Dillərin bəhsləşmə meydanı –

poeziyada və nəsrdə  

 

Bədii mətn vahid, az qala teoloji məna ifadə edən sözlərin bir sapa düzüldüyü məkan yox (Rolan Bart - "Müəllifin ölümü" - "Müəllif - Allahın gətirdiyi xəbər"), müxtəlif  dillərin mübarizə və bəhsləşmə meydanıdır, Rolan Bartın fikrincə, bədii mətndə nəyə toxunsan, əlini vursan, dərhal qarışacaq, burada, bu məkanda nəsə bir nizam-intizam və düzən yaratmaq, nəyisə bəlləmək, nəyinsə axırına çıxmaq müşkül məsələdir, əslində, mətnin məkanı da bizə yalnız qaçış üçün verilir, mətndə əvvəldən, əzəl başdan yazılmış yazını (alın yazısını) yamsılamaq stixiyası var, sən əbədi yazırsan, mənadan məna doğurur, alın yazısına doğru qaçış davam edir. Alın yazısını yamsılamaq aktı metaforadır, əslində, bu prosesi şeir mətni ilə müqayisə etmək bir o qədər də yerinə düşmür, çünki Qaston Başlyarın dediyi kimi, poeziya anın metafizikasıdır, yaxud ani, göz açıb-yumunca bitib-tükənən metafizikadır. Ən müxtəlif şeir mətnlərinə də nəzər salsaq görərik ki, burada hər şey - dünya, ürəyin təlatümləri... hər şey bir anın içində baş verir, bir anın içinə yerləşir. Poeziyadakı bu "eynizamanlılıq" onun göstəricisidir ki, şair işarənin gücünə həyatı, öz oxu ətrafında fırlanan Yer kürəsini ... dayandırmaq istəyir. (Bədii nəsrdə isə bunun əksini təsəvvür edin - zamnın oxunun irəli-geri fırlanma sürəti artıb-azalır...). Poeziyanın səslənməsindən, şeirin yazılmasından yeganə məqsəd yer üzünü bürüyən səs-küyü yatırıb sükut, son nəticədə əbədi lallıq yaratmaqdır. Qaston Başlyarın fikrincə, "...poetik məqam, an boşluğun içində yaranır. Bu anın içində sonsuz sayda eynizamanlılıq sıraları yaratmaq üçün şair bağlı zamanın sadə arsıkəsilməzliyini qırır...". Şeirdə bütün dünya... bir anın içində qərar tutur. Öz yoluyla varıb keçən çay da məcrasından çıxır, göyə millənir, buludların arasından süzülüb yoxa çıxır. Şeirdə üfüqi xəttin şaquliləşməsi vəziyyətin dəyişməsindən çox, nizamın pozulmasının işarəsidir.

Orxan Vəlinin şeirinə bir də diqqət yetirin ("Bekliyorum, öyle bir havada gel ki, vazkeçmek mümkün olmasın..."), - an, məqam tutulub və bu "görüntü" bütün zamana, dünyaya aid edilib, - hər şey həmin məqamla paralel vəziyyətə gətirilib, axan zamının məcradan çıxması dərin təbəddülat yaradır. Axşamüstü, qış vaxtı, təkcə mən deyiləm yalqız, dəniz də, göy üzü də qaranlıq... Nə gördük bu dünyada. Əslində, bütün həyatımız boyu gördüyümüz bu deyilmi? Hər şey - qadın sevdası, para qazanmaq ehtirası damcı-damcı canımızdan çıxır, nəfəs alıb-verdikcə (öldükcə) dünyanın kirindən təmizlənirik. Hər şeyin bir anın içində yerləşməsi zamana qarşı qəsddir. Poeziya zamanı dayandırıb, əyləyib onun yerinə danışmaq istəyir.

Yaxud:

 

İstanbulda, Boğaziçinde

Bir garip Orhan Veliyim,

Velinin oğluyum

Terifsiz kederler içindeyim...

Urumeli hisarında oturmuşum,

Oturmuş da bir türkü tutdurmuşum...

İstanbulun mermer taşları

Başıma da konuyor martı kuşları

Gözlərimdən boşanır hicran yaşları

Edalım...

Senin yüzündün bu halım...

 

Şeirdə dünənlə (ənənə mənasında dünən) bu gün və gələcək çox incə şəkildə, mövcud məna qatlarının çevrilib yeni formalar icad etməyə hazır olduğu məqamda birləşir, ancaq nə qədər yaxın olsa da bu mətnin içindəki dünəni (ənənədən qalan xətləri) diriltmək, onu əvvəlki halına qaytarmaq mümkün deyildir, elə bir çevrilmə prosesi baş verib ki, danışan dil susan, gözləyən dilə çevrilib, mənaları çatdıran dil susduqda, daha doğrusu, gözləmə mövqeyinə keçdikdə proses, yəni formanın bir sözə çevrilib də dərhal ondan imtina etməsi məqamı getdikcə dərinləşir, əkində toxumlar necə şırımlar arasına düşüb orda əbədi olaraq yox olursa, bədii mətndə də bu çevrilmə anı dərhal gözdən itir, yaddaş pozulur, gözə, ürəyə, qulağa tanışdan tanış olan formanın bu biçimdə pozulması nəticəsində bir anlıq yer üzünə sükut çökür, bir anlıq kimsə bu sükut dilində danışa və susa bilmir, hər şey - bu qədər gözə, qulağa və ürəyə tanış elementlərin arasında hər şey bayaq (dünən-!) bir-birindən ayrılmaz görünməyinə baxmayaraq bir-birindən min verstlərlə uzaq düşür. Sərbəst şeirin formalaşması prosesində ənənədən götürülən, əxz edilən hər şey yeni yaddaş qazanmağa susamış vəziyyətdə olur, köhnə nəsnənin yeni yaddaş axtarışı geriyə qayıdışı mümkünsüz edir, ona görə də bədii mətndə bir daha alın yazısını yamsılamaq stixiyası qaçılmaz olur.

Bədii nəsrdə bu funksiya təhkiyənin dili ilə, kompozisiyanın oxuna-oxuna təkmilləşməsi, hər bir oxucunun bu mətnə öz hisslərini qatıb danışan və susan dillərdə rəng spektrinin qəlizləşməsi, bəzən isə tanınmaz hala düşməsi sayəsində "irəliləyir". Süjet materialı nə olur-olsun, bir məqamda mənalarla oyun stixiyası yaranır, bayaq bircə mənaya, bircə mətləbə şamil etdiyin nəsnələr artıq əvvəlki mövqeyini itirir, həmin o bircə məna və mətləbi bu çoxluğun içində "itirirsən", sənin demək istədiyin minlərlə insanın demək istədiyi və "yaddan çıxardığı" sözlərə çevrilir. Bədii nəsrdə təhkiyə, hadisəni təsvir etmə stixiyası nə qədər axar-baxarlı olsa da, fikir, mətləb həmişə məhz yaddan çıxan sözlərin hesabına böyüyüb artır, dünyadan böyük olmaq, onu içində əridib sərhədlərini görünməz etmək inadı sona qədər qırılmır. Bəzən bir hekayə, povest, yaxud roman - məhz o yaddan çıxan, kiminsə unutduğu sözü tapmaq inadı ilə şərtlənir, onun naminə yazılır, bu unudulan, hafizə bataqlığında boğulan söz yad bir dilin, artıq kimsənin danışmadığı bir dilin də sözü, nəfəsi ola bilər, dəxli yoxdur, bədii nəsr mətni məhz o unudulan dil ərazisini bərpa etmək naminə yazılır. M.F.Axundzadənin "Aldanmış kəvakib" mətnində bu axtarış müxtəlif gerçək və uydurma mənbə və mətnlərin içində aparılır, o mətnin içində bu gün tapdığın məna sabah başqa bir mətləblə bağlanır, bu bağlılıq (frazeoloji anlamda "bağlı məna") səhifələrlə mətni bir sözün bircə hecasına döndərir...

Müasir Avropa nəsrində (fransız yazıçısı Jan Eşnozun "Royal arxasında" romanı) bu prosesi nəzərdən keçirmək olar. Əvvəlcə məlumat üçün deyək ki, Jan Eşnoz müasir fransız yazıçısıdır, romanları ilə məşhurdur. 1999-cu ildə Qonkur mükafatını qazanıb. Avropada onun hər bir yeni romanı tənqidin və publikanın diqqət mərkəzində olub, hər bir romanı parlaq ədəbi qələbəyə çevrilib. "Royal arxasında" romanı onun prozasının şah əsəridir. Tənqid və nəzəri fikir uzun müddət (2003-cü ildən bəri - roman həmin il "Minui" nəşriyyatında çap edilmişdi) bu romanla məşğul oldu. Romanın baş qəhrəmanı adından da göründüyü kimi, istedadlı bir pianoçudur, hər gün şöhrətinin üstünə şöhrət gəlir və beləcə, üst-üstə qalanan şöhrətin altında qalıb təntiyir, bu şöhrətin, bu alqışların əsirinə çevrilir. Yeganə bir yol qalır - ölüm.

Əcəliylə ölmür - öldürürlər. Bütün ömrü boyu, hətta real dünyadakı həyatı tükənəndən sonra da bir qüssənin içində qalır - vaxtilə, Tuluza konservatoriyasında təhsil aldığı illərdə Roza adlı qıza vurulmuşdu, violonçel sinfində son kursda oxuyarmış. Məhəbbətə gələndə hər ikisinin dili tutulur. Qızın onu sevdiyini, ancaq bunu bildirə bilmədiyini eşidəndə dəli olur, bütün ömrü, çaldığı əsərlər, bu əsərlərin içinə özündən asılı olmadan qatdığı qammalar ürəyində dustaq etdiyi sözlərin pardaqlanmasına oxşayır. Həyatda günbəgün artan şöhrətin əsirinə çevrilib heç nəyi dəyişə bilməyən adamı o biri dünyada dəyişirlər, sifətinin cizgilərini və onlar arasındakı münasibətləri elə dəyişirlər ki, heç kəs onu tanımasın. Adını belə dəyişirlər və qadağa qoyulur: həyatdakı sənətinlə bir daha məşğul ola bilməzsən, əvvəlki dost-tanışlarına yaxınlaşa bilməzsən. Maksı geriyə - Parisə göndərirlər, məlum olur ki, cəhənnəm bu dünyada - Parisdəymiş.

Nəhayət, dözə bilmir, qadağaları bir-bir pozur.  Kimsə onu tanıyır, qanındakı əvvəlki "səslər" qışqırıb yuxudan ayılır.

Jan Eşnozun əsəri problematikası və poetikası etibarilə müasir fransız romanıdır. Romanda insan həyatının "davamı" fəlsəfi, psixoloji çalarla... və daha çox mistika planında göstərilmişdir.

Romandan kiçik bir parçanı nəzərdən keçirək: "Kursel bulvarında Roma küçəsi tərəfdən iki kişi gəlirdi. Onlardan biri, orta boydan bir az hündür olanı ağzına su alıb durmuşdu. Böyük, axıra qədər düymələnmiş plaşın altından "kəpənək" qalstuklu qara kostyum geyinmişdi. Qar kimi dümağ manjetdə taxma damarlı əqiqdən hazırlanmış dördkünc düymələr qızarırdı. Qısaca deməli olsaq, gözəl geyinmişdi, ancaq bütün bunların fonunda ağarmış bənizi və boş, yayğın baxışları, nədənsə, son dərəcə qayğılandığını göstərirdi. Arxaya daranmış saçlarının ortasından xətt keçirdi. İyirmi iki gündən sonra ömrü dəhşətli, tükürpədici ölümlə başa çatacaqdı, ancaq hələ bundan xəbərsiz idi, üzündəki qorxunun səbəbi başqaydı".

Fikir verirsinizsə, romanın birinci səhifəsində qəhrəmanın öləcəyi xəbəri verilir. Bu informasiyanın əsərin başlanğıcında verilməsi bir elə xüsusi məqsəd daşımır. Bu xəbər bəlkə ona görə əvvəlcədən verilir ki, real ölüm səhnəsi adi qarşılansın, daha çox: qəhrəmanın özü də bu tükürpədici səhnəyə barmaqarası və barmaqlarının arasından baxa, onu seyr edə bilsin (romanda elə belə də təsvir edilir, konsertdən sonra qəlbindəki əbədi qüssə ilə şəhərin bütün barlarına girib-çıxan qəhrəman Maks, hətta qatilin boğazına dirədiyi ayağının uşaq ovcu kimi bapbalaca olduğuna ürəyində ironiya edir, səsini kəsib barmaqları arasından bu sürətli hərəkəti seyr edir). Hadisələr inkişaf etdikcə məlum olur ki, ölüm insanların o biri dünya adlandırdıqları dibsiz və zamansız məkandan xəbər kimi, şərhə, yozuma gəlməyən informasiya seli kimi axışır. Bu informasiya real həyatın, gerçəkliyin hadisələri ilə, necə deyərlər, reaksiyaya girərək, bir-bir "açılır". Əsas məsələ bu son dərəcə maraqlı hadisələrin arasından xəfif külək kimi əsən, onların arasına yeriyən nəsnələri anlamaq, gözdən qaçırmamaqdır. Qəhrəmanın öldürüldüyü səhnə bu mənada xarakterik məqamlarla səciyyəvidir. Bu dəhşətli hadisənin baş verdiyi zaman Maks bütün gücünü toplayıb sərxoş səsiylə qışqırmaq istəyir, bacarmır, ancaq ruhu bədənindən uçar-uçmaz gözü hər gün parkda gördüyü, axır zamanlar salamlaşmağa başladığı qız ilə birlikdə gəzən köpəyə sataşır; köpək işığı söndürülmüş otağın pəncərəsi ağzında durub, səsini içinə çəkib bu səhnəyə baxırmış. Qəhrəman o biri dünyadan geriyə - Parisə, o biri dünyanın məntiqi ilə cəhənnəmə qayıtdıqdan sonra heç kəs onu tanımır, bu köpəkdən savayı... Köpək onu görcək sahibinin əlindən dartınır, ip dartılı qalır. Baxır, baxır və birdən gözlərini ayırıb kənarda çirkli suda çimişən göyərçinlərə tərəf hürür, düşünür ki, bu qədər hisin-pasın içində qanad çırpıb necə uçmaq olar... Bu məqam bir anın, anın bircə qətrəsinin, damlasının içində dünya durduqca görünən şeyin birdən rəngini itirməsi və görünməməsi məqamıdır. Əslində, romanın mifopoetik süxurlarında gerçək hal bundan ibarətdir ki, o dünyadan bu dünyaya gələn, geri qayıdan insan yox, onun haqqında indiyə qədər rastlanmayan və öyrənilməyən bir informasiyadır. Yəni əslində, dünyanın gerçək mənası da bundan ibarətdir. Gerçək həyatda təsadüfən küçədə gördüyün, qarşı-qarşıya gəldiyin insanı artıq dünyasını dəyişmiş insana bənzətməyin bu informasiya ilə ilgilidir, insan haqqında, onun həqiqəti, ruhu, eşqi... haqqında informasiya mütləq geri qayıdır.

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 25 sentyabr.-S.13.