Həvva
hekayə
Sevdikcə sevilənlər
Allahın da sevdikləridir...
V.M.
Şəhər ara-sıra illərin yaddaşı
hopmuş, daşları artıq qaralmış, köhnə
qotik binanın fasadını xatırlatsa da, məscidlərin
minarələri hələ sökülməmiş məhəllələrdə,
göydələnlərin arasından uca və əzəmətli
görünürdü. Özündə hər əsrdən bir nişanə
daşıyan bu qədim şəhərin ilkin
görünüşündən bu yana
yeganə şahidlik edən isə mavi dənizdi...
Dənizkənarı
bulvar boyunca uzanan ikitərəfli yolun sağı və soluyla
şütüyən, əsasən tünd-qara, ara-sıra ağ, qırmızı, yaşıl,
badımcanı rəngli avtomobillər, hətta
işıqforda da vurnuxur, siqnal verir, digərlərindən
daha tez mənzil başına yetişməyə can atırdılar.
Bircə o tələsmirdi. Arxadan gələn avtomobillər onu
sıxmasaydılar o, daha az sürətlə
hərəkət edərdi...
Nədənsə, ürəyi sıxılırdı. İdarə
etdiyi bahalı "Mersedes" sanki onun deyildi. Yad bir adamın avtomobili kimi idarə edirdi. Restoranda başqasının pul verib sifariş verdiyi
musiqiyə oynayırmış kimi sürürdü
maşını. Ürəyini ona
vermiş o dünya gözəlinə sahiblənə bilmədisə,
indi sahibi olduqlarının nə anlamı vardı? Adətən,
illər keçsə də bir gün də olsun unuda bilmədiyi,
o sevgisini xatırlayanda bu hissləri keçirirdi... Hər dəfəsində də ürəyi
sancırdı.
Bütün
şəhəri beş barmağı kimi
tanısa da, bircə o məhəlləyə tərəf bir
dəfə də olsun getməmişdi.
Bu gün
ürəyi daha şiddətlə ağrıyırdı.Yolu
sola burulub, köhnə məhəllələrinə doğru
nə vaxt istiqamət götürdüyünü özü
də anlamadı... Evi satıb məhəllədən
köçdüklərindən sonra qız onu çox
gözlədi. O da bir gün gəlib qıza elçi
düşəcəyi günə çatmaq üçün
çox çalışdı. Amma gecikdi.
Qız ərə getdikdən sonra o məhəllənin
yolunu tamamən unutmağa çalışdı. Unuda bildimi?
Gör bir neçə ildir o məhəlləyə
getmir. Köhnə qonşulardan olan tay-tuşlarının
bir-ikisi ilə telefon əlaqəsi saxlayır. Əsasən də o çoxbilmiş
"sağdişi" ilə. Sonuncu dəfə
telefonda ona demişdi ki, məhəlləni söküb, yerində
göydələnlər tikiblər.
Heç
olmasa uzaqdan da olsa, o məhəlləni, göydələnləri
görmək istəyirdi... Gör bir nə qədər zaman
keçib...
Evlərinin
bir-birinə sığınmış gülbax üzlükləri
kimi, sakinləri də biri o birinə gülümsəyən
məhəllə şəhərin ən hündür yerindəydi...
O isə
yeni boy atmış cavan palıd ağacı kimiydi.
Yarpaqları yamyaşıl, hər il bir qədər
də ucalan, yağışlardan pöhrələnən,
günəşə doğru can atan əzəmətli gənc
bir palıd...
Məhəllədə hamı bir-birini
tanıyırdı. Uşaqların hamısı
yaxınlıqdakı məktəbə gedirdilər. Amma o qızı atası avtomobilində səhər
məktəbə aparıb, dərslər qurtarandan sonra da evlərinə
gətirərdi.
Hər şey sözdən başlayıb deyirlər. O və həmin o
qızın sevgisi içərisində minlərlə söz
olan kitabdan başladı. Qızın
qardaşı Əzəmətdən universitet imtahanlarına
hazırlaşmaq üçün kitab istəmişdi.
-
Bacımda o kitabdan var. Deyərəm verər, gətirərəm
sənə, - demişdi Əzəmət.
Əzəmət kitabı gətirəndə arasında
qızın şəkli vardı. Oxuyub qurtardıqdan
sonra geri verdikdə o da öz şəklini qoydu kitabın
arasına.
Qızın
şəklini isə qaytarmadı... Qız da onun şəklini
qaytarmadı...
Adı Yarminə idi o qızın. Məhəllədə
işdən sonra gecə qaralana kimi nərd, domino oynayan
yaşlılar da, tində yığışıb
bütün dünyanı ciblərində gəzdirən
cavanlar da yalnız o anı gözləyirdilər... Bu barədə
bir kəlmə də kəsmədən, sanki heç kimin
yadına da düşmədiyi o saatı...
Hər
gün axşam saat səkkizdə Yarminənin anası və
nənəsi qızı ortalarına alıb məhəllənin
ətrafına bir neçə dövrə vurub yenidən evlərinə
çəkilirdilər...
Onlar məhəllədə
dövrə vurduqları dəqiqələrdə bu
küçənin sakinləri yavaş hərəkətli
kino lentinin personajlarını xatırladırdılar...
Yaşlılar
başlarını qaldırmadan ah çəkib
gözaltı o tərəfə baxır, cavanlar isə bədənlərindən
keçən giziltini azaltmaq üçün siqaretə qullab
vururdular...
Anası
ilə nənəsi Yarminəni sağ və soldan əhatəyə
alıb, görünməz etməyə çalışsalar
da, hər kəs dörd gözlə uzağı
görürdü...
Çiynindən aşağı uzanan zil qara
saçları, cazibədar qaməti, bir baxışıyla hər
kəsi məst edən iri ala gözləri açıq
aydın bəyan edirdi ki, bu şəhərdə, bu gözəllikdə
başqa birisi yoxdur. Ürkək ceyran kimi arabir sağa-sola
baxmaqla ətrafdakıların ürəyini
oxlayırdı...Yarminə hava almaq bəhanəsi ilə ana və
nənəsini məcbur edirdi ki, həyətə
çıxsınlar. O, Vasifi bir gün görməsəydi
məhv olardı. Vasif də qızı görmək
üçün axşamın o saatını gözləyirdi...
O, tindəki
cavanlardan bir qədər aralıda, ağacın altında iki
dostu ilə dayanardı. Qız onun gözündə ağ duvaqlı gəlindi, sanki yerimir, bəyaz
göyərçin kimi aramla uçurdu. O, bəy,
yanındakı iki dostu sağdişi və soldişi idilər...
Çoxbilmiş
sağdişi elə bil onun içini oxumağa
çalışırdı:
- Dünən
anası bizə gəlmişdi. Anama deyib ki,
qızı yaman çox yerdən istəyirlər.
Atası da elan edib ki, bir-iki aya məktəbi qurtaran kimi verəcək
qızı...
O
susmuşdu. Amma sağdişi də, nədənsə,
çəkinib çox şeyi deməmişdi. Yarminənin anasının sağdişigilə gəlməkdə
məqsədi başqa idi. Eşitdirmişdi ki,
qızın ürəyi Vasifdə, yəni ondadır... Vasif də
qızı sevir...
- Ay
qız, bunun anası hara baxır? İkisi də
gül kimi uşaqdırlar. Bir-birlərinə
çox yaraşırlar. Gedib yalvarası deyiləm ki?..
Atası onları tərk edib gedəndən anası iki
növbə işləyirdi. Yorğun-arğın gəldikdən
sonra da yuxuya gedənə kimi deyinirdi: - Qoydu getdi. Yorulmuşam. Başınızın çarəsinə
baxın...
Sonra anası bu yükə dözmədi. Xəstələndi.
Evi satmaq məcburiyyətində qaldılar.
Atası ona, bacı-qardaşlarına, anasına sahib
çıxa bilmədi. Doğmalarına o sahib çıxdı... Amma Yarminəyə sahiblənə bilmədi. O
indi anlayırdı ki, sahibsiz qalanlar həyatın onlara
göstərdiyi lütfsüzlükdən dolayı, daha qətiyyətli
olmalı, sevdiklərinə daha sıx
sarılmalıdırlar...
Köhnə
məhəlləyə nə vaxt gəlib
çıxdığını heç özü də
anlamadı... Sinəsindən elə bir
ağrı tutdu ki, artıq dözə bilmədi. Maşından düşdü. O boyda məhəllənin
yerində dördkünc, düzbucaqlı, eyni eyvan və pəncərələrdən
ibarət bina dururdu. Binanı sanki daş-daş
hörüb qaldırmamışdılar. Köhnə
məhəllənin ürəyinin üstünə pərçimləmişdilər.
Gözəl tortun qıraqlarını kəsmək
üçün istifadə olunan dördbucaqlı iti
bıçaq kimi...
Yıxılmamaq üçün
yapışdığı, maşının
qapısının uc hissəsinin ovcuna
batdığını görüb, qapını itələyib
örtdü.
Göydələnin birinci mərtəbəsindəki əczaxananın
önündə dayandı. Bu bina Yarminəgilin
evlərinin yerində tikilmişdi. Köhnə
məhəllədə Yarminəgilin birmərtəbəli evlərinin
pəncərələri küçəyə baxırdı.
O pəncərələrdə pərdələr elə
asılmışdı ki, içəridəki otaqlarda yanan
işıqlar da görünməzdi. Amma pəncərələrinin
önündən keçəndə ona elə gəlirdi ki,
qız ona baxır...
Nəfəs ala bilmirdi. Sinəsindəki
ağrı dözülməz həddə
çatmışdı. Ürəyi sanki yerindən
qopacaqdı. Özünü birtəhər
əczaxananın qapısından içəri atdı.
Ağrının təsirindən şokdaydı. Sanki
ayaqları yerdən üzülürdü. Şad bir xəbər
verirmiş kimi bir anlıq gülümsəyib, şüşə
vitrinin arxasından güclə görünən
ağxalatlıya xırıltılı səslə - Deyəsən,
mən ölürəm, - deyərək səndirləyib yerə
yıxıldı...
İnsan öləndə hər şey son gördüklərindən
başlayır. Yuxarıdan bir-iki düyməsi
açıq olan xalat ağarıb-ağarıb, süd kimi
işığa çevrildi. Məkan
büsbütün ağardı. Sonra dairələnib
qaranlıqda hərəkət etməyə, onu da arxasınca
aparmağa çalışdı. Ruhu bədənindən
çıxıb işığın arxasınca getmək
istəsə də, kimsə sinəsindən basıb onu silkələyir,
ruhunun ayrılmasına icazə vermirdi.
Beləcə, bir xeyli silkələndikdən sonra
gözləri önündə gənc Yarminə
göründü. Elə o illərdə olduğu kimi, həmin yaşda,
eyni gözəllikdə, - "Aman Allahım, mən cənnətə
düşmüşəm. İlahi, Sən məni
axır ki, Yarminə ilə qovuşdurdun. Mən
necə də xoşbəxtəm.Yarminəm ilə cənnətdə
əbədi yaşayacam. Sənə
şükürlər olsun, Allahım". Qızın
sinəsi gözlərinə yaxın məsafədə
qalxıb enir, həyatı boyu sevdiyi o qız indi cidd-cəhdlə
onun sinəsindən basırdı...
- Gözlərini
açdı, şükürlər olsun...
Gənc Yarminə bir qədər duruxub əllərini
onun sinəsindən götürdü. Qız onun əlini əlinə
alıb nəbzini yoxladı:
- Yaman
qorxmuşdum. Sizi həyata qaytara bilməsəydim ömrü
boyu özümü günahkar hiss edəcəkdim.
Yarminə əlindən daha bərk yapışıb onu
dikəltdi. Yaxından baxdığında qız daha da təravətli
və gözəl görünürdü. Arxadan boylanan ağxalatlı qadın Yarminəni
göstərib, - Mənim qızımdır. Adı Həvvadır.
Tibb Universitetində oxuyur. Əczaxananın
arxası bizim mənzildir. Ara divarına
qapı qoymuşuq. Sizin
yıxıldığınızı görüb
özümü itirmişdim. Tez Həvvanı
qapıdan səsləyib çağırdım.
Universitetdə onlara ilk yardımı da öyrədirlər, -
dedi.
O, bir
qadına baxdı, bir də əlini hələ də
buraxmayan gənc və gözəl Yarminəyə. Amma nədən arxadakı bu qadın onun
adının Həvva olduğunu deyir. Həyatla
ölüm arasında hələ də harada olduğunu anlaya
bilməsə də qadının, - Siz mənə çox tanış gəlirsiniz. İllər
əvvəl yaxından tanıdığım birinə bənzəyirsiniz.
Şükürlər olsun ki, həyatdasınız, - sözlərindən
sonra ilk məhəbbətini, Yarminəni tanıdı.
Ölümdən
döndüyünü artıq anladı... Allah ona ikinci həyat
vermişdi...
- Mən
həm də ürək klinikasında tibb bacısı
işləyirəm. Səhər gəlin ürəyinizi
müayinə etdirək, - Həvva gülümsədi, - Sizə
ürəyinizi qorumaq lazımdır.
- Gələcəm,
hökmən gələcəm...
Vahid Məmmədli
Ədəbiyyat qəzeti.- 2021.- 25 sentyabr.- S.12.