Çağdaş Finlandiya şeiri
Yurki İhalaynen (1957) - məşhur
fin yazıçısı, şair, tərcüməçi,
səyyah və naşirdir. Ədəbi tənqid onu
"ən cazibədar
fin liriki" hesab edir, o, eyni zamanda
polilinqvist şairdir, finlərə fin dilində,
isveçlilərə İsveç
dilində, ingilislərə
ingilis dilində müraciət edir. 36 şeir kitabının,
4 poetik diskin, 12 elmi və 15 tərcümə kitabının
müəllifidir. Səyyah alpinist kimi Himalay dağlarına
da çıxıb.Yüzlərlə
canlı ədəbi çıxışları təşkil
olunub. Ədəbi meynstrimdən uzaqda,
Siuroda yaşasa da, Finlandiyanın ən nüfuzlu milli ədəbi mükafatı olan Eyno Leyno Ədəbi
Ödülünü (2010) alıb. O, eyni zamanda Azərbaycanın da dostudur. Tahirə
Cəfərovanın tərcüməçiliyi
və tərtibçiliyi
ilə fin dilində Azərbaycan qadın şeiri antologiyasını
nəşr edib.
İçimdəki savaş
Ürəyimi bulandırır bütün
bu qəddarlıqlar -
gizli qatillər, kəşfiyyatçı uçaqlar,
güllələrin kor hikkəsi,
intiqamın öz-özünə
fitva verən burulğanı,
məğzi barədə
axmaq çıxışlar
azadlığın,
satqın partlayışlar
və başqa xain hücumlar barədə xəbərlər.
2000-ci il cızığından
çıxıb,
və III Dünya savaşı artıq başlayıb.
Biz sadəlöhvdük deyə, etiraf edir isveçlilər.
Adamlar nə baş verdiyini çox yaxşı bilirlər,
bizdən inciməyəcəkdir
ölülər.
Beləcə, içimə çəkirəm
zəhərli havanı.
Birlikdə
Birlikdə biz bütün savaşları
dayandırmışıq,
riyakar şərhçilərin
səsini batırmışıq.
Qırıcılar başımız üstündən
uçanda,
cavanlar savaş məşqlərinə qatılanda
birlikdə ah çəkib
darıxmışıq.
Birlikdə biz şərqlilərtək qüssələnmişik -
elə bu da bizi yaxınlaşdırmışdı.
Birlikdə biz cədvəldən kənara çıxmasın
deyə
maşinistin yarıyolda
saxlayıb unutduğu
qatarın vaqonundakı
boşluqda oturmuşuq.
Birlikdə içmişik ölüncə,
ağ-qara klaviaturada
səsini çıxarmışıq
bizim çürüməkdə
olan münasibətimizin
-
beləcə, rəqs
edib onlar sonuncu dəfə...
Sonra sən sırğanı küncə atdın,
çiçək soldu, havasızlıq və yaddaş pozuntusu...
Tammel meydanında
Gecə
saat birdə Tammel meydanında oturmuşam,
yüksək gərginlikli
qadınların necə
yandığını düşünürəm,
boşluğa tökülən
şəlalə kimidir
meydan,
bazar gününün
yol kənarlarında
mehribancasına mazaqlaşan
cütlükləri
mənə bütün
gecə qucaqlaşmalarını
xatırladır
və bu səhnələrin gülməli,
kövrək,
yalançı, həm
də zərif üzünü faş edir.
Xüsusi günlər var
Xüsusi
günlər var,
gah küçədə
rastlaşıram səninlə
dəfə-dəfə,
gah kafenin pəcərəsində peyda
olursan,
sonra Stokmanın liftinə girən yerdə -
pilləkənlə üçüncü
mərtəbəyə qaçaraq
çıxıram,
sənin tapmıram,
ta ki gözlərim
qəfil güzgüyə
sataşanacan,
tanışdır təbəssümün,
və sonra çıxarmağa getdiyin
axşam qəzetində
görürəm səni,
evə gedirəm sonra, kəndə, orda gözümə dəymirsən,
indi tək qala, sükutu və küləyi canıma çəkə
bilərəm
- sanki ağ-qara
filmdir - ayırlıb
darıxırsan,
sonra da bər-bəzəkli romandakıtək
"Bəyaz ipəkdə gecə" musiqisinin sədaları altında
qumlu sahildə qəfil rastlaşırıq,
beləcə, hər
şey yenidən başlayır.
İnsan həyatı
Mənim
üçün insan
həyatı - yuxudur;
Olduqca sadə adamam yəni:
ayrılırsa insanlar
- bədbəxtlikdir,
səyahət edirlərsə
- macəradır;
ağaca dırmaşan
uşaqları düşürmək
- mümkün deyil.
Faciə
astadan yaxınlaşır,
xiffət keçəndə
yalnız sürsümük
qalır,
ondan isə alət düzəltmək
olar,
çalınsın, oxunsun...
Tomi Kontio Kalevi
(1966) - tanınmış fin şairi və nasiridir. "Səmanın
- rəqs zalının
altında" adlı
ilk şeir toplusu
1993-cü ildə Y.Erkko
adına "Ən yaxşı ilk şeir kitabı" mükafatına,
"Helsinki sanomat" qəzetinin
"Ən uğurlu debüt" ödülünə
layiq görülüb.
Uşaqlar üçün yazdığı "Atam
yazda qanadlandı"
kitabı (2000) ilə
"Finlandiya-yunior" mükafatını
qazanıb. 2014-cü ildə Kontionun "Ulduz təsvirləri, yer çəkmələri"
şeir kitabı (bu kitaba müəllifin
20 illik ədəbi fəaliyyəti boyunca nəşr olunmuş bütün şeirləri
daxildir) çap olunub və böyük maraqla qarşılanıb. Şeirləri ingilis, ispan, italyan, polyak, fransız, Çex və ispan dillərində
nəşr olunub.
Əbədi birgəlik
Ölümqabağı atam vəsiyyət elədi -
Külünü dənizə səpməliydik.
O da belə adam idi,
Qranitə adının həkk olunmasını istəmədi.
Bəzən olurdu ki, kəmərini köhnə
nehrəyə ilişdirirdi,
Sözündən çıxsaq
Bizi rəhm
eləmədən şillələyirdi.
Bir dəfə möhkəm içmişdi -
Çilik-çilik elədi saxsı nehrəni, qırıqlarını
tapdadı.
Kəməri sürüşdü, döşəməyə düşüb
qaldı,
Asudə
qıvrılmış ilan
kimi,
Ağzından sallanırdı haçalanmış
bürünc dili.
Biz - uşaqlar və anam
Güclə apardıq atamı çarpayıya.
Şalvarı belindən düşmüş,
Kandarda qalmışdı,
Bir parça
köhnə dəri kimi.
O da belə adam idi,
Qranitə adının həkk
olunmasını istəmədi
-
Onu bürünc
dilli şallaqla kürəyimizə yazdı.
Meyitxanadan külünü götürüb
Qaba qoyduq, qabı "Marimekko"dan olan qara çantaya,
Və açıq
dənizə çıxdıq.
Qardaşım avar çəkirdi, bacım yol göstərirdi.
Avarların bənd yerləri
cırıldayırdı, sanki
dua oxuyurdu,
Küləyin həmlələri günəş
şüalarını oğurlayırdı.
Dənizin geniş süfrəsində
yer tapan kimi
Qardaşım qabın ağzını burub açdı.
Danışmışdıq ki, hərə küldən bir azca səpəcək.
Sözsüz demişdik bunu, səssizcə razılaşmışdıq.
Mən öz kül payımı səpələdim
Və suyun yırğalanan səthində
Bozumtul bir varlıq sürünməyə
başladı.
Bir anlıq bizə elə gəldi ki, atamız dənizin üstündə
Yeni bədən qazandı və bir anlıq
O dünya çox yaxın göründü
bizə... Və çox uzaq.
Bacım
öz kül payını səpmək
istəyəndə qayıq
çevrildi,
Qardaşımla mən küləyin
həmləsinə tuş
gəldik,
O, külü başımıza
ələdi.
Qardaşım qayığı düzəltməkçün
çox çalışdı,
amma nə faydası.
Gözümüzə dolmuşdu kül, ağzımıza,
paltarımıza,
Küləyin qarışdırıb dolaşdırdığı
saçımıza.
Qardaşım cinlənmişdi. Vəssalam.
Biz də kədəri
təbəssümlə qarışdırdıq.
Sahildə kül dişimizdə
xırçıldayarkən,
Qəfil
anladım ki, bu atamızın bizə
Son şilləsiydi.
Belə
adam idi,
Qranitə adının həkk
olunmasını istəmədi
-
Onu bizdə
qoyub getdi-əbədi.
Tərcümələr
Səlim BABULLAOĞLUNUNDUR
Ədəbiyyat qəzeti.- 2021.-
9 yanvar.- S.28.