Vətən müharibəsi və ədəbiyyatımız
Savaşlardan sıyrılan Azərbaycan
Asiya və Avropanın qovuşduğu Qafqaz coğrafiyasında - Xəzər dənizinin qərb sahilindən Güneyə uzalı torpaqlarda yerləşən, əski çağlardan etno-tektonik dəbərti və təkanları, xalqların qaynayıb-qarışması və durulub-büllurlaşmasının mükəmməl özünütəşkil sonuclu gərgin sürəcini yaşayan Azərbaycan planetin ən mürəkkəb, bu gün isə yetərincə əhəmiyyətli geopolitik bölgələrindən biri kimi, zaman-zaman siyasi, diplomatik, hərbi mübarizə ənənələrinə yiyələnərək, dövlət və mədəniyyət quruculuğunun böyük təcrübəsini qazanmış, mədəni həyat atmosferində tuyuq və bayatıdan epos və verlibrə, kaşı, miniatür və xalçadan Qız qalası, Xudafərin körpüsü və "Alov qüllələri"nədək özünün seçkin estetik məkanını da yaratmışdır. Türk dünyasının bir parçası olaraq Cənubi Qafqazda təşəkkül tapmış müasir Azərbaycan dərin kökləri ilə dövləti həyat, savaşı hünər sayan ulu türk gələnəyinin - Avrasiyada Göy Türklərdən Səlcuqlara qədər çoxəsrlik ümumdövlətçilik tarixinin, Ötükən (Orxon-Yenisey) Türk Kitabələrinin, Oğuznamələrin varisidir. Azərbaycan Xalq Cümhuriyyəti bu böyük tarixin çağdaş suverenliyimizə təkan verən yalnız parlaq bir qığılcımıdır.
Azərbaycanın tarixi coğrafiyasında sərhədləri genəlib-daralan Manna (e.ə. IX-VI), Midiya [Mada] (e.ə. 670-550), Atropatena (e.ə. 321 - b.e. 224), Albaniya (e.ə. IV - b.e. VIII), Sacilər (879-941), Salarilər (941-981), Rəvvadilər (981-1054), Şəddadilər (951-1174), Şirvanşahlar (861-1538), Qaraqoyunlu (1375-1469), Ağqoyunlu (1378-1503) dövlətləri, digər hökmdarlıq, əmirlik və məlikliklər mövcud olmuşdur. Şərqin iki qüdrətli imperiyasının - oğuz türklərinin (müasir Türkiyə və Azərbaycan türklərinin sonradan bir gövdədən budaqlanmış uluslarının) təməlini qoyduğu, 3,9 milyon kv.km. ərazini əhatə edən Böyük Səlcuq imperatorluğunun bünövrəsində tarixdə ilk dəfə Azərbaycan türk dövlətçiliyini yaradan və "Azərbaycan" sözünü dövlət adında rəsmiləşdirən [Atabakane Azərbaycan] Atabəylər [Eldəgizlər] (1136-1225) və ölkəmizdən başqa, İran, Ermənistan, İraq, Əfqanıstan, Türkmənistan, şərqi Anadolu, şimal-şərqi Hindistan və Özbəkistan ərazisinin böyük hissəsini (3,5 milyon kv.km.) əhatə edən Səfəvilər dövlətinin (1501-1736) qurucusu məhz Azərbaycan türkləridir - Azərbaycan türk tayfaları ittifaqının passionar ordusu qızılbaşlardır. Tarixdə bir neçə dövlət və iki imperiya qurmuş azərbaycanlılar iki imperiyanın tərkibində də yaşamışlar (Ərəb xilafəti və Rusiya).
Etnogenetik yaddaşı itirmədiklərindən, onlar qurduqları dövlət və imperiyalarda tərəqqiyə çatmış, asılı olduqları imperiyalarda da tərəqqi imkanlarını əllərindən qaçırmamışlar. Ölkəmizin tarixi-siyasi həyatı yadelli işğalçılara qarşı mübarizənin, xalq üsyanlarının, sarsıdıcı hakimiyyət dəyişikliklərinin, dövlət çevrilişlərinin, dini, ideoloji cəbhələşmə və qütbləşmələrin də meydanı olmuşdur. Bütün bu olanları isə millətin Tarixi Yaddaşına çevirən - onun mədəniyyəti, incəsənəti, ədəbiyyatı, ədəbiyyatın mayasını təşkil edən Bədii Söz olmuşdur. Bircə bayatımız 1300 il öncə ərəblərin yürüşündən, 800 il öncə monqolların yağmalamasından, 200 il öncə rusların basqınından, 30 il öncə ermənilərin işğalından viran olmuş yurd yerlərimizin sızıltısını dilə gətirir:
Əzizinəm, nur dağlar,
Yağsın sənə nur, dağlar,
Mən özüm ağlamazdım,
Görcək məni yurd ağlar!
Sırf poetika baxımından, bu, mükəmməl əsərdir. Eyni zamanda dərin semantikasında milli ruhun yenilməzliyini də gizlədir: Dağlarına nur kimi baxanlar, Vətənə nur əkənlər viran olmuş yurdun yarasına özlərini sarıya bilənlərdir!
Xalqımız bayatı yığcamlığına sığdırdığını epos siqlətində də söyləməyi bacarmışdır. Ədəbi-bədii fikir tariximizin sütunları olan "Kitabi-Dədə Qorqud" və "Koroğlu" - geniş polifonik məzmunu ilə həm də savaş mədəniyyətinin ulu dastanlarıdır. Döyüşə bilməyən xalq başqalarının yedəyində getməyə məhkumdur. Döyüşünü diplomatiya və siyasətində, strateji hədəflərində möhkəmləndirə bilməyən xalqın sonrakı məğlubiyyətləri qaçılmazdır. Döyüşlərdə yüksəltdiyi hərbi qüdrətini üstün mədəniyyətinə daşımağın və aşılamağın öhdəsindən gəlməyən xalq, hətta məğlub etdiklərinin daha təsirli mədəniyyətinin və sivilizasiyasının içində əriyib yox olmağın acı aqibətini yaşar. Ona görə də "Kitabi-Dədə Qorqud"da Qazanla Qorqud, "Koroğlu"da Qılıncla Saz alpərənliyin təməlidir. Sözlə yox, Qanla suvarılan Qılınc vəhşiləşir, Qılınc ovxarlığını itirən Söz kəsərsizləşir!
"Türklərin dövləti ucalanda, // Məmləkətdə ədalət hakim oldu" - gerçəyini bəyan edən Nizami Gəncəvinin bütövlükdə "Xəmsə"si savaşlar içindən doğulan mədəniyyətin və əxlaqın insanlıq dəyəri qazanması epopeyasıdır. Azərbaycanın hökmdar-şairlərindən ikisi - "Döşəkdə ölən yigit murdar bolur" deyən Qazi Bürhanəddin (1345-1398) və Qaraqoyunlu dövlətinin V Sultanı Cahanşah Həqiqi (1436-1467) döyüş meydanlarında həlak olmuşlar. Səfəvi imperiyasının qurucusu Şah İsmayıl Xətai [1487-1524] yeddi yüz ildən sonra Babəkin mübarizəsini Azərbaycanın basılmaz iradəsinin hökmü olaraq davam etdirmiş və əslində, başa çatdırmışdır: Şah İsmayıl vaxtilə Azərbaycanı işğal edən ərəbləri öz yuvasına qədər qovaraq və bütün Şərqdə ümumtürk dominantlığına (Osmanlı və Moğol imperatorluğu ilə birgə) Azərbaycan türkünün də qüdrətini qataraq tarixdə iz buraxan sözlər yazmışdı: "Yetdükcə tükənür ərəbün kuyi, məskəni, // Bağdad içində hər necə kim, türkman qopar!". Şah İsmayıl Xətainin himayə etdiyi, Kəmaləddin Behzad və Sultan Məhəmməd kimi böyük ustadların çalışdığı Təbriz miniatür məktəbi, Azərbaycan xalq tətbiqi sənətinin ən populyar sahəsi olan xalçaçılıq digər mövzu və süjetlərlə yanaşı, mifik, ədəbi və tarixi hərb səhnələrinə də geniş yer verirdi. Palaz, cecim və kilimlərimizdə döyüşkənlik rəmzi qoçlar sanki ayaq tutub yeriyir, buynuzlaşırlar.
Bu o deməkdir ki, milli tariximizin və dünyagörüşümüzün ana xətti kimi bədii-estetik mədəniyyətimiz hərbi-siyasi mədəniyyətimizdən ayrılmaz şəkildə inkişaf etmişdir. Diqqət yetirsək görərik ki, tarixi qələbələrimizin kökündə bu ayrılmazlığın yaratdığı energetik passionarlıq, ən çətin sınaqlardan sıyrılıb çıxma əzmi, tarixi məğlubiyyətlərimizin dibində isə onların arasındakı çatın yaratdığı məqsədsizlik, mənəvi aşınma, ruhun sərgərdanlığı dayanır. Həyatı müharibələrdə keçən Napoleon I Bonapart başı daşdan-daşa dəyə-dəyə bu həqiqətin ayağına gəlmişdi: "Dünyada iki böyük güc var: Qılınc və Ruh. Sonda Ruh Qılınca qalib gəlir". Bizim mədəniyyət tariximizdə fatehlik ruhunu Şah İsmayıl Xətai qılıncı və sözü, Məhəmməd Füzuli isə bilgəlik, mütəfəkkirlik daşan poeziyası ilə yaradırdı. Siyasi və bədii mədəniyyətimizin tarixi hörgüsü ona dəlalət edir ki, fiziki və mənəvi coğrafiyasına görə doqquz-qurşaqlı, yalquzaq-çevrəli Azərbaycan geopolitik olduğu qədər də poetikdir!
Nə zaman ki, siyasətdə və ədəbiyyatda epiqonçuluq başladı, mədəniyyətin şah damarları boşaldı. Birinci cinahda farsçılığa qayıdış, təriqətçilik, separatçılıq, xançılıq, sarayçılıq, hərəmxanaçılıq ulusal ideologiya quruculuğunu üstələdi, daxili və xarici təhlükələrə sinə gərilmədi. İkinci cinahda, demək olar ki, Molla Pənah Vaqifə qədər (hətta ondan sonra da!) şairlərimiz Məhəmməd Füzulini və bütün Şərqdə artıq məbədləşmiş Sədi Şirazini, Hafiz Şirazini təqlid etməkdən yorulub usanmırdılar. Avropa imperializminin təkmilləşən siyasət, iqtisadiyyat, elm, mədəniyyət, ordu və silah arsenalı qarşısında fəlsəfəsi ilahiyyatına yenilmiş epiqonçu Şərqin üç böyük türk imperiyası - Osmanlı, Moğol və Səfəvi imperatorluqları duruş gətirə bilməyəcəkdi. Nadir şah Əfşarın və Ağa Məhəmməd şah Qacarın üsul-idarəsi farslaşmış, bölgəsəl və beynəlxalq rəqabətə davamsız, artıq yaradıcı mədəniyyət dayaqları laxlamış dövləti milli zəmində dirçəltmək cəhdləri boşa çıxdı. Avropa imperializmi bütövlüyünü, dirəniş gücünü itirmiş Şərqi gəmirdi. XVI əsrdə Şərqin qüdrətli imperiyası olmuş Azərbaycanın şimal hissəsi cəmi 300 il sonra ayrı-ayrı xanlıqlar şəklində Rusiya imperiyasının müstəmləkəsinə çevrildi... Ruhun Qılıncdan ayrı düşməyinin nəticəsi belə olur.
Azərbaycan torpaqlarında erməni dövlətinin yaranması və XX əsrin sonlarında Qarabağın işğal edilməsi bizi düşməndən zəif salan, əsasən, ulusal ideologiya qatında siyasət və mədəniyyət arasındakı vəhdətin sarsılması faktına dayanır. Bu o anlama gəlmir ki, ermənilər həmin vəhdətə bizdən yetərli çatdıqlarından "uğur" qazana bilmişlər. Tarix boyu maraqlı tərəflərin yedək siyasətində sürüklənən, hətta XXI əsrdə də müstəqil dövlətçilik siyasəti yürüdə bilməyən ermənilərin "alət funksiyasından" savayı bir öhdəliyi yoxdur.
Tarixi-kulturoloji planda varislik xəttini bütün cinahları ilə izləmək zərurətindəndir ki, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyətini həm də onun Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatına həsr etdiyi, hətta başqa ölkələrdə çap etdirdiyi ("Əsrimizin Səyavuşu", "Azərbaycan şairi Nizami", "Azərbaycan kültür ənənələri", "Çağdaş Azərbaycan ədəbiyyatı", "Çağdaş Azərbaycan tarixi", "Qafqaz türkləri" və s.) əsərləri zənginləşdirirdi. Biz 30 illik erməni işğalına ona görə son qoya bildik ki, siyasət və mədəniyyət arasındakı vəhdətin rüşeymlərini ən çətin zamanlarda belə, varlığımızın dərinliklərində qoruyub saxlaya bilmişdik. Yoxsa, 2020-ci ilin sentyabrında tarix qarşısında and içib əhd etdiyimiz milli səfərbərliyə nail ola bilməzdik. O müqəddəs rüşeymlərin oyanış gücünə "əbədi müstəqilliyə" doğru üç həlledici addımı ata - demokratik maksimalizminə görə Şərqi də, Qərbi də önləyən Azərbaycan Xalq Cümhuriyyətini tarix səhnəsinə gətirə, amansız repressiyalara, azadlıqların boğulmasına rəğmən Sovet İttifaqının tərkibində milli siyasətimizi milli mədəniyyətimizin özəyində hifz edə və nəhayət, XX əsrin sonlarında suveren Azərbaycan Respublikasını qura bilmişdik.
Tarixi-kulturoloji proseslərin dərki baxımından son yüzillikdə bir-birilə qırılmaz bağlılıqda olan bu üç həlledici an 27 sentyabr - 10 noyabr 2020-ci il tarixli Vətən müharibəsindəki Böyük Zəfərlə zirvə və dönüş nöqtəsinə çatır. Qarabağ uğrunda Azərbaycan Respublikasının Ermənistan Respublikası ilə apardığı 44 günlük Vətən müharibəsində xalqımızın qələbəsini təmin edən əsas faktor da - tarix qarşısında milli məsuliyyətimizi tam dərk etməyimizdir. Keçmişimizlə Gələcəyimizi birləşdirən bu tarixi an həm də ədəbiyyatımızın zərif və görklü gücü ilə ərsəyə gəlmişdir. Son yüz ildə real ideoloji sapınmalardan da ötərək, ədəbiyyatımız milli ruhu nəfəsləndirən əsas qaynaq olmuş, sivilizasiyaların qovuşağında yerləşən, türk dünyasınınsa ortaqlaşdırıcı funksionallığını əldə edən Azərbaycanın gerçək mahiyyətinin dərk olunmasında tarixi, ədəbi, estetik və mənəvi missiyasını yerinə yetirməyə çalışmışdır.
Vaxtilə oğuz türklərinin Qafqazda və Anadoluda təməlini qoyduğu iki müasir türk dövləti yenidən tarixin önsəhnəsinə çıxır: Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda (15 sentyabr 2018), Qarabağda qələbənin qutlandığı Zəfər paradında (10 dekabr 2020) və Şuşada Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə birgə "Şuşa Bəyannaməsi"ni imzaladıqdan bir gün sonra Azərbaycan Respublikasının Milli Məclisində (16 iyun 2021) Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın və çağdaş türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin şeirini uca tribunadan səsləndirir. Cənab Ərdoğanın Zəfər paradında "Torpaqdan pay olmaz" şeirini və bir Azərbaycan bayatısını da dilə gətirməsi ("Arazı ayırdılar, // Lil ilə doyurdular. // Mən səndən ayrılmazdım, // Zülm ilə ayırdılar"), yəni Azərbaycanın Rusiya və İran arasında bölünməsinin tarixi faciəsinə incə şəkildə eyham vurması İran İslam Respublikasında bu ölkənin Xarici İşlər naziri Cavad Zərifin etirazı səviyyəsində əks-reaksiyaya səbəb olur.
Göründüyü kimi, bəzən siyasət "ədəbiyyat dilində" danışmaqla hədəfi daha dəqiq nişan ala bilir. Bu gün Azərbaycan dövlətinin güclənməsi, bölgədə geopolitik proseslərə təsir effektinə yiyələnməsi həm də onun humanitar mədəniyyət cinahının qüvvətlənməsini tələb edir. Əlbəttə, burada bədii təfəkkür sahələrinin, xüsusilə ədəbiyyatın çılpaq ideolojiləşməsindən söhbət belə gedə bilməz. Əksinə, yüksək bədii mədəniyyətin milli düşüncəyə təsiri ani, impulsiv olmur, insan şüurunun heç özünün də hiss etmədiyi dərin qatlarında onun fəaliyyətini etkiləyəcək izlərini buraxır. İdeolojiləşmiş, siyasiləşmiş ədəbiyyat bədiiləşmiş ideologiya və siyasət qədər əcaib və gərəksizdir. XX əsrin əvvəllərinin "kommunizm quran" proletar ədəbiyyatı kimi. Bu gün bizə yetkin siyasətlə çiyin-çiyinə dayana bilən yetkin ədəbiyyat lazımdır. Belə bir ənənəyə, öncə vurğuladığım kimi, çoxdan yiyələnmişik.
Parlaq strategiya: siyasətdə və ədəbiyyatda
XX əsrin ortalarından - yəqin ilk təkan kimi, Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasının (1958) saçdığı qığılcımdan - Azərbaycan ədəbiyyatında milli özünüdərk zərurəti sovet ideologiyasının sərhədlərindən kənara sıçramağa cürət edən yazıçılarımızın əsərlərində bədii mətnin məzmununa sızmağa başlayır. Bu proses yetmişinci illər və səksəninci illərin sonlarına doğru milli istiqlal platformasına çevrilərək daha da qüvvətlənir. Sovet İttifaqının dağılması və onun tərkibindəki respublikaların, eyni zamanda, Azərbaycanın müstəqilləşməsi sürəcində ermənilərin Qarabağı Azərbaycandan qoparmaq cəhdlərinin yaratdığı hərbi qarşıdurma ədəbiyyatımızda vətəndaşlıq və vətənpərvərlik patetikasını ən yüksək səviyyəyə qaldırır. Azərbaycan Milli Azadlıq Hərəkatında və ya Meydan Hərəkatında (1988-1991) Azərbaycan yazıçıları - Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, İsmayıl Şıxlı, Xəlil Rza Ulutürk, Məmməd İsmayıl, Aydın Məmmədov, Kamal Abdulla, Qabil və başqaları yüzminlər qarşısında çıxış edirlər.
Qarabağla bağlı əsassız erməni iddiaları başlar-başlamaz Azərbaycan Yazıçılar Birliyi xalqımızın haqq səsini dünyaya çatdırmaq üçün ardıcıl fəaliyyətə keçir. AYB-nin sədri Anarın təşəbbüsü ilə Azərbaycan yazıçıları Sovet İttifaqının o zamankı rəhbəri Mixail Qorbaçova ilk müraciətləri ünvanlayırlar. Azərbaycan Ali Sovetinin sessiyalarında, Azərbaycan KP Mərkəzi Komitəsinin Plenumlarında, SSRİ Ali Sovetinin iclaslarında, Xalq deputatları qurultaylarında, Moskva və Türkiyə mətbuatında, yerli və xarici TV kanallarında dəfələrlə çıxış edən Anar Qarabağla bağlı həqiqətləri əsaslı arqumentlərlə dünya ictimaiyyətinə bəlli edir. 1990-cı ilin Qara Yanvar faciəsi, Xocalı soyqırımı haqqında Moskva və dünya mediasına ilk xəbərlər Azərbaycan Yazıçılar Birliyi tərəfindən çatdırılır. Qərb paytaxtlarında dəstək qazanan və Moskvanın çaş-baş qalmasından istifadə edən ermənilərin tarixi ədalətə zidd mövqeyini anlatmaqdan ötrü Anar şəxsən Qorbaçovla görüşür və bu məsələləri onunla müzakirə edir. Anarın dünyanın bir çox ölkələrində keçirilən ədəbi, ictimai-siyasi tədbir və toplantılarda xalqımızın üzləşdiyi problemlərlə bağlı çıxışları, siyasi mövzularda məqalələri, müsahibələri, ədəbi-publisistik yazıları, Amerika Universitetində oxuduğu mühazirə - "Azərbaycançılıq haqqında düşüncələr" - ölkəmizin bədxahlarına cavabları, həbs edilənlərin müdafiəsinə aid məktub və müraciətləri "Əsrin əsiri" və "Plennik veka" kitabalarında toplanaraq çap edilir.
Ermənistandan azərbaycanlıların kütləvi şəkildə qovulduğu, Qarabağın parça-parça doğrandığı o faciəli günlərdə Məmməd Arazın "Ayağa dur, Azərbaycan!" (19 mart 1992) şeiri milli ruhun kükrəyişinə çevrilir:
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri
biz hər
şeyi belə billik!
Səndən
qeyri
biz
hamımız ölə billik!
Bu,
Şehriyar harayıdı,
Bu, Bəxtiyar
harayıdı!
Hanı sənin
tufan yıxan,
Gurşad
boğan yurda oğul
oğulların!
Qara
Çoban, Dəli Domrul oğulların.
Çək
sinənə - qayaları yamaq elə,
Haqq yolunu
ayağına dolaq elə,
Bayrağını
Xəzər boyda bayraq elə,
Enməzliyə
qalxmış olan bayrağı!..
Ayağa
dur, Azərbaycan!
Bunu bizə
zaman deyir,
Məzarından
baş qaldıran baban deyir!
Nər
oğlu nər, səninləyəm!
Səninləyəm,
silah tutan,
Külüng
tutan, yaba tutan,
Kösöy
tutan, nişanlı ər, səninləyəm!
Səninləyəm,
qız atası,
Hanı nərən,
hanı səsin!
Hanı
andın!
Yoxsa sən
də yatmışlara, batmışlara,
Qeyrətini
satmışlara xırdalandın!!!
Gözünü
sil, Vətən oğlu,
ayağa
qalx!
Üfüqünə bir yaxşı bax.
Sərhəddinə bir yaxşı bax.
Sərhəddinin
kəməndinə bir yaxşı bax!
Dur,
içindən qorxunu boğ,
Ölümünlə, qalımını ayırd elə.
Dur,
içindən qorxağı qov,
Dur,
özünü Bozqurd elə!
Bir səsindən
min səs dinər,
Neçə-neçə
daşa dönmüş dinməz dinər!
Oddan bitər,
qandan bitər əyilməzlər!..
Məmməd
Araz Bəxtiyar Vahabzadənin "Gülüstan"
poemasından doqquz il sonra yazdığı və məhz Bəxtiyar
Vahabzadəyə həsr etdiyi, Azərbaycanın xanlıqlara
parçalanmasından və bu səbəbdən
Rusiya imperiyasının əsarətinə düşməsindən
bəhs edən məşhur "Məndən ötdü,
qardaşıma dəydi" (1967) şeirinin sanki davamı
olaraq, bu patetik ricətində Azərbaycana və azərbaycanlılara
müraciət edir, onları Vətən uğrunda
böyük savaşa səsləyir.
Azərbaycan xalqının və dövlətinin Birinci
Qarabağ Müharibəsində, nə qədər
böyük faciələrlə üz-üzə qalsaq da,
daxili çəkişmələrdən üzülsək də,
təklənsək də, torpaqlarımızın
işğalı ilə barışmamaq əzmi ədəbiyyatımızın
andı və amalı tək möhürlənir. Əlbəttə,
hadisələrin mahiyyətinə enə bilməyən,
ah-ufla dolu dayaz və çığırqan əsərlər
də meydana çıxır. Lakin ədəbiyyatımızın
sağlam mənəvi düşüncəsi Qarabağ faciəsini
millətimizin həll etməli olduğu əsas problem kimi
aktuallaşdıra bilir. Qardaşını İkinci
Dünya Müharibəsində, oğlunu isə Birinci
Qarabağ Müharibəsində itirən Sabir Əhmədlinin
Qarabağ trilogiyası - "Axirət sevdası",
"Kef", "Ömür urası", Elçinin
"Bayraqdar", "Gecə pəncərədən
görünən dağlar" (pyes), İsa Muğannanın
"Qəbiristan", Aqil Abbasın "Dolu", Mövlud
Süleymanlının "Ağacan", Kamal Abdullanın
"Sarı camış", Vidadi Babanlının "Ana
intiqamı", Əli Əmirlinin "Ölü doğan
şəhər", Elçin Hüseynbəylinin
"Ağ. Qara" və "Gözünə gün
düşür" kitablarında toplanmış povest və
hekayələri, Qulu Ağsəsin "Peyğəmbərin məqbərəsində
qətl", Əlabbasın "Halal qan", Mehriban Vəzirin
"Müsahibə", Şərif Ağayarın
"Arzulardan sonrakı şəhər", "Komandir",
Orxan Fikrətoğlunun "Tək", Cingiz Abdullayevin
"Əclafların qanunu", Vaqif Əlixanlının Gənc
Tamaşaçılar Teatrında tamaşaya qoyulmuş
"Əcəl atı", Natiq Məmmədlinin
"Şuşa dumanı", Elxan Elatlının "Cəhənnəmdən
gələn səs", Sərdar Aminin "Qaratoyuq nəğməsi",
Rasim Qaracanın "Qarabağ Dekameronu", Elçin Mehrəliyevin
"90-cı illər", Nüşabə Məmmədlinin
"Zəngulə", Şamil Sadiq və Müşfiq
Xanın "Ümidlərin izi ilə", Qalib Arifin
"Müharibə: görəsən, bu nədir?",
Meyxoş Abdullahın "Ölməsəm,
qayıdacağam", "Oğul", "Alagöz",
"Əsir qadın", Yusif Əhmədovun "Torpağa
tökülən qan", Zaur Akifoğlunun "Qız və
Qurd" və s. kimi əsərləri, bədii publisistikanın
bir sıra nümunələri bütün Azərbaycanın
varlığında yaşanan Qarabağın görk olası
taleyini əks etdirir. Azərbaycanın
seçkin şairlərinin əksəriyyəti Qarabağ və
onun uğrunda aparılan müharibə mövzusunda şeir və
poemalar yazır, bu yaşantıları daha çılğın
emosional notlarla təcəssüm etdirirlər. Qarabağ
problemi bizim ədəbi-humanitar düşüncəmizdə
o qədər aktuallıq kəsb edir ki, "Qarabağ
müharibəsinin ədəbiyyatda inikası" bizim milli ədəbiyyatşünaslıqda
ayrıca olaraq, başlıca istiqamətləri ilə öyrənilməyə
başlayır (Məsələn, AMEA Ədəbiyyat
İnstitutunun hazırladığı "Müstəqillik
dövrü Azərbaycan ədəbiyyatı", 2 cilddə,
I c. Bakı: Elm və Təhsil, 2016, s.167-210). Beləliklə,
Qarabağın işğalının təqribən 30 illik
dövründə Azərbaycan ədəbiyyatının bu
problemi ən müxtəlif janrlarda əks etdirən ədəbi-bədii
salnaməsi yaranır.
Bu ədəbi-bədii salnamənin ikinci qatı -
İkinci Qarabağ Müharibəsinin - Vətən Müharibəsinin
başlaması ilə açılır. Beynəlxalq hüququn
bütün prinsiplərinə uyğun olaraq, Azərbaycan
dövlətinin öz torpaqlarını azad etmək
uğrunda Ermənistana qarşı apardığı Vətən
Müharibəsi məhz Ədalətin bərqərar edilməsi
məqsədləri daşıdığından, humanist-təməlli
Azərbaycan ədəbiyyatı, ümumən humanitariyası
bu savaş məfkurəsinə həmrəyliklə
qoşulur. Düşmənə qarşı
amansız döyüşlərə atılan Azərbaycan
Ordusunun arxasında kəndlisindən
yazıçısına qədər bütün xalq
dayanır. Möhtəşəm milli
birliyin tarixi özünütəsdiq məqamı
çatır. Uzun illərin hər günü ərzində
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan
İlham Əliyevin damla-damla təməlini qoyduğu
Müharibə Siyasəti öz ideoloji-humanitar bazasında
media mənsublarından ədəbiyyat
yaradıcılarına qədər hamını öz ətrafında
birləşdirir. Azərbaycan Yazıçılar Birliyi, onun
bütün ədəbi orqanları - "Azərbaycan" və
"Ulduz" dərgiləri, "Ədəbiyyat qəzeti",
"525-ci qəzet", "Ədalət" qəzetləri
digər ədəbiyyat, mədəniyyət və incəsənət
portalları ümummilli səfərbərlik dalğasında
bu müharibənin müqəddəs amallarına, yalnız qələbəyə
aparan yenilməz ruhuna köklənir. Həmin
Müharibə Siyasətinin prinsipial mövqeyi ilə, Azərbaycan
ədəbiyyatı bu savaşı xaos yox, nizamyaradıcı
akt olaraq qavrayır və milli düşüncəyə
sinirməyə çalışır.
Gerçəkdən
də, Ali Baş Komandanın parlaq strategiyası - onun şəhər
və kəndlərimiz işğaldan azad edildikcə, hər
bir qələbə aktını tarix və müasirliyin vəhdətində,
regional və beynəlxalq siyasətin kontekstində, real proseslərin
axarında, əldə olunmuş nəticənin əsl dəyərində,
hər cür polemikanın "alfa" mövqeyində qiymətləndirərək
yüksək məntiq və siyasi-diplomatik məharətlə
şərh etməsi bu müharibəni ermənilər
üçün xaos, azərbaycanlılar üçün
harmoniya başlanğıcına çevirirdi. Bizim
üçün ulu yurdumuzun ən gözəl
parçasını xarabalığa döndərmiş xaosu
30 illik işğal yaratmışdı. Biz
ona son qoyur, Vətən torpaqlarını azad etdikcə,
sülh və harmoniyaya doğru addım-addım irəliləyirdik.
Müasir Azərbaycan tarixinin bu ən şərəfli səhifəsi
ötən bir il ərzində
çağdaş Azərbaycan ədəbiyyatında da
köklü ideya-məzmun dəyişikliyinin, daha sərrast ədəbi-strateji
hədəflənmənin binəsini qoymuş olur.
Azərbaycanın
bir sıra gənc yazarları - Emin Piri, Alparslan Oğuz,
"Canlanma" adlı ilk tarixi metaromanın müəllifi
Taleh Şahsuvarlı, Səbuhi Qurbanov, Həsən Kür cəbhəyə
yollanırlar. Birinci Qarabağ Müharibəsi veteranı
İlham Tumas son Vətən Müharibəsində də Azərbaycan
Ordusunun sıralarına qoşulur və "Casusluq, Kəşfiyyat,
Müharibə tarixindən" (Bakı:
"Mücrü" Nəşriyyatı, 2020) adlı praktiki
əhəmiyyət daşıyan kitab yazır. Ədəbi
istedadı hər sətrində duyulan, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları
ilə ölümündən sonra "Vətən
uğrunda", "Xocavəndin azad olunmasına görə",
"Füzulinin azad olunmasına görə" medalları
ilə təltif edilmiş Teymur Rəsulov son
yazısını çapa göndərərək cəbhəyə
yollanır. Şəhid Teymurun elə öz taleyinin qismətinə
tuşlanmış titrək misraları Vətəni
üçün bağrında bəslədiyi müqəddəs
arzuların solmaz çələngi olur: "Bir ata...
kökündən qopmuş qoca ağacları sürüyə-sürüyə
həyətinə gətirir, o ağacı odun, odunları isə
kömür edib sataraq böyüdüb boya-başa
çatdırdığı oğlunu əsgər libasında
Vətəni qorumağa göndərir, cəmi iki ay sonra
bayrağa sarılmış halda şəhid olaraq tabutda
qarşılayırdı... Və
ağlamırdı. Vicdanı təmiz idi çünki,
Vətən sağ olsun deyəcək qədər mənəviyyatı
pak idi... Hələ ilk günüdür
azadlıq savaşının. Hələ irəlilədir
gözəl xəbərlər... Gələcək
günlər bizim üçün al-əlvan naxışlarla
toxunub. O naxışlar ki, toy etmədiyi oğlunun şəhid
olma xəbərini eşitdiyi an əlləri titrəyən
ananın əlində solan yarımçıq toy
xalçasının naxışları da bundan sonra daha rəngarəng,
daha canlı, daha ürəkdən toxunacaq oğuləvəzi
saydığı qonşunun qazi övladı
üçün... Şəhid anası öz
övladının ətrini məhz o qazi gəncin
saçlarından, əynindəki əsgər
formasının yaxasından alacaq. Və
gözəl günlər belə başlayacaq Vətənim
üçün!" Bu əxlaq -
idealsızlığı getdikcə dərinləşən
müasir dünyanın qibtə edə biləcəyi bur
ucalıqdır! Teymurun şəhidlik fəlsəfəsi ona
vurğudur ki, Vətən - həm də nəsil-nəsil
ötürülən, insan-insan çitənən əmanətdir,
nəsillərarası bağ, insanlararası çitənmə
bərkidiləndə, Vətən var olur...
Vətən
Müharibəsi - Azərbaycan ədəbiyyatında ilk dəfə
olaraq suveren dövlətin qələbə inamı ilə
müharibə aparmaq, öz hərbi-siyasi qüdrətini
nümayiş etdirmək, Silahlı Qüvvələri ilə
düşməni lərzəyə gətirmək,
torpağının hər qarışını azad etdikcə
qüvvətlənmək əzmini əks etdirməyin, milli
varlığımızı möhtəşəm obrazlarla
canlandırmağın şərəfini yaşadır. Yalnız bu şərəf ehtişamında pafos ədəbiyyatın
daxili zərurətinə çevrilir, şair sözü və
əsgər addımları eyni ahəngə köklənir.
Azərbaycan şairlərinin yazdıqları
"Marş"lar ulu millətimizin
böyüklüyünə, Vətən yaddaşının
itirilməzliyinə tən gələn qalibiyyət ruhunun təcəssümü
olur. Səlim Babullaoğlu və İlqar Fəhminin birgə
yazdığı, öz bəstəsini gözləyən
"Azərbaycan" marşı kimi:
Azərbaycan!
Ana torpaq,
sən
tarixin yaşıdısan!
Türk
elinin baş tacısan,
qoca
Şərqin qapısısan!
Ürəyisən
Qafqazların,
adın
vardır dünya dolu,
Xəzər
üstə qanad gərmiş
qartalsan
sən: məğrur, ulu.
Nəqərat
Bayrağının
göy rəngində
millətimin
ad-sanı var,
Ay-ulduzlu
al rəngində
qutsal
şəhid qanı çağlar,
Yaşılında
babaların haqq inamı süslər səni,
Azərbaycan!
Yalnız zəfər,
yalnız
zəfər səslər səni!
Gözəl
Vətən! Sənin üçün
neçə
igid keçdi candan,
Yenildilər
düşmənlərin,
şax
dayandın sən hər zaman.
Azərbaycan-anam
mənim!
Azərbaycan-Odlar Yurdu!
Keşiyində
ayıq-sayıq
durub
yenə qadir ordu!..
Nəqərat...
Neçə
xalqın güman yeri,
aman
yeri, qədim diyar,
Qucaq
açdın məzlumlara,
daim
yaşa sən bəxtiyar!
Şan-şöhrətli
keçmişisən
sən
hər kəsin, bu günüsən,
Sən hər
kəsin aydın,
xoşbəxt
sabahısan, gözəl Vətən!..
Nəqərat...
Millət arxitekturası və ya kimdir "Böyük
İnsan"?
Vətən Müharibəsi ictimai idrakın həm də
o qatını oyatdı ki, Şəxsiyyət və Millət
olmaq eyni zamanda baş verir. Şəxsiyyətlərindən
tikilməyən Millət sökülməyə məhkum.
Mənəmçiliyin, yayğın
ehtirasların qabartısında ora-bura dartılan pozuq bir
toplum necə Şəxsiyyət yetişdirə bilər?!
Millət olmaq - sosial harmoniyanın ən
üstün keyfiyyətidir. Vətəndaş
- ictimai-hüquqi statusdur. Millət olmaq - məhz
vətəndaşın Şəxsiyyət olmaq
potensialının açılması hərəkatıdır.
Ədəbiyyatımız Vətən
Müharibəsi dərslərindən həm də Şəxsiyyətlərindən
yaradılan Millət arxitekturasının parametrləri ilə
milli özünüdərkin daha əngin miqyaslarına
çıxmaq görkünü aldı.
Vətən Müharibəsinin qızğın
çağında və ondan sonrakı dövrdə Azərbaycan
əsgərlərinə, şəhidlərinə, qazilərinə
həsr olunmuş seçkin bədii əsərlər
(Çoxlu ithaf yazılarının əksəriyyəti sənətkarlıq
baxımından orta və aşağı səviyyəli olur. Ədəbi zaman isə
bütün yazılanları seçib-sonalayır, yaddaş
kitabına yalnız seçkinləri salır.), əslində,
Azərbaycanın müasir tarixi həyatında yer
almış insanların ömür yolunun təcəssümüdür:
"Ana elə-belə oğul doğurmaz, // Qəhraman
doğurar o, qul doğurmaz! // Övlada ananın bətni vətəndi,
// Duyduğu laylanın mətni vətəndi... // Əgər
o vətənin düşməni varsa, // Bir mənin yerinə
beş məni varsa, // Oğul şəhid
olar vətən yolunda..." (M. İsmayıl) Vətən
Müharibəsinin şanlı şəhid və qazilərinə
poeziyanın müraciəti bütün qutsal dəyərlərin
yüksəyində dayanan məsuliyyətin yükünü
çəkir: "Azərbaycan adını sinənizdən
asdınız, // Yeni tarix yaradıb, yeni dastan yazdınız.
// Qazi hüzurlarıdır daha səcdə yerimiz, // Şəhid
məzarlarıdır ən müqəddəs andımız.
// Adınızla tarixə möhürləndi bu payız, //
Qarşınızda bir ömür sayqı
duruşundayız!" (İ.İlyaslı) Vətən
yolunda canını fəda edən bu insanlar nə qədər
gənc olsalar da, Dövlət və Millət olmağın
böyük həqiqətini dərk etmiş Şəxsiyyətlərdir.
Onların müharibə həyatı ya sənədli,
ya da bədii şəkildə canlandırıldıqca, ədəbiyyatımız
nəsillərə görk olası bahadır əsgər, qəhrəman
şəhid, yenilməz qazi obrazları ilə zənginləşir.
Ədəbiyyatımıza "Böyük İnsan"
idealist təxəyyüllərdən deyil, gerçək həyatdan
- Vətən azadlığı müharibəsində
bütün xarakterini ortaya qoyan Azərbaycan Ordusunun
sıralarından, yurda sipər Azərbaycan vətəndaşlarının
arasından gəlir:
Boyuna
qurban olum, Azərbaycan əsgəri,
Dünyanın ən mübarək qələbəsi sənindir.
Bu vətənin
nəyi var - azı-çoxu döyüşür,
Dağı, daşı, torpağı, varı, yoxu
döyüşür.
Neçə
şəhid igidin nakam ruhu döyüşür,
Bir əsgərə
çevrilir burda hər məzar daşı,
Qürur
yerim, nə yaxşı, başlatdın bu savaşı...
Ocağının
başına çıxmağa yad gözləmə,
Dur, ayaqdan başa çıx, başqa imdad gözləmə.
Andın vətənin
andı, qeyri bir and gözləmə, -
Adın vətən
adıyla çəkilərsə yanaşı,
Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı.
Bu insan dənizində
hər insan bir adacıq,
Doğmaca yurdumuzu viran qoydu yad acıq.
Haqdı
səni səsləyən, haqq üçün cihada
çıx,
Yürü,
igid səfinin nə arxası, nə başı,
Bu
vuruş haqq vuruşu, bu savaş haqq savaşı...
Ağzımda
haqq deyirəm, bu haqq səsi sənindir,
Hələ
haqqın nahaqla bəhsəbəhsi sənindir,
Dünyanın
ən mübarək qələbəsi sənindir,
Bu qələbə
yolunda nə dayan, nə yavaşı,
Bu
vuruş haqq vuruşu, bu savaş haqq savaşı!
M.İsmayıl
Məmməd
İsmayılın "Azərbaycan əsgəri", Vaqif Bəhmənlinin
"Vətən əsgəri", Avdı Qoşqarın
"Azərbaycan əsgəri" şeirləri
çiyin-çiyinə verərək ədəbiyyat cəbhəsində
döyüşür:
Yurda
göz dikənin dərsini verdin,
Yolunu azanlar qorxdu gücündən.
Vətənə
qanım da halaldı, dedin...
Məğrurluq
boylandı igid, içindən -
Ey Vətən
əsgəri, Vətən əsgəri!..
Qoru sərhədləri,
yolu, körpünü -
necə
ki, əkinçi dəni qoruyar.
Qorusan
beşikdə yatan körpəni
bil, Ulu Tanrı
da səni qoruyar...
Ey Vətən
əsgəri, Vətən əsgəri!
Şərəf
timsalıdı hünərli paqon,
şərəf qoruyandı əsgər deməli;
Çiynində
alışan o zərli paqon
ölkəmin müqəddəs əlidir, əli -
Ey Vətən
əsgəri, Vətən əsgəri!
Vaqif Bəhmənli
Fərqli
bədii dünyası olan bu şairlərin seçkin poetik
intonasiyası Azərbaycan əsgərinin ürək
döyüntüsünə, onun döyüş ruhunun zəfər
müjdəli çılğın ritminə yatır...
Sür
atını dağlara, aranda qala qurdun,
Bir az oyat yaddaşı, bir az yırğala yurdu.
Sən
ordular içində basılmayan bir ordu
Yar
qarşına atılan keçidləri, sədləri -
Azərbaycan əsgəri...
And olsun
al Günəşə, bu qüdrət haqdan gəlir,
Canda
qanı oynadan yaddaşdan, vaxtdan gəlir,
Öləziyən
ümiddən, sönən çıraqdan gəlir,
Endir zəfər
cəngini - endir titrətsin yeri -
Azərbaycan
əsgəri.
Azərbaycan
doğulur - od-alov yağışından,
Qan
püskürür Şuşanın torpağından,
daşından,
Bir az istilik qopar Savalanın başından!
Tut
başını yuxarı, ver sinəni irəli -
Azərbaycan əsgəri!..
Avdı
Qoşqar
Vaqif Bəhmənlinin
işğalın başlamasından Zəfər gününə
qədər təqribən 30 illik dövrü əhatə edən
bir kitablıq ("Mən əsgərəm, Qarabağ!..") şeir və poemaları -
Qarabağın tale yazısıdır. Qarabağın
tale kitabı "Vətənimə Sübh Duası"
proloqu ilə başlayır. Vətən Müharibəsinin
od-alov qarsında yazılmış bu əsər müasir Azərbaycan
poeziyasının ən parlaq keyfiyyətlərini - klassik
şeir ənənəsinə yaradıcı sadiqliyi, forma və
məzmunun daxili qafiyələnmə ilə süslənən
vəhdətini və ilk misradan son misraya qədər
ideyanın patetik vəcdlə hərəkətini, tarixi təməllərimizə
söykəncin ərənlik ruhunu, uzun illər Qarabağ ətrafında
yallı gedən məkrli siyasi oyunlara eyhamı, Vətənin
zəncirlənmiş parçasının yağı əlindən
qurtula-qurtula nəfəs dərməsinin Azərbaycan əsgərinə,
vətəndaşına verdiyi sonsuz həzzi və xalqın
ilham qaynağı olan Ali Baş Komandan İlham Əliyevdə
ümummilli vəhdətin triumfa çatmasını
özünün dolğun metaforik mənzərəsində əks
etdirə bilir:
Sübhdən
salavat deyib, durdum ilhama gəlib,
Saatı
qələbəyə qurdum ilhama gəlib!
Sözü
seçdim dən kimi, qələmi köhlən kimi
çapıb Qarabağ boyu yordum, ilhama gəlib!
Otuz il firqət, ilhaq - meydan suladı nahaq...
Haçan tutar yerin haqq? - sordum,
ilhama
gəlib!
Vaxt
itirdik gör kimə, yağı bəndmiş bir himə;
Yenilməz
tariximə vardım, ilhama gəlib!
Ağdamı,
Kəlbəcəri, Laçını, Xocalını
Ürəyimin
içində gördüm ilhama gəlib!
Qollarımı
doladım Füzulinin boynuna,
Zəngilan,
Cəbrayılı sardım, ilhama gəlib!
Qanadlanıb
Şuşaya, o müqəddəs guşəyə,
Şehli
Xarı-bülbülü dərdim, ilhama gəlib!
Şəhid
türbələrinə təravət vermək
üçün
Pəmbə-pəmbə
gül açdı dərdim, ilhama gəlib!
Ali
Baş Komandanın adınadı ilhamım,
İlhamım
əmr eləyib, ordum ilhama gəlib!
Qarabağ
- Azərbaycan!.. Hayqırır bir
ağızdan,
Qələbəyə
şığıyır yurdum, ilhama gəlib!
Sənətin öncəgörüm duyğusu fəhmin
də qanunauyğun əlamət olduğunu bəlli edir. Fərid Hüseynin
"Yumruq günü" şeiri Vətən Müharibəsinin
ilk günlərində çap ediləndə, hərbi sirr
kimi hələ məlum deyildi ki, Azərbaycan Ordusunun Ermənistan
Silahlı Qüvvələrinə qarşı
döyüşü "Dəmir yumruq" əməliyyatı
adı altında keçirilir. Lakin gənc şair Azərbaycan
xalqının qisas zamanını "Yumruq günü"
kimi "kodlaşdırmışdı"... Bu
şeir bizim milli düşüncəmizin zaman və məkan
koordinatlarında hərbi müşahidə məntəqəsinin
yerləşdiyi əlverişli nöqtə kimi elə bir məqamı
seçir ki, sanki oradan tariximizin dor-dolaşıq
cığırlarından nəhayət baş yola
çıxan səmtin tapıldığı görünür.
Artıq anlayırıq ki, "Harda dayansaq da,
üzümüzü vətənə sarı çevirməliyik."
İnsan - Vətəndaş - Əsgər fərqli
status, maraq və mənafelərin cazibəsindən,
ilğımından sıyrılıb, yalnız Vətən
nüvəsində milli özünüdərkin aydın fəzasına
çıxır.
Vətən Müharibəsi vahid milli orqanizmin Ordusundan
Poeziyasına qədər ümummilli enerjinin
dövranını yaratmış oldu. Azərbaycan ədəbi mətbuatının
təqdim etdiyi əsərlər - Qəşəm Nəcəfzadənin
"Azərbaycan əsgəri", Asif Asimanın "Qələbə
marşı gərək...", Ayaz Arabaçının
"Azərbaycan əsgəri", "Ordu",
"Bayraq", "Əsgərim", "Öpürəm",
"Olsun", "Son damla qanımızadək...",
"Savaş indi başlayır", İlham İnamın
"Ali Baş Komandanım!", "Bir gözüm
ağladı, bir gözüm güldü", "Şəhidlik
ucalıqdı", "Salam, Cəbrayılım",
"Azad olmuş Zəngilan", "Qubadlım",
"Şuşama", Fuad Vəliyevin "Zəfər şərqisi",
Aybəniz Kürəkçaylının
"Gözünüz aydın", "Mənim qalib
Ordum", "Tanrı qorusun sizi!", Əşrəf Veysəllinin
"Sözün qələbəsi", "Sən qalib əsgərsən!",
Ağasəfanın "Oyandı qoca vulkan!", Ağacəfər
Həsənlinin "İlham - Ərdoğan birliyi",
"General-leytenant Hikmət Mirzəyev", "Xəbər",
"Sənə sığınmağa...", "Fəryad",
"Tala", "Cəbhəçi gizirin gündəliyi",
"Özünə qayıdış", "Torpaq",
"Şəkil", "2783", "Şəhid",
"Əsgər babası", "Yardım", "Qazi
ağaclar, veteran quşlar", "Müharibə və sevgi",
Adil Şirinin "Ümid bayraqlarıdı qanlı köynəklər,
Vətən!", Kamalə Abıyevanın "Sən elə
azadsan", "Vətən ətri" "Vətən
savaşı", Xəqani Həbiboğlunun
"Əsalı əsgər", "Zəfər nəğməsi",
Rəsmiyyə Sabirin "Şəhidim", Nilufər
Şıxlının "Torpaq qayıdanda", "Kimdir
müqəddəs əsgər?..", "Əsgər məktubu",
"Şuşa", Salam olsun!", "Yaxından
tanıyın Azərbaycanı!", İlqar Fəhminin
"Balaca kişilər", Sərdar Aminin "Bir dəqiqə
sükut... Gəmi siqnalı...", Həyat
Şəminin "Salam, Əsgər!", Vaqif Aslanın
"Salam, Əsgər Tanrıkut! Tanrıkut Əsgər,
salam!", Elxan Yurdoğlunun "Duruşu
heykəl əsgər" və s. bu prosesi ən həssas
nöqtələri, mənəviyyatı
qığılcımlandıran toxunuşları və həm
də fərqli duyuluşları ilə əks etdirməyə
çalışdı.
XXI əsrin
hərb praktikasında yeni dövr açan Vətən
Müharibəsinin 44 günlük gərgin sürəci,
ildırımsürətli strategiyası lirik
poeziyamızın çevik üslubunu
"oyandırdığı" kimi, milli ordumuzun əzəməti
və onun tarixi-siyasi həyatımızda dönüş
yaradan möhtəşəm qələbəsi Azərbaycan
epik poeziyasının da qanadlarını açdı. Sabir Rüstəmxanlının
"Savaş bitməmiş hələ" və
"Qarabağa dönüş", Abuzər Turanın
"Zəfər nəğməsi", Elxan Zal
Qaraxanlının "Azərbaycan simfoniyası", Əsəd
Cahangirin "Xarıgülnar", Balayar Sadiqin "Zəfər
simfoniyası", Ramiz Duyğunun "Bir oğul istəyir Vətən",
Güneyli şair Rəsul Qədirinin
"Xarıbülbül" poemaları məhz Vətən
Müharibəsinin üzə çıxardığı
sarsılmaz milli qüdrətin epik-monumental təcəssümü
sayıla bilər.
Sabir
Rüstəmxanlının Vətən Müharibəsindəki
Qələbə Ruhunu özündə yaşadan son iki
poeması - "Savaş bitməmiş hələ" və
"Qarabağa dönüş" - Azərbaycanın bir
dövlət və millət olaraq necə qüdrətli mənəvi
gücə, siyasi iradəyə malik olduğunu, bu qocaman məmləkətin
saflıq və həqiqət üçün susayan müasir
dünyaya necə gərək olduğunu anladan ərən
görklü zərif eposlardır.
Mənim tələbəlik dostum Abuzər Turan (Abuzər
Bağırov) filologiya elmləri doktoru, Azərbaycan
Yazıçılar Birliyi Moskva Təşkilatının sədri,
Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun professorudur. "Moskva ədəbi-mədəni
mühitində Azərbaycan ədəbiyyatı" adlı dəyərli
dissertasiya, elmi, ədəbi, tənqidi, publisistik əsərlər
yazsa da, heç zaman poeziya yaradıcılığı ilə
məşğul olmamışdır. İndi
təsəvvür edin, Vətən Müharibəsinin
tarixi-siyasi əhəmiyyətinin beynəlxalq miqyasda, ölkəmizin
hüdudlarından da kənarda, diaspor mühitində milli
özünüdərk prosesinə verdiyi təkan elə
güclü olmuşdur ki, Abuzər belə bir məsuliyyətli
mövzuda poema yazmağa cəsarət etmişdir.
Əlbəttə, poemanın aktuallığını nəzərə
alaraq, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru, Milli Məclisin üzvü, akademik
İsa Həbibbəyli onun təhlilinə ayrıca məqalə
həsr etmiş, əsəri "poetik dastan" kimi qiymətləndirmişdir.
Abuzər Turanın "Zəfər nəğməsi"
poema-dastanı "Zəfərin özü səndə, Ali
Baş Komandanım!", "Sayın Cümhur
Başqanım!", "Əziz Vəziri-Əzəm!",
"Müqəddəs Qalib Üçlük!"
bölümlərindən ibarətdir: birincisi - Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham
Əliyevə, ikincisi - Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğana,
üçüncüsü - Pakistan İslam
Respublikasının Baş naziri İmran Xan Əhməd
Niyaziyə poetik müraciətdən, dördüncüsü
- Avrasiyada güclənməkdə olan bu üç dövlətin
- Azərbaycan, Türkiyə və Pakistanın
yaratdığı mənəvi coğrafiyanın vəsfindən
ibarətdir. Əsərin siyasi sanbalı da elə
bundadır. Ədəbiyyat bütün sinirləri
ilə dünyada baş verən pozitiv və neqativ
yüklü qlobal təlatümlərə anındaca refleksiya
verməyi bacarmalıdır.
Ədəbiyyatın
Şuşa zirvəsini fəth etmək!
XXI əsr Azərbaycanı, Vətən Müharibəsi
və müasir Qarabağ əsərinin baş qəhrəmanı
- Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan
İlham Əliyevdir. Zəmanəmizin bu diqqətəlayiq
faktını Azərbaycan ədəbiyyatı duyur, təqdir
edir və özünün bədii dünyasının
episentrinə gətirir. Buna görə də
təsadüfi deyildir ki, Vətən Müharibəsi
mövzusunda yazılmış poemaların əksəriyyəti
səciyyəsinə görə "hadisə-poema" deyil,
"ideya-poema"dır. Bu gün bizim
diqqət mərkəzində dayanan - XXI əsr Azərbaycanı,
Vətən Müharibəsi və müasir Qarabağ zəruri
fəaliyyətlərin kompleksi kimi məhz İdeyadır.
Bizi çağdaş tarixin öncinahına
çıxaran ideya. Elxan Zal Qaraxanlının "Azərbaycan
simfoniyası" və Balayar Sadiqin "Zəfər
simfoniyası", "Şəhid ətri" də bu
ideyanı müasir Azərbaycan ədəbiyyatında milli
özünüdərkin aparıcı tendensiyası kimi əks
etdirirlər:
...Söylədin:
"Qarabağ Azərbaycandır!"
Adi torpaq
deyil, canımda candır!
Yolunu
gözləyir, gör bir haçandır -
Arzu
yollarımda ümid sarvanım,
Min
yaşa, müzəffər Baş Komandanım!
Tanıtdın
cahana öz ünvanını,
Yaşatdın millətə zəfər anını.
Üçrəngli
bayrağım öpür alnını,
Adınla
öyünür Azərbaycanım,
Min
yaşa, müzəffər Baş Komandanım!
Balayar
Sadiq
Öncə vurğuladığımız kimi, müstəqilliyimizin
başlanğıc mərhələsində Qarabağı
itirməyimiz və 30 illik işğal dövrünün faciəvi
acıları Azərbaycan nəsrində gerçək bədii
yaşantlarını tapmışdı. Bütün
bu acılara son qoyan Vətən Müharibəsi isə, adətən,
hadisələrin iliklərinə, proseslərin toxumalarına
varmaq, onların bədii arxitekturasını biçimləmək
spesifikasına malik olan nəsr poetikasında hələ
indi-indi seçkin təsvir keyfiyyətlərini alır.
Lakin, heç şübhəsiz ki, XXI əsrin
ilk çərəyində Azərbaycan dövlətinə və
xalqına tarixi zəfər qazandıran Vətən
Müharibəsi öz dramatizmi ilə daha çox nəsr və
dramaturgiyamızda bədii sənət
monumentallığını əldə edəcək. Nəsrin ilk "savaş qənimətləri"
buna əsas verir. Özü qaçqınlıq həyatı
yaşayan, müharibənin olmazın iztirablarını
çəkən və ötən onilliklərdə əsərlərində
o iztirabların canlı portretlərini yaradan Azad Qaradərəlinin
son bir ildə yazdığı hekayələr kitabı və
"Cəbrayıl əfsanəsi" romanı, Elçin
Hüseynbəylinin Qarabağ mövzulu
yaradıcılığının uğurlu davamı kimi
"Əsgər barmağını əmən körpə",
"Həcər", "Vəsiyyət", Kənan
Hacının "Qarabağ hekayələri" silsiləsi
"Vətən Müharibəsi nəsri" məcrasının
genəlməsinə stimul verəcəkdir. İşğal
altındakı bölgələrimiz bir-bir azad olunduqca zəngləşib-təbrikləşdiyim
gənclik dostum zəngilanlı Azad hər dəfə göz
yaşları içərisində boğula-boğula
danışsa da, onun "Cəbrayıl əfsanəsi" -
başdan-başa Hünər və Qəhrəmanlıq
romanıdır. Yazıçı Azərbaycan Milli
Ordusunun əsgəri, "Azərbaycan Bayrağı"
ordenli şəhid Cəbrayıl Dövlətzadəni prototip
kimi seçsə də, əsərində onun
döyüş yolunu yaxın və uzaq tariximizin məhz Vətən
Müharibəsi ilə uzlaşan, sanki onun köklərində
dayanan məqam və olaylarına calayır. Sanki
qəhrəman şəhid Cəbrayılın çevrəsində
torpaq uğrunda savaş tariximiz dolanır.
Keçmişini indisinə bağlayan yaddaş gələcəyə
də budaqlanır...
Dramaturgiya teatr səhnəsinə çıxmaq
imkanı ilə müharibənin metafizikasını daha vizual
canlandırmaq potensialına malikdir. Burada ədəbiyyatın
müharibəni hər zamandan, hər məkandan, hər bir
ayrıca insandan (personajdan) görən gözü daha
geniş açılır. Etiraf edək
ki, bizdə dramaturgiya, məsələn, poeziya ilə "rəqabətdə"
uduzur. Yəqin ki, bu bizdə şeiriyyət
ənənəsinin tarixi gücündən irəli gəlir.
Fəqət dramaturgiyanın hər hansı
milli mədəniyyəti ən yüksək statusda təmsil
və təqdim etməyin üstünlüyünü nəzərə
alsaq, onda gərək Azərbaycan dramaturgiyası "sənət
periferiyasında" qalmasının səbəbləri
üzərində düşünə. Əlbəttə,
dram əsərləri elə çox yazılmır. Ancaq bizim praktikada bu azın da azıdır. Bir
il ərzində ədəbi bətndən
yalnız bir-iki dram doğulub: Qəşəm Nəcəfzadənin
Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli
Albert Aqarunovun unudulmaz xatirəsinə həsr olunmuş
"Ölüm qaldı o dünyada" və Ay Bəniz
Əliyarın "Xarıbülbül" pyesləri.
Vətən Müharibəsi və Milli Ordumuza dəstək
xüsusunda daha geniş fikir mübadiləsi Azərbaycan ədəbi
mediasında aparılmışdır. "Azərbaycan" və
"Ulduz" dərgiləri, "Ədəbiyyat qəzeti",
"525-ci qəzet", "Ədalət" qəzetləri,
digər ədəbiyyat, mədəniyyət və incəsənət
portallarında Azərbaycanın görkəmli ədəbiyyat
və mədəniyyət nümayəndələri,
yazıçılar, alimlər, sənətkarlar, gənc ədəbiyyatçılar
məqalə və esselərində, bədii-publisistik
yazılarında Qarabağ Müharibəsinə müstəqil
dövlətimizin taleyüklü problemi olaraq fəal
münasibət bildirmişlər. Onların
baş redaktorları və məsul komandası rəhbərlik
etdikləri mətbuat orqanlarını müharibənin və
qələbəyə doğru yürüşün "ədəbi
poliqonuna" çevirmişdilər. "Azərbaycan"da
İntiqam Qasımzadənin "Yazılsın tarixə bir
qızıl xətlə...", "Ədəbiyyat qəzeti"ndə
Azər Turanın "Salam Türkün Bayrağına və
yaxud dağılan erməni mifi", "Tanrının evi -
Türk Qarabağ və Bir hilal uğruna batan günəşlər...",
"Ulduz"da Qulu Ağsəsin "Saat 6-nı gözləyirəm"
adlı baş məqalələri və s. məmləkətin
silah-qələmlərinin səfərbərlik
çağırışı idi.
Müharibənin ən qızğın
çağında AZƏRTAC Azərbaycanın Xalq
yazıçısı Elçinin "Xalqın qələbəsi
və xalqın faciəsi" yazısını təqdim
edir. Vətən
Müharibəsinin zirvə anında (8 noyabr 2020) - Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham
Əliyevin Şuşanın azad olunması münasibətilə
tarixi müraciətindən sonra Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar "Ədəbiyyat qəzeti"ndə
xalqımıza gözaydınlığı verir:
"Şuşamızı inanılmaz hünərlə,
şücaətlə, fədakarlıqla azad edən
döyüşçülərimizə eşq olsun! Əsgərlərimiz,
zabitlərimiz, generallarımız qələbədən sonra
sağ-salamat qayıdıb Zəfər paradında vüqarla
iştirak etsinlər... Zəfər
yollarını qanıyla suvaran, doğma torpaqları
yağı tapdağından qurtarıb doğma torpağa
qovuşan şəhidlərimizin ruhu şad olsun. Şükür ki, Polad iradəli Mübarizlərimizin
qanı yerdə qalmadı. Gecə
qaranlığında quldurcasına qətlə yetirilən
dinc əhalinin, yüzə yaxın insanın, körpə
balaların qanı yerdə qalmadı. Uçurulan məscidlərin,
dağıdılan binaların, yandırılan meşələrin,
güllələnən heykəllərin, susdurulan
muğamların qisası alındı... Gözün
aydın, tarixin sınaq saatında yumruq kimi birləşən
xalqım... 82 yaşım var, Allaha, taleyimə, ordumuza, Ali
Baş Komandana dua edirəm ki, uşaqlığımın,
yeniyetməlik çağımın, ahıl illərimin
şəhəri Şuşanın azad olunduğu günü
görə bildim. Gözün aydın..."
Prezidentin
ümummilli şüara çevrilmiş "Qarabağ - Azərbaycandır!"
görkü bir gənc yazarın - Günel Mehrinin esse mətnindən
videoçarxa adlayır və vizual məkandan Azərbaycanın
hər guşəsinə yayılaraq, Vətənlə
döyünən qəlbləri titrəyişə gətirir:
"İndi bildim ki, hər yer Qarabağdır!..
İndi bildim ki, hər kəs qarabağlıdır...
Yaralı əsgərini gülləbarandan çıxaranda
şəhid olan Turqut həkimdir Qarabağ!..
Döyüş yoldaşlarını qorumaq üçün
erməni zabitlərini əliyalın boğan
Cəbrayıldır Qarabağ! İndi bildim ki, şəhidlərlə
tükənmir, bütövləşir bu millət!.. İndi bildim ki, tək ön cəbhə
deyil, arxa cəbhədir Qarabağ! Növbələrə
düzülüb əsgərinə qan göndərən minlərdir
Qarabağ! Son qəpiyini əsgərinə pay yollayan Hikmət
babadır Qarabağ! Bayraq tikən Laçın nənədir
Qarabağ! Bombalanan evindən bayrağını
çıxaran gəncəli Xəyyamdır Qarabağ!
Qarabağ - tək torpaq deyil, meşə deyil, dağ deyil!
Qarabağ - namusdur, qeyrətdir, üz ağıdır! Qarabağ
- narahat ruhların doğma məkanı, Üzeyirdir, Natəvandır,
Bülbüldür - Qarabağ! Poladdır, Raqufdur,
Mübarizdir - Qarabağ! İndi üzümü Məğribə
və Məşriqə tutub rahat ürəklə deyirəm:
- Ehey! Eşidirsən, dünya? Qarabağ
- Azərbaycandır! Başını dik tut, Vətən,
eşidirsən? Qarabağ - Azərbaycandır! Azərbaycandır
- Qarabağ! " Sizə inamla deyirəm:
Böyük Azərbaycan ədəbiyyatı bu qutsal ruhun təcəllası
ilə, halal qanın qatbaqat yaddaşı ilə, milli
varlığımızı kökündən çiçəyinədək
dərk etməyin zəkası ilə yaradılacaqdır!
Cəbhədə
əsgər kimi döyüşən gənc şair Emin Piri
müharibə fenomeninə onun öz sərt
reallığından baxsa da, insanlıq dəyərlərinin
dilemması qarşısında seçim etmək tərəddüdünü
də yaşayır: Qarşı səngərdəki
düşmən ordusunun əsgəri Azərbaycan snayperinin hədəfindədir.
Müharibə deyir - vur. Ədəbiyyat
deyir - dayan: "...Onun (mobil telefonla kiminləsə
danışan düşmən əsgərinin) özündənrazı,
tərki dünya olaraq harda olmasını unutması adamın
ağlına yalnız sevgilisini gətirə bilir. İnsan
onun etdiklərini sevgilisi ilə danışanda edə bilər...
Vuraq? Ani olaraq beynimin içindəki
düşüncələr mənə imkan vermir... Bəlkə
danışdığı adam
anasıdır? Və həmin vurulsa... Ya da
sevgilisi? Bu elə ən böyük sevgi qətliamı
olar. Telefonun qarşısındakı şəxsin o
vurulduğu an keçirəcəyi hissləri
ağıla gətirmək belə mümkün deyil. Bəs, o əsgərin yerində biz olsaydıq?
Danışdığımızsa sevgilimiz, anamızdırsa?.." Azərbaycan əsgəri,
təbii ki, müharibə qanunları ilə hərəkət
edib, düşməni vurur. Fəqət bu
hissin özü - ədəbiyyatın, sənətin ulu
qanunlarını varlığında
yaşatdığından insan mənəviyyatını
heç zaman tərk edə bilməz.
Savaş
dönəmində və sonra Azərbaycan ədəbi
mediasının "Vətən Müharibəsi və ədəbiyyat"
mövzusunda apardığı müzakirələr də ədəbi-humanitar
düşüncəni bu alfa-problem üzərində toparlayır
(Məsələn, "Ulduz" dərgisi ilə "525ci qəzet"in
birgə layihəsi - iştirakçılar: Azər Turan,
Elnarə Akimova, Mətanət Vahid, İlqar Fəhmi,
Elçin Mirzəbəyli, Cavid Zeynallı, Musa Urud, Günel
Anarqızı, Rövşən İsax). Akademik İsa Həbibbəylinin
"Bütövlüyün təntənəsi - Zəfərin
isti izlərinin poeması", akademik Nizami Cəfərovun
"Sözümüzün Ali Baş Komandanı",
AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun
"Tarixin Fürsəti", professor Nizaməddin Şəmsizadənin
"Erməni faşizmi", professor Rüstəm Kamalın
"Pənah xanın ruhu", Orxan Arasın "Müharibə
ədəbiyyatı", Elxan Zal Qaraxanlının
"Qarabağda Səlcuq şikəstəsi", Əsəd
Cahangirin "Səs", Təranə Vahidin "Həsrət
essesi", Sadıq Elcanlının "Müqəddəs qələbəyə
and içirəm", Əlabbasın "Dərs",
Mustafa Çəmənlinin "Cəbhə xatirələrim...
İyirmi yeddi il sonra", Elnarə Akimovanın "Poeziyada Vətən",
"Ermənilərin öldürdüyü uşaqlar",
"Şuşada azan səsi", Südabə
Ağabalayevanın "Xüsusi təyinatlı söz",
İradə Musayevanın "Qarabağ", Səadət
Şıxıyevanın "Nisgilli könüllərin tərcümanı
Şuşa", Vahid Qazinin "Şuşalı foto",
Tahirə Məmmədin "Qarabağ savaşı:
Sözümüz və özümüz", Nüşabə
Əsəd Məmmədlinin "Səadət anı",
Rövşən Yerfinin "Şəhidlik zirvəsi",
Mirmehdi Ağaoğlunun "Qarabağ müharibəsindəki
əbabil quşları", Tural Turanın
"Şuşanın səsi", Vüsal Nurunun
"Ağdam olmaq", Cəlil Cavanşirin
"Nostalgiyanın sonu: biz qayıdırıq", Sevinc
Nuruqızının "Dağ başında şam
Şuşa", Sərdar Aminin "Qədir əmi, Ağdam
alındı!", Laura Cəbrayıllının
"Allahın əsir mələyi", Günel Natiqin
"Qarabağ mənim üçün...", Ramilə
Qurbanlının "Pas atmış açarlar", Ramil
Əhmədin "Qarabağa qayıdırıq, dünya
gözəlləşir" və s. yazıları
bütövlükdə mədəniyyətimizi, ədəbi-estetik
düşüncəmizi Vətən Müharibəsinin necə
təkanlaya bildiyinə və biləcəyinə Azərbaycanda
yaradıcı insanların bəslədiyi inamın örnəyidir.
Yazıçı İlqar Fəhminin deyimincə, "...məhz
bu qələbədən sonra biz Azərbaycanda sözün həqiqi
mənasında müharibə ədəbiyyatını
görə biləcəyik..."
Xalqımızın
27 sentyabr - 10 noyabr 2020-ci il Vətən
Müharibəsində çaldığı böyük qələbə
bütün əlamətləri ilə Azərbaycanın
tarixi-siyasi həyatında yeni bir fazanın
başlanğıcıdır. Artıq indi
Qafqazın ən qüdrətli respublikası Azərbaycan
bütün bölgədə sülh və əməkdaşlıq
dönəminin başladığını bəyan edərək,
bu quruculuq prosesinin önündə getməkdə qərarlıdır.
Dövlətlər və mədəniyyətlərarası
münasibətlərin mahiyyətində əsaslı dəyişikliklərə
yol açacaq transformasiyaların respublikamızın və eləcə
də region ölkələrinin maraqlarına uyğun cərəyan
etməsi üçün bizim beynəlxalq siyasi
platformamızın mükəmməl humanitar təməlləri
də olmalıdır. Bu o deməkdir ki, ədəbiyyatımızın
Vətən Müharibəsini müstəsna tarixi fenomen kimi
işğaldan öncə, işğal dönəmində və
işğaldan sonra əksetdirmə strategiyası
arasındakı fərqin dəqiq müəyyənliyi bəlli
olmalıdır:
Vətən
Müharibəsindəki Qələbə Anından başlayaraq,
Azərbaycan ədəbiyyatı - qalib Azərbaycanın ədəbiyyatıdır!
Çağdaş ədəbiyyatımız
bu qalibiyyətin eyforiyasını yox, ağırlıq və
məsuliyyətini, həm də əzəmət və
qüdrətini yaşamalı, bədii mədəniyyətimizin
tarixi-genetik özəlliyindən gələn müdriklik psixologiyasının
dərinliklərini üzə çıxarmalıdır.
Qüdrətli dövlətin qüdrətli ədəbiyyatının
doğuluş anı yetişmişdir! Bundan sonra Azərbaycan
bədii sözü böyük ədəbiyyatın estetik
meyarlarlarını yalnız yüksəltmək,
özünüdərk və zənginləşmə
potensialını artırmaq haqqına sahibdir. Təkcə
Qarabağ mövzusu çevrəsində deyil, dünya
genişliyində. Gərək Azərbaycan
yazıçısı - Azərbaycan Ordusunun əsgəri
Şuşanı fəth etdiyi tək ədəbiyyatın
Şuşa zirvəsini fəth etsin!
Rahid ULUSEL
Ədəbiyyat qəzeti.- 2021.- 25
sentyabr.- S.4-7.