Təbrizdən şeirlər  

 

Tapılmayan sərxoş

 

Necə olduğumu sorma,

məni bayırlarda yağış götürüb

bu şəhərdən pasportunu itirmiş bir yabancıtək

tələsirəm getməyə.

 

Necə olduğumu sorma,

sanki içimdə ölümə gedir birisi,

məndə bir nisgil,

məndə bir ölən var, qırxı çıxmayır!

 

Necə olduğumu sorma,

məndə bir fərari yaşayır...

Gahdan gecələr beynimdəki dağlarda-daşlarda

atışır,

tutuşur,

gahdan yuxudan oyadır məni,

siqar istir!

 

Necə olduğumu sorma,

dəniz üzərində içki qutusu!

 

Mənə, ey tapılmayan sərxoş,

mənə, ey tapılmayan dostum,

bardağından bir qurtum,

siqarından bir nəfəs saxla.

 

Gecə cənabları

 

Gecə cənablarını saymadığım saatlardı,

xiyabanda qatillərimi axtarıram!

Kasıblar can verir

dövlətlilər arxayın intiharda!

Bu çeynə-tüpür həyatı

gecə cənablarına ithaf edəcəyəm,

qatillərimi xəfələyəcəyəm

dədə yandıracağam səsimlə.

əkilmə, kəlmə, əkilmə!

Təşrifin olsun,

gecə cənabları özümüzdəndir!

Göz-gözü görmür,

çəndir...

Xiyabanda qatillərimi axtarıram!

 

Yelena

 

Uzaqda silah səsləri, üstəlik, ildırım

üç bıçaq fırlanırdı saatlarımızda.

Yağmur axşam camlarını cingildədirkən

ayrılmaq vaxtıydı, bəlkə çağrılırdıq...

Alnından öpdüm, alnından,

yatay yelkənidi dodağın mən,

Sevginin Kolumbu olanmamışdım!

Dalğalandır dodaqlarımı, bayrağındı, dedin!..

Uzaqda silah səsləri, üstəlik, ildırım

dalğalandı dodaqlar, dalbadal dalğalandı dodağlar

yeldə son kəz çağırdıq bir-birimizi

yeldə son kəz çağırdım - Yelena!

Yaxında silah səsləri, üstümüzdə ildırım,

bilirdin, anda verdiyim adları yel itirəcək.

bilirdin, əldə siqaret satacaq Xristofor Kolumb,

bilirdin, odsuz çərşənbələrdə çirik donacaq.

sən amma öpdün dalğalandı bayrağımız,

sən amma yaşatdın dodaqlarındakı yelkənləri,

sən amma çərşənbəni baxışlarında qabartdın,

özündənmiş sənin bayrağın, üstəlik,

Yelena!

Dodaqlarında qızıl meydan durur!

 

Məchul heca

 

Səndən sonra kef kifsədi,

Şərablar peşaba getdi,

Üzümlüklər üzümə durdu.

Dəlilsiz darıxıram,

Kim olduğunu bilmirəm,

Səni ad günündə unuduram.

Sən tərs bir yaşam unudulduğunda varsan,

Ey məchul hər nəyim,

Keşkə sussaydım heç bir kəlməyə ağız açmasaydım,

Sən bir damla göz yaşında tanrılarımı boğdun

Mənsə axşamları aynalara daradım

Bəlkə heç bir şey olmamış kimi gözlərimizi sildik.

Keşkə sevməsəydim, sanki bir qatilin anasıyam.

Məni lənətlərə yolçu edən,

Məni qurşun kimi yolçu edən

Heç bir zada çarpmadan

Qurşuntək məni yolçu edən sən idin.

Ey olmadığını gizlətməyən,

Dolandır məni başına, dolandır.

Aşiq yorulmaz dairədi,

Mən səssizlik həndəsəsi oxudum,

Mən boşluqlar memarıyam

Şəkillərə şok verən bir feleş.

Darısqallıqlarda sənə yer saxlayan

Mən peşmanlıq professoruyam.

Hava heç isti deyil,

Səninlə heç islanmadığımız yağışları tərləyirəm,

O gözlərindəki boylu boya hər yana dağılır.

Başım fırlanır,

Hər zad dairədi,

Gələcək xatirədi!

 

İşğalçıya

 

Qəzəbsiz vururam səni, qəzəbsiz!

Çünki sevinc üçün mübarizə aparıram,

kəlmədən başqa heç silahı sevmirəm

sözlərin yarasını bağlayıram.

Bu savaş,

bu ölüm məndən deyil.

 

Sən Ölümlə hər yerdə "selfi" çəkirsən!

məzarlıqlarda özünü göstərirsən,

sən cinayət şounun sonuncu pərdəsisən.

 

Bu savaş,

bu ölüm məndən dəyil,

Qarabağdan çəkil!

 

Oktyabr 2020

Nadir Əzhəri

 

Ədəbiyyat qəzeti.- 2021.- 9 yanvar.- S.27.