Poeziyada Vətən müharibəsi
- zəfər
sevincləri
Azərbaycan
ədəbiyyatı 30 ilə yaxın bir zaman ərzində
Qarabağın qan yaddaşından, torpaq itkisindən bəhs
edirdi. Misralarımızın sətirləri poeziya ruhumuzun
siyah rəngini əks etdirirdi. Şeir dünyamız
da ruhumuz kimi parçalanır, öləziyirdi. Azərbaycanda 44 gün sürən 2-ci Vətən
- Qarabağ müharibəsi torpaqlarımızın
azadlığı ilə bərabər, Azərbaycanın
bütün sahələrinə bir zəfər, uğur və
möhtəşəmlik gətirdi. Az
qala xəyala çevriləcək bir sevinci Ali Baş
Komandanımızın sayəsində Milli ordumuz,
döyüşçü və zabit heyətimizin misilsiz
döyüşü sayəsində bizlərə ərmağan
edildi. Bu qələbəmiz illərin təcrübəsindən,
ordu quruculuğundan, siyasi baxışdan, qazanılan birlik və
bərabərliyimizdən əldə edildi.
Akademik İsa Həbibbəyli "Vətən
savaşında tarixi zəfər" başlıqlı məqaləsində
bu zəfərimizin qazanılmasında çox amillərin var
olmasını vurğulayır. Məqalənin ilk
cümləsi də zəfərimizin tarixi yol keçməsindən
xəbər verir. "Heydər Əliyevdən
İlham Əliyevə" bu ifadə bugünkü qələbəmizin
30 illik tarixi yol keçdiyini və ölməz Heydər
Əliyev siyasətinin və parlaq hərbi siyasi yekununun
möhtəşəm sonluğudur". Akademik
bu gün qazandığımız zəfərdə bir
çox faktorların rol oynadığını
vurğulayır, bu faktorlardan biri də Türkiyə və Azərbaycan
qardaşlığıdır. İsa Həbibbəyli
yazır: "Təməli Böyük uzaqgörənliklə
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş "Bir millət, iki dövlət" düsturu əsasında
möhkəmləndirilmiş Azərbaycan-Türkiyə birliyi
və əməkdaşlığı da Vətən
müharibəsindəki zəfərin ən mühüm amillərindəndir.
Vaxtilə Heydər Əliyevin Türkiyə
Cümhuriyyətinin Böyük Millət Məclisində Səsləndirdiyi
"Tək millət, iki dövlət" kəlamı əvvəlcə
hər iki ölkədə atalar sözünə
çevrilmiş, tədricən daha da dərinləşərək
iki qardaş ölkə arasındakı münasibətlərin
strategiyası statusu qazanmışdır".
Bu gün qazandığımız zəfər ədəbiyyatımıza
da bir rəngarənglik, bir gözəllik ab-havası gətirdi. Bu gün ədəbiyyatımız
əsasən uğurlarımızdan, qələbə
sevincimizdən, birlik bərabərliyimizdən, Türkiyə
və Azərbaycan qardaşlığından, qəhrəman
Azərbaycan əsgərindən və torpaqlarımız
uğrunda qazandığımız zəfər yolunda
canlarını qurban verən müqəddəs Şəhidlik
mövzusundan bəhs edir.
Müharibənin
ilk günündən başlayaraq döyüş əzminə
köklənən, səhifələrində vətən,
torpaq azadlığı, birlik, qələbə sevinci, Ali
Baş Komandanın rəşadəti kimi məqamları daim
prioritet istiqamətə, manşet başlıqlarına
çevirən "Ədəbiyyat qəzeti"nin də
baş verənləri operativ şəkildə
işıqlandırmaqda, bədii sözün təcəssümünə
çevirməsində rolu böyükdür. Türkçülüyü
əvvəldən qəzetin məfkurə xəttinə
çevirən, qardaş Türkiyə ədəbiyyatının
tanıdılması və təbliğində misilsiz missiya
daşıyıcısı olan Azər Turanın bu işdə
danılmaz xidməti olduğunu vurğulamaq lazımdır.
Onu da qeyd edək ki, bu dönəmlərdə qəzetin
çap edilmiş bütün sayları "Qarabağ Azərbaycandır"
başlığı altında təqdim olundu, müharibə
ilə bağlı hər yaşantı janrından
asılı olmayaraq bütün mətnlərin
mövzu-mündəricəsini təşkil etdi. Azər
Turan "Burası Turan qapısı" məqaləsində
bugünkü zəfərimizi böyük Turanın birlik və
bərabərlik əzmində görərək
"Turanın qapısı Qarabağdır", - deyə
yazır: "İndi Turanın qapısı Qarabağdır.
Dünyanın ən qədim - 2500 yaşlı
Pazırıq xalçasının toxunduğu ən əski
sivilizasiya beşiklərindən biri Qarabağ. Xəlil
Rza demişkən: "Dünyanın ən qədim
tanrılar panteonu Qarabağ , əslində,
ulu Tanrı deməkdir...". Bu gün Ulu
Türkün ruhu həmin panteonda Ulu tanrının ədaləti
uğrunda vuruşur. Ona görə bu
savaş bütün türk dünyasının
savaşıdır. Ona görə
savaşımız müqəddəs, əsgərimiz müzəffərdir.
30 ildir Qarabağda savaş gedir. Amma bu savaş Vətən müharibəsi -
Qurtuluş savaşı müstəvisinə indi keçdi.
Ali Baş Komandan İlham Əliyev savaş əmrini
"Qarabağ Azərbaycandır və nida!" hökm ilə
verdi. Millətimizin ruhunu bayraq kimi
dalğalandıran bu sözlər müqəddəs Azərbaycan
kitabının son savaş ayəsidir: "Qarabağ Azərbaycandır
və nida!".
Torpaq azadlığından doğan sevincin poetik ifadəsi
ümumilikdə qəzetdə çap olunmuş poeziya
nümunələrinin ana xəttini təşkil edir. Biz Ali Baş
Komandanın savaş əmri ilə də yola
çıxdıq, elə zəfərimiz də bu inamdan
güc aldı. Poeziyamızın ana xətti
də bu savaş əmrindən ruhlandı.
Dünya-dünya
olan gündən
Varlığımız
ona Vətən,
Biri
ürək, biri bədən;
Hər
ikisi ulu torpaq -
Azərbaycandır
Qarabağ!
(Vahid
Əziz,
"Azərbaycandır
Qarabağ")
Şövkət Zərin Horovlu neçə illik torpaq həsrətini
içində ovuda bilmədiyi kimi, şeirlərində də
misralara sevincini sığdıra bilmir. Zəfərimizin
açarının haqdan, ədalətdən gəldiyini deyən
şair tarixə üz tutur.
Qalxıb
gələr Pənahəlixan,
Sultan ağa da Laçından.
Bir səs
ucalar Şuşadan,
O xan
qızı Natəvandı,
Qarabağ
Azərbaycandır.
Tehran Əlişanoğlu "Qalibiyyət və Ədəbiyyatın
dərsləri" məqaləsində yazır ki, "Otuz
ildən bu yana Azərbaycan ədəbiyyatının bir
mövzusu olub - Qarabağ müharibəsi və onu da
axıracan yaza, mətləbini sonacan yoza bilməmişik. Çün məğlubiyyət
qorxusu olubdur; bu ana gələndə qələm dayanıb,
susubdur. Atəşkəs 1-ci Qarabağ
savaşının acıları ilə
barışmamışdıq, yox!, elə
olsaydı, Ali Baş Komandanımız bircə kərə:
"Qarabağ Azərbaycandır!" tüm millər bir olub
ayağa duramaz, qafilən bu qədər güc, enerji, vulkan
püskürəmməzdi".
Bəzən keçmişə boylananda bugünkü zəfərimizi
görmək çox da çətin olmur. Çünkü hələ
Xəlil Rza Ulutürkün, Məmməd Arazın, Bəxtiyar
Vahabzadənin, Zəlimxan Yaqubun, Sabir Rüstəmxanlının
və onlarca poeziya nəhənglərimizin misralarında
mübarizəyə çağırış motivlərini hər
zaman izlədik və elə bu gün döyüşən əsgərlərimizin,
şəhidlərimizin o ruha söykənərək
formalaşdıqlarının şahidi oluruq.
Poeziyada qəhrəman obrazı 90-cı illərdən əksini
tapırdı.
İstər 20 Yanvar hadisələrində, istər
1-ci Qarabağ savaşında, istər atəşkəs
sandığımız dövrdə -Lələtəpə
döyüşündə, Aprel hadisələrində, iyul
hadisələrində hər zaman poeziyanın əsas
mövzusu kimi işlənib. Xüsusilə
Azərbaycanın Milli Qəhrəmanı Mübarizin igidliyinə
həsr edilmiş yüzlərlə şeir, poman və nəsr
əsərləri yaranıb. (Bu
yaxınlarda Mübarizə həsr edilmiş şeirlər
toplusu çap edilib. Redaktoru və ön
sözün müəllifi Sona İsmayılovadır). İyul döyüşlərində isə Azərbaycanın
Milli Qəhrəmanı Polad Həşimov haqqında poeziya
nümunələri ilə yanaşı, onun qəhrəmanlığından
bəhs olunan iki böyük məqalələr toplusu nəşr
edildi. ("Qanun" və "Hədəf"
nəşriyyatı). Ən yeni poeziya
nümunələrimizdə general Polad Həşimov obrazı
daha çox izlənilir. Əhməd Qəşəmoğlu,
Kəmaləddin Qədim, Şövkət Şuşalı,
Adilə Nəzər və başqalarının
yaradıcılığında general Polad obrazını
görmək çox qürurvericidir. General obrazı Azərbaycanın
döyüşçü əsgər və zabitlərinin
ümumiləşdirlimiş obrazı səciyyə
daşıyır.
Ordumuzun
generalıydın Polad bəy,
Milyonlara
general oldun, Polad bəy!
Qüdrətinlə
xalqın qalxıb ayağa
Qisasını belə aldın, Polad bəy.
(Əhməd
Qəşəmoğlu,
"General
Polad bəy")
Kəmaləddin Qədimin "Əsgərdən qabaqda
general gedir" başlıqlı şeirində
generalımızın hər zaman əsgərlərdən
öndə getməsini və özünü əsgərlərimizin
önünə sipər etməsini qələbəmiz
üçün əsas şərtlərdən biri kimi dəyərləndirir.
Ölürük,
Vətənin torpaq çəkir,
Ölürük, tək Vətən yaşasın təki.
Ancaq qələbə
var, o döyüşdə ki
əsgərdən qabaqda general gedir.
Zəfər poeziyası arasında ayrı-ayrı şəhərlərə
yazılan şeirlər könül oxşayır. Xüsusilə
o yerlərdə dünyaya gəlib, o yerlərin
dağına-daşına bələd olan şairlərin
yaradıcılığında təsirli və təbii hisslər
yaşadır. Qulu Ağsəsin
"Ağdam" şeirində olduğu kimi. Bu şeir Ağdamı görməyən biri
üçün bu şəhər haqqında tam fikir
formalaşdırır. Sanki Ağdamın xasiyyətnaməsi
ilə tanış oluruq.
Dünyanı
bazara çıxaran
Dünya
bazarında satılan -
Şəhərim!
Yuxarı
başına keçən kafirə
Yuxarıdan
aşağı baxan,
Allahdan da
çəkinməyən
Bircə əsarətdən
qorxan!
Ağ
alınlı qızıl atların vətəni,
Seyid cəddinə
içilən andların
Vətəni!
Şeirin sonunda zəfər sevincini bütün qəlbiylə
yaşaya bilən şair görürük. Ağdamın qurtaran
külünə də şükür deyən, son
gününə qədər döyüşüb şəhid
olan şəhərin qayıdışını şair
"Sevincdən ağlımız çaşıb, yüz
min dəliynən gəlirik, bir "Uzundərə"
havası çal, çıx Bərdə yoluna - Uzundərəynən
gəlirik!.." misralarındakı sevinclə
ifadə edir.
Adilə Nəzərin "Bu zəfərin mübarəkdir,
ey Vətən" şeirində bir qürur, fəxarət
hissi ilə yanaşı, bütün Qafqazın Azərbaycan
zəfərinə etdiyi səcdə hissi də
qabardılır.
Qürurluydu
bu Qarabağ səfəri...
Bu
torpağın hər oğlu, hər nəfəri,
Qanımızla
qazanmışıq zəfəri,
Bu zəfərin
mübarəkdir, ey vətən!
Zahid Xəlil "Laçın", "Ağdamım,
ağ şəhərim" şeirlərində
Laçının və Ağdamın qəhrəman
oğullarını xatırlayır, onların bu torpaqlar
uğrunda mübarizə apardıqlarını
vurğulayır. Zəfər sevinclərini
bölüşən şair Qarabağ torpaqlarına
gözaydınlığı verir, Vətən həsrətilə
dünyadan köçən tanınmış igidlərimizi,
söz ustalarımızı sevgiylə xatırlayır.
Gözün
aydın, ay Laçın,
Gözün
aydın, Həkəri!
Demə
geri dönərmiş
Tarixin də təkəri.
Ağdama
ağ şəhərim deyə, gözaydınlığı
verib, zəfərini paylaşan şair dağ vüqarlı bu
şəhərin qəhrəmanlarını anır, Allahverdi
Bağırovun, Faiqin, Rövşənin, Asifin, Nadirin qəhrəmanlığını
adlarını çəkərək dünyadan köç
edən Şahmarın, Xudunun, Ceyhun Mirzəyevin bu zəfər
bayramında ruhlarının şad olduğunu poetikləşdirir.
Zəfər şeirləri içərisində Azərbaycan
əsgərinin qüdrətinə, qəhrəmanlığına
da yüzlərlə şeir həsr edilib. Məmməd
İsmayılın, Hüseyn Bağıroğlunun, Rafiq
Yusifoğlunun, Zahid Xəlilin, Adilə Nəzərin, Aybəniz
Əliyarın, Şövkər Horovlunun, Əjdər Olun,
Barat Vüsalın, Təranə Əliyevanın, İbrahim
Yusifoğlunun və başqalarının şeirlərində
Azərbaycan əsgərinin 30 illik ağrılarımıza
son qoyduqları, igidlik və cəsarətləri
vurğulanır, şəhid və
döyüşçülərimizə olan minnət borcunun əvəzsizliyi
ifadə edilir.
Məmməd
İsmayılın "Boyuna qurban olum, Azərbaycan əsgəri,
dünyanın ən mübarək qələbəsi sənindir",
- hayqırtısındakı əzəməti, sona varan iliklərinədək
hiss edirsən.
Ağzımda
haqq deyirəm, bu haqq səsi sənindir,
Hələ
haqqın nahaqla bəhsəbəhsi sənindir,
Dünyanın
ən mübarək qələbəsi sənindir,
Bu qələbə
yolunda nə dayan, nə yavaşı,
Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı.
Avdı
Qoşqarın "Azərbaycan əsgəri" şeirində
isə vuruşlarda Azərbaycan
döyüşçüsündə mübarizlik əzmini
gücləndirən ruh görürük, bu şeirin bir az da marş kimi olması şeirin təsir
gücünü daha da artırır.
And olsun
al Günəşə,
Bu
qüdrət haqdan gəlir,
Canda
qanı oynadan
Yaddaşdan,
vaxtdan gəlir,
Öləziyən
ümiddən,
Sönən
çıraqdan gəlir,
Endir zəfər
cəngini -
Endir titrətsin
yeri -
Azərbaycan əsgəri.
Şuşada bayrağımızın
dalğalanmasını şairlərimiz böyük fəxrlə,
sevinc və qürurla ifadə edirlər. İbrahim
Yusifoğlu "Şuşa" şeirində "Ali Baş
Komandan bəxtini yazmış" ifadəsi ilə çox məqamlara
işıq tutur, 30 illik bu həsrətə İlham Əliyev
və müzəffər ordumuzun birliyi sayəsində
qovuşduğumuz fəxarətlə qeyd edilir.
Nə qədər
qəlbləri sevgisi sarmış,
Ali
Baş Komandan bəxtini yazmış,
Bütöv
Azərbaycan Şuşaya yarmış,
Hamısı
bir olub qalxdı vuruşa,
Vəhşi
caynağından qurtuldu Şuşa!
Zəfər şeirləri həsrətdən,
müharibədən, qardaş türk birliyindən, şəhidlərimizin
hər qarış Qarabağ torpaqlarına hopan al qanından
keçir. Az bir zaman ərzində Azərbaycan
poeziyasında məlum mövzuların yetərincə
yazılması bu xalqın şair və yazarlarının zəfəri
şərbət kimi içmələrindən xəbər
verir. Və bu mövzuların bugünkü
gündə hadisələrə münasibəti diqqətdən
kənarda qalmır. Tənqidçi və
araşdırmaçılarımızın Azərbaycan ədəbiyyatında
zəfər, qələbə poeziyasının üzərinə
düşən vəzifəni layiqincə yerinə yetirə
bildiyinə inanırlar. Tənqidçi Elnarə Akimova
"Atıldı dağlardan zəfər topları" məqaləsində
ötən əsrin əvvəlində yaranmış
poeziyanı örnək göstərir: "Ədəbiyyat, bədii
söz həm də tarixin yuvasıdır, bu günün dərslərini
zamanın sonrakı axarına qatan və gələcəyə
ötürən, ən etibarlı məxəzdir. Bu halda
qanunauyğun bir məqam da var: baş verənlərlə
birlikdə ona münasibət də tarixin predmetidir! Bir əsr əvvəlin ədəbiyyatı millətə
enerji püskürən qüvvət mənbəyi oldu.
Təsadüfi deyil ki, bir əsr sonra, 2020-ci ilin
sentyabrından bu yana davam etmiş 44 günlük Vətən
müharibəsinin də, qazandığımız zəfərin
də yükünü çəkməyə bu poeziyanın
gücü yetir". (E.Akimova).
Zəfərimizin qazanılmasında qardaş Türkiyə,
Ərdoğan və İlham Əliyev birliyi önəmli yer
tutduğu kimi, bugünkü poeziyamızı bu birlikdən
doğan sevinc bəzəyir. Rafiq Yusifoğlu, Zahid Xəlil, Mahirə
Abdulla, Xanım İsmayılqızı, Nizami Murad, Ramiz
Duyğun, Adilə Nəzər, Vaqif Aslan, Hüseyn
Bağıroğlu, Şövkət Horovlu, Seymur Şeydayev,
Elnur Uğur və b. şeirlərində əsas ideya
Türkiyə və Azərbaycan birliyindən, Rəcəb
Tayyib Ərdoğan və İlham Əliyev dostluğu və
qardaşlığının bugünkü qalibiyyətimizdə
yerini ifadə etməkdən ibarətdir.
Nizami Muradoğlu Rəcəb Tayyib Ərdoğananın
və İlham Əliyevin birliyindən doğan zəfərimizi
Türk dünyasının iki böyük dövlət
başçılarının şəninə həsr etdiyi
poeziyada ifadə edir. Aydınlıq güzgüsü olan
prezidentlərimizin əməlləri kimi, işləri də
aydınlıq, nur doludu.
Aydınlıq
güzgüsüdür
Bəşərə məhəbbətin.
Simvoluna
çevrilib
Mərdliyin, mətanətin.
Azərbaycan
sevdalı
Turan vətəndaşıdı.
Ali
Baş Komandanım
İlham
Heydər oğlunun
Dostudu,
qardaşıdı
Rəcəb
Tayyib Ərdoğan!
...Müharibə
yenə də xalqın həyatında qanlı-qadalı izlər
qoydu. Körpələrin göz yaşında,
anaların oğul dağında, şəhidlərə deyilən
ağılarda müharibə ağrısı
bugünümüzün qanlı tarixinə yazıldı.
Poeziyamız müharibə ahının, əzabının
portretini çəkdi. Bu iki ayda minlərlə
müharibə poeziyası yarandı. Demək
olar, bütün mövzuların başlanğıcı
müharibə ağrısı oldu. Fikrət Qoca, Məmməd
İsmayıl, Qulu Ağsəs, Esmira Məhiqızı, Firuzə
Məmmədli, Şövkət Horovlu, Adil Cəmil, Yusif Nəğməkar,
İlham Qəhrəman, Barat Vüsal, Adilə Nəzər, Həyat
Şəmi, Aybəniz Əliyar, Səhər Əhməd, Təranə
Turan, Elza Məmmədova və onlarca şair müharibə
ağrılarını poeziyaya gətirdi. Məsələn,
Esmira Məhiqızının şeirində ana, qadın
obrazını görürük, sanki bir ananın rəsmi
gözlərimiz önündən asılıb. Müharibəyə insan öldürmək
üçün deyil, oğullara sipər olmaq
üçün getmək istəyən Azərbaycan
qadını, döyüşçü əsgər
anası.
İndi
hamı davaya getmək istəyir,
ən
çox da mən!
Və...
Mənim
kimi analar çoxdu -
Sipər
olmaq istəyən!
...Haqq, ədalət
yolunda mübarizəyə qalxan şəhidlərimiz qalibiyyətləri
ilə vətənə can verdikləri kimi, ölümün
özünü belə ucaltdılar.
Bu bir dəqiqəyə sığmayan nə var?
Şəhadətin haqdı, zəfərin haqdı.
Vətən
uğrunda ölən oğullar,
Ölümün özünü ucaldacaqdır.
(Aybəniz
Əliyar)
"Şəhidim,
sabahım sənə borcludur" şeirində gələcəyimizi,
aldığımız nəfəsi tökülən o
müqəddəs qana, şəhid adına
borclu olduğumuzu deyən Təranə Turan qırılan hər
yarımçıq şəhid ömrünü Qarabağ
adlandırır.
Hər
şəhid - zirvəsi göyü dələn dağ,
Köksündə azadlıq çağlayan bulaq.
Qırılan
hər ömrün sonu Qarabağ,
Gələcək o xoşbəxt sona borcludur.
(Təranə
Turan)
Müstəqillik illərində yaşanan hadisələr,
savaş və faciələr Sabir Rüstəmxanlı qələmində
daim ədəbiyyatımızın ən möhtəşəm
əsərləri sırasına daxil olunub. Müəllifin Vətən
və vətəndaşlıq haqqında onlarca dəyərli
fikirləri ədəbiyyatımızda böyük əhəmiyyət
kəsb edir: "Vətəndaş duyğusu olmayan yerdə
yazıçının fəal həyat mövqeyindən
danışmaq mümkün deyil. ...Vətəndaşlıq-təkcə
çılpaq tərənnüm, Vətən sevgisinin
birbaşa izharı deyil. Vətəndaşlıq
yazıçının ruhundan doğmalıdır".
44 günlük Vətən-Qarabağ müharibəsində
də Sabir Rüstəmxanlı qələmi susmadı. "Ədəbiyyat qəzeti"nin 24 dekabr sayında Sabir Rüstəmxanlının
yeni bir poeması ilə tanış olduq: "Qarabağa
dönüş". Əsər on beş
fəsildən ibarətdir. Poemanın ilk
misralarından bu xalqın "Doğranan sərhədləri,
qamçılanan yolları" xatırlandı. İllərdi yaşadıqlarımız,
başımıza açılan oyunlar poetik bir dildə
oxuculara çatdırıldı. Keçmişə
döndük, 90-cı il hadisələri
gözlərimiz önündə yenidən canlandı.
"Başım kötük üstündə, kələfçədə
qollarım...", -kimi ifadələrdə
hər zaman ruslar tərəfindən alınan
azdlığımız, gücsüzlüyümüz öz əksini
tapdı.
Allahsız,
dinsiz olan unutdurdu Allahı,
Allah
sevgisi kimi yağmalandı silahım...
Unutduq ki, insanlıq çaylar kimi daşmaqdır.
Haqq-ədalət yolunda sonadək savaşmaqdır.
Sağalmaz yara olar boyun əymək düşmənə.
Ömrüm sığışa bilməz
parçalanmış Vətənə.
Bu misralardan Böyük Azərbaycan xalqının vətənpərvərliyi,
cəsur və mübarizliyi süzülür. Keçmişdəki
faciələrimiz, rusun siyasəti ilə
sıxışdırılan bir xalqın qırılmayan
qüruru və cəsarəti bu günkü zəfərimizdən
bəlli oldu. Poemada meydan hərəkatı,
sovet ordusunun toplarla, tanklarla əli yalın xalqın üzərinə
gəlməsi, bu qoşunların mübariz ruhlu insanlara
gücünün yetə bilmədiyi, tökülən
qanların bu xalqın müstəqillik arzusunu qıra bilməməsi
vurğulanır. Hadisələri dərindən
izləyən və yaşayan müəllif keçmişi
gözlərimiz qarşısında canlandıra bilir. Poemada Xocalı hadisəsi məhz 20 Yanvar
qırğınının davamı kimi verilir, Xocalı facəsinə
dünya ölkələrinin ögey münasibəti tənqid
atəşinə tutulur.
Hüquq donub, haqq batıb, dünya eşitmir kardı.
Qatilə dur deməyən, özü də
günahkardı.
Otuz il qara duman donubdur üstümüzdə.
Sanki görmür kor gözü - Vətənimdir
burası.
Tarixi vərəqləyən şair bu günə
dönür.
Azərbaycan əsgərinin ədalətli və
haqq uğrunda mübarizəyə qalxması, xalqın
oyanışı, bir ailə kimi birləşməsi zəfərə
gedən yolun başlanğıcıdı.
Ancaq birdən
göylərdən bir şimşək çaxıb
keçdi,
Həqiqət min yalanı yandırıb, yaxıb
keçdi.
Savaş
deyən sərkərdə milləti oyandırdı,
Hər ürəkdə ümiddən
çilçıraqlar yandırdı.
44 günlük Vətən müharibəsində
döyüşçülərimizin mübarizəsini izləyən
şair onları hər zaman qalibiyyətə
ruhlandırır, qəhrəmanlarımızı
xatırladır, şairlərimizin çoxunun
ruhlarının hələ də bu torpaqlardan nigaran
olduğunu yada salır.
Şair
Ağa Laçınlı - Bakıdadır məzarı,
Ruhu ayrıla bilmir anasının yanından.
Poemada əsgərlərimizi bu yoldan yalnız qələbə
ilə dönməyi tələb edən qəhrəman intiqam
hissini alovlandırmaq üçün yenidən Xocalı faciəsini
yada salır.
Qarnı
yarılan ana, döşü kəsilən ana,
Cənnətdən süd verərək igid ərlər
böyütdü.
O zorlanan
qızların bakirə gözəlliyi
Qisasa
könül verib min-min əsgər böyütdü...
Poemada
Şuşanın gözəlliyi, möhtəşəmliyi vəsf
edilir, Şuşa mədəniyyət
ocağı kimi qiymətləndirilir, Şuşaya bayraq asmaq
istəyi və bunun hər bir döyüşçü
üçün böyük bir şərəf olduğu
poetik şəkildə əks etdirilir.
Müəllif əsərin 13 və 14 fəslində
qardaş Türkiyə və Pakistan dəstəyindən bəhs
edir. Üç qardaşlıq bayrağının bir
arada dalğalanması qürur və sevgi hissi ilə tərənnüm
edilir.
Üç bayraq dalğalanır üç
qardaşın şəninə.
Silir göz yaşlarımı iki əl,
çıxım yasdan.
Bir dua da
artacaq duamın üzərinə,
Alqış
sənə, Türkiyə, alqış sənə, Pakistan!
Şair illərdi başını önə əyən
Vətənin üzərindən nəhayət bu ağrı,
acının çəkilməsi xəbərini Ali Baş
Komandanın qələbə tvitlərindən alınca
qürurlandığını dilə gətirir. Ədalətli
və haqqlı mübarizəmizin zəfəri bir başqa
qürurdu, əvəz edilməz fəxarətdi.
Bu bizim
haqq işimiz, ədalət savaşımız,
İntiqam
ala-ala dikələcək başımız,
Vur, əsgərim,vur! - deyə əmr eləyir
komandan
Qoy bir də yurdumuzda tökülməsin nahaq qan.
Qayıtsın
Qarabağa yenə xoşbəxt çağımız,
Başımızın
üstündə üç rəngli bayrağımız!..
Qovur
öz yuvasına quduzlaşan itləri!
Ali
Baş Komandanın qələbə tvitləri!
Hələ ədəbiyyatımızda zəfər şeirləri yeni yaranmaqda davam edir. Qarşıda torpaqlarımıza ayaq basıb onunla qucaqlaşmaq, qarşısında diz çökmək, bağışlanmaq məqamı da var. Torpaqlarımız bir də basılmasın, şeirlərimizdən zəfər sevincimiz əskik olmasın!
Mərziyyə Nəcəfova
Ədəbiyyat qəzeti.- 2021.- 9 yanvar.- S.30-31.