Qırx dörd günün gerçək nağılı

 

2020-ci ilin

ulu Vətən savaşçılarına

 

Sentyabrın 26-sından

   27-sinə keçən gecəsi,

      dəmir bir yumruğa

         dönmüşdü aslan pəncəsi.

...Bir az sonra

   başlayacaqdı döyüş -

bir az sonra

   lərzə düşəcəkdi

      arana, dağa;

         qəlbi qübarlı Qarabağa;

bir az sonra

   şəhid qanı,

      qazi qanı

         qarışıb

            can verəcəkdi torpağa.

44 günlük alov içində

   ürəklənib

      təzədən Vətən olacaqdı

         çayır torpaq,

            yovşan torpaq.

"Oğuz igidlərim hardadı" - deyib

   illər boyu

      yurdun yiyəsini

         soruşan torpaq.

Bir az sonra

   dirilib

      yenidən

         nəfəs alacaqdı

            ər oğulların,

               əsgər oğulların

                  çəkməsinə qovuşan torpaq...

...Bu da noyabrın onu,

   diz çökməklə bitdi

      yağının sonu.

Bir az öncə gəldi

   Zəfər soraqlı

      o mübarək gün,

         o hava gün,

            o işıq gün,

               o ürək gün!

...Əlvida söylədi otuz illik

   qara baxtına,

aranıyla, dağıyla

   bütünləşdi Qarabağ.

Şuşa-Kəlbəcər,

   Ağdam-Laçın da

      kökləndi Bakı vaxtına;

Can oldu,

   Azərbaycan oldu -

      Vətənləşdi Qarabağ!

 

Orxan PAŞA

 

Ədəbiyyat qəzeti.- 2021.- 25 sentyabr.- S.11.