Bakı Kitab Mərkəzində “Qarabağ

dastanı, otuz ilin həsrəti – 44 günün

Zəfəri” kitabının təqdimatı keçirilib

 

Sentyabrın 23-də Bakı Kitab Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabının təqdimatı keçirilib.

Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kitabın müəlliflərindən biri olan Günel Anarqızı bildirib ki, bugünkü görüşü belə bir tarixə salmaqda məqsəd qələbənin ildönümünü qeyd etməkdir. Bildirib ki, bu vaxtadək Qarabağ haqqında çoxlu sayda əsər yazılıb, saysız-hesabsız kitab nəşr olunub. “Ancaq hər zaman qəlbimizdə bir nisgil olub. İndi isə biz qürur hissi keçiririk. Qələbəni bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə və qəhrəman Ordumuza təşəkkür edirəm. İnanıram ki, bundan sonra Qarabağ haqqında yeni-yeni əsərlər yazılacaq”, - deyə Günel Anarqızı qeyd edib.

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar vurğulayıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan əsgəri ermənilərin özləri barədə uydurduğu “qəhrəman xalq” mifini darmadağın etdi.

Kitab barədə danışan Xalq yazıçısı deyib: “Kitabda Qarabağla bağlı yazıçıların öz doğma bölgələri haqqında düşüncələrinə, xatirələrinə yer verilib. Ən əsası bu yazılar böyük qələbədən sonra yazılıb. Bu kitab bir neçə il bundan əvvəl yazılsaydı, nisgil dolu hisslərlə yazılardı. Amma belə olmadı, qələbə ruhlu bir əsərə çevrildi”.

Milli Məclisin deputatı Jalə Əliyeva kitabı ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib və Azərbaycan Yazıçılar Birliyinin bu təşəbbüsünü yüksək qiymətləndirib.

Xalq yazıçısı Elçin qeyd edib ki, Vətən müharibəsində Qələbə tək həqiqətin sevinci deyil, insanların daxilindən gələn hissin ifadəsi idi. O, işğalın gətirdiyi kədəri, eyni zamanda qələbəmizdən qaynaqlanan qüruru əks etdirən bu yazıların Azərbaycanın böyük Zəfərinin əbədiləşməsinə qələm adamlarının töhfəsi olduğunu vurğulayıb.

Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli bildirib ki, Qarabağ haqqında yazılan kitab onun üçün ikiqat müqəddəsdir. Vurğulayıb ki, Vətən uğrunda aparılan mücadilə həmişə qələbə ilə başa çatır.

Xalq yazıçısı Çingiz Abdullayev kitabdakı yazılarda Qarabağın tarixinə dair maraqlı faktların, unudulmaz duyğuların, müəlliflərin şirinli-acılı xatirələrinin əksini tapdığını söyləyib.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid bildirib ki, bir neçə gündən sonra, sentyabrın 27-də Qarabağda canlarından keçmiş şəhidlərim əziz xatirəsi ehtiramla yad olunacaq. Qeyd edib ki, ötən il müharibə başlayanda hamımız səksəkəli günlər yaşayırdıq. Ancaq oktyabrın 4-də Cəbrayıl azad olunanda Prezident İlham Əliyevin çıxışı bizi çox sevindirdi və bu xəbər bizi qələbəyə köklədi.

Kitabla bağlı fikirlərini bölüşən Rəşad Məcid deyib ki, Xalq yazıçısı Anarın müraciətindən sonra Seyran Səxavət Füzulidən, Elçin Hüseynbəyli Cəbrayıldan, Qulu Ağsəs Ağdamdan yazıb. Sonradan digər yazıçılar da bu ideyanın işığına toplaşıb.

Qeyd edək ki, “Təhsil” nəşriyyatında çap edilən, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş 528 səhifəlik kitabın ideya müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, “Ön söz” müəllifi və redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məciddir.

Kitabın üz qabığındakı “Cıdır düzündə Azərbaycan bayrağı” rəsmi Xalq rəssamı Sakit Məmmədova məxsusdur.

 

Ədəbiyyat qəzeti.- 2021.- 25 sentyabr.- S.2.