,
istiqlaliyyətə çatmaq üçün siyasi
ayıqlıq nümayiş etdirməkdə
görmüşdür. Gənclik illərindəki ilk yaradıcılıq
məşqlərini nəzərə almasaq, ictimai-siyasi
mühitdən ədəbiyyata gəlməsinin əsas səbəblərindən
biri də Məhəmməd İqbalın xalqın mübarizəyə
hazırlanmasında şeirin təsiredici, səfərbəredici
roluna və əhəmiyyətinə bəslədiyi dərin
inamla əlaqədar idi. Məhəmməd
İqbal üçün bədii yaradıcılıq,
xüsusən də şeir xalqı milli istiqlaliyyət
uğrunda mübarizəyə hazırlayan və istiqamətləndirən
ən münasib vasitə olmuşdur.
Məhəmməd İqbal Avropa təhsili almış
Asiya yazıçısı və mütəfəkkiri kimi
Şərq ölkələrində və Qərbdə gedən
prosesləri dərindən qavramışdır. Onun
müşahidələrinə görə, Avropadakı
iqtisadi maraqların ön mövqeyə çəkilməsinin
yaratdığı mənəviyyat çöküşü
və Asiyadakı siyasi əsarətin, müstəmləkəçiliyin
doğurduğu ruh düşkünlüyü dünyanın
inkişafına mane olur. Buna görə də
Məhəmməd İqbalın
yaradıcılığında, ümumiyyətlə
insanlıq və tərəqqi ideallarının tərənnümü
özünəməxsus yer tutur. Bununla belə, vətəndaş
şair yaşadığı çoxmillətli Hindistanda və
ətraf ölkələrdə müstəmləkəçiliyin
yaratdığı köləliyə qarşı mübarizə
aparmağı yaradıcılığının ali məqsədi hesab etmişdir. Məhəmməd İqbal Hindistanda və
bütövlükdə Asiya qitəsində müstəmləkəçilikdən
xilas olmaq uğrunda mübarizə aparan qüdrətli sənətkardır.
Bundan başqa, o, Hindistanda "xristianlığı qəbul
etmiş" baharamların müsəlmanları vətən
xaini hesab etsələr də, onların özlərinin də
doğma vətənlərində müstəmləkəçilik
boyunduruğu altında "dilənçi sifətində"
yaşamağa məhkum olduğunu bütün təzahür
formaları ilə birlikdə açıb göstərmişdir.
Beləliklə, Məhəmməd İqbal bu nəhəng
Asiya ölkəsində müstəmləkəçiliyin
aradan qaldırılması yollarında dönmədən
mübarizə meydanına atılmışdır. Müstəmləkəçilikdən xilas olmaq,
azadlıq və müstəqillik Məhəmməd
İqbalın yaradıcılığının ana xəttini
müəyyən edir. O, bütün ömrü boyu həmin
ideallara dönməz sədaqət nümayiş etdirmiş, həyatını
və yaradıcılığını bu idealların həyata
keçirilməsinə həsr etmişdir. Bununla
belə, Məhəmməd İqbal Asiya müsəlmanlarının,
o cümlədən Hindistanda yaşayan müsəlman əhalisinin
ikiqat məşəqqətlərə məruz
qaldığını görmüş və mənsub
olduğu xalqın müstəqilliyi uğrunda mübarizəni
ön mövqeyə çəkmişdir.
Məhəmməd İqbal Pakistanın milli
istiqlalının və azadlıq mübarizəsinin ən
görkəmli ideoloqudur. Məhəmməd İqbalın dərin
mənalı, müdrik və mübariz poeziyası mahiyyəti
və hədəfləri etibarilə Pakistanın istiqlal
marşı kimi səslənir. Lahorda
1915-ci ildə çap olunmuş "Mənliyin sirləri"
şeirlər kitabında təqdim edilən şeirlər
milli-mənəvi özünüdərk proseslərinin poetik
dərslərindən ibarətdir. "Şərqdən
xəbər" adı ilə 1923-cü ildə çap
etdirdiyi şeirlər kitabı müsəlman
dünyasında, xüsusən də Hindistanda müsəlmanların
real çətin həyatının və ümidlərinin ədəbi
manifesti kimi qəbul edilmişdir. "Karvanın
çağırışı" şeirlər silsiləsi
ilə Məhəmməd İqbal artıq istiqlal uğrunda
mübarizənin real poetik çağırışlarını
meydana qoymuşdur.
Ümumiyyətlə, Məhəmməd İqbalın
müdrik və mübariz poeziyası milli-mənəvi
oyanışın dönməzliyinin poetik əks-sədasıdır. "Oyan"
şeiri Məhəmməd İqbalın ictimai-siyasi
baxışlarının və istiqlal düşüncəsinin
güzgüsüdür. Bu şeiri təkcə Hindistanın
deyil, geniş mənada Asiyanın, yaxud müsəlman
dünyasının istiqlal himni də adlandırmaq olar:
...Dünya
nə halə gəlmiş, Şərq qovrulur ağrıdan!
Külü
göyə sovrulan atəşə döndü hər yan,
Boğulmuş
bir inilti qərq olub susqunluğa,
Oyan dərin
uyqudan, dərin uyqudan oyan!
Torpağın hər zərrəsi dərdə
bürünüb bu an.
Baş
qaldır Hindistandan, Səmərqənddən, İraqdan,
Hayqır
bütün gücünlə, tüğyan et
Həmədandan,
Bir həyat
işarəsi göstər bizə və canlan!
Oyan dərin
uyqudan!
Dərin
uyqudan oyan!
Dərin
uyqudan oyan!
...Torpaqdan
xəlq olunmuş bir qulsan sən, ey insan!
Lakin zəmin də sənsən, sənsən
hüdudsuz zaman.
Haqqa
vüslat sirrinin şərabını iç və qan!
Kükrə!
Qurtar özünü şübhə
uçurumundan.
Nə
durubsan, çalxalan!
Oyan dərin
uyquran!
Dərin uyqudan
oyan!
Dərin
uyqudan oyan!
Göründüyü kimi, Məhəmməd İqbal
Pakistan ədəbiyyatının milli istiqlal mücahididir. Məhəmməd
İqbalın yaradıcılığı Pakistanın milli
oyanışının poetik dərsliyidir. Məhəmməd İqbal Pakistan istiqlal ədəbiyyatının
bayraqdarıdır. Əsərlərindəki
milli istiqlala çağırış ruhuna görə Məhəmməd
İqbal Pakistan ədəbiyyatının Məhəmməd
Hadisi, Azadlıq uğrundakı mübariz
çağırışları etibarilə isə ölkəsinin
Bəxtiyar Vahabzadəsidir. Məhəmməd
Hadi şeirlərindəki romantik
çağırışlar və maarifçi baxışla
Bəxtiyar Vahabzadə poeziyasındakı etiraz və qətiyyətin
vəhdəti Məhəmməd İqbalın
yaradıcılığının mahiyyətini təşkil
edir. Beləliklə, Məhəmməd
İqbalın poeziyası müdriklik və mübarizliyin tərcümanıdır.
Məhəmməd İqbalın
yaradıcılığı Pakistanın istiqlal ədəbiyyatının
simasını müəyyən edir.
Məhəmməd İqbalın əsərlərində
Şərqin böyük mütəfəkkirləri
Mövlana Cəlaləddin Rumiyə və sufizmin nəzəri
əsaslarını yaratmış Şeyx Mahmud Şəbüstəriyə
xüsusi ehtiramla yanaşılır. Hiss olunur ki, o, Mövlana
Cəlaləddin Rumini özünə ustad kimi qəbul
etmişdir. Şeyx Mahmud Şəbüstərinin
məşhur "Gülşəni-raz" əsərinə
yazdığı cavab isə nəzirə olmayıb, həmin
mövzuda XX əsrdə yazılıb, yeni baxışlar və
motivlər üzərində qurulan fərqli bir ədəbi-fəlsəfi
traktatdır. Məhəmməd
İqbalın öz əsərini "İkinci Gülşəni-raz"
adlandırması da tamamilə təbii olub, bu traktatın
orijinal bədii-fəlsəfi əsər olması mənasını
ifadə edir.
Bundan başqa, külliyyatı ilə tanışlıq
göstərir ki, Məhəmməd İqbal Azərbaycan
şairləri Əfzələddin Xaqaninin və İmadəddin
Nəsiminin yaradıcılığına dərindən bələd
olmuş və xüsusi rəğbət bəsləmişdir. "Ənəlhəq"
şeirində o, İmadəddin Nəsiminin adını
çəkməsə də, böyük Azərbaycan
şairinin həyat və sənət ideallarından
çıxış etdiyini nəzərə
çarpdırmışdır. "Xaqani"
adlı şeirində isə Məhəmməd İqbal
"Töhfətül-İraqeyn" kimi dahiyanə əsər
yaratmış görkəmli azərbaycanlı şairin həyat
və ədəbiyyat fəlsəfəsini dünyanı tərk
etməyin açarı kimi mənalandırmaqla ona bəslədiyi
yüksək münasibəti qabarıq şəkildə nəzərə
çatdırmışdır. Elxan Zal Qaraxanlının
şərti tərcüməsində verilmiş şeirdə
Məhəmməd İqbalın Xaqani dünyasına rəğbəti
açıq şəkildə ifadə olunmuşdur:
"O,
Tuhfetül-İraqeyn" sahibi, o görən gözün
göz bəbəyi,
Təfəkkürün
pərdəsini parçalarkən, sirr və rəmzləri
aşkar gördü
O məna
aləminin məsləkdaşı, o, özünə "len
tərəni" xitabını yönəltməyən,
Bu dünyanın nə olduğunu, bu həyat həngaməsini
ondan soruş.
"O bu
sözü söyləyərək dünya və axirətin
nə olduğunu açıqca izah etdi:
Şeytanın baki qalıb, Adəm peyğəmbərin
öldüyü belə bir dünyanın qoxusunu hiss etmək
(mahiyyətini anlamaq), o qədər çətin olmasın gərək.
Azərbaycan oxucusu görkəmli Pakistan şairi Məhəmməd
İqbalın həyatı və
yaradıcılığı haqqında müstəqillik illərindən
etibarən ardıcıl məlumat əldə etmişdir. Son zamanlarda
ölkəmizdə Məhəmməd İqbal haqqında
yazılmış məqalələr Pakistan ədəbiyyatının
böyük klassikinin çoxcəhətli
yaradıcılığı ilə ilkin tanışlıq
üçün şərait yaradır. Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu Azərbaycan-Asiya ədəbi
əlaqələri şöbəsinin baş elmi
işçisi, filologiya elmləri doktoru Bəsirə Əzizəliyevanın
"Məhəmməd İqbalın həyatı və
yaradıcılığı" adlı
monoqrafiyasının meydana çıxması ilə qüdrətli
Pakistan şairinin tərcümeyi-halı və
yaradıcılıq ideallarına dair geniş elmi təsəvvür
əldə etmək üçün meydan
açılmışdır.
Məhəmməd
İqbalın əsərləri külliyyatının ilk dəfə
olaraq 2021-ci ildə Azərbaycan dilinə tərcümə
edilməsi ümumən Pakistan ədəbiyyatı, o cümlədən
Məhəmməd İqbalın yaradıcılığı
ilə daha təfərrüatlı və əyani şəkildə
tanış olmaq üçün real imkan
yaradır. Tanınmış şair Elxan Zal
Qaraxanlının tərcüməsində Məhəmməd
İqbalın şeirləri və poemalarının Azərbaycan
oxucusuna təqdim edilməsi bu sahədə mövcud
boşluğu aradan qaldırmağa, böyük sənətkarın
yaradıcılığına olan böyük marağı
qarşılamağa uğurla xidmət edir.
Elxan Zal Qaraxanlı (1961) müstəqillik dövrü Azərbaycan
şeirinin tanınmış nümayəndələrindən
biridir. O, ən
yeni dövr Azərbaycan ədəbiyyatında aydın vətəndaşlıq
mövqeyi olan milli ruhlu şair kimi qəbul olunur. Milli-mənəvi bütövlük və
müasirlik Elxan Zal Qaraxanlı
yaradıcılığının təməllərini və
hədəflərini müəyyən edir. Azərbaycan reallıqlarının və türk
dünyası ilə əlaqədar motivlərin orijinal bədii
ifadəsi Elxan Zal Qaraxanlının şeirləri və
poemalarında böyük ilhamla və istedadla tərənnüm
olunur.
Bədii tərcümə işi sahəsində də Elxan
Zal Qaraxanlının zəngin təcrübəsi vardır. Qazax ədəbiyyatının
əsasını qoymuş Abay Kunanbayevin, görkəmli qazax
şairi Oljas Süleymenovun, Qazaxıstanın yeni dövr
yazıçılarından Kazıybek Saakhanın, Sabit
Dosanovun şeirləri, poemaları və romanlarını,
türk ədəbiyyatından Ataol Bəhramoğlu və
Çingiz Bektaşın şeirlərini Azərbaycan dilinə
çevirən Elxan Zal Qaraxanlı Azərbaycanda türk
dünyasına geniş bir ədəbiyyat pəncərəsi
açmışdır. "Beynəlxalq Mahmud
Kaşğari Mükafatları" Qurumuna rəhbərlik edən
Elxan Zal Qaraxanlı xalqımızın və ədəbiyyatımızın
türk dünyasında və ümumən dünyada
adının, yerinin, mövqeyinin, səsinin daha da qüvvətlənməsinə
ürəklə xidmət edir.
Fikrimizcə, Elxan Zal Qaraxanlının Məhəmməd
İqbalın əsərləri külliyyatını ilk dəfə
Azərbaycan dilinə tərcümə etməsi və həmin
tərcümələrin ölkəmizdə kitab halında nəşr
olunması bir neçə cəhətdən əhəmiyyətlidir. Əvvəla,
Məhəmməd İqbalın əsərlərini Azərbaycan
dilinə tərcümə edib nəşr etdirmək bu
böyük Asiya nəhənginin həyatı və
yaradıcılığı ilə əsaslı
tanışlıq üçün imkan yaradır.
İkincisi, Məhəmməd İqbalın əsərləri
Pakistan xalqlarının azadlıq mübarizəsinin tərcümanı
olduğu üçün, təqdim olunan kitab,
xalqımızın dost və qardaş Pakistanın
keçdiyi çətin və şərəfli mübarizə
yolunu daha dərindən və əsaslı şəkildə izləyib
öyrənməsinə yol açır. Üçüncüsü
isə Məhəmməd İqbalın əsərlərinin
Bakı nəşri müstəqillik dövrü Azərbaycan-Pakistan
ədəbi-mədəni əlaqələrinin qiymətli bir
səhifəsidir. Nəhayət, Məhəmməd
İqbalın əsərlərinin Azərbaycan dilində nəşri
gündən-günə genişlənməkdə olan Azərbaycan-Pakistan
əlaqələrinin daha da möhkəmləndirilməsinə
xidmət edən əhəmiyyətli ədəbi hadisədir.
İstedadlı və təcrübəli Azərbaycan
şairi Elxan Zal Qaraxanlı Məhəmməd İqbalın əsərlərini
dilimizə böyük məhəbbətlə tərcümə
etmişdir. Əvvəla, o, Pakistanın keçdiyi mübarizə
yolunu, Məhəmməd İqbalın həyatı və
yaradıcılığını dərindən öyrənməklə
bu ölkənin milli istiqlaliyyət carçısı olan
qüdrətli sənətkarın şeirlə ifadə
olunmuş ideallarını Azərbaycan xalqına olduğu
kimi çatdırmaq üçün bütün imkanlarını
səfərbər etmişdir. Elxan Zal Qaraxanlı Məhəmməd
İqbalın əsərlərini mümkün olduqca orijinala ən
yaxın şəkildə Azərbaycan dilinə tərcümə
etməyə nail ola bilmişdir. Fikrimizcə, dərin siyasi və fəlsəfi
baxışlara malik olan Məhəmməd İqbalın bir
çox ictimai məzmunlu şeirlərinin sətri tərcümədə
təqdim edilməsi də mütəfəkkir şairin fikirlərini
və ideyalarını gerçək şəkildə
oxuculara çatdırmaq üçün
düşünülmüş münasib yoldur.
Məhəmməd İqbalın əsərlərinin Azərbaycan
dilinə professional şəkildə tərcümə etməsi
Elxan Zal Qaraxanlının tərcümə sənətkarlığının
parlaq göstəricisidir. Pakistan ədəbiyyatının
qüdrətli yaradıcısı Məhəmməd
İqbalın şeirlərini Azərbaycan dilinə
çevirməklə Elxan Zal Qaraxanlı indiyədək
ardıcıl olaraq müraciət etdiyi türk
dünyasının coğrafi sədlərini aşaraq,
özünün sənət dünyasının üfüqlərini
Mərkəzi Asiyaya doğru daha da genişləndirmişdir.
Bütövlükdə Məhəmməd İqbalın
əsərlərinin Azərbaycan nəşri Azərbaycan bədii
tərcümə mədəniyyətinin yüksək
nümunəsidir.
Azərbaycan
Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu Məhəmməd İqbalın Azərbaycan dilinə
çevrilmiş bədii əsərlərini kitab halında nəşr
etməklə son illərdə Asiya ədəbiyyatının
tədqiq edilib öyrənilməsi və geniş ictimaiyyətə
çatdırılması istiqamətində mühüm bir
addım atmışdır. Məhəmməd
İqbalın kitabının Akademiyada nəşr edilməsi,
həm də Ədəbiyyat İnstitutunda xüsusi bir
prioritet istiqamətə çevrilmiş Pakistan ədəbiyyatının
dərindən və əhatəli şəkildə
araşdırılıb öyrənilməsinə xidmət
edən əhəmiyyətli bir layihənin həyata
keçirilməsi deməkdir.
Bütün
bunlarla bərabər, istedadlı şair və tərcüməçi
Elxan Zal Qaraxanlının tərcüməsində Məhəmməd
İqbalın əsərlərinin Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu tərəfindən kitab
kimi nəşr edilməsi, həm də Ədəbiyyat
İnstitutunun Azərbaycan Yazıçılar Birliyi ilə səmərəli
əməkdaşlığının da qiymətli bir səhifəsidir.
Pakistan ədəbiyyatının
görkəmli yaradıcılarından biri olan Məhəmməd
İqbalın əsərlərinin Azərbaycanda nəşri
dost və qardaş ölkəyə, onun ədəbiyyatı
və mədəniyyətinə xalqımızın yüksək
ehtiramının və böyük sevgisinin əyani təcəssümüdür.
İsa HƏBİBBƏYLİ
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi
adına
Ədəbiyyat İnstitutunun baş
direktoru, akademik
Ədəbiyyat qəzeti.- 2021.- 25
sentyabr.- S.14-15.